Kişi adı ilə tarixə düşən qadının gizli həyatı və sirri KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
O, XIX əsrin hərbi təbabətinin ən görkəmli nümayəndələrindən biri, Britaniya Kral Ordusunun general-inspektoru, İngiltərədə həm ananın, həm də uşağın sağ qaldığı ilk uğurlu keysəriyyə əməliyyatını həyata keçirən istedadlı cərrah idi. Sağlığında ona böyük hörmət bəsləyir, xidmətlərini yüksək qiymətləndirir və tərifləyirdilər. Lakin heç kimin onun bütün ömrü boyu gizli saxladığı bir sirrdən xəbəri yox idi. Bu sirr yalnız ölümündən sonra üzə çıxdı və onun adının tarixdən silinməsinə, tibbdəki xidmətlərinin isə kölgədə qalmasına səbəb oldu.
1826-cı il iyulun 25-i Britaniya təbabəti tarixində xüsusi yer tutdu. Həmin gün Kral Ordusunun cərrahı Ceyms Barri o vaxt Britaniya müstəmləkəsi olan Cənubi Afrikanın Keyptaun şəhərində qeyri-adi bir əməliyyat həyata keçirdi.
Söhbət keysəriyyə əməliyyatından gedirdi. O dövrdə belə əməliyyatların uğurla başa çatması son dərəcə nadir hadisə sayılırdı. Doktor Barri ən azı üç uğurlu əməliyyat barədə məlumatlı olsa da, bunların heç biri Britaniya İmperiyasında həyata keçirilməmişdi.
Yerli tacirin həyat yoldaşı Vilhelmina Munnikin doğuşu ağırlaşmış, proses uzun müddət davam etmişdi. Vəziyyət o həddə çatmışdı ki, həm ananın, həm də körpənin həyatını xilas etmək demək olar ki, mümkünsüz görünürdü. Həmin dövrdə müasir anesteziya və effektiv antiseptik vasitələr mövcud deyildi. Əməliyyat böyük risk daşısa da, həkim son ana qədər mübarizə aparmaq qərarına gəldi.
Əməliyyat Munnik ailəsinin evində keçirildi və uğurla nəticələndi. Həm ana, həm də körpə sağ qaldı. Yeni doğulan oğlana həkimin şərəfinə Ceyms Barri Munnik adı verildi.
Bu hadisə böyük sensasiyaya çevrildi. Ancaq Barrinin uğuru təsadüfi deyildi. O, cərrahiyyə ilə yanaşı, qadın sağlamlığı, ginekologiya və mamalıq sahələrinə də xüsusi maraq göstərirdi. Hələ universitet illərində bu sahələri dərindən öyrənmiş, mövzu ilə bağlı elmi dissertasiya müdafiə etmişdi.
Ən böyük sirr isə bu idi: doktor Ceyms Barri əslində qadın idi. Onun həqiqi adı Marqaret Enn Balkli idi.
Marqaret Balklinin Ceyms Barrinə çevrilməsiMarqaret Enn Balkli 1789-cu ildə İrlandiyada dövlət qulluqçusu ailəsində dünyaya gəlmişdi. O, yetkinlik yaşına çatana qədər adi bir qız kimi böyümüşdü.
Marqaretin 14 yaşı olanda ailəsi ağır maliyyə böhranı ilə üzləşdi. Atası müflis oldu və borclarına görə həbsxanaya düşdü. Anası isə qızını da götürərək Londona, öz qardaşının yanına köçdü.
Marqaretin dayısı Ceyms Barri tanınmış rəssam və tarixçi, Kral İncəsənət Akademiyasının üzvü idi. O, bacısını və qardaşı qızını himayəsinə götürdü, Marqareti nüfuzlu dostları ilə tanış etdi. Bu çevrədəki bəzi insanlar gənc qızın iti zəkasına, biliyinə və intellektual qabiliyyətlərinə heyran qaldılar.
Ailə Marqaretin gələcəkdə qubernantka və ya müəllimə kimi işləyə biləcəyinə ümid edirdi. Lakin onun arzusu tamam başqa idi: həkim olmaq istəyirdi.
Problem onda idi ki, həmin dövrün ictimai qaydaları və təhsil sistemi qadınların universitetlərə daxil olmasına, xüsusilə də tibb sahəsində təhsil almasına imkan vermirdi. Qadınların həkim kimi fəaliyyət göstərməsi cəmiyyət tərəfindən qəbul olunmurdu.
Bu zaman kişi adı ilə təhsil almaq ideyası ortaya çıxdı. Ailə də bu planı dəstəklədi. Onlar anlayırdılar ki, Marqaretin sosial vəziyyəti ona yaxşı ailə qurmaq və maddi təminat əldə etmək imkanı vermir. Təhsil isə yoxsulluqdan qurtulmaq və öz arzularını gerçəkləşdirmək üçün yeganə yol ola bilərdi.
Marqaret bu fikri böyük həvəslə qarşıladı. Tibb elminə aid kitablar və məqalələr oxumağa, universitetə qəbul üçün hazırlaşmağa başladı.
1806-cı ildə dayısı Ceyms Barri vəfat etdi və sərvətini bacısı ilə onun qızına vəsiyyət etdi. Bundan sonra Marqaret Enn Balklinin əvvəlki həyatı başa çatdı.
O, dayısının adını götürərək Ceyms Barri oldu. Kişi geyimində və yeni kimliklə anası ilə birlikdə Edinburqa köçdü. Məqsəd o dövrdə tibbi təhsil üzrə ən nüfuzlu ali məktəblərdən sayılan Edinburq Universitetinin tibb fakültəsinə daxil olmaq idi.
Universitetdəki sirli tələbəCeyms Barri son dərəcə çalışqan tələbə idi. Anatomiya, cərrahiyyə, botanika, mamalıq və təbabətin digər sahələrini böyük maraqla öyrənirdi. Bilik və hazırlıq səviyyəsinə görə qrup yoldaşlarının əksəriyyətini geridə qoyurdu.
Xarici görünüşü isə ətrafdakıların diqqətini çəkirdi. Arıq, zərif bədən quruluşlu, incə sifətli və yaşından kiçik görünən bir gənc idi.
Bəzi müəllimlər onun həqiqi yaşı və kimliyi ilə bağlı şübhələrə düşmüşdülər. Hətta universiteti bitirməzdən əvvəl onun imtahanlara buraxılmaması üçün cəhdlər də olmuşdu. Buna səbəb tələbənin yetkinlik yaşına çatmamış görünməsi idi. Lakin bu maneə onun təhsilini başa vurmasına əngəl olmadı.
1812-ci ildə Ceyms Barri univegrsiteti uğurla bitirdi. O, qadınlarda bud yırtıqları mövzusunda dissertasiya müdafiə edərək tibbi təhsilini başa vurdu və Londona qayıtdı.
Bir müddət Müqəddəs Tomas xəstəxanasında çalışdı. 1813-cü ildə isə Britaniya Kral Ordusunun sıralarına cərrah kimi daxil oldu.
Qadın sağlamlığının müdafiəçisiBarri qadın sağlamlığının öyrənilməsinə xüsusi diqqət yetirirdi. Ginekologiya, mamalıq, çanaq və qarın boşluğunun anatomiyası onun əsas maraq dairəsinə daxil idi.
O, qadınları sıx korsetlərdən və at sürməkdən çəkindirən həkimlərdən biri idi. Bu vərdişlərin yırtıqlara, daxili orqanların yerdəyişməsinə və digər sağlamlıq problemlərinə səbəb ola biləcəyini düşünürdü.
Onun tibbi yanaşmasının əsasını xəstənin sağlamlığı və rifahı təşkil edirdi.
Barri qısa müddətdə Britaniya ordusunun tibb sistemində yüksək vəzifəyə yüksəldi. O, dünyanın müxtəlif bölgələrində, o cümlədən Vest-Hind adalarında və Cənubi Afrikada xidmət etdi.
Həkim yalnız hərbçilərin deyil, yerli əhalinin də həyat şəraitinin yaxşılaşdırılması üçün çalışırdı. Təmiz içməli suya çıxışın genişləndirilməsi, cüzam xəstələri üçün daha humanist müalicə şəraitinin yaradılması və tibbi xidmət adı altında fəaliyyət göstərən fırıldaqçıların qarşısının alınması onun diqqət yetirdiyi məsələlər arasında idi.
Afrikada işlədiyi müddətdə yerli dərman bitkilərini araşdırdı, cinsi yolla ötürülən xəstəliklərin müalicəsi ilə bağlı tədqiqatlar apardı. Bu sahədəki araşdırmaları onun elmi fəaliyyətinin mühüm istiqamətlərindən birinə çevrildi.
Cənubi Afrikada həyata keçirdiyi uğurlu keysəriyyə əməliyyatı isə adını daha da məşhurlaşdırdı.
Qeyri-adi həyat tərzi və gizli kimlikCeyms Barrinin şəxsi həyatı da ətrafındakı insanlarda maraq doğururdu. O, vegetarian idi, ət yemirdi. Süd içmək üçün özü ilə bir keçi gəzdirirdi. Psixeya adlı balaca iti vardı və demək olar ki, hər yerdə yanında 50 il ərzində ona xidmət edən sadiq köməkçisi Danzer olurdu.
Barrinin zahiri görünüşünü qoruması üçün xüsusi tədbirlər görülürdü. Rəvayətlərə görə, Danzer hər səhər bir neçə dəsmalı üst-üstə sərir, Barri isə bədən quruluşunu gizlətmək, çiyinlərini daha enli göstərmək və kişi görkəmini qorumaq üçün həmin dəsmallardan istifadə edirdi.
Həkimin xasiyyəti mürəkkəb idi. O, tələbkar, sərt və olduqca prinsipial insan kimi tanınırdı. Müalicə üsulları ilə razılaşmadığı həmkarları ilə tez-tez mübahisə edir, bəzən münaqişələr duel həddinə çatırdı.
Bununla belə, xəstələrinə qarşı son dərəcə diqqətli, qayğıkeş və həssas davranırdı.
Barri insanlarla yaxın münasibət qurmağı sevmirdi. Lakin Keyptaunun qubernatoru lord Çarlz Somersetlə münasibətləri xüsusi diqqət çəkirdi. Onlar tez-tez birlikdə vaxt keçirirdilər. Barri gündəliyində lord Çarlzı yeganə dostu adlandırırdı.
Qubernator da həkimə xüsusi münasibət bəsləyir, ona böyük etimad göstərirdi. Hətta şəxsi otaqlarından istifadə etməsinə şərait yaradırdı.
Onların münasibətləri haqqında müxtəlif şayiələr dolaşırdı. Bəzi tarixçilər hesab edirlər ki, əgər lord Somerset Barrinin əsl kimliyini bilirdisə, onların münasibətlərində qeyri-adi heç nə yox idi. Lakin bu barədə dəqiq sübutlar mövcud deyil.
46 illik hərbi xidmət və ölümündən sonra açılan sirrCeyms Barrinin hərbi karyerası 46 il davam etdi. O, yüksək hərbi rütbəyə qədər yüksəldi, müxtəlif müstəmləkə ərazilərində tibbi inspektor vəzifəsində çalışdı, dünyanın bir çox ölkəsini gəzdi.
Pireney müharibəsi zamanı yaralıların müalicəsində iştirak etdi, Plimutdakı hərbi hospitalda çalışdı, Vaterloo döyüşündən sonra isə fransız hərbi əsirlərinə tibbi yardım göstərdi.
1859-cu ildə, 70 yaşında hərbi xidmətdən təqaüdə çıxdı və Londona qayıtdı.
Yeddi il sonra şəhərdə yayılan dizenteriya xəstəliyinə yoluxdu. Xəstəliyin ağırlaşması nəticəsində 1865-ci ildə vəfat etdi.
Ölümündən əvvəl Barri dəfn olunarkən üzərindəki paltarın dəyişdirilməməsini istəmişdi. Lakin onun bu vəsiyyəti nəzərə alınmadı. Dostları və xidmətçiləri dəfn üçün ona təmiz paltar geyindirmək qərarına gəldilər. Məhz həmin vaxt həyatının ən böyük sirri açıldı.
Onu geyindirən xidmətçilər qarşılarında bir qadın cəsədi olduğunu gördülər. Üstəlik, bədənində əvvəllər doğuş keçirdiyini ehtimal etməyə əsas verən izlər də vardı.
Xəbər sürətlə yayıldı və qısa müddətdə hərbi dairələrə çatdı. Beləliklə, Britaniya ordusunun tanınmış general-inspektorunun əslində qadın olduğu məlum oldu.
Maraqlıdır ki, Barri bütün hərbi ehtiramlarla dəfn edildi və ölüm şəhadətnaməsində kişi kimi qeyd olundu.
Onun kimliyinin üzə çıxması böyük qalmaqala səbəb oldu. Hərbi idarəçilikdə isə Barrinin fəaliyyəti ilə bağlı sənədlərin uzun müddət ictimaiyyətə açıqlanmaması qərara alındı. Nəticədə onun həyat hekayəsi və tibbi xidmətləri uzun illər kölgədə qaldı.
Yalnız 1958-ci ildə arxiv sənədləri yenidən araşdırılaraq doktor Ceyms Barrinin kimliyi və fəaliyyəti barədə məlumatlar geniş ictimaiyyətə təqdim edildi.
Bununla belə, onun həyatı ilə bağlı bəzi məqamlar bu gün də mübahisə doğurur. Məsələn, İrlandiyada onun Culiya adlı qızının olduğu barədə şayiələr dolaşırdı. İddialara görə, həmin qız anasını heç vaxt tanımayıb. Lakin onun doğulması və atasının kimliyi barədə etibarlı tarixi sübutlar yoxdur.
Ceyms Barrinin hekayəsi sadəcə qeyri-adi bir insanın həyat tarixçəsi deyil. Bu, qadınların elm və təhsil sahəsində qarşılaşdıqları maneələrin, cəmiyyətin sərt qəliblərinin və böyük istedadın bu maneələri aşmaq üçün hansı yollara əl atmağa məcbur qaldığının təsirli nümunəsidir.
O, öz dövründə kişi adı ilə yaşamağa məcbur qalsa da, arxasında qoyduğu tibbi irs bu gün də tarixdə öz yerini qoruyur. Marqaret Balkli kimi dünyaya gələn, Ceyms Barri kimi tarixə düşən bu həkim sübut etdi ki, insanın biliyini, istedadını və peşəkarlığını onun cinsinə görə ölçmək olmaz.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 20 Noyabr 2026 07:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















