“Mərkəz” düşünən tamaşaçı üçün səhnə əsəri!
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ritual Teatr və Yaradıcılıq Laboratoriyasının tamaşası haqqında
Bu günlərdə emosional olaraq mənə çox güclü təsir edən, uzun müddət haqqında düşündüyüm bir tamaşaya baxdım. Bəzi səhnə əsərləri var ki, bitdikdən sonra da təsirindən çıxa bilmirsən. Çünki orada gördüklərin sadəcə aktyorların canlandırdığı obrazlar, danışılan hekayələr deyil, həyatın özündən götürülmüş, reallıqlardır. Ritual Teatr və Yaradıcılıq Laboratoriyasında dramaturq İlqar Aydının müəllifi olduğu “Mərkəz” tamaşası məhz belə səhnə işlərindəndir. Tamaşanın yaradıcı heyətində quruluşçu rejissor İlqar Aydın, rəssam Ülkər Əliyeva, surdotərcüməçi Nərgiz Hümbətli iştirak edir, rolları isə Lalə Əbdürrəhmanova, Günel Tanrıverdiyeva, Nərminə Fətullayeva, Şahbala Şahbaladov, Mariya Boqdanova və Emina Behroozi ifa edirlər
İlk olaraq Ritual Teatr və Yaradıcılıq Laboratoriyası haqqında bir neçə söz demək istəyirəm. 2020-ci ildə rejissor və pedaqoq Aynur Zərrintac tərəfindən təsis edilib Teatrın rəhbəri olan Aynur Zərrintacın ətrafında formalaşan yaradıcı mühit müxtəlif təcrübə və bacarıqlara malik insanların bir araya gəlməsinə, sosial mövzuların fərqli səhnə həlləri ilə təqdim olunmasına imkan yaradır. Düşünürəm “Mərkəz” kimi eksperimental və sosial məzmunlu tamaşanın ərsəyə gəlməsində bu mühitin və yaradıcı təşəbbüslərə açılan imkanların əhəmiyyəti böyük rol oynayır.
“Mərkəz” tamaşası qadın zorakılığı, sosial təzyiq, kollektiv susqunluq və insan yaddaşı kimi mövzulara toxunur. Dörd qadının hekayəsi vasitəsilə cəmiyyətimizdə rast gəldiyimiz bir sıra ağrılı problemlər səhnəyə gətirilir. Əsərin süjet xəttini açmaq istəmirəm; tamaşanın təsir gücünü qorumaq üçün onu izləyicinin özü kəşf etməsi daha doğrudur. Buna görə də diqqətimi çəkən quruluş, aktyor ifası və ayrı-ayrı səhnə həlləri üzərində dayanacağam.
Tamaşanın nümayiş olunduğu məkan onun bədii təsirini gücləndirən əsas amillərdəndir. Ritual Teatrı Aşurbəyovların tarixi malikanəsində yerləşir. Binanın köhnə divarları, təmirsiz səthləri və özünəməxsus atmosferi tamaşanın mövzusu ilə qəribə bir uyğunluq yaradırdı. Səhnə ayrıca, geniş teatr meydançasında deyil, kiçik bir otağın içində qurulmuşdu. Tamaşaçı ilə aktyor arasında ənənəvi sərhəd yox idi.
Rejissor məkanın darlığını məhdudiyyət kimi deyil, ifadə vasitəsi kimi dəyərləndirmişdilər. Aktyorların tamaşaçı ilə göz-gözə gəlməsi, baxışlarını onlardan çəkmədən dialoqları davam etdirməsi bu yaxınlığı daha da artırırdı. Böyük səhnədə mümkünsüz olan belə bir göz kontaktı burada təbii şəkildə baş verirdi. Personajın söylədiyi söz sanki ümumi zala deyil, birbaşa qarşında əyləşən insana ünvanlanırdı. Bu, tamaşaçıya hadisələrin kənar müşahidəçisi olmaqdan çıxararaq, emosional baxımdan bu hadisələrin içində olan biri kimi hiss etməyə imkan verirdi.
İnteraktiv quruluş məhz həmin yaxınlıqdan bəhrələnirdi. Ayrı-ayrı epizodlarda aktyorlar tamaşaçılarla dialoqa girir, suallar verir, onları rəqsə dəvət edirdilər. Beləliklə, izləyici passiv mövqedə qalmır, səhnədə baş verən hadisənin iştirakçısına çevrilirdi. Bu yanaşma konseptual incəsənətin happening istiqaməti ilə səsləşir. Belə ki, hadisə yalnız aktyorların ifası ilə məhdudlaşmır, tamaşaçıların iştirakı ilə həmin anın özündə formalaşır.
Tamaşada iştirak edən altı aktyorun hər birinin ifası məndə çox müsbət təəssürat yaratdı. Obrazların təqdimatında süni davranış, şişirdilmiş jestlər və ya tamaşaçıya özünü göstərmək cəhdi hiss olunmurdu. Əksinə, hər şey o qədər təbii və inandırıcı idi ki, bəzən səhnədə aktyorların deyil, real həyatda rastlaşa biləcəyimiz insanların danışdığını düşünürdün. Aktyorların nümayiş etdirdikləri oyun səviyyəsi, səhnə duyumu və sərbəstlik onların daha böyük səhnələrdə də uğurla çıxış edə biləcəklərini düşündürür.
Bəzi məqamlarda səhnə tamamilə boş qalır, hadisələr isə qapının arxasından, başqa bir otaqdan gələn səslərlə davam edir. Lakin bu boşluq heç də mənasız görünmür. Əksinə, görünməyən hadisələr tamaşaçının təsəvvüründə daha güclü şəkildə canlanır. Sanki bir filmin içindəsən və kameranın göstərmədiyi, amma varlığını hiss etdiyin hadisələr baş verir. Musiqi seçimləri də bu atmosferi tamamlayır. O sadəcə səhnələri müşahidə etmir, tamaşanın emosional təsirini gücləndirir.
Tamaşa zamanı masanın üzərindəki şərab qədəhinin yerə düşərək sınması maraqlı təsadüf oldu. Bu, əvvəlcədən nəzərdə tutulmuş səhnə epizodu deyildi. Ancaq aktyorlar həmin anı oyunun ritminə o qədər təbii və ahəngdar şəkildə daxil etdilər ki, tamaşaçı bunun gözlənilməz hadisə olduğunu, ssenaridə yer almadığını, demək olar, hiss etmədi. Bu çeviklik aktyorların səhnə duyumunu və tərəf-müqabili ilə əlaqəsini göstərən kiçik, amma yaddaqalan nümunə idi.
Səhnə tərtibatı və vizual həllər də tamaşanın ideyasını anlamaqda mühüm rol oynayır. Tamaşanın rəssamı Ülkər Əliyevanın səhnə tərtibatı tamaşanın məzmununu tamamlayan mühüm vizual xətt yaradır. Bu dekorlar ilk baxışdan sadə görünsə də, onların hər birinin müəyyən məna yükü var. Qadın beynini, sinir sistemini və qadın reproduktiv orqanını əks etdirən təsvirlər yalnız dekorativ element deyil. Onlar qadının həm fiziki, həm də psixoloji dünyasına, yaşadığı travmaların bədənində və düşüncəsində buraxdığı izlərə işarə edir.
Qara örtüklə örtülmüş həkim masası, üzərindəki lampa və kiçik əşyalar da diqqəti cəlb edir. Qara fon üzərində qırmızı telefonun seçilməsi təsadüfi görünmür. Qara örtüyün üzərində onun parlaq rəngi güclü vizual kontrast yaradırdı. Qırmızı rəngli bu telefon sanki təhlükə, xəbərdarlıq, kömək çağırışı və təcili müdaxilə ehtiyacını ifadə edirdi. Telefonun tamaşa boyu ayrı-ayrı məqamlarda çalması tamaşaçının diqqətini toplayır, sanki ardınca mühüm və sarsıdıcı hadisənin gələcəyini xəbər verərək izləyicidə gözlənti yaradır: görəsən, kim zəng edir, nə baş verəcək, bu çağırışa cavab veriləcəkmi? Kiçik görünən bu detal həm rəng həlli, həm də dramaturji funksiyası baxımından quruluşun əsas elementlərindən birinə çevrilmişdi.
Diqqətimi çəkən və məni təsirləndirən başqa bir vizual həll isə işarət dili ilə danışan qadının divarda proyeksiya olunan görüntüsünün nümayiş etdirilməsi idi. Bu qadının bədən dili, jestləri və mimikaları qadınların yaşadığı ağrını, incikliyi, daxili narahatlığı sözsüz şəkildə ifadə edirdi. Bu səhnə tamaşanın sosial mesajını daha da genişləndirir. Çünki cəmiyyət yalnız fiziki və psixoloji baxımdan sağlam insanlardan ibarət deyil. Həyatında travmalar yaşayan, fiziki məhdudiyyətləri olan, özünü ifadə etmək üçün fərqli ünsiyyət vasitələrinə ehtiyac duyan insanlar da bizimlə eyni cəmiyyətdə yaşayırlar. Onların da eşidilməyə, anlaşılmağa, diqqətə və qayğıya ehtiyacı var. “Mərkəz” də bu məqamın ayrıca vizual ifadə vasitəsilə təqdim olunmasını olduqca əhəmiyyətli hesab edirəm. Bu həll tamaşanın inklüzivlik haqqında düşündürən tərəflərindən biridir.
Bir qədər də mənə təsir edən səhnələrdən danışım. Tamaşanın əvvəllərində baş qəhrəmanlar olan qadınların tamaşaçıların əyləşdiyi sıraya daxil olaraq orada dayanması və eyni anda öz ağrılarını dilə gətirməsi mənim üçün ən gərgin səhnələrindən biri idi. Onların səslərinin bir-birinə qarışması, eyni anda danışmaları zalda xaotik və narahatedici atmosfer yaradırdı. Buna baxmayaraq, hər bir qadının səsindəki ağrını, söylədiyi sözlərin mənasını ayrı-ayrılıqda duymaq mümkün idi. Həmin an özümü çox qəribə hiss etdim. Ürək döyüntümün sürətləndiyini, içimdə izah edə bilmədiyim bir qorxu və narahatlıq yarandığını xatırlayıram. Sanki bu qadınların yaşadıqları ağrılar səhnədən çıxaraq birbaşa tamaşaçıların arasına gəlmişdi. Belə emosional reaksiya ssenarinin, aktyor ifasının və məkan quruluşunun birlikdə yaratdığı gərginliyin nəticəsi idi.
Sonrakı epizodlarda qadınlar öz həyat hekayəsini həkimin assistentinə danışır. Bu qadınlarıın hər birinin fərqli taleyi, fərqli qorxuları və arzuları var. İzzət qorxaq, çəkingən, başqalarının iradəsi altında yaşayan, öz həyatına sahib çıxmaqda çətinlik çəkən qadındır. Məryəm sevdiyi insan naminə öz istəklərindən, arzularından keçən, lakin sonda həmin kişi tərəfindən tərk edilən obrazdır. Fatimə erkən yaşda ailə qurmağa məcbur edilmiş, uşaqlığını, təhsilini və ən adi arzularını yaşamaq imkanından məhrum olmuş qızdır. Onu qadın adlandırmağa belə adamın dili gəlmir axı o, hələ uşaqdır. Elia isə cəmiyyətin yaratdığı stereotiplərlə, gender problemi ilə mübarizə aparır, özünü bu cəmiyyətdə təsdiqləməyə və təbii insani hüquqlarını həyata keçirməyə çalışır.
Mənə elə gəlir ki, tamaşaçı bu obrazların hər birində tanıdığı, həyatda rastlaşdığı insanları görə bilər. Bəlkə də elə buna görə onların hekayələri insana bu qədər yaxın və təsirli gəlir. Bəzi səhnələrdə göz yaşlarımı saxlamaqda çətinlik çəkirdim. Özümü sakitləşdirmək üçün bunun bir tamaşa olduğunu, səhnədə baş verənlərin aktyor oyunu olduğunu xatırlatmalı olurdum. Amma sənət əsərinin gücü də bəlkə elə bundadır: səhnədəki hadisənin bədii təqdimat olduğunu bilsən də, onun yaratdığı hisslər gerçək olur
Həkim və assistent obrazları tamaşanın başqa bir sosial qatını açır. Qadınlar son ümid yeri kimi gördükləri bu mərkəzə kömək almaq üçün gəlirlər. Ancaq həkimin münasibəti gözlənilən qayğının tam əksidir. Dörd qadının taleyi faciəvi istiqamətdə dəyişdiyi halda, o, assistenti ilə öz ailəsindən, övladından və gündəlik həyatından rahatlıqla danışır. Sanki qarşısında baş verənlər adi iş gününün bir hissəsidir. Bu təzad tamaşanın ən sərt ironiyalarından birini yaradır. Bir tərəfdə insan həyatına təsir edən ağır faciə, digər tərəfdə isə həmin faciəni adi prosedur kimi qəbul edən laqeyd münasibət.
Assistentin qadınların dərdlərini dinləyərkən göstərdiyi jestlər, mimika, sözlər və ümumi davranışı bu etinasızlığı tamamlayır. Burada tənqid yalnız qadınlara münasibətlə məhdudlaşmır. Söhbət ümumən köməyə ehtiyacı olan, xəstə və çarəsiz vəziyyətdəki insana qarşı laqeydlikdən gedir. Bu münasibəti real tibbi mühitdə də müşahidə etmək mümkündür və tamaşa həmin sosial problemi konkret obrazların davranışları vasitəsilə göstərir. Dramaturqun güclü müşahidə qabiliyyəti də məhz gündəlik həyatda rast gəldiyimiz münasibətləri səhnəyə daşımasında hiss olunur.
Tamaşanın adının “Mərkəz” olması mənə görə dərin simvolik məna daşıyır. Dörd qadın öz xatirələrindən, yaşadıqları ağrılardan qurtulmaq, həyatlarına yenidən başlamaq, yenidən doğulmaq ümidi ilə bu mərkəzə gəlirlər. Onlar burada kömək, anlayış, şəfa və qayğı gözləyirlər. Lakin qarşılaşdıqları tam əksinə olur. Bu məqam tamaşanın əsas ziddiyyətlərindən birini yaradır. Bu “ Mərkəz” qadın faciələrinin toplaşdığı mərkəz kimi görünür.
İlqar Aydının qələmə aldığı mətnin ən uğurlu cəhətlərindən biri də budur ki, tamaşa boyunca heç bir sözün, heç bir replikasının artıq olduğunu hiss etmirsən. Hadisələr bir-birini tamamlayır, səhnələr arasında gərginlik tədricən artır və tamaşaçı sonadək nələrin baş verəcəyini təxmin edə bilmir. Final isə həqiqətən gözlənilməzdir. Hətta süjetin inkişafı və sonluğun quruluşu mənə görə Hollivud filmlərinə meydan oxuyacaq gücdədir. Daha maraqlısı isə odur ki, bu qədər təsirli və gözlənilməz süjet kiçik bir teatr məkanında, məhdud səhnə imkanları ilə təqdim olunur.
Tamaşanın sonunda qadınların şüalanmaya məruz qalaraq başqa bir canlı formaya – itə çevrilməsi mənim üçün ən sarsıdıcı məqamlardan oldu. Bu sonluğu birbaşa yalnız fantastik səhnə həlli kimi qəbul etmək çətindir. Mən burada daha çox acı bir ironiya , faciəvi sonluq gördüm. Cəmiyyətimiz bəzən problemləri, travmaları, ağrıları olan qadınları dinləyərək kömək etmək əvəzinə, yox saymağa üstünlük verir. Onların yaşadıqları problemlərin həlli üçün məsuliyyət götürməkdənsə, yoxluqlarını daha asan qəbul edir. Cəmiyyətin qəbul etmədiyi taleyi gətirməyən bu bəxtsiz qadınlar sonda elə həmin cəmiyyətin tullantısı hesab edilir. Bu, əlbəttə, mənim tamaşadan aldığım təəssürat və finala verdiyim yozumdur. Müəllif isə bu səhnə ilə tamaşaçının qarşısında açıq sual qoyur və hər kəsi öz cavabını tapmağa dəvət edir.
Final səhnəsində itlə çevrilmiş qadın obrazlarının tamaşaçılara üzərində “Mərkəz məxfi” yazılmış zərflər təqdim etməsi bədii hadisə ilə real həyat arasında körpü yaradır. Zərflərin içərisində zorakılığa məruz qalmış və öldürülmüş qadınlarla bağlı faktların, tarixlərin yer alması tamaşanın təsirini daha da artırır. Çünki bu məqamda artıq söhbət yalnız səhnədə yaradılmış obrazlardan getmir. Tamaşaçı qarşısında real insanların taleləri, yaşanmış faciələr dayanır. Beləliklə bədii mətnin içindən çıxaraq gerçək həyatla üz-üzə qalırıq. Bu faktlar tamaşanın qaldırdığı problemin uydurma olmadığını, gündəlik həyatımızın bir parçası olduğunu xatırladır.
Mərkəz” mənim üçün sadəcə qadın zorakılığından bəhs edən tamaşa olmadı. O, insanın ağrısına münasibət, cəmiyyətin məsuliyyəti, laqeydliyin nəticələri, köməyə ehtiyacı olan insanı görmək və eşitmək haqqında düşündürən bir səhnə işi idi. Tamaşanın qaldırdığı mövzular yalnız bir ölkəyə, bir cəmiyyətə aid deyil. Qadınlara qarşı zorakılıq, psixoloji travmalar, sosial stereotiplər, insan talelərinə laqeydlik dünyanın müxtəlif yerlərində mövcud olan problemlərdir. Bu baxımdan tamaşa həm yerli, həm də ümumbəşəri məna daşıyır.
Məncə, teatrın əsas missiyalarından biri də elə budur: tamaşaçıya yalnız gözəl səhnə mənzərəsi göstərmək deyil, onu düşündürmək, narahat etmək, bəzən özünə və ətrafına başqa tərəfdən baxmağa vadar etmək. “Mərkəz” bu mənada öz məqsədinə çatır. Tamaşa bitdikdən sonra da insanın zehnində suallar qalır, gördüklərini yenidən düşünür, gündəlik həyatda bəlkə də diqqət etmədiyi hadisələrə başqa gözlə baxmağa başlayır.
Düşünürəm ki, tamaşanın bəzi təsirli səhnələrini sözlə tam ifadə etmək mümkün deyil. Ona görə də süjetin bütün təfərrüatlarını açıqlamadan, sadəcə bir tövsiyə vermək istəyirəm: “Mərkəz” tamaşasına baxın! Ən azı bir dəfə. Çünki bəzən səhnədə gördüyümüz hadisələr bizə həyatda görməzdən gəldiyimiz həqiqətləri xatırladır. Və yaxşı tamaşa da elə izləyicini zalda qoyub getməyən, onunla birlikdə evə gələn, uzun müddət düşüncələrindən çıxmayan tamaşadır.
“Mərkəz” düşünən tamaşaçı üçün qurulmuş, izləyicini emosional baxımdan sarsıtmaqla yanaşı, fikrə sövq edən səhnə işidir !
Sədaqət Zaurqızı
sənətşünas
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 21 Noyabr 2026 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















