Məcnun Məmmədov: Azərbaycanda əkin sahələrinin 12 faizi yeni texnologiyalar əsasında suvarılır
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 1 oktyabr, AZƏRTAC
İqlim dəyişmələri kənd təsərrüfatına ancaq təbii fəlakət kimi təsir etmir, eyni zamanda, sosial iqtisadi vəziyyətə də təsir göstərərək əhalinin ərzaq məhsulları ilə təminatını zəiflədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində ”İqlimədavamlı Aqribiznes: Strategiya, İnvestisiya və Siyasətin Uyğunlaşdırılması” mövzusunda keçirilən dəyirimi masada çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan iqlim dəyişikliklərini nəzərə alaraq əkilən bitkilərin strukturunun dəyişməsinə, daha dayanıqlı bitkilərin yetişdirilməsinə çalışır.
“İqlim dəyişmələrinə qarşı mübarizə təkcə dövlətin deyil, həmçinin özəl sektorda çalışan fermerlərin, biznes qurumlarının, ictimai təşilatların da işidir. Bu istiqamətdə dövlət hər növ dəstək verməyə hazırdır. Su resurslarının azalması, sudan səmərəli istifadəni tələb etməklə yanaşı, həm də su idarəçiliyində yeni texnologiyaların tətbiqini zəruri edir. Azərbaycanda suvarılan əkin sahələrinin 12 faizi yeni texnologiyalar əsasında suvarılır ki, bu da qanə etmir. Daha geniş ərazilərin yeni texnologiyalar əsasında suvarılması istiqamətində genişhəcmli işlər həyata keçirilir”, - deyə nazir qeyd edib.
Dövlətin aqrar texnologiyanın tətbiqinə xüsusi dəstək verdiyini vurğulayan Məcnun Məmmədov Aqrotexniki İnkişaf Agentliyinin texnologiyaların tətbiqi üçün araşdırmalar apararaq daha geniş sahələri əhatə etməyə çalışdığını bildirib: “Bu işdə dövlət fermerlərə, kənd əhalisinə güzəştli kreditlərlə, torpaq sahələri ayırmaqla dəstəyini gələcəkdə də göstərəcək”.

