Icma.az
close
up
RU
Laçın Zəfərin və dirçəlişin ünvanı...

Laçın Zəfərin və dirçəlişin ünvanı...

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Laçın, 4 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

“Bölgələrdən AZƏRTAC üçün yazırlar”: Əməkdar jurnalist, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Firuzə Nadirin “Laçın – Zəfərin və dirçəlişin ünvanı...” məqaləsini təqdim edirik.

Düz 40 ildən sonra ilk dəfədir Laçına gedirəm. Ağdamdan, Şuşadan, Kəlbəcərdən sonra bu dəfə Laçını öpüb gözümün üstə qoyacağam...

Səfərimiz Heydər Əliyev Beynəlxalq Hava Limanından başlayır. Laçına təyyarə ilə gedirik. İlk anda yuxu kimi gəlir adama. Amma yox, yuxu deyil, bir Laçın həqiqətidir bu, bir Azərbaycan gerçəyidir!

Təyyarədə çoxlu qonaq da var: İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərdən, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistandan gəliblər. Hamımız ilk ECO Qadınlar Forumuna dəvətliyik. Proqrama dönə-dönə baxıram.

“ECO Qadınlar forumu. Dayanıqlı və iqlimə davamlı gələcəyin qurulmasında qadınların rolunun gücləndirilməsi.

2 iyul 2025-ci il. Laçın, Azərbaycan”.

Ürəyim atlanır. Heç ağlımıza gələrdimi?..

Bu fəxarəti Dəmir yumruğa, Azərbaycan əsgərinə, şəhidlərimizə, qazilərimizə borcluyuq...

Allaha şükür və dua edirəm. Dualara inanın!..

450 kilometr 45 dəqiqəyə geridə qalır...

Bu da doğma torpaq – yeni dövranını yaşayan Laçın! Sanki yenidən doğulub. İlahi, təbii gözəlliklərin məskəni! Uca dağ başında tarixi abidə! Eksponatları zəngin sərvətləri olan təbii muzey! Böyük Allahın Azərbaycan insanına bəxşişi! İndi dağların qoynunda tarixi və müasirliyi birləşdirən bir şəhərə çevrilir Laçın! 30 ildi şaxta vurmuşdu onu – donu açılıb! 30 ildi susmuşdu, dilə gəlib! Canlanıb! Gül açıb! Dil açıb! Oxuyur Laçın!..

Sevincək ona dönən, onu qucaqlayan sakinləri də oxuyur: dua oxuyur, nəğmə oxuyur. “Laçınım!” deyir. “Səni bizə qaytaranların başına dönüm” deyir!.. “Döndük cənnət qoynuna, ruhlara əyan olsun!” söyləyir...

Dua edin!.. Dualara inanın!..

...Laçın Beynəlxalq Hava Limanından avtobusla hotelə yollanırıq. Təbiət gözəldi, havada külək var, amma ciyər dolusu nəfəs alacaq qədər təmizdir. Bambaşqa bir Laçınla üz-üzəyik. Laçın möcüzəsi var qarşımızda. Dolayları qalxırıq. 30 ildir ot-ələf, kol-kos basmışdı bu yolları. İndi yamyaşıl meşələr, qollu-budaqlı ağaclar, rəngbərəng gül-çiçəklər üzə gülür. Artıq yaydı, ancaq lalələr hələ də yamaclardan yığışmayıb. Təbiət insanın gözünü sevindirir, ruhuna sığal çəkir. Yol uzandıqca fərqli füsunkarlığa malik təkrarsız mənzərələr bir-birini əvəz edir. Önümdə açılan gözəlliyə dörd gözlə baxıram. Nəğməsini doya-doya dinləyirəm Laçının. Hər addımda Zəfərin izlərini, şəhidlərimizin qəhrəmanlığını, xalqımızın əzmini, ruhunu hiss edirəm...

Elə bu anda qulağıma doğma türkcədə heyrətlə söylənən xoş bir söz gəlir: “Bu nə gözəllik böylə!.. Laçın bu mu?..”

Səs gələn tərəfə çönürəm. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə yanaşı əyləşən Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Ləman Yenigündü bunu söyləyən. Bədahətən, “Bəyənirsinizmi, Laçını?” soruşuram. Cavab özünü gözlətmir: “Çox möhtəşəmdir!”. “Çanaqqalaya səfərimdə Laçını Çanaqalaya bənzətmişdim” deyirəm. O isə “Əvət, əvət, çox bənzəyir...” deyərək bunu təsdiqləyir.

...Bu hissləri Çanaqqala Zəfərinin 100 illiyi ilə bağlı o müqəddəs torpağa ziyarətimdə yaşamışdım. Laçın Canaqqalaya çox bənzəyir, həm ruhən, həm zahirən, bircə Laçında dəniz yoxdu. Burada dənizi əsrarəngiz dağlar və sıx meşələr əvəz edir, Laçın zirvələrə, yaylaqlara qucaq açıb. Mən Çanaqqalanı möhtəşəm Çanaqqala Zəfərinin qüruru, eyni zamanda, Qarabağ nisgili ilə dolaşmışdım 10 il əvvəl. Səfərimiz hafizəmə böyük ağrı ilə həkk olunan mayın 18-nə, Laçının işğal gününə təsadüf etmişdi. Yenilməz Çanaqqalada idim, düşüncəmdə isə qəhrəman kişilərin yurdu Laçın idi. Onda ürəyimdə niyyət tutub, dua etmişdim. Laçının azadlığını istəmişdim Allahdan! “Laçın zəfərimiz və Laçına səfərimiz olsun tezliklə!” arzulamışdım. Sonra da elə ürəyimdə “Sevincim, kədərim, Laçınım mənim” şərqisini oxumuşdum, dua etmişdim!..

Dua edin!.. Dualara inanın!..

2014-cü ildə Laçın haqqında hazırladığım sənədli filmimə “Əsirlikdə qala qalmaz” adını vermişdim. Əsirlikdə qalmadı qalamız… Azərbaycan insanının məğrurluğu, əyilməzliyi, qəhrəmanlığı, yurd sevgisi Laçına Zəfər gətirdi...

Laçına qovuşmağa ömrü çatmayanları da xatırlayıram. 40 il əvvəl Həkərinin kənarında xalça salıb süfrə açan, süfrəyə naz-nemət düzən, bizə sevə-sevə balıq şorbası bişirən Səkinə xanım keçir xəyalımdan. Ölənədək “Laçın, Xırmanlar, Sarı baba” kəlməsi dilindən düşməyən, amma onlara yetməyən Laçın həsrətli, Laçın nisgilli İsmayıl kişini yada salıram. Və Laçınsız köçən nigaran laçınlıların əvəzindən doyunca baxmaq istəyirəm hər yerə, hər ağaca, hər çiçəyə, hər kola, hər birinin əvəzindən öpmək istəyirəm Laçını!..

Dua edirəm... Dualara inanın!..

...Amma qonaqlarımızı da, elə özümüzü də heyrətləndirən təkcə Laçının İlahi, təbii gözəllikləri deyil. Yolboyu gördüyümüz misilsiz abadlıq, quruculuq, bərpa işləri hamını dilə gətirir. Az qala hər addımda bir yeniliklə qarşılaşırsan. Bir keçmiş məcburi köçkün laçınlı xanımın dedikləri gəlir xatirimə: “Dağlar qoynunda gözəl bir gəlin idi Laçın. Savalanın sinəsinə düzülmüş evlər isə bu gəlinin boynuna asılmış mirvari kimiydi...”.

Yenə qırmızı kirəmitli evlər muncuq kimi düzülüb Laçının boynuna, yaşıllıqların arasından çiçək kimi boylanır. Hər biri insan nəfəsi ilə isinir. Eyvanlarda, həyət-bacalarda doğma sakinləri görünür. Yolboyu qarşımızdan keçən maşınlar bura həyatın qayıtdığını göstərir. Kimsə ucadan “Azərbaycanın İsveçrəsi!” deyir. Bəli, Laçına sığal çəkən məhrəm əllər Laçın acısını, dünənin ağrılarını torpağın altına gömür, Laçını yenidən ucaldır, Laçını yenidən dirçəldir, Laçını cənnətə çevirir. Dağların qoynunda çəkilən, Laçının belinə kəmər kimi dolanan körpülər, dağların sinəsini yarıb keçən tunellər diqqəti çəkir. Dövlətimizin başçısının iradəsi burada da özünü göstərir. Azərbaycan öz gücünə, heç kimdən kömək ummadan, kömək almadan işğaldan azad etdiyi torpaqlarını gülüstana döndərir. Laçın 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan olunub. Burada vaxtaşırı keçirilən musiqi festivalları, sərgilər, folklor gecələri Laçının cazibəsini, şəhərin ehtişamını daha da artırır.

Avtobuslarımız Həkəri çayının kənarında dayanır. Hamı Həkərinin yanında şəkil çəkdirməyə can atır. Burada bizi çaya da qonaq edirlər...

Bu da Laçının dağ zirvəsində yerləşən “Laçın” istirahət mərkəzi. Prezident İlham Əliyevin bu il mayın 27-də açılışını etdiyi bu müasir kompleksdə şərait mükəmməl, rahat, komfortludur. İşçiləri də mehriban, gülərüz və nəzakətlidirlər. İstirahət mərkəzi eyni vaxtda, ümumilikdə, 324 nəfər qonaq qəbul edə bilir. Burada işgüzar görüşlər, konfranslar və s. tədbirlərin keçirilməsi üçün müasir avadanlıqlarla təchiz edilmiş 500 nəfərlik tədbir, 340 nəfərlik ziyafət zalı, 100 nəfərlik konfrans zalı və toplantı otağı da var.

“ECO həftəsi” çərçivəsində “Dayanıqlı və iqlimə davamlı gələcəyin qurulmasında qadınların rolunun gücləndirilməsi” mövzusunda ilk ECO Qadınlar forumu da burada keçirilir. Laçın Prezident İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən mühüm beynəlxalq tədbirə ev sahibliyi edir. Burada müzakirə olunacaq məsələlər, aparılacaq müzakirələr öz yerində, amma onun ən böyük tarixi əhəmiyyəti də elə bundadır: forum Zəfərin və dirçəlişin ünvanında – Laçın şəhərində keçirilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qonaqları salamlayır. “İlk dəfə olaraq “ECO həftəsi”nin və Qadınlar forumunun Şərqi Zəngəzur iqtisadi rayonunda keçirilməsi tarixi hadisədir” deyir. Əlavə edir ki, “Qadınların iqtisadi imkanlarının və sosial rifahının artırılması cəmiyyətin ümumi inkişaf səviyyəsinin göstəricisidir. Azərbaycan bu sahədə mühüm təşəbbüslərlə çıxış edir və müsbət təcrübəsini paylaşmağa hazırdır”.

ECO-nun Baş katibinin müavini Silapberdi Nurberdiyev ev sahibliyinə və forumun yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirir.

Üç paneldə iqlimə dayanıqlılıq üçün insan inkişafında, şəhərsalmanın inkişafında, dayanıqlı inkişafda qadınların rolu ilə bağlı çıxışlar dinlənilir, maraqlı təkliflər səsləndirilir. Vurğulanır ki, qadınlar yalnız ailə və icma rifahında deyil, həm də insan inkişafının əsas sahələri – təhsil, sağlamlıq, yaşıl bacarıqlar və iş yerləri, uşaqlar və gənclər, həmçinin dayanıqlı şəhər inkişafı sahəsində də mühüm rol oynayırlar. Onlar, həmçinin ətraf mühitin qoruyucuları, davamlılığın əsas dayağı və iqlim həllərinin təşəbbüskarlarıdır. Bir sözlə, qadınların cəmiyyətin bütün sahələrində tam təmsilçiliyi olmadan davamlı inkişaf mümkün deyil. Forum güclü sabahlar üçün ECO-ya üzv dövlətlərdə qadınların iqtisadi, sosial və institusional inkişafda rolunu gücləndirməyi və tanıtmağı hədəfləyir. Bu tədbir ECO-ya üzv dövlətlərin təcrübələrini bölüşməsi, həm də beynəlxalq təşkilatların töhfə verməsi baxımından mühüm platformaya çevrilir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Laçında keçirilən ECO Qadınlar forumu aktuallığı ilə yanaşı, mükəmməl təşkilatçılığı ilə də yadda qaldı. ECO-nun Baş katibi Əsəd Məcid Xanın fikri ilə desəm, “ECO həftəsi” çərçivəsində keçirilən tədbirlər Prezident İlham Əliyevin siyasi iradəsinin, qətiyyətinin, Azərbaycanın müstəqilliyinin, suverenliyinin sarsılmazlıq nümunəsidir.

Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Ləman Yenigünün bir fikrini də xatırlatmaq istəyirəm: “Qarabağın qəlbində bizi bir araya gətirdiyiniz üçün sağ olun!..”.

Mən bu tərifi dua kimi qəbul edirəm...

Laçın indi təkcə şəhər deyil, həm də Azərbaycanın qüdrətinin, xalqımızın əzminin və gələcəyə inamının simvoludur. Laçına getmək sadə səfər deyil. Bu, tarixlə görüşdü, şəhidlərimizin ruhuna ehtiramdı, sabaha inamdı...

Dua edirəm. Dualara inanın...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyul 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see151

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see146

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri