Körfəz regionunun strateji yeri: Oman, Bəhreyn və BƏƏ ilə münasibətlərin yeni tərəfdaşlıq mərhələsi
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Azərbaycanın xarici siyasətində Yaxın Şərq və Körfəz regionu ilə münasibətlərin inkişafı son illərdə xüsusi dinamika qazanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil, çoxşaxəli və praqmatik xarici siyasət kursu bu region ölkələri ilə əlaqələrin yeni keyfiyyət mərhələsinə yüksəlməsini təmin edib. Dövlətimizin başçısının müəyyənləşdirdiyi strateji yol xəritəsinə əsasən, Azərbaycan regional və qlobal miqyasda etibarlı tərəfdaş kimi çıxış etməklə yanaşı, qarşılıqlı maraqlara söykənən, balanslaşdırılmış və uzunmüddətli əməkdaşlıq modelini uğurla reallaşdırır.
Cənab Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasının əsas xüsusiyyətlərindən biri Yaxın Şərq və Körfəz regionuna ideoloji yanaşmalardan uzaq, sırf milli maraqlara və qarşılıqlı faydaya əsaslanan praqmatik münasibətin sərgilənməsidir. Bu yanaşma Azərbaycanı region ölkələri üçün etibarlı siyasi tərəfdaş, sabitlik və dialoq məkanı kimi tanıtmışdır. Məhz bu siyasi xətt nəticəsində Oman Sultanlığı, Bəhreyn Krallığı və Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlər qarşılıqlı etimad və hörmət prinsipləri əsasında yüksələn xətt üzrə inkişaf edir.
Dövlətimizin başçısının müəyyən etdiyi yol xəritəsində Körfəz ölkələri ilə əməkdaşlıq yalnız siyasi dialoqla məhdudlaşmır. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutlarının genişləndirilməsi, investisiya əməkdaşlığı, bərpa olunan enerji layihələri, maliyyə və turizm sahələrində tərəfdaşlıq prioritet istiqamətlər kimi ön plana çəkilir.
Azərbaycan bu region ölkələri üçün Cənubi Qafqazda və Avrasiya məkanında strateji tranzit mərkəzi rolunu oynayır, eyni zamanda Körfəz ölkələrinin investisiya potensialı ölkəmizin dayanıqlı iqtisadi inkişafına mühüm töhfə verir.
Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət humanitar və mədəni əlaqələrin də genişlənməsini təşviq edir. Multikulturalizm, dini dözümlülük və sivilizasiyalararası dialoq sahəsində Azərbaycanın əldə etdiyi təcrübə Körfəz ölkələri tərəfindən yüksək qiymətləndirilir. Bu kontekstdə Bakı şəhərinin beynəlxalq dialoq platforması kimi möhkəmlənməsi də təsadüfi deyil. Ölkəmizin başçısının təşəbbüsü ilə keçirilən beynəlxalq forumlar, humanitar tədbirlər və dialoq platformaları Azərbaycanı Yaxın Şərq və Körfəz regionu üçün etibarlı tərəfdaş və əməkdaşlıq mərkəzinə çevirir.
Xüsusilə vurğulanmalıdır ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursu regional münaqişələrə yanaşmada da Azərbaycanın prinsipial mövqeyini qoruyur. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, münaqişələrin dialoq və sülh yolu ilə həllini dəstəkləyir. Bu mövqe Körfəz ölkələri ilə siyasi baxışların yaxınlaşmasına və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin möhkəmlənməsinə zəmin yaradır.
Oman Sultanlığı, Bəhreyn Krallığı və Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərin artıq strateji tərəfdaşlıq elementləri ilə zənginləşməsi də məhz ölkə başçımız cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Qarşılıqlı səfərlər, yüksək səviyyəli siyasi dialoq, parlament diplomatiyasının fəallaşması və institusional əməkdaşlıq mexanizmlərinin qurulması bu münasibətlərin dayanıqlı və uzunmüddətli xarakter daşıdığını təsdiqləyir.
Bu baxımdan, 25-29 yanvar tarixlərində Milli Məclisin sədri Sahibə xanım Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyətinin Körfəz ölkələrinə etdiyi rəsmi və işgüzar səfərlər ölkəmizin parlament diplomatiyasının mühüm və strateji istiqamətlərindən birini təşkil edir. Spikerin Bəhreyn Krallığına, Birləşmiş Ərəb Əmirliklərinə və Oman Sultanlığına səfərləri təkcə parlamentlərarası əlaqələrin genişləndirilməsi baxımından deyil, eyni zamanda dövlətlərarası münasibətlərin dərinləşdirilməsi, siyasi dialoqun institusional müstəvidə möhkəmləndirilməsi və strateji əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Bu səfərlər Azərbaycanın Körfəz regionu ilə münasibətlərində parlament diplomatiyasının artan rolunu aydın şəkildə nümayiş etdirir.
Səfərin ilk mərhələsi Bəhreyn Krallığını əhatə etmişdir. Sahibə Qafarova burada Asiya Parlament Assambleyasının (APA) 16-cı plenar sessiyasında iştirak edib. Sessiyada Azərbaycanın APA-ya sədrliyi dövründə təşkilatın institusional potensialının gücləndirilməsi, üzv ölkələr arasında qarşılıqlı etimadın və dialoqun dərinləşdirilməsi, parlament diplomatiyasının beynəlxalq proseslərdə daha fəal rol alması istiqamətində atılmış ardıcıl addımlar geniş şəkildə diqqətə çatdırılmışdır. Xüsusi olaraq çoxtərəfli əməkdaşlığın təşviqi, regional problemlərin dialoq və beynəlxalq hüquq prinsipləri əsasında həllinin vacibliyi, parlamentlərin qlobal çağırışlara cavab verən mühüm aktorlar kimi rolu vurğulanmışdır.
Məhz Azərbaycanın sədrliyi dövründə Asiya Parlament Assambleyasının tərkibinin genişlənməsi, o cümlədən Oman Sultanlığının Şura Məclisinin APA-ya tamhüquqlu üzv kimi qəbul edilməsi Bakı ilə Maskat arasında parlament diplomatiyasının ardıcıl və uğurlu xarakter daşıdığını təsdiqləyir. Bu fakt Azərbaycanın Asiya məkanında siyasi nüfuzunun artdığını, eyni zamanda Körfəz ölkələri ilə münasibətlərin artıq institusional və davamlı əsaslar üzərində inkişaf etdiyini nümayiş etdirir.
Bəhreynə səfər çərçivəsində keçirilən yüksək səviyyəli ikitərəfli görüşlər də xüsusi əhəmiyyət daşıyır. Milli Məclisin sədri Sahibə xanım Qafarova Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə, Şura Məclisinin sədri Əli bin Saleh Al Saleh və Nümayəndələr Şurasının sədri Əhməd bin Salman Al-Musalam ilə görüşlərində parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, dostluq qruplarının fəaliyyətinin aktivləşdirilməsi, qanunvericilik təcrübəsinin mübadiləsi və qarşılıqlı siyasi dəstək məsələlərini müzakirə edib. Görüşlər zamanı Bəhreyn tərəfinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstək xüsusi məmnunluqla qeyd olunub.
Bəhreyn səfərindən sonra hörmətli xanım sədrin başçılıq etdiyi nümayəndə heyətimiz Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər etmişdir. Səfər çərçivəsində Sahibə Qafarovanın BƏƏ-nin Federal Milli Şurasının sədri Saqr Qobaş və sədr müavini Tariq Humaid Al Tayerlə keçirdiyi görüşlərdə parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı siyasi dialoqun genişləndirilməsi və strateji tərəfdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Spikerin Əbu-Dabidə Aralıq Dənizi Parlament Assambleyasının Qadın Parlament Forumunun 2-ci sessiyasında çıxışı isə Azərbaycanın gender bərabərliyi, qadınların ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində əldə etdiyi nailiyyətlərin beynəlxalq müstəvidə təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb edib.
Səfərimizin sonuncu ünvanı isə Oman Sultanlığı idi. Burada Milli Məclisin sədri Sahibə xanım Qafarova Oman Şura Məclisinin sədri Şeyx Xalid bin Hilal Al Mavali, Dövlət Şurasının sədri Şeyx Əbdülməlik Al Xəlili və xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşlər keçirmişdir. Görüşlərdə parlamentlərarası dialoqun genişləndirilməsi, qanunvericilik sahəsində təcrübə mübadiləsi, regional əməkdaşlıq və Asiya Parlament Assambleyası çərçivəsində qarşılıqlı fəaliyyət imkanları müzakirə olunmuşdur. Hörmətli xanım sədrin rəhbərliyi ilə keçirdiyimiz görüşlər Azərbaycan-Oman münasibətlərinin həm siyasi, həm də institusional müstəvidə yüksələn xətt üzrə inkişaf etdiyini aydın şəkildə nümayiş etdirir.
Sahibə xanım Qafarova səfərlər çərçivəsində etdiyi çıxış və görüşlərdə dəfələrlə vurğulamışdır ki, Azərbaycanın əldə etdiyi siyasi nüfuzun və beynəlxalq mövqelərinin möhkəmlənməsinin əsasında cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, balanslaşdırılmış və milli maraqlara əsaslanan uğurlu xarici siyasət dayanır. Onun bu fikirləri parlament diplomatiyasının dövlətin ümumi strateji xətti ilə tam uzlaşdığını aydın şəkildə ifadə edir.
Beləliklə, Milli Məclisin sədri xanım Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətinin Bəhreyn Krallığına və Oman Sultanlığına rəsmi, Birləşmiş Ərəb Əmirliklərinə isə işgüzar səfərləri Azərbaycan parlament diplomatiyasının inkişafında mühüm mərhələdir. Bu səfərlər yalnız parlamentlərarası əməkdaşlığın genişləndirilməsinə deyil, eyni zamanda ölkəmizin ümumi xarici siyasət strategiyasının uğurla reallaşdırılmasına, Körfəz regionu ilə əlaqələrin daha dərin, etibarlı və davamlı xarakter almasına töhfə verəcək.
Azərbaycan–Körfəz ölkələri münasibətlərinin inkişafında iqtisadi, humanitar və mədəni diplomatiya da xüsusi rol oynayır. Bu istiqamətlər üzrə atılan ardıcıl və məqsədyönlü addımlar əməkdaşlığın yalnız siyasi müstəvidə deyil, real iqtisadi, ictimai və mədəni əsaslar üzərində möhkəmləndiyini aydın şəkildə göstərir. Qarşılıqlı maraqlara, etimada və uzunmüddətli tərəfdaşlıq prinsiplərinə söykənən bu model münasibətlərin dayanıqlı xarakter daşımasına xidmət edir.
İqtisadi əməkdaşlıq sahəsində əldə olunan irəliləyişlər xüsusilə diqqət çəkir. İqtisadiyyat naziri Mikayıl Cabbarovun ötən ilin dekabr ayında omanlı həmkarı Səid bin Məhəmməd bin Əhməd Al Saqri ilə keçirdiyi görüşdə birgə investisiya fondlarının yaradılması, biznes şuralarının fəaliyyətinin genişləndirilməsi, enerji, logistika və turizm sahələrində əməkdaşlıq perspektivlərinin müzakirə olunması tərəflərin iqtisadi əlaqələrin dərinləşdirilməsində ciddi maraqlı olduqlarını nümayiş etdirir. Bu müzakirələr iqtisadi münasibətlərin daha sistemli, institusional və uzunmüddətli əsaslar üzərində qurulmasına yönəlib.
İqtisadi əməkdaşlığın real nəticələri statistik göstəricilərdə də öz əksini tapır. Belə ki, 2025-ci ilin birinci yarısının sonuna olan məlumata görə, Körfəz ölkələri tərəfindən Azərbaycana yatırılan birbaşa investisiyaların həcmi 606 milyon ABŞ dollarını ötüb. Bu göstərici region ölkələrinin Azərbaycana artan iqtisadi marağının, ölkəmizin etibarlı, sabit və cəlbedici investisiya mühiti kimi qəbul olunmasının bariz ifadəsidir. Eyni zamanda, bu rəqəm tərəfdaşlığın qısamüddətli deyil, strateji və uzunmüddətli perspektivlərə hesablandığını təsdiqləyir.
Enerji sahəsində əməkdaşlıq Azərbaycan–Körfəz ölkələri münasibətlərinin strateji xarakterini daha da gücləndirir. Azərbaycanın aparıcı enerji şirkəti SOCAR ilə Omanın “OQ Group” şirkəti arasında aparılan danışıqlar enerji sektorunda qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın formalaşdığını göstərir.
Bu əməkdaşlıq təkcə ənənəvi enerji sahələrini deyil, eyni zamanda gələcəkdə bərpa olunan və “yaşıl enerji” istiqamətlərini də əhatə edə biləcək geniş potensiala malikdir.
Humanitar və mədəni diplomatiya da bu münasibətlərin mühüm sütunlarından biridir. Bu il yanvarın ilk günlərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Oman Sultanlığına səfəri çərçivəsində Milli Muzeyə ziyarəti, ölkənin zəngin mədəni irsi ilə tanışlığı və Oman Sultanlığının Vəliəhdi Sayyid Theyazin bin Haitham Al Said ilə keçirdiyi görüş mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verib. Bu cür təmaslar rəsmi münasibətləri xalqlar səviyyəsində möhkəmləndirir, qarşılıqlı anlaşma və etimadı daha da gücləndirir.
Bu kontekstdə diplomatik münasibətlərin institusional əsaslar üzərində möhkəmləndirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Xarici işlər naziri Ceyhun Bayramovun və Oman Sultanlığının xarici işlər naziri Sayid Bədr ibn Həməd ibn Hammud Albusəidinin iştirakı ilə ötən ilin oktyabrın 20-də Maskat şəhərində Azərbaycan Respublikasının səfirliyinin rəsmi açılış mərasiminin keçirilməsi Azərbaycan–Oman münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir. Oman Sultanlığında Azərbaycanın diplomatik nümayəndəliyinin fəaliyyətə başlaması iki ölkə arasında siyasi dialoqun daha sistemli və davamlı əsaslar üzərində qurulmasına geniş imkanlar yaradır.
Səfirliyin açılması Azərbaycan diplomatiyasının Körfəz regionunda artan fəallığının bariz göstəricisidir. Bu addım Yaxın Şərq ölkələri ilə münasibətlərin artıq epizodik təmaslar çərçivəsindən çıxaraq daimi və institusional əməkdaşlıq mərhələsinə keçdiyini nümayiş etdirir. Diplomatik nümayəndəliyin fəaliyyəti siyasi əlaqələrlə yanaşı, iqtisadi əməkdaşlığın genişləndirilməsi, biznes dairələri arasında birbaşa təmasların qurulması, humanitar və mədəni layihələrin həyata keçirilməsi üçün də mühüm platforma rolunu oynayacaq.
Azərbaycan səfirliyinin Maskatda açılması iki ölkə arasında dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin daha da möhkəmlənməsi baxımından tarixi hadisədir. Bu qərar tərəflərin bir-birinə verdiyi strateji əhəmiyyəti, uzunmüddətli əməkdaşlıq niyyətini və qarşılıqlı siyasi iradəni aydın şəkildə ortaya qoyur. Eyni zamanda, bu addım Azərbaycan–Oman əlaqələrinin gələcək inkişafı üçün möhkəm diplomatik dayaq nöqtəsi formalaşdırır.
Bu mühüm diplomatik missiyanın icrası Azərbaycanın Oman Sultanlığındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılova həvalə olunub. Əminəm ki, o, iki ölkə arasında münasibətlərin bütün istiqamətlər üzrə daha da inkişafı üçün öz bilik və təcrübəsini tam şəkildə səfərbər edəcək.
Beləliklə, bütün bu proseslər Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xarici siyasət xətti çərçivəsində ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir. Körfəz ölkələri ilə münasibətlərin inkişafı siyasi dialoq, parlament diplomatiyası, iqtisadi tərəfdaşlıq və humanitar-mədəni əlaqələrin vəhdəti əsasında formalaşır və əməkdaşlığın dayanıqlı təməl üzərində qurulmasını təmin edir.
Nəticə etibarilə, Körfəz regionu ölkələri ilə formalaşan etibarlı tərəfdaşlıq modeli Azərbaycanın regional və qlobal miqyasda artan nüfuzunun, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq siyasətinin və sülhə, sabitliyə və inkişafa xidmət edən diplomatik xəttinin mühüm təzahürüdür.
SƏBİNƏ SALMANOVA,
Milli Məclisin deputatı, Azərbaycan–Oman Sultanlığı parlamentlərarası işçi qrupunun rəhbəri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 02 Fevral 2026 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















