Kişi qonşusuna sistem qoşmaq istəyən tibb bacısı olan arvadını döydü MƏHKƏMƏ
Icma.az bildirir, Pravda.az portalına istinadən.
Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Malik Balayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.
İttihama görə, hadisə 06 yanvar 2025-ci il tarixdə, saat 21 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, Malik Balayev kirayədə yaşadıqları evdə arvadı, zərərçəkmiş Mədinə Balayeva (şərti) tibb bacısı kimi xəstə olan qonşularının evinə gedərək tibbi sistem qoşmaq istəyib. Lakin əri buna narazı olub. Sonra onların arasında mübahisə yaranıb. Bu zaman Malik qəsdən yumruqla arvadının bədəninin müxtəlif nahiyələrinə vuraraq, qadına yüngül zərər yetirib.
Hadisədən sonra Malik Balayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmə istintaqı zamanı zərərçəkmiş Mədinə Balayeva çıxış edərək bildirib ki, əri ilə barışıb, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilib, heç bir şikayət və tələbi yoxdur.
Kamal Məmmədov

