Icma.az
close
up
RU
Liderlik strategiyasında yeni nüanslar

Liderlik strategiyasında yeni nüanslar

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Prezident İlham Əliyevin telekanallara müsahibəsinin aktual məqamları

I məqalə

Mötədillik sizin başqa alternativinizin olduğu halda fəzilətdir.

Henri Kissincer

Liderliyə yeni yanaşma zərurəti

Müasir siyasi təlimlərdə dünyanın ümumi mənzərəsinin mürəkkəbliyi, riskliliyi, qeyri-müəyyənliyi və ziddiyyətliliyi haqqında geniş yazılır. Demək olar ki, həmin xüsusiyyətlər bütövlükdə dünyanın geosiyasi və siyasi dinamikasının müəyyənedici parametrləri kimi təqdim edilir. 

Bu iddianın elmi əsaslılığı ilə işimiz yoxdur. Ancaq bir özəlliyi qəbul etmək gərəkdir: XXI əsrin siyasi, geosiyasi olaylarını, liderlik xüsusiyyətlərini öncəki yanaşmalar çərçivəsində adekvat dərk etmək prinsipcə imkansızdır! 

Bütün dünyanın yeni elmi və politoloji yanaşmalara ehtiyacı vardır. Obrazlı desək, real proseslər mövcud yanaşmaların nəzəri və metodoloji sərhədlərinə “sığmır”. O cümlədən, liderliyin xarakteristikasında mövcud politoloji kriteriyaların hüdudlarının “o tərəfində” axtarışlara ehtiyac yaranmışdır.

 Bu vəziyyət müasir liderologiyada ən azından iki məsələni aktuallaşdırır. Birincisi, liderliyin təhlilində universal kriteriyaların mövcud olub-olmadığı bir daha araşdırılmalıdır. İkincisi, tarixi dövrün özəllikləri ilə yanaşı, liderin fəaliyyət göstərdiyi region və konkret ölkə faktoru ciddi surətdə nəzərə alınmalıdır. 

Bu faktorların fonunda ötən dövrlərdə formalaşmış təlimlərin prizmasında XXI əsrdə liderliyin xarakteristikasına yanaşmaq həmişə qüsurlu olacaqdır. Həmin prizmada biz İlham Əliyevin liderlik strategiyasında özünü göstərən “yeni sintez” prinsipinin təhlili üçün iki politoloji məqama diqqət etməyi zəruri hesab edirik. 

Onlardan biri realpolitik və idealpolitik təlimlərinin indiki mərhələdə münasibətləridir. Digəri isə siyasətdə, beynəlxalq münasibətlərdə və geosiyasətdə “qüvvələr balansı” və “maraqlar balansı” anlayışlarının məna transformasiyaları ilə bağlıdır. 

Realpolitik və idealpolitik: münasibətlərin dinamikası

Məqalənin ümumi nəzəri konstrukt təsiri bağışlamaması üçün qısaca praktiki xarakterli bir sıra fikirlərin üzərində dayanaq. “Realpolitika” almancadan tərcümədə “praktiki”, “gerçək” siyasət mənalarını verir. Elə diplomatik və politik siyasəti nəzərdə tutur ki, konkret faktlara, vəziyyətə, situasiyanın reallıqlarına əsaslanır. Bu zaman bu və ya digər dərəcədə ideoloji, əxlaqi və etik önqaydalar arxa plana keçə bilər. Həmin aspektdə realpolitika realizmlə kəsişir. 

Siyasi realizmdə beynəlxalq münasibətlərdə qüvvələrin balansı, milli maraqlar və məqsədlər xüsusi yer tuturlar. İkinci dünya müharibəsindən sonra siyasi realizm əksər aparıcı dövlətlərin xarici siyasət kursunda dominant oldu. Bu siyasi kursun fəlsəfi, geosiyasi və siyasi-nəzəri tədqiqinə də ciddi diqqət yetirilir, bununla bağlı geniş müzakirələr aparılır.       

Onu vurğulayaq ki, realpolitikanın O.fon Bismark, H.Kissincer, Z.Bzejinski, D.Syaopin, Ş.de Qoll, Li Kuan kimi tərəfdarları olmuşdur.

İdealpolitikanın xarici siyasət kontekstində daxili siyasət fəlsəfəsini beynəlxalq fəaliyyətdə ciddi surətdə nəzərə almağı ehtiva edir. Konkret olaraq, idealpolitika milli dövlətin özünün müəyyən etdiyi prinsiplər və dəyərlər əsasında fəaliyyəti əsas tutur. Bu mövqeyin ifrat formaları da meydana gələ bilir. Məsələn, geosiyasətdə “Vesternizm” adlanan və Qərb dəyərlərinin mütləq surətdə (xoş və ya zor yolu ilə) başqalarına qəbul etdirməyi ifadə edən yanaşma mövcuddur. 

Təcrübə göstərdi ki, ayrılıqda realpolitika və idealpolitika heç də həmişə dövləti uğurlu etmir. Bunun fonunda XXI əsrin ilk onilliklərində Henri Kissincerin Qərb dövlətlərinin xarici siyasəti ilə bağlı bir təklifi maraq doğurur.

Kissincerin sintez cəhdi    

ABŞ-ın Əfqanıstan və Yaxın Şərq siyasətinin iflasa uğraması Qərb geosiyasi fikrində səbəblərin araşdırılması ehtiyacını artırdı. H.Kissincerin qənaətinə görə, burada başlıca səbəb Qərbdə liderliyin böhranı ilə bağlıdır. Onun da siyasi-nəzəri qüsurunu realizmlə idealizmin sintezinin xarici siyasətdə yoxluğu təşkil edir. Buna görə də H.Kissincer realpolitika ilə idealpolitikanın Qərb üçün çox aktual olduğu fikrini irəli sürmüşdü. 

Ancaq indiki vəziyyət də göstərir ki, Qərbdə bu problemi real olaraq həll edə bilməyiblər. Yəni realpolitika ilə idealpolitikanın sintezini gerçəkdən həyata keçirə bilən liderə Qərb dövlətlərində rast gəlinmir. Görünür, praktikada bunu reallaşdırmaq çox sayda mürəkkəb faktorlarla bağlıdır. Onu həll etmək yeni liderlik keyfiyyətləri tələb edir. O cümlədən, siyasətdə qüvvələr balansı ilə maraqlar balansının yeni dinamikasına nail olmaq lazım gəlir. 

  Qüvvələr və  maraqlar balansı

“Qüvvələr balansı” anlayışı geosiyasətdə ümumi halda müxtəlif güc mərkəzləri arasında təsir dairəsinin bölünməsini ifadə edir. Əsas məqsəd hər hansı dövlət və ya dövlətlər qrupunun dominantlığını neytrallaşdırmaqdan ibarətdir. Ona görə də geosiyasətdə qüvvələr balansında dövlətlərin təsir səviyyəsinin uzlaşdırılması prinsipial rol oynayır. 

“Maraqlar balansı” başlıca olaraq dövlətin və ya dövlətlər qrupunun regional və ya qlobal səviyyədə milli maraqları optimal nəzərə almağı ifadə edir. Bu, özlüyündə qarşılıqlı fəaliyyətdə olan subyektlərin maraqlarının uyğunlaşdırılmasını tələb edir. Hər bir müstəqil dövlətin lideri üçün bu, yaradıcı prosesdir və xüsusi yanaşma tələb edir. 

İndi Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 7-də Azərbaycan telekanallarına verdiyi müsahibədə ifadə etdiyi fikirlərin işığında vurğulanan məqamlara nəzər salaq.  

COP29 realpolitika ilə idealpolitikanın sintezində

Azərbaycan Prezidentinin liderlik təcrübəsində milli maraqlar və onun fonunda qüvvələr balansının təmini ayrıca yer tutur. Bu məsələ daha geniş miqyasda İlham 
Əliyevin realpolitika ilə idealpolitikanın çox uğurlu sintezinə nail olması ilə əlaqəlidir. Dövlət başçısı və lider kimi, onun fəaliyyətində həmin məqam əyani surətdə öz əksini tapmışdır və bu proses davam edir. 

Bu tezisin doğruluğuna 2024-cü ildə Bakıda keçirilən COP29-un nümunəsində əmin ola bilərik. Prezident İlham Əliyev COP29-u təşkil etməyin Azərbaycan üçün siyasi və geosiyasi mənasının yerli televiziya kanallaırna verdiyi müsahibədə dolğun ifadə etmişdir. Xüsusi olaraq vurğulamışdır ki, “...bizim üçün COP29 böyük bir çağırış və böyük imkan idi. Bizim vəzifəmiz bu çağırışı uğura çevirməkdən ibarət idi. Əlbəttə, biz tam dərk edirdik ki, Azərbaycan istixana qazlarının emissiyası baxımından o qədər də böyük paya sahib deyil və bu işdə dünyanın bir araya gəlməsində mühüm rol oynaya bilməz. Lakin hesab etdik ki, beynəlxalq təşkilatlarda fəaliyyət təcrübəsi və şaxələndirilmiş xarici siyasət bizə körpülər qurmaqda yardımçı olacaq”.

Bu fikirlərin məntiqi strukturunu realpolitika ilə idealpolitikanın sintezində məna çalalarına malik olan tezislər təşkil edir. Onların üzərində geniş dayanaq.

Böyük çağırış və  geniş imkan

COP səviyyəsində hər hansı tədbirin təşkilinin təməlində həmişə müəyyən ciddi çağırış olur. Onların ümumi çətirini, məlumdur ki, iqlim dəyişikliyi təşkil edir. Daha konkret olaraq isə dünya miqyasında müyyən səbəblərdən atmosferin çirklənməsinin kritik həddə yaxınlaşması prosesinin qarşısının alınması təşəbbüsləri ön plana çıxarılır. Bunlar o deməkdir ki, mahiyyətcə COP tədbiri qlobal çağırışlarda dünya miqyasında təşkilatlanmış formada kollektiv reaksiya verə bilməkdən ibarətdir. 

Azərbaycanı bu cür qlobal miqyasda aktual olan və bəşəriyyəti əhatə edən çağırış kontekstində fərqləndirmək ciddi əlamətdir. Bu o deməkdir ki, BMT Azərbaycan dövlətinin rəhbərliyinə, aparılan siyasətə və əldə edilən nəticələrə inanır. Həmin bucaq altında da Prezident İlham Əliyevin vurğuladığı “böyük imkan” ifadəsinin siyasi, geosiyasi və diplomatik mənaları aydın olur. 

İlham Əliyev məharətli siyasi lider kimi bəşəri miqyasda aktual olan çağırışa müstəqil Azərbaycan üçün böyük imkan aspektində reaksiya verməsi zəruriliyini rəsmi Bakının dərindən dərk etdiyini aydın ifadə etmişdir. Bu məqamda müasir mərhələdə qlobal çağırışları müstəqil dövlətçilik üçün yeni imkanlara çevirmək kimi əhəmiyyətli liderlik özəlliyi ifadəsini tapır. Onun politoloji anlamı vurğuladığımız realpolitika ilə idealpolitikanın gerçəkçi və nəticəverici sintezinə nail olmaqla sıx bağlıdır. Yəni məsələnin nəzəri-politoloji aspektinin aktuallığını inkar etmədən həlledici məqamın liderin real olaraq fəaliyyəti ilə bağlılığını dərk etməyimiz lazımdır. 

Real siyasət meydanında qlobal çağırışla müstəqil dövlətin imkanlarının qarşılıqlı əlaqəsində, təbii ki, nəzəri-politoloji məna önəmlidir. Çünki konseptual səviyyədə çağırışla müstəqil milli maraqların uyğunlaşdırılması nümunəsi mütləq olmalıdır. Əslində, dünya miqyasında məhz həmin kontekstdə tədqiqatçılar qlobal çağırışlarla, milli maraqların və qüvvələr balansının harmoniyasının nəzəri modelini hələ müəyyən edə bilməmişlər. Bunun əsas səbəbi kimi politoloji təlimlərdə qüvvələr balansı ilə maraqlar balansı arasında münasibərlərin lazımi səviyyədə konseptuallaşmaması göstərilir. Məhz həmin prizmadan problemə yanaşanda bir liderin praktiki təcrübəsinin önəmini həm də nəzəri-konseptual kontekstdə anlamaq olar. İlham Əliyevin liderlik fəaliyyətinin COP29 fraqmenti buna görə politoloji araşdırma üçün qiymətli mənbədir. 

Bəs burada başlıca siyasi-diplomatik məqam nədən ibarətdir?

Füzuli QURBANOV, 
XQ-nin analitiki, 
fəlsəfə elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Yanvar 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see278

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see276

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see243

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see232

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see223

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see218

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see216

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see210

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see205

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see201

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see190

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see187

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see187

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see187

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see186

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see184

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see184

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see173

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see171

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri