Icma.az
close
up
RU
“Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçiriləcək tədbirlər həmrəylik ovqatını daha da genişləndirəcək RƏY

“Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçiriləcək tədbirlər həmrəylik ovqatını daha da genişləndirəcək RƏY

Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu Sərəncam Azərbaycan Konstitusiyasının bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü nəzərə alınaraq imzalanıb. 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi heçdə təsadüfi deyil:

“Prezident İlham Əliyevin  bununla bağlı imzaladığı Sərəncamda da qeyd olunduğu kimi müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olub. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu anti-terror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa edildi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi bütöv və suveren Azərbaycanda bərqərar oldu. Konstitusiyamızın  təməl prinsiplərindən biri olan ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasının 5-ci ildönümünün və Konstitusiyanın  qəbul edilməsinin 30-cu ildönümü ilə üst-üstə düşməsi 2025-ci ilin ən yeni tariximizə “Konstitusiya və Suverenlik İli” kimi daxil olmasına əsas verdi. Azərbaycan özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqləyib. İnanırıq ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçiriləcək tədbirlər cəmiyyətimizdə həmrəylik ovqatını daha da genişləndirəcək, 2025-ci il milli birlik və həmrəylik ilimizə çevriləcək”. 

Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev isə bildirib ki, ümummilli lider Heydər Əliyevin, Azərbaycan xalqının arzuları 2020-ci ildə  Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, Azərbaycan xalqının igid oğulları tərəfindən həyata keçirilib: 

“Azərbaycan torpaqları tamamilə işğaldan azad edilərək Azərbaycan dövlətinin suverenliyi  bərpa edildi. Artıq beşinci ildir ki, Azərbaycan Respublikası öz hakimiyyətini, Azərbaycan Respublikası Konstitusiyasının müddəalarını özünün bütün ərazisi üzərində tam sərbəstliklə həyata keçirir. Azərbaycan Konstitusiyasının, qanunlarının aliliyinin təmini, suverenliyin əbədiliyinin təmini üçün  biz bu ali dəyərləri daim qorumalıyıq. Prezidentin  28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi məhz  həmin dəyərlərin tam mənimsənilməsinə, onların qorunması və əbədiliyinə xidmət edir. Azərbaycan dövləti öz əraziləri üzərində hakimiyyətini əbədi etməli, onun suverenliyinin pozulmasına yönəlmiş hər bir qəsdin qarşısının alınmasına hazır olmalıdır. Sərəncamın icrası ilə əlaqədar yaxın müddətdə dövlət səviyyəsində tədbirlər planı hazırlanmaqla ölkə ərazisində Konstitusiyada nəzərdə tutulduğu kimi, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinə yönəlmiş fəaliyyət  həyata keçiriləcək. Hesab edirik ki, həmin fəaliyyətin mühüm hissəsi öz ifadəsini  isə insan və vətəndaşların hüquq və azadlıqlarının təmininə yönəlmiş qanunvericiliyin təkmilləşdirilməsində, Azərbaycanın suverenliyinin toxunulmazlığına nail olunması üçün zəruri siyasi və hüquqi, müdafiə tədbirlərinin  görülməsində tapacaq. Hüquq və İnsan Haqları İnstitutu olaraq 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar fəaliyyət istiqamətimizə müvafiq olaraq bir sıra tədbirlərin həyata keçirilməsini planlaşdırırıq. Həmin tədbirlərdən Konstitusiya və suverenliyin mahiyyətinin dərk olunmasına, dövlət orqanlarının fəaliyyətində həmin amillərə üstünlük verilməsinə yönəldilmiş təlimlərin və müsabiqələrin keçirilməsini, tələbə və məktəblilərlə maarifləndirici tədbirlərin təşkil olunmasını və Konstitusiyanın əsas anlayışlarının şərhinin hazırlanmasını, qanunvericiliyin təməl kimi Konstitusiya müddəlarına əsaslanması, suverenliyimizin əbədiləşdirilməsinə xidmət etməsi üçün müvafiq təkliflərin hazırlanmasını, bu sahədə seminar və konfransların keçirilməsini, Qələbənin beş iliyi ilə əlaqədar bizi zəfərə aparan fəaliyyəti kitab və məqalələrimizdə işıqlandırmağı nəzərdə tuturuq”. 

Sədr müavini xatırladıb ki, Konstitusiya dövlətin ali hüquqi qüvvəyə malik olan əsas qanunudur: “Bu qanun dövlət quruluşunun əsas prinsiplərini,  insan və vətəndaşların hüquq və azadlıqlarının ali hüquqi təminatlarını, dövlət hakimiyyəti və idarəçilik orqanlarının quruluşunu (idarəçilik formasını) və qarşılıqlı münasibətlərini əks etdirməklə hüquqi cəhətdən rəsmiləşdirir. Konstitusiya dövlətin funksiyalarının dairəsini cızmaqla onun insan və cəmiyyətlə münasibətlərinin əsasını, həmin münasibətlərin həyata keçirilməsi istiqamətlərini nəzərdə tutur. Əsas Qanun hüquqi tənzimlənmənin hərtərəfli həyata keçirilməsi üçün baza rolunu oynayan daha mühüm normaları və prinsipləri müəyyən edir. Konstitusiyada onun maddələrinin dəyişdirilməsinin xüsusi qaydası nəzərdə tutulur və bu, ümumxalq səsverməsi-referendum yolu ilə qəbul edilir. Həmin xüsusiyyətlər adi qanunlarla müqayisədə konstitusiyanın müstəsnalığını müəyyən edir. İlk konstitusiyalar feodal monarxiyasının mütləqiyyətini ləğv etməklə hakimiyyət və azadlıq arasında optimal nisbəti müəyyən etməyə, dövlətin müəyyənləşdirilmiş qaydalara tabe olmasına xidmət edib. XIX-XX əsrlərdə  konstitusiyaların mühüm rolunun dərk olunması bərqərar olmuş, “konstitusiya hüquq və azadlıqları”, “konstitusiya quruluşu”, “konstitusiya təminatları” kimi  anlayışlar meydana çıxıb. Konstitusiyada, bir qayda olaraq, onun xalq tərəfindən və ya xalq üçün qəbul olunması müddəası əksini tapır. Məsələn, Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında onun ümumxalq sәsvermәsi - referendum yolu ilə bu ülvi niyyətlərlə qəbul edilməsi müəyyənləşdirilib: Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək”. 

V.İbayev bildirib ki, Konstitusiyanın özünəməxsusluqlarından biri də onun xalq suverenliyini, yəni xalqın özünün öz taleyini həll etməsini elan etməsidir: “Azərbaycan Respublikası Konstitusiyasının 2-ci maddəsi müəyyən edir ki, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. Konstitusiyanın mühüm funksiyalarından biri də, onun dövlətin varisliyi prinsipinə sadiqliyini əks etdirməsidir. Konstitusiyanın Preambulasında məhz bu cəhətə istinad edilərək qeyd olunur ki, “Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək niyyətlərini bəyan edir”. Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəyə qalxaraq demokratik dövlət quruculuğu yolu ilə getmək arzusu, müstəqil milli demokratik dövlətdə yaşamaq istəyi ilə bağlı ulu öndər Heydər Əliyev Şərqdə ilk demokratik dövlətin məhz Azərbaycanda yaradılmasını həmişə qürurla vurğulayar, xalqın övladı kimi bununla fəxr edərdi: “Azərbaycan xalqı müstəqil dövlət qurmaq arzusunu həyata keçirməyə çalışmış və buna 1918-ci ildə nail olmuşdur. Bu müstəqil Azərbaycan Cümhuriyyəti iki il yaşamışdır. Həmin dövr çox ağır, ziddiyyətli və çətin dövr olmuşdur. Əvəzində Azərbaycan xalqı ilk dəfə müstəqilliyin dadını görmüş, onda müstəqilliyə nail olmaq inamı yaranmışdı. Azərbaycan xalqı demokratik prinsiplər əsasında dövlət qurmağa başlamışdı”. Heydər Əliyev hesab edirdi ki, Azərbaycan Demokratik Respublikasının qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, onun xalqın azadlıq uğrunda sonrakı mübarizəsi tarixində böyük əhəmiyyəti olmuşdur: “1918-ci ilin may ayının 28-də Azərbaycan Demokratik Respublikasının yaranması Azərbaycan tarixində böyük siyasi-ictimai hadisədir. Belə bir demokratik dövlətin mövcud olması və müəyyən qədər fəaliyyət göstərməsi Azərbaycanın sonrakı dövrlərinə təsir edibdir”. Konstitusiyaya müvafiq olaraq xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa, heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur”. 

Sədr müavini deyib ki, Konstitusiyanın mühüm cəhətlərindən biri də Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyinin Azərbaycan xalqı olmasını, Azərbaycan xalqının vahidliyini və bunun Azərbaycan dövlətinin təməlini təşkil etməsini, Azərbaycan Respublikasının bütün vətəndaşlarının ümumi və bölünməz vətəni olmasını bəyan etməsidir: “Azərbaycan xalqını Azərbaycanda yaşayan bütün millətlərin birliyi kimi qəbul edən Heydər Əliyev deyirdi: “Azərbaycan Azərbaycanda yaşayan bütün millətlərin doğma Vətənidir. Azərbaycan vətəndaşları, Azərbaycan xalqı deyəndə biz Azərbaycanda yaşayan bütün millətlərin birliyini dərk edirik”. Hər kəs üçün doğulduğu, boya-başa çatdığı, yaşadığı yer vətəndir. Vətən milli və dini əlamətlərə görə deyil, müəyyən ərazidə doğulmaq,  yaşamaq, torpağa bağlılıqla müəyyən edilir. Ona görə də Azərbaycanda yaşayan müxtəlif xalqlar üçün Azərbaycan ümumi bir vətəndir. Vətən xalqların, onların nümayəndələrinin hər biri üçün doğma və əzizdir. İlham Əliyev Azərbaycanın onun ərazisində yaşayan bütün xalqların doğma vətəni olması reallıqlarını görür və bu cəhətə dəyər verirdi: “Azərbaycan burada yaşayan bütün xalqların doğma vətənidir. Hər bir xalqın nümayəndəsi bizim dəyərli vətəndaşımızdır”. Konstitusiyaya müvafiq olaraq Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Azərbaycan ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir. Yalnız Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər. Heydər Əliyev Konstitusiyada Azərbaycan xalqının vahidliyinin ifadəsini tapmasını, Azərbaycan xalqının Azərbaycan vətəndaşlarından ibarət olmasını nəzərə alaraq hesab edirdi ki, Konstitusiya “xalqın Konstitusiyasıdır, hər bir vətəndaşın Konstitusiyasıdır”. Konstitusiya müəyyən edir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövlətinin başçısı Prezidentdir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir, Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir”. 

O əlavə edib: “Suverenlik dövlətin  daxili və xarici siyasət sahəsində səlahiyyətlərinin məzmun və miqyasını əks etdirən siyasi-hüquqi kateqoriyadır. Dövlətin mühüm xüsusiyyəti və fəaliyyətinin mühüm şərti olan suverenlik bir tərəfdən dövlətin özündə digər hakimiyyətlərə münasibətdə dövlət hakimiyyətinin üstünlüyünü (suverenliyin təzahürünün daxili forması), digər tərəfdən beynəlxalq sahədə dövlətin müstəqillik hüququnu, daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyən etmək və həyata keçirməkdə müstəqilliyini (suverenliyin təzahürünün  xarici forması) xarakterizə edir. Ona görə demək olar ki, dövlət suverenliyi müasir dövlətlərin daxili məsələlərinin həllində və digər dövlətlər və beynəlxalq təşkilatlar (korporasiyalar) ilə qarşılıqlı münasibətlərində onların aliliyi və müstəqillik dərəcəsini ifadə edən, tarixilik ilə şərtlənən siyasi-hüquqi xüsusiyyətidir. Hazırda beynəlxalq səviyyədə suverenlik beynəlxalq hüququn "Jus cogens" prinsipi kimi BMT Nizamnaməsində dövlətlərin suveren bərabərliyi olaraq nəzərdə tutulur. Suverenlik  dövlətin xüsusiyyəti, onun daşıyıcısı isə yalnız xalqdır, praktiki olaraq dövlət hakimiyyəti vasitəsilə realizə oluna bilər. Dövlət suverenliyinin real məzmunu təkcə hüquqi deyil, həm də reallıqda mövcud olan  iqtisadi, sosial, siyasi və digər obyektiv cəhətlərlə tamamlanır. Hazırda dövlət suverenliyinin mühüm əlaməti və xüsusiyyəti kimi iki ənənəvi cəhət qeyd olunur: ölkə daxilində digər sosial hakimiyyətlərə münasibətdə dövlət hakimiyyətinin aliliyi, xaricdə digər suveren dövlətlərə münasibətdə dövlətin müstəqilliyi. Dövlət suveren hüquq və azadlıqların daşıyıcısı kimi ölkə daxilində əhali və onun birlikləri üzərində ali hakimiyyətini formalaşdırır və həyata keçirir, xaricdə isə dövlət suverenliyinin xarici tərəfinə xas olan “sülhə, digər dövlətlərlə beynəlxalq ünsiyyət və əməkdaşlıq” hüququnu, “heç bir ayrı-seçkiliyə yol verilmədən universal beynəlxalq müqavilələrdə iştirak” hüququnu, beynəlxalq təşkilatlarda tamhüquqlu üzv kimi iştirak hüququnu, neytrallıq hüququnu və s. həyata keçirir. Dövlət hakimiyyətinin tamlığı və reallığı dərəcəsi nə qədər yüksəkdirsə, dövlət suverenliyinin həyata keçirilməsi üçün real imkanların səviyyəsi də bir o qədər yüksək olur və ya əksinə. Dövlət hakimiyyətinin tamlığı və reallığı səviyyəsinin aşağı düşməsi dövlət suverenliyinin tam həyata keçirilməsi üçün imkanların məhdudlaşmasına, onun faktiki və maddi məzmununun sarsılmasına dəlalət edir. Xalq və ya dövlətin suveren kimi tanınması o deməkdir ki, onların üzərində heç bir ali hakimiyyət mövcud deyildir, onlar özləri digərlərinə münasibətdə ali hakimiyyətə malikdirlər, yəni məhz onlar hakimiyyətlərini həyata keçirmələrinin məzmununu, forma və metodlarını, həmçinin suveren hüquqlarının həyata keçirilməsi həvalə olunmuş orqanların səlahiyyət hədlərini müəyyən edirlər. Bu səlahiyyətlər praktiki olaraq qeyri-məhdud ola bilməz. Onlar hər şeydən əvvəl cəmiyyətdəki sosial şəraitlə müəyyən olunur və bəzən  dövlətin konstitusiyasında, bağladığı beynəlxalq müqavilə kimi əsas sənədlərdə öz ifadəsini tapır. Dövlət suverenliyi müstəqil dövlətin siyasi-hüquqi cəhətdən asılı olmamasını, beynəlxalq hüququn ilkin subyekti kimi ali məsuliyyət və dəyərini təcəssüm etdirən, dövlət hakimiyyətinin müstəsna üstünlüyü  üçün  zəruri olan və başqa dövlətin hakimiyyətinə tabe olmamağı nəzərdə tutan, bütöv sosial orqanizm kimi müstəqil dövlətin statusunun könüllü dəyişməsi nəticəsində meydana və ya yoxa çıxan, müstəqil dövlətlərin hüquq bərabərliyi ilə şərtlənən və müasir beynəlxalq hüququn əsasını təşkil edən, özgəninkiləşdirilməyən hüquqi keyfiyyətidir. Dövlətə xas olan öz ərazisi üzərində üstünlük və beynəlxalq münasibətlərdə müstəqillik kimi başa düşülür. Bu suverenlik ölkə daxilində dövlət hakimiyyətinin üstünlüyündə, dövlətin xaricində isə başqa dövlət və digər qurumlardan asılı olmamaqda ifadə olunur. Dövlət hakimiyyətinin üstünlüyü dövlət hakimiyyətinin müstəqil olaraq cəmiyyətin bütün üzvləri üçün ümumməcburi davranış qaydaları qəbul etməsi, vahid hüquq qaydasını müəyyən və təmin etməsi, vətəndaşların, vəzifəli şəxslərin, dövlət, partiya, ictimai orqanlar və təşkilatların  hüquq və vəzifələrini müəyyən etməsində özünü təcəssüm etdirir. Üstünlük, müstəqillik dövlət hakimiyyətinin suveren xüsusiyyəti kimi onun siyasi-hüquqi mahiyyətini əks etdirir və dövlət fəaliyyətinin daxili və xarici siyasi formalarında meydana çıxır. Suverenlik özündə dövlətin keyfiyyət əlamətlərini təmsil edir və eyni zamanda onun hüquqi-siyasi mahiyyətini xarakterizə edir. Mahiyyət etibarilə üstünlük cəmiyyətdə vahid hüquq qaydasının, dövlət orqanları və ictimai təşkilatların hüquq qabiliyyətliliyini müəyyən etmək səlahiyyətindən, vəzifəli şəxs və vətəndaşlara hüquq və vəzifələr təqdim etməkdən ibarətdir. Dövlət suverenliyi olmadan dövlətin müstəqilliyi və tamlığı, dövlət hakimiyyətinin sərbəstliyi, dövlətin, həmçinin onun ərazisində yaşayan millət və xalqın müdafiə olunması, xaricdən dövlətə iqtisadi, siyasi, hərbi və digər təsirlərin göstərilməməsindən danışmaq öz mənasını itirir. Dövlət suverenliyi bilavasitə cəmiyyətin sabitliyi və bütövlüyünün müəyyən edilməsinə, vətəndaşların hüquq və azadlıqlarının hərtərəfli təmininə, şəxsiyyətin harmonik inkişafına  yardım göstərir. Ona görə də  dövlətin dövlət suverenliyi vahid və sarsılmazdır, heç bir vəcdlə  sarsıdıla bilməz və sarsıdılmamalıdır”. 

V.İbayev bildirib ki, xalqın suverenliyi həyatın köklü məsələlərində - ictimai və dövlət quruluşu, daxili və xarici siyasətin əsas istiqamətlərinin, iqtisadi inkişafın prioritetlərinin təşkili və həllində, dövlət orqanları və bütıvlükdə dövlətin fəaliyyəti üzərində tam və hərtərəfli nəzarətin həyata keçirilməsində tam hakimiyyətliliyi və ya üstünlüyü deməkdir: “Xalqın suverenliyi müasir demokratik dövlətlərin dövlət quruculuğunun başlıca prinsipidir. Bu prinsip bir sıra dövlətlərin konstitusiya aktlarında xalqın dövlət hakimiyyətinin mənbəyi və suverenliyin daşıyıcısı kimi müəyyən edilməsində, xalqın konstitusiyanın qəbul olunması və ya dövlətin təsis olunmasında əsas rol  oynamasında da öz ifadəsini tapır. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Məhz xalq özünün suveren hüququna əsaslanaraq müəyyən edir ki, sərbəst və müstəqil şəkildə öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. Xalq ardıcıl olaraq dövlət suverenliyinin təmininin real əsası kimi çıxış edir, dövlətin daxili təməlinin möhkəmliyi və suveren dövlətin xarici müstəqilliyinin təşkili üçün ictimai və dövlət quruluşuna söykənir. Demokratik dövlətdə suverenlik  xalqın  dövlət təşkilinin  əsası, dövlət suverenliyi isə xalqın suverenliyinin təzahür formasıdır. Dövlətin müstəqilliyi onun  özünün  həm daxili, həm də xarici problemlərini həll etməkdə, dövlətin xarici siyasətini formalaşdırıb həyata keçirməkdə, digər suveren dövlətlərlə bərabərhüquqlu əsasda münasibətləri müəyyən edib inkişaf etdirməkdə tam müstəqilliyi kimi izah olunur. Prezident İlham Əliyev müstəqilliyin bəhrəsini görmək, onu əbədi etmək üçün dövlətin iqtisadi gücə malik olmasını zəruri hesab edirdi: “Müstəqilliyi bərpa etmək Azərbaycan xalqının böyük nailiyyətidir. Müstəqillik bizim üçün ən böyük sərvət, ən böyük dəyərdir. Ancaq müstəqilliyi qoruyub saxlamaq, onu möhkəmləndirmək, əbədi, dönməz etmək daha çətin işdir. Azərbaycanın müstəqilliyi o deməkdir ki, biz müstəqil siyasət aparırıq. Biz Azərbaycan xalqının milli maraqlarını müdafiə edirik. Bu maraqları hər şeydən üstün tuturuq və istər xarici siyasət, istərsə də daxili siyasət, iqtisadi, sosial siyasət olsun, biz bütün sahələrdə siyasətimizi özümüz müəyyən edirik. Bunu etmək üçün, müstəqil ölkə kimi yaşamaq və müstəqilliyin bəhrəsini görmək üçün mütləq iqtisadi güc lazımdır. Bu iqtisadi gücü biz yaradırıq”. Beləliklə, suverenlik və müstəqillik anlayışları arasında  mühüm fərq yoxdur. Suverenlik dövlətin hüquqi müstəqilliyini ifadə edir. Müstəqillik isə daha çox siyasi məna daşıyır və asılı olmamağı, siyasətin  heç bir asılılıq, kömək, digər təsir olmadan aparılmasını ehtiva edir. Dövlət müstəqil, lakin hüquqi cəhətdən tam suveren olmaya bilər, suveren dövlət üçün ilkin şərt onun müstəqil olmasıdır. Belə ki, dövlət heç bir başqa dövlətdən, hər hansı bir ittifaqdan asılı olmayıb siyasətini müstəqil, yəni kənar təsir, təzyiq və kömək olmadan həyata keçirirsə, onun müstəqilliyindən danışmaq olar. Müstəqillik üçün dövlətin suverenliyi ilkin şərt hesab olunmur. Müstəqil dövlət torpaqlarını itiribsə, bütün ərazisi üzərində tam hakimiyyətini həyata keçirə bilmirsə, müstəqil olmasına baxmayaraq hüquqi cəhətdən tam suveren hesab oluna bilməz. Suveren dövlət üçün ilkin şərt onun müstəqilliyi, yəni öz ərazisi üzərində tam hakimiyyətliliyidir. Müstəqil olmayan, yəni hər hansı dövlətdən asılı olan və ya ərazisi üzərində hakimiyyətini həyata keçirmək üçün səlahiyyətlərinin müəyyən hissəsini başqa dövlətə, ittifaqa vermiş dövlət müstəqil dövlət deyil və müstəqil olmadığına görə də tam suveren dövlət ola bilməz”. 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusu üzrə dərc olunub. 

Aytəkin Qardaşova 

seeBaxış sayı:91
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri