Kəlbəcər dünənin həsrəti, bu günün qüruru ŞƏRH
Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.
25 Noyabr Azərbaycan xalqının yaddaşında xüsusi yer tutan, qürur və sevinc hissi ilə qeyd olunan əlamətdar tarixlərdən biridir. Bu gün Kəlbəcər Şəhər Günü kimi qeyd olunur. Kəlbəcərin azad olunması xalqımızın birliyinin, dövlətimizin gücünün və Azərbaycan Ordusunun qəhrəmanlığının bariz nümunəsidir. Bu tarix həm də 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərin davamı və doğma torpaqlarımızda yeni həyatın başlanğıcıdır. Kəlbəcər qədim tarixə, zəngin təbiətə və gözəl mənzərələrə malik olan Azərbaycan torpağıdır. Uca dağları, sıx meşələri, saf bulaqları və geniş yaylaqları ilə seçilən bu diyar hər zaman insanların diqqətini cəlb edib. Kəlbəcər həm də özünəməxsus mədəniyyəti, milli adət-ənənələri və zəhmətkeş insanları ilə tanınıb. Bu torpağın hər qarışı Azərbaycan xalqı üçün böyük mənəvi dəyər daşıyır. Uzun illər Kəlbəcər işğal altında qaldı. Doğma yurdlarından ayrı düşən insanlar ağır günlər yaşadılar. Onlar illərlə öz evlərinə, küçələrinə, uşaqlıq xatirələrinin qaldığı yerlərə qayıtmaq arzusu ilə yaşadılar. Lakin Azərbaycan xalqı heç vaxt torpaqlarının işğalı ilə barışmadı. Dövlətimiz hər zaman ərazi bütövlüyümüzün bərpasını əsas məqsədlərdən biri kimi müəyyənləşdirdi.
2020-ci ilin sentyabr ayında başlayan Vətən müharibəsi xalqımızın taleyində yeni bir səhifə açdı. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. 44 gün davam edən müharibədə qazanılan Qələbə xalqımızın gücünü bütün dünyaya nümayiş etdirdi. Kəlbəcərin 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılması isə bu tarixi Qələbənin mühüm nəticələrindən biri oldu. Bu gün Kəlbəcər Şəhər Gününü qeyd edərkən yalnız keçmişə nəzər salmırıq. Eyni zamanda, bu torpaqda aparılan böyük quruculuq işlərini, gələcəyə yönəlmiş planları və Böyük Qayıdış prosesini də görürük. Çünki torpağı azad etmək nə qədər vacibdirsə, onu yenidən qurmaq, inkişaf etdirmək və orada normal yaşayışı təmin etmək də bir o qədər əhəmiyyətlidir. Azərbaycan dövləti Kəlbəcərin yenidən qurulmasına xüsusi diqqət ayırır. Bu gün rayonda genişmiqyaslı bərpa və abadlıq işləri həyata keçirilir. Yeni avtomobil yolları çəkilir, körpülər və tunellər tikilir, elektrik və su təsərrüfatı yenilənir. Müasir yaşayış məntəqələrinin yaradılması, sosial obyektlərin tikilməsi və insanların rahatlığı üçün lazımi şəraitin qurulması istiqamətində mühüm addımlar atılır. Kəlbəcərin inkişafı üçün görülən işlər yalnız bugünkü ehtiyaclara deyil, gələcək nəsillərin həyatına da hesablanıb. Burada yeni məktəblərin, tibb müəssisələrinin, xidmət sahələrinin və digər sosial obyektlərin yaradılması mühüm əhəmiyyət daşıyır. Məqsəd Kəlbəcəri müasir, abad və insanların rahat yaşaya biləcəyi bir bölgəyə çevirməkdir.
Kəlbəcər rayonun zəngin təbii sərvətləri və turizm imkanları da böyük üstünlükdür. Kəlbəcərin dağları, meşələri, mineral su ehtiyatları və gözəl mənzərələri gələcəkdə turizmin inkişafına geniş imkanlar yaradır. Bu imkanlardan düzgün istifadə olunması yeni iş yerlərinin açılmasına, yerli iqtisadiyyatın güclənməsinə və bölgənin daha da tanınmasına kömək edəcək. Böyük Qayıdış isə Kəlbəcərin həyatında ən sevindirici hadisələrdən biridir. Uzun illər doğma torpaq həsrəti ilə yaşayan insanların öz yurdlarına qayıtması böyük tarixi hadisədir. Hər bir ailənin öz evinə qovuşması, uşaqların doğma torpaqda böyüməsi, küçələrdə yenidən həyatın canlanması xalqımız üçün əvəzsiz sevincdir. Bu, illərlə qurulan arzuların həyata keçməsi deməkdir. Kəlbəcərin yenidən qurulması Azərbaycanın iqtisadi və siyasi gücünün də göstəricisidir. Dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində azad edilmiş ərazilərimizdə yeni inkişaf mərhələsi başlayıb. Bu işlər onu göstərir ki, Azərbaycan yalnız öz torpaqlarını azad etməklə kifayətlənmir, eyni zamanda həmin ərazilərdə dayanıqlı inkişaf və təhlükəsiz yaşayış üçün bütün imkanları səfərbər edir.
Bu gün hər bir azərbaycanlı Kəlbəcərin inkişafını öz uğuru hesab edir. Çünki Kəlbəcər ümumi Vətənimizin ayrılmaz hissəsidir. Onun yenidən çiçəklənməsi, küçələrinin abadlaşması, evlərinin işıqlanması və insanların doğma torpaqlarında yaşaması bütün xalqımızın arzusudur. 25 Noyabr – Kəlbəcər Şəhər Günü münasibətilə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik. Onların qəhrəmanlığı heç vaxt unudulmayacaq. Bu gün Kəlbəcərdə dalğalanan üçrəngli bayrağımız şəhidlərimizin qanı, xalqımızın iradəsi və dövlətimizin qətiyyəti ilə qazanılmış Zəfərin rəmzidir. İnanırıq ki, Kəlbəcər qarşıdakı illərdə daha da inkişaf edəcək, gözəlliyi və müasirliyi ilə seçilən şəhərlərimizdən birinə çevriləcək. Bu torpaqda daim quruculuq işləri aparılacaq, yeni həyat davam edəcək və gələcək nəsillər azad Kəlbəcərin bəhrəsini görəcəklər. Şanlı Zəfərimizin təcəssümü olan Kəlbəcərimiz daim inkişaf etsin, çiçəklənsin və Azərbaycanımızın qürur mənbəyi olaraq yaşasın!
Təranə Cəbrayılova,
YAP Göygöl rayon təşkilatı üzrə Qırıqlı kənd ərazi partiya təşkilatının fəal üzvü
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 25 Noyabr 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















