Məhkəmə AZRİB” şirkətinin ekspeditorunun cəzasını azaltdı
Ali Məhkəmədə mənimsəmədə təqsirləndirilən Natiq Nurəliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı qərar dəyişdirilib. Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (mənimsəmə) maddələri təyin edilmiş 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası 2 il 6 aya endirilib.
İttihama görə, Natiq Nurəliyev 2021-ci ilin oktyabr-dekabr aylarında qida və qeyri-qida məhsullarının idxalı və satışı ilə məşğul olan "AZRİB” MMC-nin satış təmsilçisi (ekspeditoru) vəzifəsində işləyib. O, Siyəzən, Şabran və Xaçmaz (Xudat şəhəri) rayonları ərazisində fəaliyyət göstərən ticarət obyektlərinə məhsullar satıb və şirkətin 2711,87 manat pulunu mənimsəyib.
Siyəzən Rayon Məhkəməsinin hökmü ilə Natiq Nurəliyev 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalından həbs olunub. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin olunub və onun cəzası 3 il 6 aya qaldırılıb.
Kamal Məmmədov