“Korrupsiyanı qanunlarla önləmək mümkün deyil” Tural Abbaslı
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Vəzifəli şəxslərin tutduqları vəzifədən irəli gələn səlahiyyətlərindən şəxsi maraqları və ya üçüncü şəxslərin mənafeyi naminə istifadə etmələrinin qarşısının alınması istiqamətində yeni hüquqi məhdudiyyətlər müəyyənləşdirilir. Eyni zamanda, onların əlavə işlə məşğul olması, kənar fəaliyyət göstərməsi, reklam fəaliyyəti ilə məşğul olması, xidməti məlumatlardan və dövlət əmlakından şəxsi məqsədlər üçün istifadə etməsi ilə bağlı bir sıra qadağalar nəzərdə tutulur. Bu və digər məhdudiyyətlər Milli Məclisin müzakirəsinə çıxarılan “Maraqlar toqquşması haqqında” qanun layihəsində əksini tapıb.
Layihə vəzifəli şəxslərin xidməti fəaliyyətləri zamanı şəxsi maraqlarının qərarların qəbuluna və dövlət idarəçiliyinə təsir göstərməsinin qarşısını almağı, maraqlar toqquşmasının aradan qaldırılmasını və korrupsiya risklərinin azaldılmasını hədəfləyir. Sənəddə həmçinin vəzifəli şəxslərin qulluq etdiyi qurumun işləri üzrə üçüncü şəxsləri təmsil etməsinə, müəyyən hallarda əlavə vəzifə tutmasına və kənar fəaliyyətlə məşğul olmasına dair məhdudiyyətlər yer alıb. Qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib.
Mövzu ilə bağlı Sherg.az-a danışan Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, bu qanun layihəsi onsuz da mövcud idi.
“İndi onun bəzi müddəalarında zamanın tələblərinə uyğun olaraq dəyişikliklər və yenilənmələr ola bilər. Amma bizdə vəzifəli şəxslərin tutduqları vəzifədən irəli gələn səlahiyyətlərindən şəxsi maraqları və ya üçüncü şəxslərin maraqları naminə istifadə etmələri ilə bağlı məhdudiyyətlər var idi. Lakin biz baxsaq, görərik ki, vəzifəli şəxslərin böyük əksəriyyəti bu imkanlardan sui-istifadə edib. Hələ də istifadə etməkdə davam edirlər. Yəni bu qanunlardan yan keçmək üçün kifayət qədər boşluqlar var. Məsələn, şəxs biznesi öz adına rəsmiləşdirmir, hansısa qohumunun adına rəsmiləşdirir. Amma faktiki olaraq cəmiyyətdə və dövlətdə hamı bilir ki, həmin şirkət ona məxsusdur. Yaxud da öz vəzifə səlahiyyətlərindən istifadə edərək tenderlərin qalibi olmaq kimi hallara yol verilir. Burada daha çox iki məsələ var. Birincisi, həmin vəzifəli şəxsin məsələyə vicdanla yanaşmasıdır. İkinci məsələ isə, təbii ki, qanuna nəzarət mexanizmlərinin aktiv şəkildə işlədilməsidir. Biz indiyədək nə qədər vəzifəli şəxsin öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə həbs olunduğunu görmüşük. İndiyədək bu cür həbslər kampaniya xarakteri daşıyıb və dövri olaraq həyata keçirilib. Amma həmin həbslərdən dərhal sonra başqa vəzifəli şəxslərin də eyni maddə ilə həbs olunduğunu görürüksə, deməli, burada qanunun çəkindiricilik və qorxuduculuq funksiyası öz vəzifəsini yetərincə yerinə yetirmir”.
Partiya sədri qeyd edib ki, daha radikal və daha effektiv addımlar atılmalıdır:
“Bu məsələlərdə güzəştə gedilməməlidir. Yalnız bu halda vəzifəli şəxslər belə hallardan yayınacaqlar. Həmçinin vəzifəli şəxslərin maddi təminatı elə səviyyədə olmalıdır ki, onların bu cür işlərdə marağı olmasın. Onlar əldə edəcəkləri gəlirlərdən daha çox tutduqları vəzifə və daşıdıqları ad haqqında düşünsünlər. Ona görə də vəzifəli şəxslərlə bağlı bəzi imtiyazlar və maaş məsələləri də nəzərə alınmalıdır. Əks halda, korrupsiyanın qarşısını almaq hansısa qanunlarla mümkün deyil. Biz bunu bu günə qədər də görmüşük”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 24 Noyabr 2026 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















