MEDİA: Solovyovun fikirlərini qəti şəkildə pisləyir, qarşı tərəfdən üzrxahlıq gözləyirik
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Televiziya aparıcısı Vladimir Solovyov Rusiyanın dövlət televiziya kanalı “Rossiya 1”də yayımlanan müəllif proqramında özünəməxsus qərəz və isterik davranışla Azərbaycana qarşı növbəti dəfə hörmətsizlik nümayiş etdirib.
APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında deyilir.
Bildirilib ki, Ermənistanda hüquq-mühafizə orqanları tərəfindən saxlanılan yaxın dostu, erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsinə qalxan aparıcı bir neçə dəfə “Artsax” ifadəsini işlədib, Ermənistan hakimiyyətini “Artsaxı hədiyyə etməkdə” günahlandırıb, canlı yayımda birbaşa erməni xalqına müraciət edərək onu da gələcəkdə “Artsaxın taleyi gözlədiyini” deyib.
"Real tarixi faktları təhrif edən, yaxın keçmişdə baş vermiş proseslərə qərəzlə yanaşan Vladimir Solovyov hər zaman Azərbaycana kin və nifrət bəsləmiş, bu münasibət onun çıxışlarında açıq şəkildə özünü büruzə vermişdir. V.Solovyovun Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük Vətən müharibəsi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ilə bağlı müxtəlif vaxtlarda etdiyi çıxışlar həmişə qeyri-obyektiv olmuş, ziddiyyətli mahiyyət daşımış və Azərbaycanda adekvat reaksiyalara səbəb olmuşdur.
Rusiyanın dövlət televiziya kanalının efirində belə destruktiv iddiaların yer alması narahatlıq doğurur, xalqımıza qarşı qəbuledilməz hesab edilir, ölkələrimiz arasında dostluq münasibətlərinin ruhuna və məsələ ilə əlaqədar Rusiyanın rəsmi mövqeyinə tamamilə ziddir.
Jurnalist etikası və əxlaqi dəyərlərlə bir araya sığmayan bu nifrət nitqini yolverilməz hesab edir, qəti şəkildə pisləyir və qarşı tərəfin üzrxahlıq etməsini gözləyirik", - açıqlamada qeyd olunub.


