® Könüllülük fəaliyyətində əsas məsələ istək və özünüifadə formasıdır...
Icma.az, Azertag portalına istinadən məlumat verir.
1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə fevralın 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi təsis olunub. Həmin tarix Azərbaycan gənclərinin ictimai-siyasi həyatda fəal iştirakının başlanğıcı kimi mühüm əhəmiyyət daşıyır və gənclərə göstərilən dövlət qayğısının ifadəsidir. İndi gənclərin şəxsi və peşəkar inkişafı üçün müxtəlif imkanlar və platformalar mövcuddur. Həmin imkanlar arasında könüllülük fəaliyyəti xüsusi yer tutur və gənclərin cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə ilə bu mövzuda söhbət etmişik. O, söhbətə könüllülük hərəkatı haqqında başlayaraq deyib:
- Könüllülük ürəkdən gələn yaxşılıq və cəmiyyətə fayda vermək arzusunun ən saf ifadə formasıdır. Həmin fəaliyyət yalnız başqalarına kömək əli uzatmağa deyil, eyni zamanda, özünü kəşf etməyə, yeni bacarıqlar qazanmağa və mənalı həyat yaşamağa şərait yaradır. Tarixən könüllülük bir çox ölkələrdə fərqli formalarda mövcud olub. Səhiyyə sahəsində könüllülük tarixdə mühüm yer tutur. Məsələn, XIX əsrdə könüllü tibb bacıları müharibə dövründə yaralı əsgərlərə kömək göstərib, müasir tibb bacılığı anlayışının formalaşdırılmasına töhfə veriblər. Bundan başqa, epidemiyalar və təbii fəlakətlər zamanı da könüllülərin fəaliyyəti xüsusi əhəmiyyət daşıyıb. XX əsrdə və daha sonrakı dövrlərdə baş verən yoluxucu xəstəliklərin qarşısının alınmasında, maarifləndirmə kampaniyalarında və əhalinin sağlamlığının qorunmasında könüllülər fəal mövqe nümayiş etdiriblər. Xüsusilə pandemiya dövrlərində gənclərin səhiyyə müəssisələrində, peyvəndləmə proseslərində və ictimai sağlamlıqla bağlı maarifləndirmə işlərində könüllü şəkildə çalışması bunun bariz nümunəsidir. Həmin nümunələr göstərir ki, könüllülük həm fərdi inkişaf üçün bir vasitə, həm də cəmiyyətlərin birgə işləmə mədəniyyətinin formalaşmasında mühüm rol oynayıb. Bu baxımdan könüllülük yalnız şəxsi təcrübə deyil, həm də gənclərin sosial məsuliyyət hissini gücləndirən və onların gələcəkdə cəmiyyət üçün faydalı vətəndaş kimi yetişməsinə xidmət edən fəaliyyət növüdür.
- Səhiyyə sahəsində könüllü olan gənclər zərərli vərdişlərin qarşısının alınmasında və sağlam həyat tərzinin təşviqində cəmiyyətə hansı töhfələri verə bilərlər?
- Hesab edirəm ki, gənclər səhiyyədə könüllülük fəaliyyətinin ən dinamik və təsirli aparıcı qüvvəsidir. Onların enerjisi, çevikliyi və yeniliyə açıq düşüncəsi sağlam həyat tərzinin təbliğini daha canlı və anlaşılan edir. Xüsusilə gənclərin bir-biri ilə ünsiyyət tapması bu sahədə çox effektivdir: eyni yaş qrupundan olan könüllünün verdiyi mesaj daha səmimi qəbul olunur və daha tez təsir göstərir. Gənclər sağlam qidalanma, fiziki aktivlik, psixoloji sağlamlıq və zərərli vərdişlərin fəsadları ilə bağlı maarifləndirmə işlərində həm nümunə, həm də təşəbbüskar rolu oynaya bilərlər. Sosial media, məktəblər, icma tədbirləri və könüllü layihələr vasitəsilə onlar sağlam həyat tərzini rəsmi çağırış yox, gündəlik həyatın bir hissəsi kimi təqdim edirlər. Zərərli vərdişlərlə mübarizədə isə gənclərin təsir gücü ilk növbədə şəxsi nümunədən keçir. Siqaretə, alkoqola və digər asılılıqlara “yox” deyən, aktiv və sağlam həyat tərzi sürən gənc ətrafındakıları da düşünməyə vadar edir. Könüllülük bu baxımdan gənclərə həm bilik, həm məsuliyyət, həm də cəmiyyət qarşısında söz demək imkanı verir. Nəticə etibarilə, gənclər səhiyyədə könüllülük fəaliyyəti vasitəsilə təkcə maarifləndirici rol oynamır, eyni zamanda, sağlam gələcəyin formalaşmasında birbaşa iştirak edirlər. Onların təşəbbüsü və fəallığı zərərli vərdişlərə qarşı mübarizəni daha təsirli və davamlı edir.
- Könüllü fəaliyyət şəxsi və peşəkar bacarıqların inkişafı və cəmiyyətə töhfə vermək baxımından mühüm əhəmiyyət kəsb edir. Bəs, könüllü çalışmağın psixoloji rifaha və streslə mübarizə bacarıqlarına hansı təsiri var?
- Bəzən elə düşünürlər ki, könüllülük sadəcə cəmiyyətə fayda verməkdir. Əslində, həmin fəaliyyət bu prosesdə iştirak edənlərin psixoloji rifahına və daxili balansına da böyük təsir göstərir. Könüllülük zamanı başqalarına yardım edərkən, eyni zamanda, özünü dəyərləndirilmiş hiss edir, daxili məmnunluq və mənalı həyat təcrübəsi yaşayırsan. Son illərdə aparılan bir sıra tədqiqatlar göstərir ki, könüllülük fəaliyyəti xüsusilə orta və yuxarı yaş qruplarında psixi sağlamlığı gücləndirir. Məsələn, Avropa və Şimali Amerikada aparılan tədqiqatlarda könüllülərlə könüllü olmayanların müqayisəsi aparılıb və nəticədə könüllülərin narahatlıq və depressiya səviyyəsinin daha aşağı olduğu müəyyən edilib. Beləliklə, könüllülük yalnız cəmiyyət üçün deyil, fərdin psixoloji sağlamlığı və emosional dayanıqlığı baxımından da əvəzolunmaz təcrübədir. Həm başqalarına fayda verir, həm də öz həyat keyfiyyətini yüksəldirsən...
- Ümumiyyətlə könüllülük fəaliyyəti üçün yaş məhdudiyyəti varmı?
- Cəmiyyətdə formalaşmış yanlış təsəvvürlərdən biri məhz könüllülüyün yalnız gənclərin fəaliyyəti kimi qəbul edilməsidir və bu baxış könüllülüyü yaşla məhdudlaşdırır. Amma əslində könüllülük üçün belə sərt yaş məhdudiyyəti yoxdur. O, ömrün hər vədəsində, hər yaşda cəmiyyətə töhfə vermək arzusunu həyata keçirmək deməkdir. Məsələn, Avropa Həmrəylik Korpusu proqramında könüllü kimi iştirak üçün əsas yaş aralığı 18–30 olaraq göstərilsə də, proqram çərçivəsində təşkil edilən bir sıra fəaliyyət və layihələrdə 30 yaşdan yuxarı olanlar da iştirak edə bilir. Həmin proqram Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və yaş məhdudiyyətinin layihənin növünə görə dəyişə bildiyini rəsmi şəkildə göstərir. Yaş məhdudiyyətinin könüllülüyə mane olmadığını göstərən nümunələrə ölkəmizin təcrübəsində də rast gəlinir və həmin proqramlar yaşlı sakinlərin sosial fəallığını artırmaq, onların bilik və təcrübəsindən cəmiyyətin faydalanmasını təmin etmək məqsədi daşıyır və könüllülüyün yalnız gənclərə aid olmadığını praktik şəkildə sübut edir. Rəsmi məlumatlara görə, dünyada gənclərlə yanaşı, orta yaşlı və yaşlı könüllülər də uzun illərdir aktiv fəaliyyət göstərirlər. Bu fakt könüllülüyün yalnız gənclərlə məhdudlaşmadığını bariz şəkildə sübut edir. Bu onu göstərir ki, təcrübə və layihənin növünə görə yaş aralığı elastikdir və yalnız “gənc olmaq”la məhdudlaşmır. Yəni könüllülükdə başlıca məqam fərdin istəyi, özünə uyğun olan proqramı tapması və ona ayrılan rolun tələblərinə cavab verməsidir. Yaş sadəcə texniki kriteriyalardan biridir, lakin könüllü olmaq fəaliyyəti heç vaxt yalnız yaş dövrü ilə bağlı deyil...
- Ölkəmizdə gənclərin könüllülük proqramlarına təşviqi üçün həyata keçirilən tədbirlər və bundan faydalanan könüllülər barədə nə deyə bilərsiniz?
- Gənclər hər zaman cəmiyyətimizin enerjisi, gələcəyimizin ümididir. Onların sosial fəallığı və təşəbbüsləri ölkəmizin inkişafına böyük töhfə verir. Bu baxımdan gənclərin könüllülük fəaliyyətinin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə gənclərin könüllülük fəaliyyətinin inkişafı və təşviqi sahəsində ardıcıl addımlar atılıb, gənclərlə aparılan iş dövlət gənclər siyasətinin tərkib hissəsinə çevrilib. 2020 ci ilin “Könüllülər ili” elan olunması könüllülük hərəkatının ölkə miqyasında genişlənməsinə mühüm stimul verib və gənclərin ictimai aktivliyini dəstəkləmək üçün diqqəti daha da artırıb. Həmin təşəbbüs çərçivəsində könüllülər müxtəlif sahələrdə – ictimai və sosial layihələrdə, regionların inkişafında aktiv fəaliyyət göstərdilər. Dövlət orqanları və proqramlar könüllülər üçün geniş imkanlar yaratdı. Məsələn, böyük beynəlxalq tədbirlərdə (idman yarışları, mədəniyyət və digər tədbirlər) yüzlərlə gənc könüllü iştirak edib və əldə etdikləri təcrübə onların peşə bacarıqlarını və sosial məsuliyyət hissini gücləndirib. Könüllülük fəaliyyəti dövlət strukturlarında da təşviq olunub. Nəticədə dövlət, rəsmi qurum və özəl təşkilatlar tərəfindən könüllülər sertifikatlar, mükafatları və fəxri diplomlarla qiymətləndirilir, fəal iştirakçıların sosial və professional həyatda imkanlarının genişləndirilməsinə xüsusi diqqət yetirilir. Ümumilikdə gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi genişləndirilib, bu sahə dövlət siyasətinin vacib elementi kimi formalaşıb və könüllülərin cəmiyyət qarşısında qiymətləndirilməsi təmin edilib.
- Paytaxtda və böyük şəhərlərdə könüllülük hərəkatları sürətlə genişlənir. Bəs, bölgələrdə və kəndlərdə könüllülüyü necə inkişaf etdirmək olar?
- Şəhərlərdə könüllülük fəaliyyəti daha çox görünür, çünki orada resurslar, təşkilatlar və imkanlar daha çoxdur. Bu, çox aktual və vacib məsələdir. Rayon və kəndlərdə də könüllülük hərəkatının genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. İlk növbədə, könüllülük anlayışı həmin bölgələrdə daha sadə və praktik nümunələrlə təqdim edilməlidir ki, onun yalnız böyük şəhərlərə xas fəaliyyət olmadığını hiss edilsin. Könüllülüyü aktivləşdirmək üçün yerli icmalar, bələdiyyələr, məktəblər və mədəniyyət mərkəzlərinin rolu artırılmalıdır. Kiçik, amma davamlı təşəbbüslər – kəndin təmizlənməsi, yeni yaşıllıq zonalarının salınması, yaşlılara dəstək, maarifləndirici görüşlər, sağlam həyat tərzi ilə bağlı tədbirlər – könüllülüyü gündəlik həyata yaxınlaşdırır və maraq yaradır. Xüsusilə yerli gənclərin həmin prosesə cəlb olunması böyük təsir göstərir. Təcrübəli könüllülərin mentorluğu və regional səfərlər ilə gənclər həmin tədbirlərə cəlb oluna bilərlər. Cəmiyyət isə könüllüləri görməli və qiymətləndirməlidir. Rayon və kəndlərdə fəal olan könüllülərin uğurlarının işıqlandırılması, təşəkkür və motivasiya mexanizmlərinin yaradılması insanların bu sahəyə inamını artırır. Eyni zamanda, şəhər mərkəzli könüllü təşkilatlarla regionlar arasında əməkdaşlıq qurulması təcrübə və resurs paylaşımını mümkün edir. Ümumilikdə, könüllülüyün bölgələrdə inkişafı üçün əsas açar onun yerli ehtiyaclara uyğunlaşdırılması və icma tərəfindən mənəvi dəstək görməsidir. Sakinlər könüllülüyün real faydasını gördükcə həmin fəaliyyət rayon və kəndlərdə də təbii şəkildə güclənəcək. Əsas məsələ, həmin fəallığı təşviq etmək üçün yerli imkanları, motivasiyanı və dəstəyi bir araya gətirməkdir. Yaxşı haldır ki, ölkəmizdə bu sahədə uğurlu fəaliyyət formalar təşkil edilir və belə nümunələr region gənclərinin gücünü daha da artırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 02 Fevral 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















