Lavrov Türkiyə diplomatiyasını niyə təriflədi? Tarixi müsahibənin şifrələri
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
“Sergey Lavrovun Türkiyə mediasına müsahibə verməsi önəmlidir. Lavrov müsahibəsində Türkiyə və Rusiyanın uzunmüddətli qonşuluq münasibətlərini xatırladıb. Regionda bir çox sahələr üzrə ümumi maraqlara sahib olduqlarını, eyni zamanda aralarında bəzən siyasi rəqabətin mövcudluğunu qeyd edib”.
Bu sözləri Globalinfo.az-a beynəlxalq münasibətlər üzrə türkiyəli ekspert İsmail Cingöz deyib.
“Lavrovun sözlərinə görə, Varşava Müqaviləsi Təşkilatının dağılmasından sonra NATO mahiyyət etibarilə öz əhəmiyyətini itirdi, lakin Qərb dövlətləri öz aralarındakı birliyi və həmrəyliyi qorumaq üçün NATO-nun genişlənmə yolu ilə mövcudluğunu Qərb siyasəti kimi müəyyən etdi. O, həmçinin, bildirib ki, Ukraynanın müstəqillik prosesi və Sovet İttifaqının dağılması zamanı Rusiya üçün qəbuledilməz addımlara əl atılmayacağına zəmanət verilsə də, ABŞ və Qərbin təzyiqi altında Ukraynanın NATO-ya üzvlük məsələsinin ortaya çıxması Rusiya tərəfindən təhdid kimi qəbul edilib.
Əgər Ukrayna NATO-ya qoşulsaydı, NATO gəmilərinin, xüsusən də ABŞ vasitəsilə Ukraynaya yerləşdirilməsi Azov dənizi vasitəsilə Rusiya üçün təhlükə kimi qəbul ediləcəkdi. Eyni zamanda, Ukraynanın NATO-ya daxil olması dolayı yolla Türkiyə üçün də təhlükə hesab edilməlidir. Çünki Montrö müqaviləsinə zidd olaraq NATO gəmilərinin Ukrayna vasitəsilə Qara dənizdə yer alması Türkiyə və müttəfiqləri arasında konflikt yaradacaqdı. Bu zaman Türkiyə Rusiya ilə də toqquşa bilərdi. Eyni zamanda Türkiyə Montrö müqaviləsinə riayət etmək üçün təzyiqlə üzləşəcəkdi.
Lavrov Ukrayna-Rusiya münaqişəsinin yalnız Ukrayna və Rusiya arasında razılaşmalar yolu ilə həll edilə biləcəyinə vurğulayıb. Çünki ABŞ və Avropa ölkələrinin Ukrayna ilə bağlı fərqli planları var”.
Siyasi şərhçi qeyd edib ki, əslində, Ukrayna-Rusiya müharibəsinin başlamasından cəmi bir həftə sonra Türkiyə Xarici İşlər Nazirliyi Rusiya və Ukrayna xarici işlər nazirlərini Antalyada bir araya gətirdi:
“Razılaşmanın əldə olunacağı bir vaxtda, o vaxtkı Britaniya Baş naziri Boris Conson Ukraynaya müharibəni davam etdirmək üçün təzyiq göstərdi və bu da müharibənin indiyədək uzanmasına səbəb oldu. ABŞ-ın Alyaska sammitində Ukrayna ilə bağlı Rusiya ilə razılığa gəldiyini də unutmamalıyıq. Lakin Avropa ölkələrinin müharibəni davam etdirmək üçün Ukraynaya təzyiq etdiyini görməzdən gələ bilmərik. Rusiya gücünü və enerjisini Ukrayna müharibəsinə sərf etdiyi üçün Avropa ölkələri özlərini daha təhlükəsiz hiss etməyə meyllidirlər. Başqa sözlə, Avropa ölkələrində, xüsusən də Almaniyada belə bir fikir yaranıb ki, Ukrayna-Rusiya müharibəsi başa çatarsa, Rusiya qüvvələrini Avropaya yönəldəcək.
İsmail Cingöz
Bununla yanaşı, Lavrovun Zelenski üzərindən Ukraynanın legitimliyini şübhə altına almasını da nəzərdən qaçırmamalıyıq. O, həmçinin, Ukrayna-Rusiya münaqişəsində Türkiyənin vasitəçilikdəki uğurlarından bəhs edib. Lavrov çıxışında NATO-nun baş katibi və Avropa İttifaqı Komissiyası sədrinin Ukrayna ilə bağlı fərqli yanaşmaya sahib olduğunu da qeyd etdi”.
Ekspert bildirib ki, Qrenlandiya ilə bağlı Lavrov, ABŞ-ın iddia etdiyinin əksinə olaraq, Rusiyanın orada planlarının olmadığına diqqət çəkib:
“O, ABŞ prezidenti Donald Trampın Qrenlandiya hədəfinə çatmaq üçün, eyni zamanda Kanadanı 51-ci ştat kimi təqdim edərkən Çin və Rusiyadan təhdid kimi istifadə etdiyini qeyd edib. Əslində, bununla ABŞ-ın qlobal enerji geosiyasətini idarə etmək məqsədi ilə Qrenlandiya, Kanada, Venesuela və İran bölgəsinə yönəlməsinə diqqət çəkib. Həmçinin qeyd etmək lazımdır ki, qlobal istiləşmə nəticəsində buzların əriməsi səbəbindən gələcəkdə Arktika bölgəsində yeni bir güc mübarizəsi başlayacaq. Hazırda Rusiyanın Arktika bölgəsində sərhədlər baxımından hegemon qüvvə olması ABŞ üçün narahatedicidir. ABŞ-ın Arktika regionu ilə Alyaska vasitəsilə məhdud sərhədi var. Eyni zamanda, ABŞ Çinin yüksəlişini önləmək üçün qlobal enerji təchizatı və enerji marşrutlarına hakim olmaq ambisiyalarını gizlətməklə güc mübarizəsi aparır.
Ekspert əlavə edib ki, Lavrov dünya siyasətində ABŞ və Birləşmiş Millətlər Təşkilatının ikiüzlülüyünü xüsusi qeyd edib:
“O, İsrail-İran gərginliyinin Rusiyanın vasitəçiliyi ilə həll edilə biləcəyini vurğulayıb. Rusiyanın Suriyadakı siyasətini qiymətləndirərkən Rusiya-Suriya münasibətlərinin onilliklərə söykənən tarixə malik olduğunu deyib və bu münasibətlərin Əhməd Şaraa administrasiyası ilə daha da inkişaf etdirilə biləcəyini bildirib.
Lakin burada diqqət çəkən ən vacib məqam Türkiyə diplomatiyasının regional və qlobal sülh üçün və Türkiyə mərkəzli türk dünyası üçün əhəmiyyətinin vurğulanmasıdır. Lavrov, həmçinin, Türkiyənin təhlükəsizlik məsələlərində uğurlarından və vasitəçilik imkanlarından da bəhs edib. Lavrovun Türkiyənin regional və qlobal sülh üçün əhəmiyyətini vurğulaması onun bir daha Türkiyəyə olan etimadını nümayiş etdirir”.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 30 Yanvar 2026 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















