Məhkəmə kütləvi davada qətl törədən şəxslərin istəyini reallaşdırmadı
Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ali Məhkəmədə Tovuzda qətl törətməkdə təqsirləndirilən Vüsal Əhmədov və Anar Tağıyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.
Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Əhmədov 17 və Anar Tağıyev 16 il müddətində azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.
Qeyd: Hadisə 2022-ci ilin iyulunda Tovuz rayonunun Aşağı Quşçu kəndində qeydə alınıb. Dava zamanı 1987-ci il təvəllüdlü Vəliyev Nizami Əli oğlu bıçaqlanaraq qətlə yetrilib. 1987-ci il təvəllüdlü Tağıyav Anar Mammed oğlu, 1983-cü il təvəllüdlü Əhmədov Vüsal Xəqani oğlu isə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatlarına gəlincə, Kənan adlı şəxsin 1987-ci il təvəllüdlü Tağıyev Anar Mammed oğlu və 1983-cü il təvəllüdlü Əhmədov Vüsal Xəqani oğlu ilə mübahisəsi düşüb. Mübahisəyə 35 yaşlı Vəliyev Nizami də qarışıb. İlkin məlumata görə N.Vəliyev digər şəxslərə nalaiq sözlər deyib. Bundan sonra tərəflər arasında yenidən dava düşüb. Bu zaman Anar Tağıyev Nizami Vəliyevə 8 bıçaq zərbəsi vurub. Sonuncu hadisə yerində dünyasını dəyişib. Əhmədov Vüsal və Tağıyev Anar da bıçaq xəsarətləri alıb. Daha sonra Vüsal Əhmədovlə Anar Tağıyev istintaqa cəlb edilib.
Kamal Məmmədov


