Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər.
Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib ki, şərti olaraq vaxtından əvvəl azad edilmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası çəkən şəxslərə tətbiq oluna bilər.
Qeyd olunub ki, məhkəmə məhkumun islah olunması üçün cəzanı tam çəkməsinə ehtiyac olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu zaman məhkum tamamilə və ya qismən əlavə cəzadan da azad oluna bilər.
Nazirlikdən bildirilib ki, bu barədə qərar qəbul edilərkən məhkumun islah olunma vəziyyəti, cəzanın tam çəkilməsinə zərurətin qalıb-qalmaması, əməyə və təhsilə münasibəti, psixoloji durumu, cəzaçəkmə dövründə davranışı, ona tətbiq edilmiş həvəsləndirmə və tənbeh tədbirləri, eləcə də məhkumun şəxsiyyətini xarakterizə edən digər hallar nəzərə alınır.
Bu meyarlar əsasında məhkumun davranışı və islah olunma vəziyyəti qiymətləndirilir. Cəzaçəkmə müəssisəsi tərəfindən onun barəsində hazırlanmış mülahizə məhkumun ərizəsi və şəxsi işi ilə birlikdə baxılması üçün məhkəməyə təqdim olunur.
Şərti olaraq vaxtından əvvəl azad edilmə üçün məhkumun çəkməli olduğu cəza müddətinin minimum hissəsi törədilmiş cinayətin kateqoriyasından asılıdır.
Belə ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətə görə məhkum olunmuş şəxsin təyin edilmiş cəzanın ən azı yarısını çəkməsi tələb olunur.
Ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdən sonra bu hüquqdan yararlana bilərlər.
Xüsusilə ağır cinayət törətmiş şəxslər üçün isə təyin edilmiş cəza müddətinin ən azı dörddə üçünün çəkilməsi tələb olunur. Eyni müddət əvvəllər şərti olaraq vaxtından əvvəl azad edilmiş, lakin bu azadetmə qanunvericilikdə nəzərdə tutulan əsaslarla ləğv edilmiş şəxslərə, həmçinin əvvəllər azadlıqdan məhrumetmə cəzası çəkmiş və cinayətlərin residivinə görə yenidən bu cəzaya məhkum olunmuş şəxslərə də şamil edilir.
Ömürlük azadlıqdan məhrumetmə cəzası çəkən şəxslər barəsində də şərti olaraq vaxtından əvvəl azad edilmə mümkündür. Ədliyyə Nazirliyindən bildirilib ki, məhkəmə belə məhkumun azı 25 il həbsdə olduğunu və cəza çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq, onun cəzanı çəkməsinə daha ehtiyac olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrumetmə cəzasını müəyyən müddətə azadlıqdan məhrumetmə ilə əvəz edə və ya məhkumu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.
Beləliklə, şərti olaraq vaxtından əvvəl azad edilmə avtomatik tətbiq olunan mexanizm deyil. Məhkumun qanunla müəyyən edilmiş minimum cəza müddətini çəkməsi ilə yanaşı, onun davranışı və islah olunma vəziyyəti də məhkəmə tərəfindən qiymətləndirilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 31 Oktyabr 2026 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















