Icma.az
close
up
RU
İtkilərimiz, əzablarımız və ümid Günel Musa yazır

İtkilərimiz, əzablarımız və ümid Günel Musa yazır

Icma.az bildirir, 525.az portalına istinadən.

Günel MUSA

Heç gözləmədiyimiz zamanda, heç ummadığımız yerdə, bircə anda, heç olmamış kimi yoxa çıxır qanımızdan-canımızdan olanlar və yalnız o an doğmalarımızın başına gələnin hər an bizim üçün də gözlənilən olduğunun fərqinə varırıq. O zaman ixtiyarsız şəkildə yol alır "Dünya mənasızdır!" nidası iki dodağımızın arasından göy üzünün ənginliklərinə doğru və həyatımızın mənasını itirmişlik hissi gəlir bizə...

Atam dünyasını dəyişəndə cəmi 22 yaşım vardı. Əcəli qəfil gəlmişdi. Gözləmədiyimiz ölüm idi. Ona görə də bu amansız itkini qəbul etmək, üsyanımla başa çıxmaq illərimi aldı. Həyatın mənasını sorğulamağa başladım. Həyatı sorğulamaq insan olmağın təməli olmaqla yanaşı, həm də ən çətin tərəflərindən biridir. Ölümün qaçılmazlığı qarşısında dərin çarəsizliyə düşdüm. Bu çarəsizlik əvvəl bir yük kimi görünsə də, əslində məni daha dərin bir axtarışa itələyən əsas gücə çevrildi.

Bəlkə də, həyatın mənası mücərrəd arqumentlərdə və yaxud da mürəkkəb nəzəriyyələrdə deyil, yaşadığımız təcrübələrdə, insanlarla aramızdakı bağlarda gizlidir. Həyatda hər şeyi ziddiyyətli olan nəsnələrlə mənalandırırıq. Aydınlığı qaranlıqla, sevinci kədərlə, yaxşını pislə, aşağını yuxarı ilə və sair. Bu mənada həyat da ölümlə məna qazanmış olmurmu? İnsan ölənə qədər həyatında məna axtaran bir varlıqdır. Dünyada var olmağının məqsədini bilən insan həyatını daha mənalı yaşayır. Kimisi qazandığı uğurları ilə, kimiləri bir-birinin dərdinə dərman olaraq, kimisi sevərək, kimisi anlayaraq, kimisi paylaşaraq...

Tarix boyu filosoflar da həyatın mənası üzərində baş sındırıb, bu mövzuda açıq qalan suallara cavab axtarıblar. Aristotelə görə, həyatın mənası yaxşı olmaqdadır. Platona görə, öyrənməkdədir. Hedonizmdə həyatın mənasının zövq almaqda olduğu iddia edilir. Nihilizmdə həyatın heç bir mənası yoxdur. Nitşeyə görə isə həyat sonsuz və təkrar olunan bir heçlikdir.

Göründüyü kimi, həyatın mənası şəxslərə və vəziyyətə görə dəyişir. Bəlkə də dünyadakı insan sayı qədər fərqli tərifi var həyatın mənasının. İnsan təbdən, təbə düşən bir varlıq olduğu üçün əzablar içində qovrularkən də, xoşbət olarkən də həyata yüklədiyi məna dəyişə bilir. Məşhur psixoloq Viktor Frankl "İnsanın məna axtarışı" adlı kitabında üç əhəmiyyətli məsləhət verir bizə: Müsbət münasibətlər formalaşdırmaq, bir şey yaratmaq və əzabın içində də müsbət bir məqsəd tapmaq. "Pis bir dövrdən keçirsinizsə, onun da içində mütləq bir məna-məqsəd tapmağa çalışın" - deyir Frankl.

Həyatın mənası bəlkə də hər anın içində, lap gözümüzün qabağındadır. Bir körpənin qığıltısında, bir uşağın məsumluğunda, bir dostun çətin anlarında kürəyinə dəyən əlində, təbiətin bizə bəxş etdiyi gözəlliklərdə, ya da bütün çətinliklər qarşısında dik duruşumuzda... Bu anlar bizə həyatın həm ötəri, həm də çox dəyərli olduğunu xatırladır. Özümüzü, ətrafımızdakıları və kainatı daha yaxşı anlamağa çalışmaq, bizə yaşadığımız hər anın qiymətini bilmək şansı verir həm də.

lll

Yazılarımda sitat gətirməyi çox sevirəm. Bu, əsla "mən çox oxuyuram, bunu da bilirəm, ondandan da xəbərdaram" təsiri ötürmək istəyimdən qaynaqlanmadığına and içə bilərəm, amma inandıra bilərəmmi, ya yox, ondan əmin deyiləm. Bircə onu deyə bilərəm ki, bəzən başqalarının söylədiyi fikirlərlə hisslərimizi daha doğru şəkildə ifadə edə bilirik. Ona görə də yazımın bu hissəsinə elə böyük ozan Yunus Əmrənin sözləri ilə başlamaq istəyirəm. Yunus Əmrə, "Kaş ki, demək üçün belə gecdir. Keçdi ömür bir ah ilə içi dolu eyvah ilə" deyir. "Kaş ki" sözü mənə görə sözlər içərisində ən kədərli sözdür. Yaşanmamış və yaşanan bütün peşmanlıqlar birdən-birə bu beş hərfə sığır elə bil. Bu beş hərf istəyib edə bilmədiklərimizin xəyalı ilə, edib də peşman olduqlarımızın mühakiməsi kimidir. "Kaş ki"siz bir həyat mümkündürmü, bilmirəm, amma "kaş ki"ləri azaltmaq mümkün ola bilər, məncə. Ömrümüzdən sürətlə ötüb keçən zamanda çevrilib geriyə baxanda "kaş ki" ilə başlayan çox sayda cümlə qururuqsa, yaşadıqlarımızdan çıxartdığımız dərslər çox vaxt peşmanlıqlarımız olur. Çünki insan "kaş ki" ilə başlayan bir cümlə qurursa, bunun mənası qaçan fürsət, itirilən zaman, dost, sağlamlıq kimi dəyərlərin itkisindən ötrü hiss etdiyi peşmanlığın qısa, amma amansız ifadəsidir. Həyat əslində içindən gəldiyi kimi, doyaraq, sevərək yaşamaqdır. Bu həyatı yaşadığımız "Kaş ki"lər ilə öyrəniriksə, "yaxşı ki"yə çevirə bildiklərimizi də qucaqlamağı unutmamalıyıq. Çünki "yaxşı ki" deyə xatırladıqlarımız, yəni etdiklərimiz gözəl xatirələrə çevrilir və bizə az da olsa rahatlıq verir. "Kaş ki"lər isə yalnız kədərləndirir. "Bunu belə etsəydim, daha yaxşı olardı" dediyimiz şeylərin olmamasında da bəlkə bir hikmət var. Ona görə də bu məqamda qəbul edə bilmək müdriklikdir. Xoşbəxtliyin bir adı da həyatdan dərs alıb, əlimizdə olanlara qane ola bilməkdir. Unutmamalıyıq ki, bu dünyada baş verən hər şeyin bir səbəbi var və biz o səbəbi anlayana qədər zaman su kimi axıb gedir. Odur ki, axıb gedən zamanın içində yaşadıqlarımızın peşmanlığını yaşanmalı olan gözəl anların önündəki hasara çevirməyək. Ölməz şair Musa Yaqubun dediyi kimi:

Yox, daha ömrümdə açılmaz o yaz,

Bir qanadım yorğun, birisi pərvaz.

Elədiklərimdən yaxam qurtarmaz,

Eləmədiklərim yandırar məni.

lll

Zaman-zaman iş həyatında, mənəvi böhranlarla boğuşduğumuz anlarda, ailə, dost qayğılarında boğuluruq. Sevdiyimiz insanları itiririk və bu itkilərin fonunda əvvəlki sevinclərimiz də yox olub gedir. Başımızı qaldırıb göy üzünə baxmağı unuduruq çox vaxt. Hətta bəzən olur, başımızın üstündə bir göyün olduğunu da yadırğayırıq. Ətrafımızdakı insanların çoxu bizə səhv etmək şansı vermir. Daha sərt olurlar bizə qarşı. Olur ki, bu burulğandan qaçmaq, geriyə qayıda biləcəyimiz, başqa istiqamətə gedə biləcəyimiz qapıların sayı da azalır. Yaş üstünə yaş gəldikcə həyat kompüter oyunları kimi görünür sanki. Hər mərhələ bir əvvəlkindən daha çətin, daha məsuliyyətli gəlir. Amma insanı bu çətinliyin fövqündə ayaqda saxlayan bir güc olur. Adı ümiddir. Alman filosofu Ernst Simon Blox utopyanı fəlsəfədə vazkeçilməz anlayışa çevirərək ideal olanı yaratmaq və ona çatmağa çalışmağı təşviq etmək baxımından ümidi olduqca faydalı hesab edirdi. "Ümid insanın Allah ilə olan rabitəsinin bir göstəricisidir" də deyə bilərik. İnsan ümidini itirmədiyi müddətdə mənəvi cəhətdən bəslənir. Qısa desək, ümid həyatın səssiz işığdır. Ümid itdiyi zaman məqsəd də yoxa çıxır. İnsan mənəvi yöndən quruyur. Jan Pol Sartrın dediyi kimi: "Ümidsizlik insanoğlunun özünə qarşı hazırlaya biləcəyi sui-qəsdlərin ən təhlükəlisidir. Ümidsizlik mənəvi bir intihardır".

Və acı bir həqiqətdir ki, intihar edən insanlar yalnız ümidlərini itirdiyi zaman bu yolu seçirlər. Mən də intihar haqqında çox düşünmüşəm əvvəllər. Xüsusilə də 2021-2023- cü illər arasında, demək olar ki, bütün günü beynimdə intihar fikri ilə gəzmişəm. Analıq hissim o qorxunc aktı həyata kecirməyimə mane olub. Övladlarım mənim içinə düşdüyüm dibsiz boşluğun içindəki ümidim olublar. İnsan həyatı boyu dəfələrlə uçurumun kənarına gəlir. İnsanı o uçurumun kənarına gətirən səbəblər olduğu kimi, uçurumdan atlamağına imkan verməyən səbəbləri də mütləq olmalıdır. Həyat çox çətindir, amma hər şeyə rəğmən, bizə bəxş edilmiş bir ərmağandır. Lakin hər kəs bunun bu cür olduğunu düşünmədiyi üçün intihar yaranıb. İnsanlar müxtəlif səbəblərə görə intihar edirlər. Müasir dövrdə ən çox intihar səbəbi sosial problemlər və tənhalıqdır. Bizim insan olaraq intihar potensialı olan insanlara verəcəyimiz sosial dəstək çox əhəmiyyətli qoruyucu faktordur. Bəzən "hər şey yaxşı olacaq" sözü də həyat qurtara bilir. Biz bunun ən gözəl sübutunu bir neçə ay bundan əvvəl Aktau faciəsi zamanı şahidi olduq. Gənc stüardessa Hökümə Əliyevanın "Hər şey yaxşı olacaq" sözü bir ümid idi və o ümid parçalanan təyyarənin içindən 30-a yaxın insanın həyatda qalma səbəbinə çevirildi.

Kimsə tərəfindən dəyər, diqqət görmək insanı həyata bağlayır. Yenə də Viktor Frankla müraciət edək. Onun başına gəlmiş bir əhvalat ümidin insanı həyata bağladığının tutarlı sübutudur.  Gecənin bir aləmində Franklın telefonuna zəng gəlir. O, dəstəyi qaldırır və dəstəyin digər tərəfində bir qadın deyir ki, doktor Frankl, telefon nömrənizi kitabçadan tapdım, intihar etməyə hazırlaşıram, son sözlərimi sizə deyib intihar edəcəm. Həkim onu bu fikrindən daşındırmağa çalışır. Düz 45 dəqiqə söhbət edirlər. Qadın sonda dəstəyi asmalı olduğunu bildirir. Frankl ondan qərarının nə olduğunu soruşur. Qadın deyir: "İntihar etməyəcəm doktor". Frankl onu fikrindən daşındıran səbəbin nə olduğunu soruşur. Sual verir ki, mənim sözlərim sizə təsir etdi deyə fikriniz dəyişdi? Qadın deyir, yox, doktor, fikrimi sizin davranışınız dəyişdirdi: əgər gecə saat 2-də bir insanı yuxusundan oyadıb 45 dəqiqə onunla danışa bilirəmsə, demək, yaşamağa hələ ümid var. Bir insan başqa bir insandan bu köməyi əsirgəmirsə, deməli, hələ ümid var və mənim də yaşamağım lazımdır.

Hər çətinliyə rəğmən, əgər ümidimiz tükənməyibsə, həyatda qalmaq üçün mütləq mübarizə aparacağıq. Ümid etmək bu baxımdan çox əhəmiyyətlidir. Ona görə ki, insan nələrəsə bağlanmağa, inanmağa, güc qazanmağa və ona yaxşı təsir edəcək şeylərə sahib olmağa ehtiyac duyur. Psixoloqlar bunu belə açıqlayırlar ki, insan bir şeyə bağlandığı, ümid etdiyi zaman həyatda qala, hətta xoşbəxt ola bilir. Çünki inanmaq insana müsbət təsir edir, ümid həyatı asanlaşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://525.az
archiveBu xəbər 14 İyul 2025 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri