Lənkəranda çəltik biçini
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Unudulmuş düyü sortları süfrələrimizə qayıdır
Sərin payız səhəridir. Günəş bir boy qalxsa da, havanı əvvəlki kimi qızdıra bilmir. Payızın ilıq nəfəsi dərhal hiss olunur. “Muğan düyü” MMC-yə məxsus çəltik sahəsinin kənarında durub ətrafı seyr edirik. Dağlardan əsib gələn külək saralmış sünbüllərə sanki sığal çəkir, çəltiyin xoş ətri, qoxusu ətrafı bürüyür.
Artıq bir neçə gündür ki, Lənkəranda çəltik yığımı başlanıb. Müsahimiz “Muğan düyü” MMC-nin istehsalat üzrə direktor müavini Rövşən Əliyev dənin ağırlığından əyilmiş sünbülləri göstərərək deyir: – Keçən illə müqayisədə məhsulumuz boldur. Bunu ilkin nəticələr də göstərir. Yaxşı məhsul isə bolluq, firavanlıqdır. Lənkəran əhalinin sayına görə aztorpaqlı rayonlar sırasındadır. Bu yerlərin hər qarışı qızıldır, torpağı münbitdir, kifayət qədər su ehtiyatları vardır. Nə əksən bitər, torpaq varını əsrgəməz. Xüsusən, çəltikçiliyin inkişafı üçün hər cür şərait var.
Ta qədimdən yerli əhali çəltikçiliklə məşğul olub. Düyüdən hazırlanan müxtəlif çeşiddə yeməklər bəzən çörəyi əvəz edib. İkinci Dünya müharibəsində Lənkəran düyüsü insanları aclıqdan xilas edib. Bu bölgədə indi də düyüyə qiymətli, müqəddəs nemət kimi baxırlar.
Ötən əsrin 60-cı illərinə kimi Lənkəran respublikamızda iri çəltikçilik rayonu kimi şöhrət qazanıb. Ətri, dadı, keyfiyyəti ilə seçilən “Ənbərbu”, “Qırmızı Əmbərbu”, “Çampo”, “Sədri”, “Haşimi”, “Həsəni” və digər düyü sortları daxili tələbatı ödəməklə yanaşı, keçmiş ittifaqın müxtəlif şəhərlərinə, hətta xarici ölkələrə göndərilib. Sonralar tərəvəzçiliyin inkişafı, Lənkəranın “ümumittifaq bostanı”na çevrilməsi çəltikçiliyi sıxışdırıb.
Ömrünün 71-ci payızını yaşayan müsahibim cənub bölgəsində, doğulub boya-başa çatdığı Masallının Mahmudavar kəndində bir vaxtlar çəltikçiliyin aparıcı sahə olduğunu, atası Hümmət və anası Xavər xanımın çəltik əkib-becərdiyini yaxşı xatırlayır. Azərbaycan müstəqillik qazanandan sonra ulu öndər Heydər Əliyevin aqrar sahənin inkişafına göstərdiyi müstəsna qayğı sayəsində çəltikçiliyin yenidən bərpa edildiyini və ənənəvi təsərrüfat sahəsinə çevrildiyini minnətdarlıqla xatırlayır.
Yeri gəlmişkən, qeyd edək ki, Rövşən Əliyev aqrar sahədə bacarıqlı, təcrübəli alim-aqronomdur. Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə respublikadan kənarda keçmiş ittifaqın nüfuzlu ali məktəblərinə göndərilən gənclərdən biridir. Moskva Timiryazev Kənd Təsərrüfatı Akademiyasının (indiki Rusiya Dövlət Aqrar Universiteti) məzunudur. 1982-ci ildə bu məşhur, dünya şöhrətli təhsil ocağını bitirib təyinatla Azərbaycana qayıdıb. Kənd Təsərrüfatı Nazirliyində 35 il məsul vəzifələrdə çalışıb. Ölkəmizdə aqrar sahədə bilikli, zəngin təcrübəsi olan tanınmış mütəxəssislərdən biridir.
Atalar gözəl deyib: “Çörəyi ver çörəkçiyə, birini də üstəlik”. Rövşən Əliyev ölkəmizdə çəltikçiliyin mövcud vəziyyəti haqqında geniş məlumata malikdir. O həm də Azərbaycan Çəltik İstehsalçıları və İxracatçıları Assosiasiyası İctmai Birliyinin sədr müavinidir. Müsahibim söhbətini davam etdirərək dedi:
– Sevindirici haldır ki, ölkə Prezidenti cənab İlham Əliyev əhalinin yerli istehsal hesabına zəruri ərzaq məhsulları ilə təmin olunmasına, xaricdən ərzaq asılılığının aradan qaldırılmasına çox böyük önəm verir. Dövlətimizin başçısının sədrliyi ilə 2017-ci il sentyabrın 3-də Lənkəran şəhərində çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsini yaxşı xatırlayıram. Müşavirədə çayçılıq və sitrusçuluqla yanaşı, çəltikçiliyin də problemləri ətraflı müzakirə edilərək qarşıya konkret vəzifələr qoyuldu. Cənab Prezident Lənkərana səfəri çərçivəsində çəltik sahələrinə baxış keçirdi və yeni, müasir çəltik zavodunun açılışında iştirak etdi.
Ölkə rəhbərinin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə əhalini yerli istehsal hesabına ekoloji cəhətdən təmiz, orqanik düyü məhsulları ilə təmin etmək, emal müəssisələrinin xammal təchizatını yaxşılaşdırmaq, kənd əhalisinin məşğulluq səviyyəsini və rifah halını yaxşılaşdırmaq məqsədilə “Çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” qəbul olundu. Dövlət dəstəyi çəltikçiliyin inkişafına güclü stimul verdi. Məhz dövlətimizin qayğısı sayəsində çəltikçilik intensiv inkişaf mərhələsinə qədəm qoydu və gəlirli, rentabelli sahəyə çevrildi.
Eyni zamanda, bu il mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə ərzaq təhlükəsizliyi, məşğulluq, regionların inkişafı və ixrac potensialının artırılması vacib, ümdə vəzifə olaraq qarşıya qoyuldu. Müşavirədə möhtərəm Prezidentimiz geniş və əhatəli nitqində dedi: “Bölgələrdə məşğulluğu artırmaq və insanları torpağa daha bağlı etmək üçün biz kənd təsərrüfatının inkişafına yeni təkan verməliyik”.
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda da kənd təsərrüfatının müasir çağırışlara uyğun inkişafı, məhsuldarlığın artırılması, innovativ yanaşmaların tətbiqi və kənd yerlərində məşğulluğun genişləndirilməsi ilə əlaqədar prioritet istiqamətlər və konkret hədəflər müəyyənləşdirilib.
“Muğan düyü” MMC rayonda ən iri çəltikçilik təsərrüfatlarından sayılır. 2013-cü ildə 20 hektar sahədə çəltik yetşdirməklə fəaliyyətə başlayıb. Təsərrüfatın rəhbəri, təcrübəli kənd təsərrüfatı işçisi Tələt Məmmədovun işgüzarlığı, təşkilatçılığı sayəsində torpaq sahələri artırılıb, toxum, gübrə, texnika və digər məsələlər vaxtında öz həllini tapıb.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təsərrüfatda çalışan çəltikçilərlə müntəzəm görüşür, qayğıları, çətinlikləri ilə maraqlanır və dəstəyini əsirgəmir.
Bu il “Muğan düyü” MMC 168 hektar sahədə “Haşimi”, “Basmati”, “T 007” və digər məhsuldar çəltik sortları əkib. İlk vaxtlar toxumu İtaliya, Türkiyə və İrandan gətiriblər. Son illər Pakistandan alınmış “Basmati” sortuna daha çox üstünlük verilir. Rayonlaşdırılmış yeni sort hektarda 6-8 ton məhsul verir. Düyüsü dadı, kefiyyəti və yüksək kalorisi ilə fərqlənir. Amma “Haşimi” düyülərin şahı sayılır, – deyə müsahibim bildirir. Cəmi 12 hektar “Haşimi” sortlu çəltik əkmişdik. Tez yetişdiyi üçün sahələr biçilib, hektarın məhsuldarlığı 3,5 tondan çox olub. Yerli bazarda ona böyük tələbat var. Kiloqramı 4-5 manata satılır.
Ata-babadan çəltik əllə əkilib, biçilib, döyülüb. Bu gün təsərrüfatda əl əməyi tam aradan qaldırılıb. Əkin, becərmə, yığım, emal prosesində innovativ texnologiyalar tətbiq olunur. Yeni müasir texnika, necə deyərlər, əkinçinin sağ əlinə çevrilib. Məsələn, torpaqlar lazer malaları vasitəsilə əkinə hazırlanır, toxum səpini, şitillərin sahələrə köçürülməsi zamanı müasir avadanlıqdan istifadə edilir. İki ildir ki, alaq otlarına qarşı işlədilən gübrələr, herbisidlər dronlar vasitəsilə səpilir. “Laverdi” markalı təzə kombaynlar məhsulu sürətlə və itkisiz yığır. İtaliyadan aldıqları 40 tonluq gücə malik avadanlıq çəltiyi təbii yolla qurudur.
Təsərrüfatın Astara rayonunun Balaca Şahağac kəndində müasir düyü dəyirmanı fəaliyyət göstərir. Sutkalıq gücü 2 tondan çoxdur. Çin istehsalı olan çeşidləmə qurğusu düyünü təmizləyir və hazır məhsul burada qablaşdırılır. “Muğan düyü” MMC-də 40 nəfər daimi işlə təmin olunub. Mövsüm ərzində daha 20 nəfər işə cəlb olunur. Orta aylıq əmək haqqı 600 manata çatır.
Söhbət əsnasında ali təhsilli, təcrübəli mexanizator Mahirəddin Qafarovun idarə etdiyi müasir tipli çəltikyığan kombayn bizə yaxınlaşır. Müsahibim Rövşən Əliyev deyir ki, yaxınlıqdakı sahəni artıq biçib qurtarıb, indi isə qarşımızdakı sahəni biçməyə gəlib.
Kombayn sünbüllü sahəni sanki qucağına alıb irəliləyir. Ətrafa çəltiyin xoş, gözəl ətri yayılır. Bur azdan bunker dolur və məhsul yük maşınına boşaldılır. Rövşən Əliyev deyir ki, keçən il havalar çox yağıntılı keçdiyindən itkilərimiz oldu, cəmi 490 ton məhsul yığa bildik. Günəşli günlər əsl çəltik havasıdır, biçilən sahələrin məhsuldarlığı da yüksəkdir, builki məhsulumuz isə 600 tondan çox olacaq.
Düyünün satış vəziyyəti ilə maraqlandıq. Hazır, qablaşdırılımış məhsul ölkəmizin daxili bazarlarında, ən çox paytaxt mağazalarında, iri ticarət mərkəzlərində satılır. Alıcılar yerli düyünün qiymətindən və keyfiyyətindən razılıqlarını ifadə edirlər.
Bu il, ümumilikdə, rayonda 765 hektarda çəltik yetişdirilib. Hava şəraitini nəzərə alaraq biçin sürətlənib. Artıq 400 hektardan çox sahədə məhsul yığılıb. Çəltikçilər məhsuldarlığın keçən illə müqayisədə artdığını deyirlər.
Qeyd etdiyimiz kimi, çəltikçilik ənənəvi əkinçilik, həm də strateji əhəmiyyətli sahədir. Ölkəmizdə istehsal olunan düyülər orqanik cəhətdən təmizliyi, dadı, keyfiyyəti və qidalılığına görə idxal olunan düyülərdən daha üstündür. İndi istər daxil, istərsə də xarici bazarlarda ekoloji cəhətdən təmiz düyülərə böyük ehtiyac var.
Hazırda dövlətimiz çəltikçiliyin inkişafına lazımi dəstək göstərir. Təkcə onu qeyd etmək kifayətdir ki, bir hektar çəltik sahəsinə ayrılan dotasiyanın məbləği 220 manatdan 380 manata qaldırılıb. Bununla yanaşı, çəltikçilkdə toxum, gübrə və digər əkin materiallarının, texnika və avadanlıqların qiymətləri sürətlə qalxır. Nəticədə, əkinçi çoxlu problemlərlə üzləşir. Məhz bu səbəbdən Aqrar Subsidiya Şurası tərəfindən mövcud çətinliklər nəzərə alınaraq qiymətlərə yenidən baxılmasına ehtiyac var.
Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 02 Oktyabr 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















