Lənkəranlı sahibkarla bağlı qərar verildi
Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ali Məhkəmədə vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Ülfət Nurullayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, Ülfət Nurullayev 2019-cu ildən fərdi sahibkar kimi Lənkəran şəhəri, Separadi kəndində yerləşən özünə məxsus 2,5 hektar torpaq sahəsində çay yarpaqlarının becərilməsi ilə bağlı kənd təsərrüfatı sahəsi ilə məşğul olmağa başlayıb.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs 27 nəfərin ümumilikdə 68 392,60 manat ünvanlı dövlət sosial yardım almasına şərait yaratmaqla dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafeyinə mühüm zərər vurub.
Lənkəran Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Şirvan Apellyasiya Məhkəməsi isə hökmü dəyişdirmədən saxlayıb.
Kamal Məmmədov


