Masallının çayçı fermerlər ailəsi
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Masallı rayonunun Mahmudavar kəndində əhalinin yarım əsrdən çox əsas məşğuliyyəti çayçılıq olub. Kəndin məhsuldar torpaqlarının 350 hektarını yaşıl çay kolları bəzəyib. Bu gəlirli sahə kənd əməkçilərinin dolanacaq yeri, qazanc, ruzi mənbəyi olub.
Mahmudavarın məşhur “Halay” ansamblının ifasında səslənən aşağıdakı misralar çaybecərən qızların dillər əzbərinə çevrilib:
Çayımızın adı var, yar yar,
Çox ətirli dadı var, yar yar.
Çayda bizim qızların, yar yar,
Çox böyük əməyi var, yar yar.
Kənddə Vəzir Babayevin ailəsi halallığı, torpağa bağlılığı, zəhmətsevərliyi ilə tanınıb. Bu zəhmətkeş ailə ocağında 12 uşaq böyüyüb boya–boşa çatıb. Ata Vəzir Babayev bənnalıqla məşğul olub, el sənətkarı kimi hamının dadına çatıb. Onun ömür-gün yoldaşı Qəribnisə xanım böyük bir külfətin qayğısını çəkməklə yanaşı, çay sahəsində fəhlə işləyib. Övladlarını uşaqlıqdan zəhmətə alışdırıb. Qızları Əsmər, Şəmsər, Raifə, oğlanlarından Əfqan, Sərxan, Furqan və Fərhad dərsdən sonra çay sahəsində işləyən anaya kömək ediblər. Qəribnisə ana gündə 100 kiloqram yaşıl çay yarpağı yığmaqla adı həmişə qabaqcıllar sırasında olub.
Ailə üzvləri “Baba bulağı” MMC yaradıb. Çayçılıq aparıcı sahə kimi sürətli inkişafa başlayıb. Təsərrüfatda 40 nəfərə yaxın kənd sakini də işlə təmin olunub. Bu gün ailə estafetini övladlar, nəvələr davam etdirir. “Baba bulağı” MMC-yə nəvə Zəmanə Sərxan qızı Babayeva-Cəfərzadə rəhbərlik edir. Çox gəncdir, olduqca işgüzar xanımdır. Mahmudavarda ənənəvi əkinçilk sahəsi olan çayçılığın inkişafı üçün imkanlarını, qüvvə və bacarığını əsirgəmir.
Zəmanə xanım Bakıda boya-başa çatsa da, doğma kəndi heç vaxt unutmayıb. Uşaq yaşlarında tez-tez kəndə gəlir, ailələrinin, doğmalarının torpağa, zəhmətə, halallığa bağlı olduğunu görürdü. Bəlkə elə o vaxtdan Zəmanənin qəlbində çayçılığa həvəs, maraq oyanıb. Bu barədə özünün maraqlı fikirləri var:
– Kənd təsərrüfatı əvvəlcədən fəaliyyət göstərməyi planlaşdırdığım bir sahə olmasa da, zamanla ailəmizin məşğuliyyəti, bizə məxsus ənənələrlə bir daha maraqlandım. Çayçılığa xüsusi bağlılıq hiss etdim. Çayçılıq mənim üçün torpağın bərəkəti, yetirdiyi əvəzsiz nemətdir. Açıq deyək, çay bitkisi hər yerdə bitmir. Lakin çaya hər yerdə ehtiyac, tələbat vardır. Bu sahə mənim üçün ruzi, halallıq, qürur mənbəyidir.
Bir qadın sahibkar kimi çayın istehsalını həyata keçirmək və rayonda çayçılığın bərpasına töhfə vermək böyük fəxarətdir. Artıq bir neçə ildir ki, müəssisəyə rəhbərlik edirəm. Çayçılığın bölgəmiz üçün çox böyük potensiala malik olduğunu gördükcə sevinir, bu sahəyə marağım daha da artır.
Qeyd edim ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2017-ci il sentyabr ayının 3-də Lənkəran şəhərində çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsinin keçirilməsi, “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi kollektivimizə yeni stimul verdi, çayçılığı dirçəltməyə, inkişaf etdirməyə daha da ruhlandırdı.
Zəmanə xanım kənd təsərrüfatı məsələlərinə həsr olunmuş respublika müşavirəsində dövlətimizin başçısı cənab İlham Əliyevin proqram xarakterli nitqində, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda aqrar sahibkarlığın müasir çağırışlara uyğun inkişafı, innovativ yanaşmaların tətbiqi və kənd yerlərində məşğulluğun genişləndirilməsi ilə əlaqədar qarşıya konkret vəzifələrin qoyulduğunu bildirdi.
Bu il may ayının 5-dən 8-dək Bakı Ekspo Mərkəzində keçirilən XIX Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunda bölgəmizin qadın sahibkarlarını təmsil etməyimlə sevinir, qürur duyuram. Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Birinci xanım Mehriban Əliyevanın forum çərçivəsində “Masallı rayonunun məhsulları” adlı pavilyona baş çəkməsi, işlərimizlə maraqlanması, əməyimizi yüksək qiymətləndirməsi mənimlə yanaşı rayonumuzun sahibkarlarını, əməkçi insanları hədsiz sevindirdi.
Qeyd edim ki, Masallı Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyi çayçılığın inkişafı ilə bağlı təşəbbüslərimizə diqqətlə yanaşır. Masallı RİH başçısı Araz Əhmədov yerli sahibkarlara tez-tez görüşür, çətinliklərimizi öyrənib hərtərəfli dəstək göstərir. Müəssisənin icraçı direktoru Əfqan Babayev söhbətimizə qoşularaq görülmüş işlər barədə danışdı:
– Çayçılıqdan, gündəlik işimdən zövq alıram. Məqsədimiz yerli və keyfiyyətli məhsul istehsalını artırmaq, yeni iş yerləri yaratmaq və çayçılığın inkişafına töhfə verməkdir. Hazırda 7 hektar çay plantasiyamız var. İlin əvvəlindən 9 ton yaşıl çay yarpağı yığmışıq. Əvvəllər məhsul qonşu rayonların çay emalı müəssisələrinə göndərilirdi. Bu, əlavə nəqliyyat xərclərinə səbəb olurdu. Artıq “Baba Bulağı”nın kiçik çay fabriki fəaliyyət göstərir. Sutkalıq istehsal gücü 0,5 tondur. İndi yaşıl çay yarpağı sahədən birbaşa fabrikə daxil olur. “Baba Bulağı” brendi ilə 4 çeşiddə qablaşdırılan ekoloji cəhətdən təmiz, ətirli çay daxili bazarlara çıxarılır.
Əvvəllər çay tingləri də qonşu rayondan gətirilirdi. İndi təsərrüfatın özündə çay toxumları yığılır, qidalı dibçəklərdə yetişdirilərək sahələrə köçürülür. Keçən il 1 hektar sahədə yeni çay plantasiyası salınıb. Hazırda müəssisənin tinglik təsərrüfatında “Kolxida” və “Azərbaycan-1” növ 80 min şitil yetişdirilib. Çay əkini üçün 3 hektar sahədə modern texnologiyaların köməyi ilə hamarlanma işləri görülüb. Çay şitillərinin sahələrə köçürülməsinə başlanılıb. Təcrübəli çaybecərənlərdən Sahibə Aslanova, Gülxar Qasımova, Zeynəb Məlikova, Könül Əzimova, fəhlələrdən Mansur Əsgərov, Asəf Babayev əkin işlərini aqrotexniki qaydalara uyğun həyata keçirirlər. 2030-cu ilə kimi çay sahələrini 15 hektara çatdırmaq nəzərdə tutulub.
“Baba Bulağı” MMC aqrar məhsulların istehsalı ilə yanaşı, aqroturizmlə də məşğul olur. Dövlətimiz tərəfindən fermerlərə və sahibkarlara geniş dəstək mexanizmləri sayəsində müəssisənin fəaliyyəti getdikcə genişlənir, rayonda aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfələr verir.
Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 04 Noyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















