Icma.az
close
up
RU
Lif mif deyil, artıq çəkisiz bədəndir

Lif mif deyil, artıq çəkisiz bədəndir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Sağlam qidalanmanın ayrılmaz hissəsi olan liflər haqqında müxtəlif fikirlər mövcuddur. Çoxumuz lifləri yalnız bağırsaqların fəaliyyətini qaydaya salan maddə kimi tanıyırıq. Lakin araşdırmalar nəticəsində məlum olub ki, liflərin orqanizm üçün daha önəmli və vacib rolu var. Dietoloqlar artıq çəkidən azad olmaq üçün məhz lifli qidaların qəbulunu tövsiyə edirlər. Bu, doğrudurmu? Yalnız tərkibi liflə zəngin qidaları qəbul etməklə insan bədənini normal çəkidə saxlaya bilərmi? Görəsən, həkimlərimiz bu barədə nə düşünürlər? Bununla bağlı tibb üzrə fəlsəfə doktoru Nurlana Əliyevanın fikirlərini öyrəndik.

– Doktor, hansı qidaların tərkibində liflər olur və qəbul edilən bütün liflər orqanizmdə eyni işi görürmü?

– Öncə onu deyək ki, liflərin əsasən, iki mühüm növü var: həll olan və həll olmayan liflər. Adları bir az elmi səslənsə də, əslində, izahı çox sadədir. Həll olan liflər barədə onu deyə bilərəm ki, belə liflərin bəziləri su ilə təmasda olanda onu özünə çəkir və geləbənzər bir struktur yaradır. Sadə dildə desək, həll olan lifin işi bir az süngərə oxşayır.

Sanki, bağırsağın içində balaca bir su süngəri var: su ilə təmasda geləbənzər struktur yaradır və qidanın həzm sistemindən keçməsini bir qədər ləngidir. Bu xüsusiyyətinə görə həll olan liflər toxluq hissinin daha uzun davam etməsinə və bəzi karbohidratların tədricən mənimsənilməsinə kömək edə bilər. Həll olan liflərlə zəngin yulaf, arpa, alma, armud, paxlalılar, çia və kətan toxumu kimi qidaları nümunə göstərmək olar.

Bir sözlə, həll olan lifin işini belə yadda saxlamaq olar: su ilə görüşür, onu özündə saxlayır və geləbənzər struktur yarada bilir.

– Bəs həll olmayan lif orqanizmdə hansı işi görür?

– Onun əsas xüsusiyyətlərindən biri və başlıcası bağırsaqdakı ifrazatın həcmini artırmağa və bağırsağın normal hərəkətini dəstəkləməyə kömək etməsidir. Bunu sanki, bağırsağın süpürgəsi kimi təsəvvür etmək olar. Bu lif xüsusilə nəcisin normal formalaşmasının dəstəklənməsində mühüm rol oynayır. Həll olmayan lifin əsas mənbələri tam taxıllar, kəpək, bəzi tərəvəzlər, meyvələrin qabığı, qoz-fındıq və toxumlar hesab olunur. Amma bu bölgü o qədər də dəqiq sərhədlərlə ayrılmır.

Liflərin təsiri onların növündən, quruluşundan və hansı qidada olmasından asılı olaraq dəyişə bilər.

– Nurlana xanım, indi isə gələk əsas məsələyə: arıqlamaq istəyən insan üçün hansı lif daha vacibdir?

– Əslində, burada “ikisindən birini seç” yanaşması düzgün deyil. Hər ikisi vacibdir. Belə deyə bilərik ki, bəzi liflər toxluq hissinə və qidanın tədricən həzm olunmasına, digərləri isə bağırsağın normal fəaliyyətinə daha çox kömək ola bilər. Amma bir şeyi də unutmamalıyıq ki, lif qəbulunu artırarkən, kifayət qədər maye qəbul etmək də vacibdir. Xüsusilə, əvvəllər az lif qəbul edən insan birdən-birə tərkibində çoxlu lif olan qidalar yeməyə başlasa, köp, qaz və qarında narahatlıq yarana bilər. Ona görə lifin miqdarını tədricən artırmaq daha düzgün olar.

Onu da qeyd etmək yerinə düşər ki, lif özü yağ yandıran maddə deyil. Bəzən insanlar sağlam qidalanmağa başlayanda lifli qidalara həddindən artıq üstünlük verir, hətta bir müddət demək olar ki, yalnız lifli qidalarla qidalanmağa çalışırlar. Düşünürlər ki, nə qədər çox lifli qida qəbul etsələr, bir o qədər yaxşıdır və nəticə tez alınar.

Lakin bu yanaşma yanlışdır. Lif nə qədər faydalı olsa da, orqanizmin bütün ehtiyaclarını təkbaşına qarşılaya bilməz. Yəni sağlam qidalanmanın məqsədi, sadəcə, müəyyən bir qidanı çoxaltmaq deyil, müxtəlif qidaları düzgün şəkildə bir araya gətirməkdir. Çünki sağlam qidalanma təkcə lifdən ibarət deyil. Orqanizmə zülal, yağ, karbohidrat, vitaminlər, minerallar, kifayət qədər su və müxtəlif qida mənbələri də lazımdır. Bunlar orqanizmə bir yerdə – komanda şəklində, amma fərdi təsir edirlər.

– Deməli, lif bütün “komanda” olmasa da, bu komandanın vacib üzvüdür.

– Arıqlamaq üçün ümumi enerji balansı, qidalanmanın keyfiyyəti, zülal qəbulu, fiziki aktivlik, yuxu və digər amillər də vacib rol oynayır. Əslində isə arıqlamaqdan söz düşəndə, öncə lifdən söhbət açılır. Ona görə də lif haqqında müxtəlif miflər dolaşır. Lif haqqında ən böyük mif isə budur: nə qədər çox lifli qida qəbul olunsa, bir o qədər tez arıqlamaq mümkündür.

Öncə dediyimiz kimi, unutmamalıyıq ki, düzgün qidalanma bir komanda işidir. Qidaların düzgün seçilməsi və qəbul ardıcıllığı, porsiyaların fərdi ehtiyaclara uyğunlaşdırılması və qidalanma prosesinin mütəxəssis nəzarəti ilə fərdiləşdirilməsinə xüsusi diqqət yetirilməlidir. Belə olmayanda bütün çəkilən əziyyətlər hədər gedir və istənilən nəticə alınmır.

– Sizcə, lif haqqında olan mifə son qoymaq vaxtı çatmayıb?

– Sağlam arıqlamaq üçün öncə səhərlər bədəni enerji ilə təmin etmək vacibdir. Gün ərzində kifayət qədər su içmək, şəkərli və işlənmiş qidalardan uzaq durmaq, kiçik porsiyalarla tez-tez qidalanmaq, axşam saatlarında ağır yeməklərdən çəkinmək, bunlarla bir yerdə yuxu rejimini nizamlı saxlamaq, stresdən uzaq olmaq və gündəlik fiziki fəallıq və idman etmək əhəmiyyətlidir. Amma arıqlamaq qərarına gələn hər kəs üçün peşəkar dəstək almaq çox vacibdir. Pəhriz tətbiq etmək istəyən bir insanın orqanizmində mövcud olan xəstəliklər nəzərə alınmalıdır.

Qidalanma rejimi peşəkar dietoloq tərəfindən tərtib edildikdə həm təhlükəsiz, həm də təsirli olur. Bədən formasını düzəltmək istəyənlərin etdiyi ən böyük səhv pəhrizləri özbaşına seçməkdir. İdmanla arıqlamaq istəyənlərin də əvvəlcə tibbi müayinədən keçməsi məsləhətdir. Çünki düzgün müşahidə və rəhbərlik olmadan arıqlamaq istəyi həm nəticəsiz, həm də riskli ola bilər.

Müsahibəni hazırladı:
Zərifə BƏŞİRQIZI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Avqust 2026 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see581

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see262

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see249

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see239

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see230

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see220

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see215

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see211

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see202

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see200

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see194

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see190

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see189

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see183

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see179

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see177

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see175

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see171

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri