Icma.az
close
up
RU
Maddi mədəni irs nümunələrimizi dünyaya necə tanıtmalıyıq? Surə Seyid yazır

Maddi mədəni irs nümunələrimizi dünyaya necə tanıtmalıyıq? Surə Seyid yazır

Icma.az, 525.az saytına istinadən bildirir.

Tarixi minilliklərə dayanan Naxçıvanımızın dünyanın ilkin yaşayış məskənlərindən olan Gəmiqaya və Göy-Göl tarixi əraziləri və qədim Qəbələ şəhəri UNESCO-nun mədəni tarixi irsinin ilkin siyahısına (UNESCO WORLD HERITAGE TENTATIVE LIST) əlavə olundu. Bəs ilkin siyahı nə deməkdir? İlkin siyahıya düşmək mədəni tarixi irsimizi UNESCO tərəfindən qorunan tarixi miras kimi təsdiq edirmi? Əlbəttə ki, yox. Bu, sadəcə işin başlanğıcıdır. Bunun üçün “UNESCO WORLD HERITAGE LIST” və “UNESCO WORLD HERITAGE TENTATIVE LIST” anlayışlarının fərqinə baxmalıyıq.

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) bütün dünyada bəşəriyyət üçün müstəsna dəyər hesab edilən mədəni və təbii irsin müəyyən edilməsini, qorunmasını və mühafizəsini təşviq etməyə çalışır. Bu, 1972-ci ildə UNESCO tərəfindən qəbul edilmiş Ümumdünya Mədəni və Təbii İrsin Mühafizəsi haqqında Konvensiya adlanan beynəlxalq müqavilədə öz əksini tapıb. O vaxtdan bəri 196 dövlət konvensiyanı ratifikasiya edərək onu ən geniş tanınan beynəlxalq müqavilələrdən birinə və dünyanın ən məşhur mədəni proqramına çevirmişdir. Ümumdünya İrs Konsepsiyasını müstəsna edən onun universal tətbiqidir. Ümumdünya irsi obyektləri yerləşdiyi ərazidən asılı olmayaraq bütün dünya xalqlarına məxsusdur.

2025-ci ilin iyul ayına olan məlumata görə, 168 ölkədə cəmi 1223 Ümumdünya İrs obyekti (952 mədəni, 231 təbii və 40 qarışıq mədəni və təbii obyekt) mövcuddur. Ümumdünya mədəni irs siyahısına İtaliya 60 seçilmiş ərazi sayı ilə liderlik edir. Siyahıda 59 mədəni irs abidəsi ilə Çin ikinci, 54 mədəni irs nümunəsi ilə Almaniya üçüncü yeri tutur.

Siyahıya daxil olan abidələr gələcək nəsillər üçün praktiki mühafizə üçün nəzərdə tutulub və UNESCO tərəfindən qorunan zonalar kimi müəyyən edilib.  Ümumdünya Mədəni İrs siyahısı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən və seçilən və təbiət və mədəniyyət, tarix və təhsil üzrə 21 ölkənin beynəlxalq ekspertlərinin rəyləri ilə təsdiq edilir.

Bəs Ümumdünya Maddi-Mədəni İrs siyahısına düşmək üçün nə etmək lazımdır?

İlk növbədə namizədlik prosesindən başlamaq lazımdır. Müraciət etmək istəyən ölkə ilkin siyahı (tentative list) kimi tanınan sənəddə göstərilən tələbləri əks etdirən mühüm mədəni və təbii obyektlərini müəyyən etməlidir. Sonra o, həmin siyahıda tələb olunan sənədləri Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura və Ümumdünya Təbiəti Mühafizə İttifaqı tərəfindən qiymətləndirilən Nominasiyaya təqdim edib təsdiq etdirməlidir. Ölkə ilkin siyahıya (tentative list) daxil edilməyən abidə və ya mədəni irs nümunəsini seçimə təqdim edə bilməz. İki beynəlxalq qurum sənədlərə baxdıqdan və yoxlama apardıqdan sonra Ümumdünya Maddi-Mədəni İrs Komitəsinə təqdim olunmuş namizəd mədəni irs nümunələrini seçim üçün tövsiyə edir. Komitə nominasiya edilmiş əmlakın Ümumdünya Mədəni İrs Siyahısına əlavə ediləcəyini müəyyən etmək üçün ildə bir dəfə toplanır; təqdim edilən üzvlərin seçimini bəzən təxirə salır və ya namizədi irəli sürən ölkədən əlavə məlumat tələb edir. Onu da qeyd edək ki, seçim üçün 10 meyar tələb olunur. Siyahıya daxil olmaq üçün universal mədəni irs nümunəsi tələblərdən ən azı birinə cavab verməlidir.

Maddi-Mədəni irs üçün tələblər:

1) Dahi yaradıcı insanın şah əsəri olmalıdır.

2) Müəyyən bir zaman ərzində və ya dünyanın bir mədəni bölgəsində, memarlıq və ya texnologiya, monumental sənət, şəhərsalma və ya landşaft dizaynı sahəsindəki inkişaf və insan dəyərlərinin mühüm mübadiləsini nümayiş etdirməlidir.

3) Tarixi sivilizasiyalardan birinin şahidi olmalıdır.

4) Bəşər tarixində mühüm mərhələ(ləri) göstərən bina, memarlıq və ya texnoloji ansambl və ya landşaft tipinin görkəmli nümunəsi olmalıdır.

5) Mədəniyyəti (və ya mədəniyyətləri) təmsil edən ənənəvi insan məskəninin, torpaqdan və ya dənizdən istifadənin və ya insanların ətraf mühitlə qarşılıqlı əlaqəsinin görkəmli nümunəsi olmalıdır.

6) Hadisələrlə və ya canlı ənənələrlə, ideyalarla və ya inanclarla, görkəmli ümumbəşəri əhəmiyyət kəsb edən bədii və ədəbi əsərlərlə birbaşa və ya nəzərəçarpacaq şəkildə əlaqələndirilməlidir.

Təbii irs nümunələri üçün tələblər:

1) Mükəmməl təbiət hadisələrini və ya müstəsna təbii gözəllik və estetik əhəmiyyətə malik əraziləri ehtiva etməlidir.

2) Yer tarixinin əsas mərhələlərini, o cümlədən relyef formalarının inkişafında gedən əhəmiyyətli geoloji prosesləri və ya əhəmiyyətli geomorfik və ya fizioqrafik xüsusiyyətləri təmsil edən görkəmli nümunələr olmalıdır.

3) Quru, şirin su, sahil və dəniz ekosistemlərinin və bitki və heyvan icmalarının təkamülü və inkişafında davam edən əhəmiyyətli ekoloji və bioloji prosesləri təmsil edən görkəmli nümunələr olmalıdır.

4) Bioloji müxtəlifliyin mühafizəsi üçün ən mühüm və əhəmiyyətli təbii yaşayış yerlərini, o cümlədən elm və ya mühafizə nöqteyi-nəzərindən müstəsna ümumbəşəri dəyərə malik nəsli kəsilməkdə olan növlərin tərkibinə daxil olmalıdır.

Qeyd edim ki, bugünədək Azərbaycan tərəfindən namizədlikləri təqdim edilən və ilkin siyahıya alınan obyektlərin sayı 12-dir. Onlardan ikisi 2024-cü ildə təqdim olunub: Qədim Qəbələ şəhəri (28.09.2024) və Gəmiqaya və Göy-göl Tarixi-Mədəni və Təbiət Kompleksi (28.09.2024). İlkin siyahıya alınmaq üçün namizədlikləri sürülən bu iki mədəni irs nümunəsinin 11 iyul 2025-ci ildə ilkin siyahıya alınması qərara alınıb.

Qeyd edək ki, əvvəlki illərdə ilkin siyahıya alınan abidələr də hələ də Ümumdünya Maddi-Mədəni İrs Siyahısına düşə bilməyiblər. Onlardan Azıx və Tağlar mağarası (23.08.2021), Xudafərin körpüsü (15.07.2021), Xəzər sahili müdafiə konstruksiyaları (24.10.2001), Suşa tarix-memarlıq qoruğu (24.10.2001), Ordubad qədim tarixi-memarlıq şəhəri kimi  (24.10.2001), Suraxanı, Atəşgah (30.09.1998), Naxçıvan mavzoleyləri – Qarabağlar, Gülüstan, Möminə Xatun, Yusif İbn Kuseyr (30.09.1998), "Binəqədi" 4-cü Dövr Fauna və Flora yatağı (30.09.1998), "Lok-Batan" Palçıq vulkanı (30.09.1998), "Bakı dağ silsiləsi” (30.09.1998). Bu sahədə Azərbaycan Mədəniyyət Nazirliyinin üzərinə mühüm vəzifələr düşür. 1998-ci ildən bugünədək ilkin siyahıya alınmış abidələrin təsdiqi üçün məlumatların yenidən hazırlanıb təqdim olunması və qarşılıqlı əməkdaşlıq proseslərinin intensivləşdirilməsi təqdim olunan nümunələrin daha tez təsdiq olunmuş siyahıya düşməsinə kömək edə bilər.

Bugünədək Azərbaycanın UNESCO-nun ümumdünya maddi-mədəni irs siyahısına düşən abidələri - İçərişəhər Tarixi-Memarlıq Qoruğu, Şirvanşahlar sarayı, Qız qalası, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Şəki Xan Sarayı və Şəkinin tarixi mərkəzi, Hirkan Dövlət Təbiət Yasaqlığı, “Xınalıq və Köç Yolu” mədəni landşaftıdır.

2025-ci ildə ilkin siyahıya düşən Gəmiqaya və Göy-göl Tarix-Mədəni və Təbiət Kompleksi Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda, Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən yüksək zirvəsi olan Qapıcıq dağının (3906 m) yamaclarında, dəniz səviyyəsindən 3000-3500 metr yüksəklikdə yerləşir. Keçən əsrin altmışıncı illərinin sonlarından başlayaraq Gəmiqayada müxtəlif mərhələlərdə tədqiqat işləri aparılmışdır. Bu abidədə ilk geniş kompleks araşdırmalar Ulu öndər Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə 2001-2003-cü illərdə aparılmışdır. Sonrakı illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində bütün ölkədə, eyni zamanda Naxçıvan Muxtar Respublikasında, o cümlədən Gəmiqaya abidələrində ətraflı tədqiqatlar aparılması üçün hərtərəfli şərait yaradılmış, ekspedisiyalar, elmi konfranslar təşkil edilmişdir.

“Ordubad rayonu ərazisindəki Gəmiqaya abidələrinin öyrənilməsi haqqında”kı sərəncamı ilə Gəmiqaya abidələrinin ardıcıl surətdə və kompleks şəkildə öyrənilməsinə başlanılmışdır. Bununla əlaqədar olaraq Gəmiqaya yüksəkliklərinə yol çəkilmiş, buraya alimlərin gedib tədqiqat işləri aparması, qalıb işləməsi üçün münasib şərait yaradılmışdır. 2001-2003-cü illərdə aparılmış davamlı elmi tədqiqatlar nəticəsində Gəmiqaya ərazisində 1500-ə qədər qayaüstü təsvirlər qeydə alınmışdır. Həmin illərdəki araşdırmalar təkcə Gəmiqayanın deyil, eyni zamanda Naxçıvan bölgəsinin arxeoloji abidələrinin tədqiqatları tarixində mühüm irəliləyiş, böyük dönüş nöqtəsi idi. Məhz bu dövrdə Gəmiqayada kompleks tədqiqatlar həyata keçirilmiş, ilk dəfə olaraq burada arxeoloji qazıntı işləri aparılmış, folklor materialları toplanılmış, coğrafiya və botanika üzrə tədqiqatlara başlanılmışdır.

2020-ci ildə Naxçıvanda nəşr olunan "Gəmiqaya qayaüstü rəsmləri” adlı geniş həcmə malik sanballı kitabın nəşri abidənin tədqiqi tarixində mühüm elmi hadisə idi. Azərbaycan, ingilis və rus dillərində çap edilmiş kitabın müəllifi sənətşünas Nizami Alıyev, elmi redaktoru AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevdir. 576 səhifə həcmindəki kitabda Gəmiqayada 2016-cı ilin avqust-sentyabr aylarında Nizami Alıyevin rəhbərliyi ilə işləmiş ekspedisiyanın fəaliyyətinin nəticələri yer almışdır. Gəmiqaya abidələri kompleksi Qaranquş yaylağı, Qız-gəlin çuxuru, Göllər, Nəbiyurdu və sair bir neçə əraziləri əhatə edir. Qeydiyyata alınmış qayaüstü rəsmlərin ümumi sayı 1500-ə qədərdir. Lakin son ekspedisiyanın intensiv fəaliyyəti nəticəsində həm bu ərazilərdə əvvəllər aşkar edilməmiş təsvirlər, həm də digər sahələrdəki demək olar ki, bütün petroqliflər artıq qeydə alınmışdır. Ekspedisiyanın fəaliyyətinin nəticəsi olaraq "Gəmiqaya qayaüstü rəsmləri” adlı kitabda 2040 daş üzərində qeydə alınmış 7422 təsvir yer almışdır ki, bunlardan da təxminən 6000 rəsm ilk dəfə bu kitabda nəşr olunmuşdur. Məhz 3 dildə nəşr olunan bu kitab və bu tarixi-mədəni kompleksin ekspertlər tərəfindən dəyərləndirilməsi və təsdiqini tezləşdirə bilər. Görüləcək işlər üçün bir il zamanımız var. Əminəm ki, bu sahədəki işlərin tezliyi abidələrimizin UNESCO tərəfindən Maddi-Mədəni İrs nümunəsi kimi təsdiq olunmasına öz töhfəsini verəcəkdir.

Surə Seyid

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Araşdırmaçı-jurnalist

Naxçıvan

Email- seyidsura@yahoo.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://525.az
archiveBu xəbər 14 İyul 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see290

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see210

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see184

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see182

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see159

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see144

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see140

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see139

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see138

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see138

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see137

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see136

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see136

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see136

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see129

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see128

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see124

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see122

Flik: “Belə bir “Çelsi”yə qarşı on nəfərlə oynamaq asan deyil”

26 Noyabr 2025 03:08see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri