Icma.az
close
up
RU
Le Pen müxalifəti Fransanı yenidən silkələyir

Le Pen müxalifəti Fransanı yenidən silkələyir

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Sentyabrın 8-də ölkədə etimadsızlıq səsverməsi keçiriləcək 

Fransanın siyasi landşaftı Beşinci Respublikanın quruluşundan bəri ən maraqlı transformasiya dövrlərindən birini yaşayır. Onillər boyu Fransanın siyasi palitrasını formalaşdıran ənənəvi sol-mərkəz və sağ-mərkəz qütbləşməsi Prezident Emmanuel Makronun 2017-ci il seçki uğurundan sonra parçalanaraq, yerini proqnozlaşdırılması çətin olan yeni siyasi mənzərəyə verdi. Bu yeni siyasi reallığın mərkəzində uzun illər “sistem xarici” hesab edilən ifrat sağın tədricən siyasi sistemin ayrılmaz hissəsinə, hətta potensial hakim qüvvəsinə çevrilməsi dayanır. Bu çoxşaxəli dəyişikliklərin kulminasiyası  sentyabrın 8-də keçiriləcək etimadsızlıq səsverməsi ola bilər. 

Siyasi böhranın katalizatoru rolunu oynayan əsas amil Fransa hökumətinin üzləşdiyi kəskin və struktur xarakterli maliyyə-büdcə problemləridir. Cari ilin ikinci yarısına daxil olarkən ölkənin makroiqtisadi göstəriciləri ciddi narahatlıq mənbəyi idi və hökumətin manevr imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırırdı. Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun (INSEE) rəsmi məlumatlarına görə, Fransanın ümumi dövlət borcu 2025-ci ilin birinci rübünün yekununda 3,345 trilyon avro kimi rekord səviyyəyə çataraq ölkənin Ümumi daxili məhsulunun (ÜDM) 114 faizini aşmışdı. Bu göstərici Avropa İttifaqının Maastrixt meyarları ilə müəyyən edilmiş 60 faizlik yuxarı limiti demək olar ki, iki dəfə üstələyir və Fransanı Avrozonanın ən borclu ölkələri arasında Yunanıstan və İtaliya ilə bir sıraya qoyurdu. 

Məhz bu ağır iqtisadi reallıqlar qarşısında Baş nazir Fransua Bayru ölkənin maliyyə nizamını bərpa etmək və Brüsselin potensial sanksiyaları ilə nəticələnə biləcək kəsir prosedurundan yayınmaq məqsədilə radikal addımlar atmaq məcburiyyətində qaldı. Təqdim edilən 43,8 milyard avroluq genişmiqyaslı büdcə kəsintisi və qənaət paketi Fransa cəmiyyətinin həssas sosial təbəqələrinə birbaşa toxunan qeyri-populyar və partlayıcı tədbirləri özündə ehtiva edirdi. 

Bayru və Makron hakimiyyəti bu sərt və cəmiyyəti qıcıqlandıran tədbirləri Milli Assambleyadan keçirmək üçün parlamentdə mütləq çoxluğa malik olmadıqlarını dərk edərək  siyasi oyuna əl atdılar. Onların bütün strateji planı müxalifətin ən güclü fiquru olan Marin Le Peni çətin vəziyyətə salaraq neytrallaşdırmaq üzərində qurulmuşdu. Hökumət nümayəndələri güman edirdilər ki, Avropa Parlamentinin vəsaitlərini mənimsəmə ittihamı ilə birinci instansiya məhkəməsində məhkum edilmiş və apellyasiya məhkəməsinin qərarını gözləyən Le Pen növbədənkənar seçkilərin təyin olunması tələbindən çəkinəcək. Çünki yeni seçkilər onun davam edən hüquqi prosesi fonunda həm parlament mandatını itirmək, həm də seçkilərdə iştirak hüququndan tamamilə məhrum olmaq riskini yaradırdı. Nəzəri cəhətdən məntiqli görünən bu yanaşma, əslində fransız siyasətinin psixoloji qatlarını, Le Penin iti siyasi instinktlərini və onun elektoratının motivasiyasını düzgün oxuya bilməyən strateji bir səhv idi.

Le Penin cavabı gecikmədi, sərt və bütün hesabları alt-üst edən oldu. Etimad səsverməsi təşəbbüsünün rəsmən elan edilməsindən cəmi bir neçə saat sonra mətbuat konfransı keçirərək Milli Birlik partiyasının bütün deputatlarının hökumətin əleyhinə səs verəcəyini qətiyyətlə bəyan etdi. Onun bu addımı hökumətlə ifrat sağ arasında hər hansı pərdəarxası razılaşma, taktiki oyun və ya son dəqiqə kompromisi ola biləcəyinə dair bütün spekulyasiyalara son qoydu. 

Le Pen Bayrunun qənaət paketini "Fransanın sosial modelinə, işləyən insana və orta sinfə qarşı amansız bir hücum" kimi xarakterizə edərək səkkiz illik "Makronizm" dövrünün ölkəni iqtisadi tənəzzülə, sosial parçalanmaya və milli suverenliyin itirilməsinə sürüklədiyini iddia etdi. Onun qətiyyətli mövqeyi partiyasının son illərdə həyata keçirdiyi uzunmüddətli strategiyanın məntiqi davamı idi: özünü Makron administrasiyasının etibarlı və xalqa yaxın alternativi kimi təqdim etmək, siyasi gündəmi müəyyənləşdirən əsas qüv­vəyə çevrilmək və 2027-ci il prezident seçkiləri üçün mümkün olan ən əlverişli mövqeni təmin etmək. Hökumətin mövqeyi daha da zəiflədi, çünki Bayru mühüm əhəmiyyət daşıyan səsvermə ərəfəsində müxalifətlə məsləhətləşməməsini cəmiyyətin qeyri-ciddi və təkəbbürlü hesab etdiyi “yay məzuniyyəti” bəhanəsi ilə izah etdi. 

Hökumətin süqutunun qaçılmaz hala gəlməsi ilə diqqətlər Yelisey Sarayına və Prezident Emmanuel Makronun atacağı addımlara yönəldi. Konstitusiya prezidentə bir sıra seçimlər versə də parçalanmış parlament mənzərəsində onların hər biri risklərlə doludur. Müxalifətin əsas tələbi Milli Assambleyanın buraxılması və növbədənkənar seçkilərin keçirilməsidir. “Bu siyasi dalandan yeganə çıxış yolu seçki qutusuna qayıtmaqdır”, – deyə Marin Le Penin Milli Birlik partiyasının sədri Jordan Bardella ötən həftə “TF1” telekanalına verdiyi müsahibədə bildirib. “Emmanuel Makron özünün səbəb olduğu bu institusional iflici tanımalı və ya parlamentinin buraxmalı, ya da təbii ki, istefasını təqdim etməlidir”. 

Sorğular göstərir ki, ictimaiyyət yenidən seçkiyə getməyin tərəfdarıdır. “Elabe” sorğu mərkəzi tərəfindən verilən nəticələrə görə, respondentlərin 69 faizi Milli Assambleyanın buraxılmasını, 67 faizi isə Prezident Makronun istefasını dəstəklədiklərini bildirib. Lakin bu, Makron üçün yüksək riskli oyundur. Sorğular Marin Le Penin Milli Birlik partiyasının 35–40 faiz səslə açıq fərqlə qalib gələcəyini göstərir. Bu isə Fransa siyasətində ‘cohabitation’ (birgə yaşayış) ssenarisini gündəmə gətirir. Makron baş nazir postuna ifrat sağçı lider Jordan Bardellanı təyin etməyə məcbur ola bilər. 

Siyasi və hüquqi qarşıdurmanın mərkəzində Marin Le Pen dayanır. Onun şəxsi taleyi Milli Birlik Partiyasının strateji hədəfləri və Fransanın gələcək kursu ilə sıx bağlıdır. Partiyanın gənc və xarizmatik sədri Jordan Bardellanın Avropa Parlamenti seçkilərində qazandığı qələbə və xüsusən gənclər arasında artan nüfuzu partiyanın imicini yumşaltmaq strategiyasının uğuru sayılsa da əsas ideoloji mayak və 2027-ci il prezident seçkilərinin şübhəsiz namizədi hələ də Le Pendir. Lakin onun qarşısında ciddi hüquqi baryer var: Avropa Parlamentində köməkçilərin saxta işə götürülməsi ilə bağlı məhkəmə işi. Buna baxmayaraq, Le Pen və hüquqşünaslar komandası seçki qadağasını konstitusiyaya zidd sayır və bütün hüquqi müdafiə imkanlarından yararlanmağa hazırlaşır. 

Fransadakı bu daxili siyasi böhranın təsirləri isə təkcə ölkə sərhədləri ilə məhdudlaşmır, həm də Parisin yürütdüyü xarici siyasətə, xüsusilə də Cənubi Qafqaz kimi həssas regionlardakı mövqeyinə birbaşa təsir göstərir. Prezident Emmanuel Makronun hakimiyyətinin ilk dövrlərində Azərbaycanla münasibətlər, enerji və iqtisadi maraqlar çərçivəsində daha çox praqmatik xarakter daşıyırdı. Lakin 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra Parisin mövqeyində kəskin dəyişiklik müşahidə olundu. Fransa Azərbaycana qarşı sərt mövqe nümayiş etdirməyə və Ermənistana açıq şəkildə siyasi və hərbi dəstək verməyə başladı. "Vaşinqton paktı" ilə formatlanan yeni sülh danışıqları prosesi və ABŞ-ın vasitəçilik rolunun artması, faktiki olaraq Fransanın Rusiya və ABŞ ilə birlikdə həmsədr olduğu ATƏT-in Minsk qrupunu funksional olaraq iflic vəziyyətinə saldı. 

Bu yeni reallıq qarşısında Makron administrasiyası Cənubi Qafqaz siyasətində yeni bir yanaşma nümayiş etdirməyə, Avropa İttifaqı platforması vasitəsilə regionda sabitliyin bərqərar olmasına çalışdığını göstərdi. Lakin 8 sentyabr səsverməsinin nəticəsi və potensial yeni seçkilər fonunda Fransanın Cənubi Qafqazda hansı siyasəti yürüdəcəyi böyük bir sual altındadır. İfrat sağçı Milli Birliyin rəhbərlik edəcəyi bir hökumətin Makronun liberal-intervensionist xəttindən fərqli, daha çox milli maraqlara söykənən xarici siyasət kursu seçməsi ehtimalı Parisin Cənubi Qafqaz siyasətində daha bir kəskin dönüşə səbəb ola bilər. 

8 sentyabrda keçiriləcək etimadsızlıq səsverməsi Beşinci Respublika üçün həm daxildə, həm də xaricdə yeni dövrün başlanğıcını qoyan dönüş nöqtəsi ola bilər. Hökumətin taleyi, Marin Le Penin siyasi gələcəyi və Fransanın Avropadakı rolu – bütün bu köklü sualların cavabı yaxın həftələrdə veriləcək.

Yusif ŞƏRİFZADƏ 
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Sentyabr 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see347

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see336

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see266

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see259

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see248

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see245

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see233

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see228

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see224

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see222

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see211

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see205

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see199

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see199

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see195

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see187

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see182

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see180

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see179

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri