Icma.az
close
up
RU
“Mən Quba torpağını Kəbədən az istəmirəm”

“Mən Quba torpağını Kəbədən az istəmirəm”

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Fərəh HÜSEYN
Azərbaycan Milli Elmlər Akademiyası Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, dosent

Bu səmimi etiraf ötən ilin avqust ayında dünyasını dəyişən, amma öz qiymətli əsərləri, gələcək nəsillərə qoyub getdiyi zəngin elmi və poetik irsi, həm də mükəmməl şəxsiyyəti ilə daim xatirimizdə yaşayacaq görkəmli şərqşünas alim, professor Şahin Fərzəliyevə məxsusdur. İstedadlı şair kimi Azərbaycan Yazıçılar Birliyinin üzvü, uzun illər “Məcməüş-şüəra” ədəbi məclisinin sədri, 5 poetik Divan toplusunun müəllifi olmuş professor Ş.Fərzəliyev geniş ictimaiyyət arasında həm də ədəbi təxəllüsü ilə Şahin Fazil kimi tanınır və sevilirdi və sevilməkdədir...

1940-cı ilin 27 mart günündə göz açıb boya başa çatdığı Quba torpağına ülvi məhəbbətlə bağlı olmuş Şahin Fazil doğma diyarını qəlbində daim əzizləyib, ən müqəddəs məkanlar qədər uca tuturdu. Ata baba ocağına bəslədiyi məhəbbət onun nəinki elmi fəaliyyətinin və poetik yaradıcılığının qırmızı xəttini, həm də həyat fəlsəfəsininin özünü təşkil edirdi: 

Nə böyük rütbə, nə zər sevmədə Şahin Fazil,
Qubanı Kəbə qədər sevmədə Şahin Fazil

Polşadan tutmuş Yaponiyaya qədər dünyanın neçə-neçə ölkəsində elmi, ədəbi, diplomatik missiyalar ilə Azərbaycanı təmsil etdiyi zaman təəssuratlarını da Anayurduna olan sevgisi prizmasından keçirərək dilə gətirirdi. Hələ gənclik illərində, Azərbaycan Dövlət Üniversitetinin Şərqşünaslıq fakültəsinin 5-ci kurs tələbəsi ikən istedadlı gənc mütəxəssis kimi dövlət xətti ilə 1963-cü ildə Əfqanıstan krallığına ezam olunduğu və burada müəyyən fasilələr ilə 13 il ərzində dövlət səviyyəli danışıqlarda mütərcim vəzifəsində çalışdığı zaman bu qərib ölkə və onun mübariz xalqı onun qəlbində nə qədər rəğbət qazanmış olsalar da, yenə Vətən həsrəti ilə “Kabulda ikən Şahdağı görsəndi mənə” yazıb, həmən “Qubamdakı hüsn Kabulda varmı?”,- deyə ritorikcəsinə özünü sorğulayırdı.

Şahin Fazil Böyük Azərbaycançı idi, quzeyli-güneyli bu ölkənin hər diyarı ona doğma və əziz olub: ulu Vətəndən ayrı düşmüş Dərbəndin, Borçalının, Göyçə mahalının həsrətini çəkən, sevə-sevə ən çox ziyarət etdiyi o taydakı Azərbaycan şəhərlərini – Ustad Şəhriyarın Vətəni, igidlər diyarı Təbrizi, Şeyx Səfi ocağı Ərdəbili, gözəl Urmiyanı dönə-dönə ziyarət edib həm şeirlərində, həm də “Səfərnamələr”ində təsvir edən, “Nəqşi-Cahan” torpağı Naxçıvana “uçaraq” deyil, payi-piyadə getməyi arzulayan, Şəkinin qədim qalalarının təəssübünü çəkən, Qarabağımızda “meydanı işğal edən şeytana” “Mən Qarabağımı istərəm!”,- nidası ilə üsyan edən Ustad Şahin Fazil bütöv, bölünməz və qüdrətli Azərbaycan vurğunu və sevdalısı idi. Bu bütövlüyün qoynunda kiçik Vətəni olan Quba isə uşaqlıq və gənclik xatirələrinin yaşadığı, “nəslimin hər fərdinin məskəni olub, babamdan, atamdan yadigar qalan”,  könül dostlarına qapılarını açan çox məhrəm bir ocaqdır – məhz burada, özünün ifadəsi ilə, o, rahatlığını tapır, rühən dincəlirdi. Şahdağı, Qudyal çayı, Qızbənövşəsi, Qəçrəş kəndi, meşələri, bulaqları və bağları ilə doğma torpaq ona həm də güc-qüvvət verən ilham mənbəyi idi. Buna görə də hər ilin yay məzuniyyətini mütləq şəkildə Qubada keçirən Şahin müəllim bir çox əsərlərini də məhz burada, doğma ocaqda ərsəyə gətirmişdir. Bu əsərlərin əhəmiyyətli hissəsi tarix elminə aid idi, çünki Şahin Fazilin tədqiqat sahəsi Azərbaycanın orta əsrlər, xüsusilə, Səfəvi dövrü tarixi məsələləri idi. 

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda Azərbaycan səfəvişünaslıq məktəbinin banisi professor Oqtay Əfəndiyevin ilk aspirantı kimi elmi fəaliyyətə başlayıb, zəhməti və istedadı sayəsində elmi pillələr ilə yüksələrək tarix elmləri doktoru, professor adına layiq görülmüş və ömrünün sonuna qədər həmin İnstitutun “Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin müdiri, eyni zamanda Dissertasiya Şurasının sədr müavini vəzifələrində çalışmış professor Fərzəliyevin bu illər ərzində sanballı tədqiqat əsərləri – çox sayılı elmi məqalələri və bir-neçə monoqrafiyası işıq üzü görmüşdür. Tarix elmimiz qarşısında onun ən böyük xidməti isə cildlərdən ibarət orta əsr ilkin qaynaqlarını doğma dilimizə tərcümə edib Azərbaycan oxucusuna tanıtdırmaq idi. Bu qaynaqların ən qiymətliləri XVI-XVII əsrin məşhur tarixçiləri, əslən Azərbaycanlı olan, lakin dövrün ənənəsinə uyğun olaraq əsərlərini fars dilində yazmış İsgəndər bəy Münşinin 3 cilddən ibarət "Tarixe-aləmaraye-Abbasi" , Həsən bəy Rumlunun 2 cildli “Əhsənüt-təvarix” adlı əsərləridir. Elmi şərhlər ilə birlikdə nəşr variantında ümumilikdə 4000-dən çox səhifə təşkil edən bu iki mənbənin tərcüməsinə alim ömrünün son 20 ildən artıq dövrü həsr olunub. 

Bunlardan əlavə yenə orta əsrlərə aid polyak əslli xristian missioneri Yan Tadeuş Kruşinskinin “Xristian səyyahın tarixi”, Jozef Tiflisinin “Vaqiati-Mir Veys və Şah Hüseyn”, Cəlaləddin Məhəmməd Dəvaninin "Ərze-sepahe-Uzun Həsən" ("Uzun Həsən ordusuna baxış”), anonim "IV Sultan Muradın Rəvan və Təbriz səfəri Ruznaməsi" adlı ilkin mənbələri, osmanlı tarixçisi Firüdin Əhməd bəyin topladığı “Münşəate-səlatin” (“Sultanlara aid yazışmalar”) adlı məktublar məcmuəsindən Sultan Səlim ilə Şah İsmayılın məktublarını, həmçinin Məryəm Mirəhmədinin “Səfəvilər dövründə din və dövlət” adlı tədqiqat əsərinin tərcümələri Şahin müəllimin gözünün nurunun və fədakar əməyinin bəhrəsidir. Azərbaycanın orta əsrlər tarixinin mənbəşünaslıq bazasının zənginləşdirilməsi baxımından fədakar tarixçinin xidmətləri misilsizdir!  

Bu zəngin elmi irsin içində doğma diyarına həsr etdiyi “Quba tarixi” kitabının özünəməxsus yeri var. Tarixi tədqiqatlar ilə məşğul olmağa başladığı ilk dövrlərdən etibarən 25 il ərzində çox sayılı və müxtəlifdilli ilkin mənbələrdən, arxiv sənədlərindən və memuarlardan, epistolyar və diplomatik yazışmalardan, tədqiqat araşdırmaları və ədəbi əsərlərdən, canlı şahidlərdən və onların varislərindən topladığı olduqca zəngin məlumat əsasında qələmə aldığı bu əsər elmi məzmun ilə yanaşı, həm də müəllifin doğma diyarına dərin təəssübünü, bəhs etdiyi hadisələrə şəxsi münasibətini, bəzən isə poetik tərzdə dilə gətirdiyi düşüncələrini, fəxarətini və ya kədərini də özündə əks etdirir. Bu əsəri ilə müəllif Quba tarixini ilk növbədə ümumi Azərbaycan tarixində baş verən proseslər kontekstində canlandırıb şəxsi təhlilləri və şərhləri ilə birlikdə oxucuya çatdırmağı qarşısına məqsəd qoymuşdu. Öz məramını o, kitabın giriş hissəsində Azərbaycanı qocaman bir ağaca, Qubanı isə onun bir budağına bənzədərək ağacın dolğun təsvirini verməkdən ötrü onun hər budağının, hətta hər yarpağının dərindən araşdırılmasının və öyrənilməsinin vacib olduğunu qeyd etməklə bildirmişdi. 

IV əsrdə qədim məskən kimi yarandığından müasir dövrədək cənnət məkan Qubanın tarixini əhatə edən bu sanballı monoqrafiya diyarın şərəfli tarixi keçmişini müfəssəl şəkildə açıqlayır, xüsusilə, XIX əsrin əvvəllərində, 1806-cı il sentyabr ayında çar fərmanı ilə Quba xanlığının ləğv olunmasından sonra yerli əhalinin rus əsarətinə qarşı apardığı azadlıq mübarizəsi, bu mübarizəyə başçılıq edən Şeyxəli xanın işğalçılara qarşı aramsız döyüşləri, onun şəhadətindən təxminən 15 il sonra 1837-ci ildə baş verən məşhur Quba üsyanı, Çar imperiyasının çöküşündən sonra Qubada yerli mülkədarlar tərəfindən yaradılan Müsəlman Milli Soveti və onun, bolşeviklərin nəzarəti altında olan Quba Əsgər Deputatları Sovetinə qarşı fəaliyyəti, sovet rejiminin süqutundan sonra və müstəqillik dövründə Qarabağ uğrunda müharibələrdə fədakarlıq göstərib şəhadətə qovuşan Qubanın igid övladlarının qəhrəmanlıqları, eyni zamanda bu bölgənin məruz qaldığı faciələr, quldurbaşı daşnak Hamazaspın 1918-ci ildə “Cəza dəstə”si ilə birlikdə bölgəyə basqın edib törətdiyikləri vəhşiliklər və s. faktlar və mənbələr əsasında geniş şəkildə işıqlandırılır. 700 səhifəlik bu sanballı nəşr “Quba tarixi” adlansa da, məzmunu daha genişdir və sırf tarix məsələləri ilə məhdudlaşmır – Quba rayonunun coğrafi mövqeyi, təbii şəraiti, inzibati bölgüsü, kəndləri, demoqrafik vəziyyəti, mədəni həyatı, etnoqrafik bilgiləri, iqtisadiyyatı və s. haqqında da geniş məlumatlar ehtiva etməklə Qubaya dair ensiklopedik mahiyyətli bir nəşr hesab oluna bilər. Bu kitabın yazılmasını özünün mənəvi borcu bilərək böyük məsuliyyət və məmnuniyyətlə ərsəyə gətirdiyi “Quba tarixi” , əminik ki, Şahin Fazilin doğma diyarına və qədir bilən soydaşlarına yadigar olaraq qoyduğu ən qiymətli əmanətdir. 

Qəzəllərin birində özünə xas təvazökarlıqla 

Ey Quba, Şahin əgər olmazsa fəxrin, eybi yox, 
Olmusan daim mənim sən iftixarım, ey Quba, -

- yazmışdır Şahin müəllim. Lakin həqiqət budur ki, Qubanın özünün daim fəxr edəcəyi və Bütöv Azərbaycana bəxş etdiyi layiqli və ehtiramla xatırlanacaq övladıdır Ustad Şahin Fazil!

Bu yığcam məqaləmizi doğma Qubaya Ustadımızın öz dilindən gələn ithafnaməsi ilə bitirmək istərdik: 

Yenə şadəm ki, mənə bir də məkan oldu Quba,
Bakıda qalmış idi can, mənə can oldu Quba.
Qubanın torpağını gözlərimə sürtdüm mən,
Bu cahan içrə mənə sanki cahan oldu Quba.

Yazmışam bir neçə il mən Qubamın tarixini,
Yaddaşın gözlərinə bir də əyan oldu Quba.

Görürəm mən Qubanı hərdəm adam cildində,
Bir zamanlar Fətəli, Şeyxəli xan oldu Quba.

Gah ziyarətgah olubdur neçə dostdan ötəri,
Düşmənin oxlarına gah da nişan oldu Quba

Yaxşı insanə edər yaxşılığı hər və’də,
Söyləyər kim yaman insanə yaman oldu Quba.

Çox bulaq var idi, əfsus ki, yoxdur quruyub,
“Qızbənövşə” sarıdan çox nigaran oldu Quba.

Bakıxanov dedi fəxr ilə “İrəm torpağıdır”,
Yəni cənnət kimi gülşənli məkan oldu Quba. 

Tazə bağ-bağçası çoxdur Qubanın, yox təkzib,
Çılçıraqlar da yanır, şöləfəşan oldu Quba.

Quba haqqında əzəllər də qəzəllər yazdım,
Şahina, fəxr edirəm, bir də bəyan oldu Quba. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Mart 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see341

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see264

Qondarma erməni soyqırımını tanımaq üçün qətnamə hazırladı

26 İyun 2026 07:42see205

Dekolonizasiya coğrafiya tanımır

26 İyun 2026 02:47see205

Yaponiya İsveçə qarşı

26 İyun 2026 02:36see203

Zaqar dəri xərçənginin yaranma ehtimalını artırır

26 İyun 2026 02:41see198

Rütte Ankarada Trampı NATO nun əhəmiyyətinə inandırmaq istəyir

26 İyun 2026 01:25see198

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see195

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see192

24 illik həsrət sona çatdı Türkiyənin DÇ dəki ilk qolu

26 İyun 2026 06:23see185

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see181

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see177

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see175

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see174

Şahin Bağırov: Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir

25 İyun 2026 21:49see173

Venesueladakı zəlzələlərin intervalı alimləri heyrətə gətirdi

26 İyun 2026 00:52see172

DÇ 2026: Niderland qrup lideri oldu, pley offda rəqib Mərakeşdir

26 İyun 2026 05:33see169

Kadir İnanır vəfat etdi

26 İyun 2026 19:30see164

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see160

Araz dəhlizi nə vaxt açılacaq? “2 il yarım qalıb”

26 İyun 2026 16:03see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri