Kuryerlər üçün 15 manatlıq vergi
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş verginin aylıq sabit məbləğ - 15 manat əsasında müəyyən edilməsi nəzərdə tutulub.
Qeyd edilib ki, sifarişlərin kuryerlər tərəfindən çatdırılması avtomobil, motosiklet, velosiped və skuter kimi müxtəlif vasitələrlə həyata keçirilir. Bu şəxslərin vergi orqanlarına hesabat təqdim etmək və gəlir-xərc uçotu aparmaq vərdişləri demək olar ki, yoxdur. Mövcud inzibati yük isə bir çox hallarda onları qeyri-rəsmi fəaliyyətə sövq edir.
Kuryer fəaliyyəti son illərdə elektron ticarətin genişlənməsi ilə paralel olaraq sürətlə artıb. Bu baxımdan, aylıq sabit məbləğ əsasında sadələşdirilmiş verginin müəyyən edilməsi və vergi öhdəliklərinin sabit qəbz vasitəsilə yerinə yetirilməsi təklif olunur. Bu, vergilərin hesablanması, ödənilməsi və hesabatlılıq üzrə inzibatçılığı sadələşdirəcək, mühasibatlıq xərclərini azaldacaq.
Təklif olunan model vergi orqanları üçün nəzarəti asanlaşdırır, əməliyyatların rəsmiləşdirilməsini təşviq edir və sektor üzrə dövriyyənin şəffaf uçotuna imkan yaradır.
İqtisadçı ekspert Asif İbrahimov deyir ki, burada söhbət fərdi qaydada, muzdlu işçi cəlb etmədən kuryer fəaliyyəti ilə məşğul olan şəxslər üçün aylıq 15 manat sabit vergi tətbiqindən gedir: "Kuryerlərin gəlir-xərc uçotu aparmaq və vergi hesabatları təqdim etmək vərdişləri yoxdur, mövcud inzibati yük isə bir çox hallarda onları qeyri-rəsmi fəaliyyətə sövq edir. İndiyədək kuryerlərin böyük bir hissəsi qeyri-rəsmi fəaliyyət göstərirdi. Bu, onların xidmətlərini daha aşağı xərclərlə təqdim etməsinə imkan yaradırdı. İndi həmin şəxslərin fəaliyyətinə aylıq 15 manatlıq vergi öhdəliyi əlavə olunur. Məbləğ ilk baxışda böyük görünməyə bilər, lakin xüsusilə az sifariş qəbul edən və aşağı gəlirlə çalışan kuryerlər üçün bu, əlavə xərcdir.
İqtisadi sahələrə aid qanun layihələri iqtisadçıların, maliyyəçilərin və müvafiq sahə mütəxəssislərinin iştirakı ilə hazırlanmalıdır. Hüquqşünasların rolu hüquqi çərçivəni və qanunvericiliyə uyğunluğu təmin etməkdir. İqtisadi qərarların yalnız inzibati nəzarət və tənzimləmə prizmasından hazırlanması bazarın real vəziyyətini, insanların gündəlik məşğulluğunu və sahibkarlıq fəaliyyətinin xüsusiyyətlərini nəzərdən qaçıra bilər. Digər problem qanun layihələrinin iqtisadi fəaliyyətə təsirinin əvvəlcədən araşdırılmamasıdır. Qanunun qəbul edilməsi onun iqtisadi baxımdan səmərəli olduğunu hələ sübut etmir".
İqtisadçının sözlərinə görə, 15 manatlıq vergi öhdəliyi xidmət qiymətlərinə təsir göstərəcək: "Kuryer öz gəlirini qorumaq üçün çatdırılma haqqını artırmağa çalışacaq. Çatdırılma şirkətləri və platformalar da artan xərcləri tariflərə və ya komissiyalara daxil edə bilərlər. Nəticədə bu yükün bir hissəsi sifariş verən vətəndaşın üzərinə düşə bilər. Xüsusilə gündəlik alış-veriş və yemək sifarişlərində çatdırılma xərclərinin artması istehlakçının ümumi xərcini yüksəldə bilər".
İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, kuryerlər əvvəllər də vergi ödəyirdilər: "Yəni kuryer fəaliyyəti vergisiz fəaliyyət deyildi. Kuryerin çalışdığı sahibkar onun gəlirindən vergi hesablayırdı. İndi fərdi kuryer fəaliyyəti sadələşdirilmiş vergiyə çevrilir. Bu isə prosesi sadələşdirmək və nəzarəti artırmaq üçün atılan addımdır".
Ekspert bunun xərc və ya qiymət artımına gətirib çıxaracağını düşünmür: "Əslində 15 manatlıq sadələşdirilmiş vergi prosesi rahatlaşdırır. Lakin burada bir məqam var. Kuryerlər hər zaman vergi verirdilər, ya bundan yayınırdılar? Yayınırdılarsa, indi də yayınacaqlarmı? O zaman bu qanunun dəyişməsinin prosesə təsiri olmayacaq. Əgər kuryerlər gəlirlərindən vergi ödəyirdilərsə, bu halda onların ödədiyi məbləğ yeni layihədə nəzərdə tutulan məbləğdən çox ola bilər. Bu da kuryerin dövriyyəsindən asılıdır. Buna görə də yenilikdən sonra daşıma tariflərinin dəyişəcəyini güman etmirəm. Əgər əvvəllər kuryerlərə görə verginin ödənilməsinə nəzarət edilmirdisə, indiki dəyişikliklərdən sonra nəzarət ediləcəksə, bu zaman daşıma xərclərində artım müşahidə edə bilərik".
Sevinc QARAYEVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 13 Noyabr 2026 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















