Icma.az
close
up
RU
Mənə tərif lazım deyil Sevda Ələkbərzadə ilə müsahibə

Mənə tərif lazım deyil Sevda Ələkbərzadə ilə müsahibə

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

El arasında mart ayına gah boz ay deyirlər, gah da deyirlər ki, mart çıxdı, dərd çıxdı. Əslində sanki iki fəslin mübarizəsidir mart ayı. Qış heç cürə getmək istəmir, bahar isə əlvan rəngli donunda astanada sakitcə gözləyir, bilir ki, mütləq öz dövranını yaşamalıdır. Şəninə yazılan şeirlərdən, adına bəstələnən mahnılardan təbiətin ən gözəl qızı kimi boylanan bahar gəlişilə həqiqətən də "xəyala, duyğuya qol-qanad verir".

Növbəti Novruza sayılı günlər qalıb. Arzu edək ki, bu Novruzda baharın nemətilə Ramazanın bərəkəti hər ocağa bol ruzi gətirsin. Bahar özü ilə həm çal-çağır, həm də xoş istirahət gətirir. Bir neçə gündən sonra Azərbaycanın bütün guşələrində bayram tonqalları qalanacaq, papaqlar atılacaq, qulaqfalına çıxılacaq, rəngbərəng yumurtalar döyüşəcək, hamı bir-birilə bayramlaşacaq və çalışacaq ki, qazanı qaynamayan bir ev belə qalmasın, çünki Novruzu ən əziz gün bilirik.

Bizlər də bu gün baharın gəlhagəlində qışın son şənbəsini əliboş yola salmaq istəmədik və düşündük ki, yenə də sənət cameəsinə üz tutaq. Onu da düşündük ki, həm günə, həm də xoş əhvala uyğun bir peşəkarla oxucuları görüşdürmək yerinə düşər.

O, sənətə addım atdığı gündən özünəməxsus səs tembri, musiqi duyumu ilə diqqətləri cəlb edə bildi və böyük əksəriyyətimiz onu "Laçın" xalq mahnısı ilə tanıdıq. Elə o vaxtdan özünü tanıda-tanıda ətrafına tək tamaşaçı kütləsi toplamadı, onların sevgisini də qazanmağı bacardı. Bilmirəm, bəlkə də səhnədəki ciddiyyətini görüb onu ünsiyyətə qapalı biri zənn etmişəm həmişə. Dəfələrlə onunla söhbətləşmək kimi fikrim olsa da, bu səbəbdən tərəddüd etmişəm. Sonunda bu düşüncəni qova bilib onu qəzetimizin ənənəvi şənbə müsahibəsinə dəvət etdim və dərhal müsbət cavab aldım. Qonağımız isə caz, xalq musiqisi və muğam janrlarının ifaçısı, respublikanın Əməkdar artisti Sevda Ələkbərzadədir.

- Sevda Ələkbərzadə çox erkən yaşından oxumağa başlayıb. Yəqin ki, bu balaca qızın səsinə varanlar oldu...

- Bizim ailədə əksəriyyətin səsi vardı. Babamın, nənəmin, atamın, bacımın gözəl səsi olub, biri də mən.

- Onda müğənni olmaq qərarını vermək çətin olmayıb...

- Əksinə, çox çətin olub. O illərdə müğənni olmaq istəyinə hər ailə dərhal razılıq vermirdi, o ki ola ağır təbiətli atam. Mən istəyimi bildirəndə, atamın cavabı belə oldu: "Həyatı boyu bu, ola bilməz. Mənim qızım səhnəyə çıxmayacaq". Atamın mükəmməl səsi vardı və düşünürəm ki, o, professional ifaçı ola bilərdi, yəni sənəti anlayan biri idi. Mən də bütün günü evdə oxuyurdum. Evin hər yerindən səsim gəlirdi. O zaman səhnəyə çıxmaq kimi bir istəyim yox idi, ancaq ifa etmək istəyirdim. Lakin ifaçı olursansa, onda təbii ki, səhnəyə də çıxmalısan. Sonda atam anladı ki, mən sənətin dəlisiyəm və günlərin bir günü mahnı oxuduğum otağın qapısının açaraq dedi: "Allah bu qıza istedad verib, bunu onun əlindən ala bilmərəm". Bu, həyatımdakı ən xoşbəxt günlərimdən biri kimi yazılıb ömrümə və beləcə, professional səhnəyə yolum açıldı. Onu da deyim ki, ilk vaxtlar atam da mənimlə bərabər gedirdi hər yerə. Maraqlanırdı ki, kimlərlə çalışıram, yəni nəzarətində saxlayırdı. Sonra dedi ki, bu, mənim qızımdırsa, narahat olmağa dəyməz.

- Yəni bir növ nəzarət götürüldü...

- Nəzarətin yerini bir canıyananlıq aldı. Harada oxudum, ifam necə qarşılandı, artıq onu daha çox bunlar maraqlandırırdı və özümə qəti tərif demirdi. Bir epizodu heç cür unuda bilmirəm. "Dəli ceyran"ı oxuyurdum, atam da otaqda məni dinləyirdi. Çevrilib baxanda gördüm ki, gözləri yaşarıb. Anladım ki, ifamı bəyənib, əks halda oxumağıma heç zaman izni olmazdı.

- Müğənnilik yoluna üz tutdunuz, lakin İncəsənət Universitetinin Musiqili komediya aktyorluğu fakültəsini seçdiniz...

- Əslində konservatoriyaya daxil ola bilərdim, sadəcə həmin fakültə musiqilə bağlı olduğundan ora getdim. Lakin sonra Milli Konservatoriyanı da bitirdim,  İtaliyada "İnstituto İtalyano" vokal kurslarında da təcrübə keçdim. Amma bunu xüsusi olaraq vurğulamaq istəyirəm ki, mən ali məktəbə qəbul olmazdan əvvəl "Rast" qrupunun solisti idim və inanın ki, ən böyük məktəbi orada keçmişəm.

- Gəlin bir qədər ardıcıllığa qayıdaq. İlk gəldiyiniz "Aypara" qrupu olub, özü də 14 yaşında...

- O gün ki atam oxumağıma icazə verdi, bacım Elmira əlimdən tutub məni gətirdi Vaqif Gərayzadənin yanına. O zaman onun İncəsənət Universitetinin nəzdində klubu vardı. Bizi tanış edərək dedi ki, kiçik bacımdır və oxumağa çox böyük həvəsi var. Vaqif Gərayzadə məni dinlədi. Yaşıma görə toppuş bir qız idim. Mənə dedi ki, yox, yox, səhnə üçün çox dolusan. Tutulan kimi oldum və bildirdim ki, mən səhnəyə çıxmağa deyil, oxumağı öyrənməyə gəlmişəm. Belə-belə bir də gördüm ki, səhnədəyəm və orada Rəşad Haşımovla tanışlığımız başladı. Sonra Vaqif Gərayzadə "Aypara-2" qrupunu yaratdı və mən onlarla çalışdım. Bir ildən sonra onlardan ayrıldım və artıq 15 yaşında tək ifaçılığa başladım. Bu müddətdə Rafiq Babayevlə tanış oldum. Siyavuş Kərimi ilə birlikdə məni dinlədi və təklif etdi ki, səni "Odlar yurdu" müsabiqəsinə hazırlayaq.

Yaşım az olduğundan hər təklifi lazımi qədər dəyərləndirə bilmirdim. O ərəfələrdə Yaşıl teatrda konsertlər təşkil edilirdi və orada çıxışlarım olurdu. Elə həmin ərəfədə gördüm ki, "Rast" qrupu yaranıb və "Aypara"nın bütün heyəti oradadır. Heyətin hamısını tanıyırdım deyə, onların dəvətilə gəldim "Rast"a.

- Qrupun o dövr üçün fərqli bir üslubu vardı...

- "Rast"a gələndə onlar fəaliyyətə yeni başladığından dediyiniz o fərqli üslub hələ yox idi. Sadəcə "Aypara"dan tanıdığım tərkib orada idi, ən əsas Rəşad Haşımova güclü musiqiçi kimi baxdığımdan bilirdim ki, bu, mənim üçün böyük bir məktəb olacaq. Səkkiz il "Rast" qrupunda solist-ifaçı kimi çalışdım və Rəşad Haşımov kimi bir müəllimin yetirməsi olduğum üçün özümü çox şanslı hesab edirəm.

- Caz, xalq mahnıları, muğam və pop-musiqi. Fəaliyyətiniz bu dörd janrı əhatə edir. Aralarındakı fərq nisbəti yəqin ki var...

- Dördünü də bərabər sevirəm, aralarında heç fərq qoymadım fəaliyyətim ərzində. Ona görə ki, hamısına içimdə yer var. Ürəkdən gələn heç nəyin biri o birindən artıq, ya əskik ola bilməz.

- Söhbətə ziyalı və yaradıcı nəsildən gələn kökünüzlə davam edək. Əvvəlcə Xalq yazıçısı Əbülhəsən Ələkbərzadənin nəvəsi danışsın...

- Babam dünyasını dəyişəndə mən kiçik olmuşam, amma onun bütün yaradıcılığı, insani keyfiyyətləri haqqında çox məlumatlıyam. Əsərlərini oxumuşam...         

- Məsələn...

- "Dünya qopur", "Yoxuşlar", "Sədaqət", "Utancaq", "Dostluq qalası", "Tamaşa qarının nəvələri"... Əbülhəsən Ələkbərzadə Azərbaycan sovet romanının banisi olub, II Dünya müharibəsində iştirak edib və bu mövzuda xeyli əsərlər yazıb. Bunu deməkdə məqsədim var. Babamın müharibə illərində yazdığı bir hekayəsi var - "Oxu, bülbülüm, oxu". Müharibə zamanı o top səslərinin, dağıntıların arasında insan gözəlliyi necə görüb, duya bilər? O şəraitdə babam təbiəti elə gözəl incəliklərilə təsvir edib ki, hekayəni oxuyanda mən onun yazılma tarixinə bir neçə dəfə baxmışam. Bir dəfə babamın müharibədən Səməd Vurğuna yazdığı məktubu oxudum. Sanki məktubu kurortdan yazmışdı. O odun-alovun içində elə xırdalıqları təsvir edib ki, həmin məktubda, bunu ancaq incə, zərif ruha malik, zülmət qaranlıqda işıq görə bilən, hər şeyə rəğmən, gözəlliyi duyan  biri yaza bilər. Bilirsiniz, bu məqamları özümdə də görürəm. Yaz fəsli yaxınlaşanda bir quşun səsini eşidəndə əhvalım tamam dəyişir, çiçək açan ağacları görəndə, gözlərim yaşarır. Azərbaycan ədəbiyyatında ilk romanı babam yazıb, yəni yenilik gətirib. Mən də öz sənətimdə nəsə yenilik edəndə düşünürəm ki, bu, genə bağlıdır.

- Sevda Ələkbərzadə həm də yazıçı, ssenarist, jurnalist Çingiz Ələkbərzadənin qızıdır. Dövründən narazı idi atanız...

- Atam bütün narazılıqlarını öz kitablarında yazıb, yəni onun əsərlərini oxuyanlar bunu aydın görə bilir. Şərlənərək həbs edilən bir insan nədən razı ola bilərdi? Bilirsiniz ki, o zaman yalnız bir televiziya kanalı vardı - AzTV. O kanalda çalışanın da hörməti böyük idi, o kanalda haqqında süjet gedən biri üçün də böyük əhəmiyyət kəsb edirdi. Atamın durğunluq illərində hazırladığı tənqidi süjet xoşa gəlmədi və 16 yalançı şahidin ifadəsilə onu şər-böhtanla ləkələdilər. Düzdür, atam bəraət aldı, həbsdən çıxdı, yazdı-yaratdı, amma artıq ruhən əvvəlki insan deyildi. Atamın bir operatoru vardı, evimizin içi olan bir adam. O da atamın əleyhinə ifadə verənlərin arasında idi. Kiçik olsam da, yaddaşımda qalan hadisələr var. Atam çıxandan sonra həmin adam bizə gəlib, atamın qarşısında diz çökərək dedi: "Çingiz, məni bağışla, məni çox qorxudub, təhdid etdilər", atam da onu bağışladı.        

- Dediniz ki, artıq atam ruhən əvvəlki insan deyildi...         

- Atam sərbəstliyi, azadlığı sevən biri idi. Təsəvvür edin, televiziyada ştatdankənar işləyirdi ki, mən səhərdən axşama qədər bir yerdə otura bilmərəm. Babam kimi o da təbiətin, gözəlliyin vurğunu idi və belə bir insan dörd divar arasında iki il yaşamağa məcbur olur. Əbülhəsən Ələkbərzadənin sağlığında atama qarşı belə addım atmağa cəsarət etməyənlər, babamın 40-nın çıxmağını belə, gözləmədən atamı həbs etdilər. 30 yaşlı gənc oğlunu itirən nənəm son nəfəsinə qədər gözünü qapıdan ayırmayıb: "İndi Çingiz gələcək" deyə-deyə canını tapşırdı. Atam musiqinin, poeziyanın vurğunu idi. Evimiz o qədər qonaq-qaralı olurdu ki, bu, bizim üçün bir vərdişə çevrilmişdi və birdən-birə səs-küyə alışmış bir ailənin ətrafından hamı uzaqlaşdı. Biz bunu həm gördük, həm də yaşadıq. Bəraət atamın, ailəmizin adının təmizliyə çıxması üçün əlbəttə ki, vacib idi. Bununla belə, ömrünün sonuna qədər Çingiz Ələkbərzadə o qırğınlığı özündən uzaqlaşdıra bilmədi. Atam həbsdən çıxandan sonra hərtərəfli çətinliklərimiz vardı. Amma mən artıq səhnəyə çıxmağa başladım. İlk günlər qohumlar arasında sənətə gəlməyimə istehza edənlər də oldu. Lakin zamanla öz yerimi tutandan, ad-san, hörmət qazanandan sonra hər şey dəyişdi, münasibətləri bərpa etməyə cəhd edənlər çox oldu. Amma artıq biz o deyildik ki, yenidən qapıları həmin insanların üzünə açaq. Biz heç zaman heç kəsdən nəsə gözləmədik, istəmədik. Mən Allaha çox inanclı biriyəm və zamanla gördüm ki, Tanrının üzümə açdığı qapılar atamın etdiyi yaxşılıqların cavabıdır. Mənim uğurlarımı, sənətdə etdiyim ilkləri görmək ona nəsib olmadı, amma əminəm ki, övladları onun soyadını ucaltmaqla ruhunu sevindirə bilir.

- Çingiz Ələkbərzadənin həyatının o iki ağır ili yaradıcılığından yan keçmədi və yaşadığı həmin qaranlıq günlərə "Zindan" romanını həsr etdi. Və bir neçə il sonra Ələkbərzadə bacıları həmin əsəri yenidən nəşr etdirdilər...

- İstədim ki, atamın bu əsəri latın qrafikası ilə də çap olunsun. Düzü, "Qumarbaz" əsərini də nəşr etdirmək kimi fikrim var. Bunda əsla qazanc məqsədi güdmürəm. Sadəcə gələcək nəsil oxucularına kitabın əlçatan olmasını istədim. Təəssüf ki, üstündən uzun illər keçməyinə, dövrün belə,  dəyişməyinə baxmayaraq, elə kitab evləri oldu ki, əsəri götürməyə ehtiyat etdilər.

- Belə bir fikir söylədiniz ki, müğənni olmasaydım, jurnalistikanı seçərdim. Anladığım qədər davamçıların olmadığına təəssüflənirsiniz...

- Xeyr, davamçılar var. Qardaşlarımdan birinin oğlunu, digərinin qızını davamçı kimi görürəm. Xüsusən də qızımızı, Allah ondan heç nəyi əsirgəməyib. Çox gözəl qələmi, çox gözəl səsi var, çox gözəl rəsmlər çəkir, hərtərəfli bir istedaddır. Amma mənə görə onun qələmi daha üstündür, yazdıqlarını yalnız bizə oxuyur, hələ ki üzə çıxarmaq qərarına gəlməyib. Bunu zaman göstərər.

- Qayıdaq yaradıcılığınıza... Böyük maraq və alqış qazanan "Şəbi-hicran" layihəsindən danışaq...

- İdeya özümün idi. İstəyirdim ki, dünya musiqisilə öz musiqimizin sintezini edim və bunun üçün xaricdən ifaçı, musiqiçi dəvət etməyim. Yəni belə sintezlər olub, hərə öz musiqisini ifa edir, eyni ladda oxuyur. Mən isə bu sintezi tək ifa etmək arzusunda idim. "Şəbi-hicran"da Latın Amerikası, Afrika musiqisi, caz, ballada, muğam var. Orada Mahuru, Bayatı-Kürdü ifa etmişəm. Əgər bu istək və potensial içimdə vardısa, mütləq özünə yol tapıb çıxmalı idi. Mən tək bu miksi etdim. Vaqif Mustafazadə bu sintezi instrumental musiqidə etdi. Vokalda isə belə bir sintez yox idi və mən də bu arzumu həyata keçirdim. İlk dəfədən hamının baxışı təbii ki, birmənalı olmadı, lakin layihələr beynəlxalq səviyyədə təqdim olundu. İndi ki bu layihədən danışdıq, bir məqama toxunmaq istəyirəm. Babam vəsiyyət edibmiş ki, onu "Şəbi-hicran"ın sədaları altında dəfn etsinlər. Layihədən sonra birdən onun bu vəsiyyəti yadıma düşdü. Bir daha əmin oldum ki, həyatda heç nə səbəbsiz baş vermir. Niyə görə illər sonra mən məhz bu əsərə müraciət etdim? Deməli ki, ruhən bağlılıq deyə, bir nöqtə var. İnanın səmimiyyətimə, o qədər bundan duyğulandım ki...  Özlüyümdə bu layihəni babamın xatirəsinə ithaf etdim.

- Alim Qasımovdan muğam dərsləri almısınız...

- Yaradıcılığımın bir qolu muğam olduğundan professional dərs mütləq almalı idim. Muğam Azərbaycan mədəniyyətinin simasıdır. Muğam bir dəryadır, fəlsəfədir. Əslində muğam tək bizə aid deyil, amma ən zəngini Azərbaycan muğamıdır. Elə o səbəbdən də UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilib. Muğam bizim elə bir sərvətimizdir ki, Azərbaycanı dünyanın istənilən yerində həm təmsil etməyə, həm də dinləyicini təəccübləndirməyə qadirdir.

- Bunu siz də yaxşı bacarırsınız...

- Unutmayaq ki, mən xanəndə deyiləm. Düzdür, olub ki, konsertlərimdə bir və ya iki muğam oxuyum. Amma mən müğənniyəm, əsasən sintezlə ifa edirəm muğamı və ruhuma daha yaxın "Bayatı-Şiraz"dır.

- Azərbaycan mədəniyyətinin bu günü...

- Sırf mədəniyyətdən söhbət gedirsə, məni qane edir. Amma bu mədəniyyət də hər yerdə yoxdur.

- Efirlərdə də az-az görünürsünüz...

- Bəli.

- Yəni hər dəvəti qəbul etmirsiniz...

- Xeyr.

- Səbəbi yəqin ki var...

- Səbəb məni qane etməyən həmin mədəniyyətdir. Əgər verilişin özündə mədəniyyət, aparıcısında intellekt yoxdursa, onunla nədən danışa bilərəm? Bir gün əvvəl dəvət etdiklərinə söylədiyi tərifin yenidən ünvanıma eşitmək mənə lazımdırmı? Mənə ümumiyyətlə tərif lazım deyil, yetər ki, qarşımdakı ifamı anlayan biri olsun və mən də nə haqda danışacağımı bilim.

- Bu gün tamaşaçıya hər şey şou adı ilə təqdim edilir...

- Mən əsasən sənətdən daha çox danışa bilərəm. Şou isə mənə yaxın deyil. Gəlin açıq danışaq. Biz gözümüzü açanda şou-biznes olmayıb. Biz Şövkət Ələkbərovanı royalın yanında və ya xalq çalığı alətləri ansamblının qarşısında dayanıb oxuyan görmüşük. Eynilə Rəşid Behbudov və digərləri. Yəni bunu görə-görə böyüyən nəsilik. Şou isə sovetlər dağılandan sonra bizə qərbdən gəlib. Dərinliyinə varsaq, şou nə qanımızda var, nə də içimizdə. Amma bununla belə, həqiqət naminə demək lazımdır ki, bizdə şou istiqamətində köklənməyi bacaran müğənnilər var və bu, onlarda alınır.

- Səhnədən o qədər ciddi görünürsünüz ki, düşünürdüm müsahibə zamanı bir məsafə olacaq aramızda...

- Ciddiliyim var, amma bir o qədər də yumora sevən biriyəm. Daxilimdə hələ də kiçik bir Sevdanı bəsləyirəm. Yəqin haqqımdakı bu fikir ondan irəli gəlir ki, mənim söhbətlərim ancaq sənətlə bağlı olur. Çünki sənətə aid olmayan mövzular efirlərdən o qədər səslənir ki, onların yanında mənim çıxışlarım çox ciddi görünür.

- Sizi sevən tamaşaçı var və həmişə də nələrsə gözləyir...

- Onları yeni konsert gözləyir. İnşallah may ayının 10-da Bakı Konqres Mərkəzində onların qarşısına böyük solo konsertimlə çıxacağam. Artıq 34 ildir səhnədəyəm. İlk gündən başlayaraq, bu günə qədər ifa etdiyim ən populyar, sevilən mahnılarımı həmin gecədə tamaşaçılarım bir daha dinləyəcək. Buna çox ciddi hazırlaşıram və tamaşaçılarımla görüşü səbirsizliklə gözləyirəm.

- Yaxın dostluq münasibətində olduğunuz həmkarlar...

- Hamı ilə münasibətim yaxşıdır. Yaxın dostluğum isə tək Samira ilədir, universitetdə bir oxumuşuq, 16 yaşından bir-birini tanıyırıq. Düşünməyin ki, nədənsə ehtiyat edirəm. Mən insanı sənətinə və ya işinə görə seçərək dostluq etmirəm. Münasibət, ünsiyyət kiminlə daha yaxşı və rahat alınırsa, dostluq da yaranır. Aparıcılar arasında yaxın dostlarım var.

- Beş il əvvəl hamımız eyni gün yaşadıq - 44 gün...

- Kimlərəsə qəribə gələ bilər, amma biz bəlkə də yeganə xalq idik ki, bu müharibəni istəyirdik, çünki illərlə o torpaqların həsrətini çəkənlər vardı və nə qədər də yurduna qovuşmadan dünyasının dəyişənlər oldu. Bu 44 gündə biz gördük ki, hamı necə də bu günü gözləyirmiş. Biz müharibəni illərlə yolumuzu gözləyən öz torpaqlarımızda apardıq. Düzdür, itkilərimiz çox oldu, nə qədər sağlamlığını itirən igidlərimiz qaldı, bununla belə, hamı sona qədər getməyə iddialı idi. Şuşanın azad olduğu gün şəhərdəki izdihamın içində mən də vardım. Bu 44 gündə mən bir xalqın birliyi necə olur, bax, onu gördüm.

- Azad Qarabağa getməmiş deyilsiniz yəqin ki...

- Mən Qarabağda heç zaman olmamışdım. İlk dəfə müharibədən sonra ayağım o torpağa dəydi və ilk getdiyim yer də Şuşa oldu. Müharibədən cəmi beş ay ötmüşdü, Şuşada illər sonra ənənəvi "Xarıbülbül" festivalı keçirildi və orada iştirak etməyə dəvət aldım. O qədər böyük həvəslə getdim ki... Çox qarışıq hisslər yaşadım orada, həm sevinirdim ki, Şuşanı, həmişə ağ-qara təsvirli Cıdır düzünü bütün gözəlliyilə görürəm, həm də daş-kəsəyindən barıt qoxusu gələn, şəhidlərimizin qanı hopan bir yerdəyəm. Düşünəndə ki, indi bizim rahat maşınla gəldiyimiz o yerləri oğullarımız piyada, döyüşə-döyüşə qaytarıblar, vicdan əzabı içimizi gəmirir. Təki Vətən yaşasın.

- Müğənni və cazmen Sevda Ələkbərzadənin öz bəstələri də varmış...

- Mən nə bəstəkaram, nə də buna iddialı biri. Sadəcə olaraq ürəyimdən keçən bir istək kimi "Mən və o", "Sev məni bu payız", "Açıl sabahım", "Salam, Allahım" adlı mahnıları yazmışam, vəssəlam.

- Söhbətimiz əsnasında hiss etdim ki, Allaha çox bağlısınız...

- Yanılmamısınız... Mən yaşadıqlarımdan, gördüklərimdən sonra anladım ki, nə qədər çalışsan da, özünü oda-közə vursan da, əgər Allahın rizası yoxdursa, bütün çabalar boşunadır. Tanrının istədiyinin qarşısını almağa hansı güc yetər? Əgər zərif bir çiçək zəif vücudu, nazik bir saplağı ilə daşın arasından çıxaraq boylana bilirsə, buna Allahdan başqa qadir olan varmı?

- Media haqqında fikirləriniz son sualımız olsun...

- Peşələrinə sadiq olsunlar, vicdanlarını satmasınlar. Təəssüf ki, acınacaqlı da olsa, belələri var. Bu gün böyük əksəriyyət müsahibə verməkdən qaçır, elə mən özüm də. Söhbətin içindən elə bir başlıq seçib yazırlar ki, onun hesabına layk toplasınlar. Mən qələmə dəyər verilən bir ailədə böyümüşəm, yazarları çox sevirəm və istəyirəm ki, bu sevgiyə ləkə düşməsin.

SÖZARDI: Zamanında müsahibə üçün tərəddüd etdiyim qonağımızla ünsiyyətimiz əsasında həm mədəniyyət, ziyalılıq, peşəkarlıq gördüm, həm kübarlıq, özünəhörmət, ciddi xarakter. Bütün bu keyfiyyətləri özündə daşıya bilmək də bir məharət tələb edir. Nə yaxşı ki mədəniyyətimizə xidmət edən belə mədəni xadimlərimiz var.

Tamilla M-ZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ də güclü qasırğa 31 nəfəri öldürdü

16 Mart 2025 06:23see282

Bir yaşlı Banunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var

16 Mart 2025 10:49see274

Rubio Lavrovla razılıq ƏLDƏ ETDİ

16 Mart 2025 08:56see251

Mehriban Əliyeva ilə Matviyenkonun görüşü oldu VİDEO

16 Mart 2025 19:20see250

4 bürcün qapısını böyük xoşbəxtlik döyəcək: ÇOX AZ QALDI

16 Mart 2025 09:34see231

Papa Fransiskin səhhəti yaxşılaşır

16 Mart 2025 06:32see164

Masazırdakı dueldə də qazanan olmadı

16 Mart 2025 08:18see158

Konqres “Azadlıq radiosu”nun maliyyələşdirilməsini dayandırıb

16 Mart 2025 04:02see150

Yerli problemləri beynəlxalq gündəmə daşıyan forum

16 Mart 2025 03:58see148

Unikal platforma Yeni Gündəm

16 Mart 2025 10:02see136

Lider İnter 3 cü pillədəki Atalanta nın qonağı olacaq

16 Mart 2025 15:43see136

Haber Global : Bakı Forumu təkcə Qafqaz üçün bütün dünya üçün önəmli tədbirlərdəndi

16 Mart 2025 04:01see132

Haalanddan növbəti uğur Premyer Liqada liderdir

16 Mart 2025 11:22see132

Bakıda tamet sexi yandı VİDEO

16 Mart 2025 10:01see130

Böyük Qərb şirkətləri Rusiyaya qayıtmaqdan imtina ediblər

16 Mart 2025 04:00see127

Qarın yağını yandırmaq üçün gündə neçə addım atmaq lazımdır..?

17 Mart 2025 01:08see126

“Yunayted”dən səfərdə inamlı qələbə

17 Mart 2025 00:56see126

Sahurda yeyilməməsi lazım olan 10 qida

16 Mart 2025 07:00see125

SON XƏBƏR: ABŞ və Britaniya Yəmənə hava zərbələri endirir

16 Mart 2025 04:00see125

Prezident Ərdoğan gənclərlə görüşüb VİDEO Yeni Gündəm

16 Mart 2025 23:39see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri