İtaliyalı politoloq: İtaliya Azərbaycan münasibətlərində yeni mərhələ açılıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 2 oktyabr, Pərvanə Qafarova, AZƏRTAC
İtaliya Prezidenti Sercio Mattarellanın Bakıya rəsmi səfəri İtaliya-Azərbaycan münasibətlərində yeni mərhələ açdı. İki ölkə arasında ali səviyyədə imzalanan bəyanatlar təkcə ikitərəfli əlaqələrin əhəmiyyətini deyil, həm də Azərbaycanın beynəlxalq müstəvidə, xüsusilə Avropanın enerji təhlükəsizliyində oynadığı mərkəzi rolu bir daha təsdiqlədi.
Bu barədə AZƏRTAC-a açıqlamasında italiyalı politoloq, bu ölkənin Beynəlxalq Siyasət və İqtisadi Araşdırmalar İnstitutunun rəhbəri, jurnalist Domeniko Letizia bildirib.
“Prezident Mattarellanın Bakıya səfəri iki ölkə arasındakı münasibətlərin nə qədər güclü və davamlı olmasının göstəricisidir. Azərbaycan coğrafi mövqeyi və təbii ehtiyatları sayəsində Avropanın enerji marşrutlarının şaxələndirilməsində aparıcı oyunçuya çevrilib. Bu baxımdan Cənub Qaz Dəhlizi və onun əsas seqmentlərindən olan Trans-Adriatik boru kəməri Avropa İttifaqının enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bu, həm də ənənəvi mənbələrdən asılılığın azaldılmasına və Avropanın enerji müstəqilliyinə xidmət edir”, - deyə o qeyd edib.
İtaliyanın Azərbaycanın yalnız iri ticarət tərəfdaşı deyil, eyni zamanda, mədəniyyət, təhsil, infrastruktur, sənaye və texnologiya sahələrində də etibarlı tərəfdaşı olduğunu bildirən Domeniko Letizia deyib ki, təhsil və universitetlərarası əməkdaşlıq layihələri iqtisadi münasibətlərin hüdudlarını aşaraq, Avropa ilə Qafqaz arasında dialoq və qarşılıqlı anlaşmaya əsaslanan körpü yaradır.
O diqqətə çatdırıb ki, İtaliya-Azərbaycan əlaqələrinin möhkəmlənməsi Cənubi Qafqaz regionunda sabitliyin təşviqi baxımından da əhəmiyyətli imkanlar açır: “İtaliya diplomatik ənənələri və Avropa səviyyəsində malik olduğu nüfuz sayəsində sülh proseslərinin dəstəklənməsində, siyasi vasitəçilikdə və regional əməkdaşlıq layihələrinin inkişafında fəal rol oynaya bilər. Bununla belə, regionda gərginlik və geosiyasi risklər, eləcə də enerji sahəsində dayanıqlılıq və inklüzivlik məsələləri ortadan qalxmayıb. Buna görə də, Azərbaycanla tərəfdaşlığın gücləndirilməsi təkcə İtaliya üçün deyil, bütün Avropa İttifaqı üçün strateji prioritet kimi dəyərləndirilməlidir”.


