Konqoda Ebola ilə mübarizəyə silahlı qarşıdurma mane olur
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Dünyanı narahat edən yoluxucu xəstəliklər sırasında yer alan Ebola virusu ilə mübarizə bu dəfə Afrikanın mərkəzindəki silahlı qarşıdurmaların yaratdığı ciddi maneələrlə üzləşib. Konqo Demokratik Respublikasının şərqində epidemiya ilə mübarizə aparan tibb işçilərinin təhlükəsizliyinin təmin olunmaması vəziyyəti daha da mürəkkəbləşdirib.
Fransanın AFP xəbər agentliyinin yaydığı məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşları və Konqo Demokratik Respublikasının Səhiyyə Nazirliyinin nümayəndələri İturi əyalətinin Akve bölgəsində yerləşən xəstəxanadan təxliyə ediliblər. Tibb işçiləri üç gündən artıq müddətdə ərazidə baş verən şiddətli silahlı toqquşmalar səbəbindən xəstəxanada sığınmağa məcbur olublar.
ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus əməkdaşların çətin təhlükəsizlik şəraitində təxliyə edildiyini bildirib. Artan təhlükə səbəbindən təşkilatın Ebola ilə mübarizə üzrə qrupu və tərəfdaşları da vəziyyət sabitləşənədək fəaliyyət göstərdikləri ərazidən müvəqqəti köçürülüblər.
ÜST-ün məlumatına əsasən, Konqoda hazırkı epidemiya çərçivəsində 11 min 762 yoluxma və 5 min 775 ölüm təsdiqlənib. Xəstəlik ölkənin şərq və şimal-şərq bölgələrində yayılmaqda davam edir. Bölgədə uzun illərdir davam edən silahlı zorakılıq isə xəstələrin vaxtında aşkarlanması, yoluxmuş şəxslərin müalicəsi və təmasda olan insanların müəyyənləşdirilməsi işlərini çətinləşdirir.
Xüsusi narahatlıq doğuran məqamlardan biri də hazırkı epidemiyaya səbəb olan Bundibugyo ştammına qarşı təsdiqlənmiş vaksin və müalicə vasitələrinin olmamasıdır. Bununla belə, iki namizəd vaksinin İturi əyalətində klinik sınaqlara cəlb edilməsi nəzərdə tutulur. Onlardan biri Oksford Universiteti və Hindistanın Serum İnstitutu tərəfindən hazırlanmış ChAdOx1, digəri isə ABŞ-ın Moderna şirkətinin istehsalı olan mRNA-1469 vaksini namizədidir.
Müsbət elmi yeniliklərdən biri də vaksinlərin əlçatanlığının təmin edilməsi istiqamətində atılan addımdır. AFP-nin məlumatına görə, Gavi vaksin alyansı Hindistanın Serum İnstitutu ilə klinik sınaqlar uğurlu nəticələnəcəyi və müvafiq tənzimləyici təsdiq alınacağı təqdirdə 1,5 milyon dozayadək ChAdOx1 vaksininin əldə olunmasını nəzərdə tutan ilkin satınalma öhdəliyi imzalayıb.
Baş verənlər bir daha göstərir ki, epidemiyalarla mübarizə yalnız tibbi imkanların mövcudluğu ilə məhdudlaşmır. Həkimlərin, tibb müəssisələrinin və humanitar əməkdaşların təhlükəsizliyi təmin edilmədikdə ən müasir tibbi tədbirlər belə gözlənilən nəticəni verməyə bilər. Xəstəxanaların hərbi qarşıdurmalardan qorunması, humanitar missiyaların fəaliyyətinə maneələrin aradan qaldırılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi həyati əhəmiyyət daşıyır.
N.Adilqızı
XQ
Baxış sayı:102
Bu xəbər 25 Noyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















