Icma.az
close
up
RU
MƏŞƏLLƏRİ YANAR GÖRMƏK İSTƏYƏNLƏRƏ EHTİYACIMIZ Rafael Hüseynov yazır

MƏŞƏLLƏRİ YANAR GÖRMƏK İSTƏYƏNLƏRƏ EHTİYACIMIZ Rafael Hüseynov yazır

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Rafael HÜSEYNOV
Akademik

Azərbaycan gərək o insanlara həmişə minnətdar ola! Tarixin dəyişən vaxtı idi, yeni zaman gəlirdi. Qaranquşlara "yazın müjdəçisi" söyləyirlər, bahar ilk olaraq onların qanadında, bənövşələrin ləçəklərində gəlir deyirlər. Bu qaranquş varlıqlar da Azərbaycanı, milləti yeni zamana kökləyənlər oldular. XIX yüzil bitir, XX əsr yaxınlaşırdı. Dünya təzəliklərə hamilə idi və Bakıda 1873-cü il mart ayının 10-da möcüzə baş verdi - Azərbaycanda ilk dəfə teatr tamaşası göstərildi.

 Əslində Azərbaycan teatrının yaşı əsrlərin uzaqlarında itir. Meydan teatrı, xalq tamaşaları, şəbihlər milli teatrımızın ulu babası idi. Ancaq XIX yüzil bitəbitdə idi, XX əsr qapını döyürdü. Dəyişən dünyanın ortaya qoyduğu mədəni dəyərlərdən biri də Avropa tipli teatr idi və bu gözəllik də başqalaşan zamanın nişanələrindən biri kimi Azərbaycana təşrif gətirirdi. 1873-cü ilin Novruzunun ərəfəsində Azərbaycanın böyük "əkinçisi" Həsən bəy Zərdabi Azərbaycan teatrının da əslində təməlini qoyan ilklərdən olur. Onun mədəniyyət əkinçiliyinin başlıca hadisəsi iki il sonra baş verəcək, əvvəlinci anadilli qəzetimiz "Əkinçi" ilk dəfə işıq üzü görəcək, xalqımız çağdaş mətbuatın da sahibi olacaq. Ancaq 1873-cü il idi. Yeni vaxtın nəbzindən tutmağa hər kəsdən daha artıq həssaslıqla yanaşan Həsən bəy Zərdabi izahsız fəhmlə bunu da hiss edirdi ki, gərək millətin müasir teatrı da ola. Dərs dediyi öyrəncilərin arasından həvəskar aktyorları yetişdirə bilmişdi. 1873-cü il yaz ağzı idi. Həsən bəy Zərdabi ilə bərabər, XIX yüzilliyin sonlarında mədəniyyətimizin ağır və şərəfli yükünü çəkməyə çiyin verəcək Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və digər fədakarlar ilk teatr tamaşamızı göstərirdilər.

O tamaşanın afişası da qalıb: rollar, qarşısında həmin tamaşada o rolları ifa edəcəklərin adları. Onların hər biri ehtirama layiqdir. Bəzilərini zaman unutdurub. Ancaq gərək heç biri yaddaşlardan silinməsin. O başvermişlər sadə tarixlər deyil. Bunlar Azərbaycanın yeniləşməsinin, xalqın təzə zaman içərisində vaxtın təklif etdiyi mədəni dəyərlərə sahibliyinin, sabaha doğru çağdaş millət kimi inamla addımlaya bilməsinin sevgiylə yaradılan özülü idi.

Dünyanın üstün düşüncə və ilham sahiblərindən olan Viktor Hüqonun səhnə haqqında müdrik sözləri var ki, teatr gerçəklərin dünyası deyil, teatrda ağaclar kartondandır, səma adicə parçadan düzəldilir, saraylar rəsm olaraq çəkilmədir, brilyantlar şüşədir, qızıllar saxtadır, insanların sifətindəki qırmızılıq da təbii deyil, o da boyanmadır.

Amma davam edir ki, teatr həm də gerçəklərin dünyasıdır. Çünki səhnədəki insan ürəkləridir, pərdə arxasında insan könülləridir, tamaşa salonunda insan qəlbləridir.

Və teatr haqqında ən köhnə əsrlərdən bugünə qədər gəlib çatan bir başqa müdrik düşüncə də var ki, əgər səhnəyə baxanda sən orda aktyorları görürsənsə, bu, pis teatrdır. Əgər səhnəyə baxanda sən orda həyatın özünü və insanları görürsənsə, demək, yaxşı teatrdasan.

Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və az zaman ötdükcə bir-bir onların ardınca gələcək Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Mirmahmud Kazımovski, Hacıağa Abbasov, Sidqi Ruhulla, Hüseynqulu Sarabski və onların neçə-neçə silahdaşı bircə-bircə bizim teatr mülkünün kərpiclərini düzərək divarlarını ucaldırdılar.

Bu şərəfli sırada isə adı həmişə fəxr və minnətdarlıqla anılmalı bir azmanımız da Cahangir Zeynalovdur.

Cahangir Zeynalov səhnəyə Həsən bəy Zərdabinin, Nəcəf bəy Vəzirovun açdığı yolla irəliləyən fədailərin hamısından daha erkən gəlib - 1885-ci ildə.

Gəlib və ömrünün axırınacan da səhnə, teatr onun ən böyük məhəbbəti olub.

Onlar teatra,səhnəyə əfsun kimi baxırdılar və tale də, vaxt da onları bu səhnədə sehrlər yaratmaq üçün ezam etmişdi.

Mirmahmud Kazımovskinin də, Hüseyn Ərəblinskinin də adları çəkilincə həmişə göz önündə teatrımızın müqəddiməsi, qarşıdan yağan məşəqqət daşlarına sinə gərərək irəliləyən əyyamları canlanır. Ancaq Mirmahmud Kazımovskinin öz əli ilə yazdığı xatirələri qalıb. Yolunun başlanğıcını xatırlayır, səhnə ilə necə qovuşmasının tarixçəsini nəql edir və bəlli olur ki, həmin çağlarda Kərbəlayı Cahangir Zeynalov artıq təcrübəli aktyormuş və onun da, Hüseynbala Xələfovun - Ərəblinskinin də böyük səhnəyə aparan yolunu açanlardanmış.

1880-1890-cı illərdə Azərbaycan teatrı hələ peşəkarlaşmağa doğru ilk addımlarını atırdı. Teatr aludələri, özünü səhnəyə həsr etmək həvəsində olanlar azdısa, onların özünü ifadə edə bilməkçün çıxacaqları səhnələr daha qıt idi. Tamaşaları göstərmək üçün meydan tapmaq həmişə müşkül idi və Cahangir Zeynalov yalnız ürəyini, düşüncəsini, bütün varlığını deyil, yaşadığı mülkünü də teatra qurban etmişdi.

O, tək Azərbaycanda deyil, Azərbaycanı o zamanlarda əhatələyən və teatra az-çox meyl göstərən yaxın-uzaq ölkələrin bir çoxundan fərqli olaraq, öz evində teatr açan ilklərdəndi.

Kərbəlayının evi o zamanlar Çadralılar adlanan indiki Mirzağa Əliyev küçəsi ilə ovaxtkı Bazar, sonrakı Hüsü Hacıyev, indiki Azərbaycan küçələrinin kəsişəcəyində yerləşirdi: ikimərtəbəli mülk idi və həmin imarətin üst qatında xalılarla bəzədilmiş, yuxarı başında bədənnüma ayna olan böyük zal varmış ki, həmin iri yerə döşənən xalçalar əks olunduqca sanki otaq içəridən bir az da böyüyür, elə nəhəng teatr salonuna oxşayırmış. İllah da ki, bunu ilk dəfə görən, özü də teatr vurğunu bir yeniyetmə ola.

Mirmahmud Kazımovski şahidlik edir ki, günlərin birində müəllimimiz Sultan Məcid Qənizadə bizə söyləmişdi ki, filan gün, filan saatda, filan ünvana, yəni Kərbəlayı Cahangir Zeynalovun evinə gələsiniz.

Yada salırdı ki, ürkək-ürkək qapını döydük, açdılar, bizi ikinci mərtəbəyə dəvət etdilər. İri bir otaq idi, içəridə ikimizdən - Hüseynlə məndən başqa heç kəs yox idi; əyləşdik, öz aramızda danışırdıq ki, yaman işə düşmüşük, görəsən, burda bizi nə gözləyir, nə təklif edəcəklər? Bu əsnada şıq geyinmiş bir kişi əlində iki stəkan çay bizə yaxınlaşdı. Əvvəlcə elə zənn etdik evin qulluqçusudur. Çayları qabağımıza qoyandan sonra gülə-gülə dedi ki, özünüzü rahat hiss edin, bura məktəb deyil, biz yoldaşıq, mən artistəm, siz də dönüb artist olacaqsınız, nə təklif, nə təkəllüf?! Siz çayınızı için, bu saat obiri yoldaşlar da gələr, rolları paylayıb məşqə başlarıq.

Mirmahmud Kazımovski etiraf edirdi ki, o vaxt biz hələ nə "təklif-təkəllüf"ün nə demək olduğunu anladıq, nə də "artist"in nə demək olduğunu başa düşdük. Çox keçmir ki, digər dəvətlilər, o sıradan elə Mirmahmudgilin müəllimi Sultan Məcid Qənizadə də gəlib çıxır, uşaqları "Məktəbimizin tələbələridir, bizim oyunda iştirak edəcəklər" deyə məclisdəkilərə təqdim edir.

O axşam Kəblə Cahangirin mənzilinə toplaşmalı olanların hamısı yığılandan sonra hazırlamaq istədikləri "Lənkəran xanının vəziri" tamaşası üzrə rol bölgüsünə başlayırlar. Həmin yığıncağa gəlib rol alanların arasında Həbibbəy Mahmudbəyov, Əşrəf Cəbrayılbəyov, Teymurbəy Həbibbəyov, Yusif Ağayev və bir neçə başqası da varmış.

O təşəbbüskar, o işıq daşıyıcısı insanları düşünürəm və xatirimə gətirirəm tələbəlik dövrümü, aspirantura çağlarımı - 1970-ci illəri, 1980-lərin əvvəllərini. O vaxt köhnə teatrımızla bağlı bir çox sənətkarlar, başda Qulam Məmmədli olmaqla səhnə dünənimizin hər cikinə-bikinə bələd sənətşünaslar, qələm adamları həyatdaydılar, o tarixlər sanki lap yaxındaydı və Kərbəlayı Cahangir Zeynalovun ev teatrına gəlmiş adamlar ki adlarını sadaladım, bu qəbildən olan insanları onlara əlavə izahatla tanıtmağa lüzum yoxdu. Hamısını tanıyırdılar, bilirdilər, hər birinin haqqında soruşulunca neçə xatirəni dilə gətirirdilər. Onlar gedib, XIX yüzilin sonları, XX əsrin əvvəlləri də elə bil bizlərdən əslində olduğundan ikiqat uzaqlaşıb.

Amma sadalanan o adlar, o təmənnasız fədailər, o səhnə məftunları, o mədəniyyət qurucuları gərək bu gün də bilinə axı. O zümrədən olan insanları tanımadıqca qazandıqlarımızın hamısının elə göydən nimçədə hazır düşməsi təsəvvürü dərinləşər, babasızlaşaraq cılızlaşarıq.

Mənim arzumdur ki, Bakıdakı ənənəli teatr binalarımızın divarlarında küçədən keçənlərin diqqətini özünə cəlb edən sıra-sıra adlar yazılsın. O adlar ki, onlar ömürlərini millətə həsr ediblər, irs yaradıblar, iz qoyublar. Qoy o divarlarda daim göz qabağında olan bu adları tez-tez görək, alışaq ki, eşidəndə nabələd kimi gözümüzü döyməyək.

...Həmin axşamda Hüseynə də, Mirmahmuda da balaca rollar tapşırmışdılar, siftələrini etmişdilər.

Çox keçməyəcək, hər ikisi tanınacaq, şöhrətlənəcək, illər ötdükcə Azərbaycan teatrının bir çox parlaq səhifələri onların adı ilə bağlanacaq. Ancaq yol başlanırdı və onlara bələdçilik edənlər sırasında öndə olanlardan biri Cahangir Zeynalov idi.

Bunu ona görə qabardıram ki, Cahangir Zeynalovun teatr, mədəniyyət tariximizdəki aparıcı, yönəldici mövqeyi bir az da dərindən duyulsun.

Yer üzünün harasında və zamanın hansı uzaqlığında yaşamasından asılı olmayaraq, bütün sənət adamlarının ruhən və talecə qohumluqlarının bir sübutu da onların əksərinə ömürləri boyu kasıbyana güzəranın qismət olması, dolanışıqlarını zorla yola verməsidir. Fəqət Cahangir Zeynalov bu babətdən məslək dostlarının hamısından fərqlənib.

O, 1865-ci ildə anadan olmuşdu və elə bir ailədə dünyaya göz açmışdı ki, onu firavanlığın, qayğısız həyatın gözlədiyi şəksizdi. Atası Məşədi Rza zəngin bir tacir idi, evdə də nəvazişlə əhatə olunmuş qoşa qardaş idilər - Cahangir, bir də Tağı. Ancaq bəxt kəc gətirir, Məşədi Rza dünyasını tez dəyişir və o, vəfat edəndə Cahangir üç, böyük qardaşı altı yaşında idi. Amma başsız qalsalar da, sıxıntısız yaşaya bilmələri üçün Məşədi Rzadan miras qalan yetərincə mal-dövləti, xeyli dükanları vardı. Cahangir də böyüyüb müstəqil addımlamağa başlayanda korluq çəkmədi. O da ailə ənənəsini davam etdirdi, atası kimi tacir oldu və adı Bakının imkanlıları sırasında idi.

Onun zənginliyinə xüsusi yaraşıq olan genişqəlbliliyi və əliaçıqlığından teatrımız da, mədəniyyətimiz də, sənət yoldaşları da qazandılar.

Cahangir Zeynalov onunla yoldaşlıq edən aktyorların hamısına yardım edirmiş və daim də cibində balaca dəftərçəsi varmış. Yəni adətən aktyorların, rejissorların hərəsinin onsuz da yanında gəzdirdiyi cib dəftərçəsi olardı. Orada tamaşalarla bağlı qeydlərini edər, əsasən də rolların sözlərini yazardılar ki, hər girəvə düşəndə oxuyub təkrarlaya bilsinlər.

Cib telefonları epoxası o cib dəftərlərinin də axırına çıxdı.

Ancaq Cahangir Zeynalovun cibindəki dəftərçə başqa aktyorların teatr bloknotlarından deyilmiş. Bu, bir borc dəftəri idi. Əli aşağı olan aktyorlar adətən ona üz tutar, Cahangir də heç vaxt borc verməkdən imtina etməzmiş. Cahangirin yan-yörəsindəki həvəskar aktyorların da əlinə pul yalnız o zaman gəlirdi ki, hansısa tamaşa göstərilirdi, biletlər satılırdı, yığılan vəsaitdən icarəyə götürülən binanın, geyimlərin haqqı ödənəndən sonra nə qalırdısa öz aralarında bölüşürdülər.

Və borcverən Cahangirin nəcib Cahangirliyi də həmin borcqaytarma gedişində bir daha üzə çıxırmış. Aktyor yoldaşları ondan beş gün, on gün əvvəl götürdükləri borcu qaytarıb yüngülləşməkçün onun yanına gələndə Cahangir Zeynalov açırmış həmin məşhur borc dəftərçəsini, verdiyinin yarısını alır, qalan məbləğin üstündənsə xətt çəkirmiş.

Aktyor Hacıağa Abbasov xatırlayırdı ki, başqalarına belə güzəşt etdiyi halda Hüseyn Ərəblinskinin ona borclarını çox vaxt heç geri almazmış.

Bir qayda olaraq, teatrın icarə haqqı toplanan vəsaitdən ödənərmiş, Cahangir Zeynalovsa aktyorlara əldə olunan gəlirdən daha çox pul düşsün deyə bina haqqını da öz cibindən verirmiş.

Bir müddət "Səfa" məktəbində dərs deyirmiş, orda ən çalışqan uşaqlardan birinə verilməsindən ötrü təqaüd təyin edibmiş.

Yəni mədəniyyət və maarif adamı, sevilən aktyor olmaqdan savayı, o, həm də xeyriyyəçi, himayəçi, teatr qayğıkeşi idi.

Və Cahangir Zeynalov səhnə keçmişimizin o nadir adamlarındandır ki, müasirləri arasında səhnə fəaliyyətinin yuvarlaq ildönümü qeyd edilən tək sənətkar olub.

...Bir dağın o biri dağa nisbətən yüksəkliyi zirvələrin ucalığına görə bilinər. Hacıağa Abbasov Azərbaycan teatr tarixinin patriarxlarından idi. XX yüzilin başlanğıcındakı böyük tərəqqisini yaşayan Azərbaycan teatrının ən sadiq cəfakeşlərindən biri Hacıağa Abbasov idi və onillər boyu çiyinlərində teatrımızın sanbalını daşıyan ən qabaqcıl aktyorlardan oldu. Elə Hacıağa Abbasov da yolunun lap əvvəlində rast düşdüyü Cahangir Zeynalovdan artıq bir klassik kimi bəhs edirdi. İllər sonra həmin günlərə qayıdan Hacıağa Abbasov xatirələrini qələmə almışdı. O yaddaşlar 1901-ci ilə aparır. Hacıağa Abbasov yazır ki, məktəbli idim, günlərin birində İsgəndər bəy Məlikovun mənzilində toplaşmışdıq, yığışmanın səbəbkarı müəllimlərimiz idi və məqsəd də ondan ibarət idi ki, şagirdlərin gücü ilə müəllimlər və valideynlər üçün Mirzə Fətəlinin "Mürafiə vəkilləri"ni göstərək.

Təsadüfdən həmin tamaşaya baxanların arasında Cahangir Zeynalov da varmış. Tamaşa qurtarandan sonra Cahangir Zeynalov razılığını bildirir, ancaq Hacıağanı xüsusi tərifləyir və söyləyir ki, sənin yerin teatrdır.

Yeniyetmə Hacıağa Abbasovun xatırladığı bu hadisə baş verəndə Cahangir Zeynalovun vur-tut 36 yaşı vardı, cavan bir insandı. Ancaq yalnız yeniyetmə, gənc olan Hacıağa Abbasov deyil, elə çoxları, hətta yaşıdları belə Cahangir Zeynalova artıq ağsaqqal, canlı klassik kimi baxırdılar və haqları da vardı. Çünki Cahangir Zeynalov teatrda, mədəniyyət sahəsində fəaliyyətləri ilə yanaşı, cəmiyyət həyatında qabaqda gedən insanlardandı. Hacıağa Abbasov xatirəsində bunu da vurğulayır ki, onun səhnəyə gəlməsinin əsas səbəbkarı Cahangir Zeynalov olduğu kimi, Mirzağa Əliyevin, Hüseynqulu Sarabskinin və bir çox başqalarının da teatra bağlanmasının baisi məhz yenə həmin böyük şəxsiyyət olub.

Hacıağa Abbasov Cahangir Zeynalovun böyüklüyünü, gənclərə səxavətlə yol açmasını, havadarlığını bu təfərrüatla da dəqiqləşdirir ki, Mirzağa Əliyev babat saz çala bildiyinə görə "Yağışdan çıxdıq, yağmura düşdük"də Kərbəlayı ona Vəlini oynamağı tapşırıbmış və oyununu da bəyənərək tərifləyibmiş. Sonralarsa ona ən çox sevdiyi Hacı Qara və Hacı Qəmbər rollarını etibar edibmiş.

Uzun səhnə ömrü boyunca Cahangir Zeynalov çox surətlər yaradıb və o çağın həm rusdilli, həm anadilli mətbuatında heyran təəssüratlar qalmaqdadır, özü də Cahangir Zeynalov aparıcı, baş qəhrəman rollarını az oynayıb, ifa etdiyi rolların çoxu nisbətən kiçik, bəzənsə epizodik surətlərdir. Amma elə oynayıb ki, hər tamaşadan sonra rəylərdə mütləq Cahangir Zeynalov haqqında müsbət təəssüratlar əksini tapıb. Hətta sözsüz rolları belə elə yaradıb ki, ona biganə qalmaq mümkün olmayıb.

Qulam Məmmədlinin ruhu şad olsun! 1968-ci ildə Cahangir Zeynalovun həyat və yaradıcılığı haqqında sənədlər toplusunu buraxıb, orda 1896-cı ildə "Tərcüman"dan başlayaraq ta 1918-ci ilin martında çıxan "İttihad" qəzetinəcən illər, aylar üzrə ən müxtəlif nəşrlərdə yer alan tamaşaçı, tənqidçi müşahidələrini sıralayıb. Cahangir Zeynalovun bir sənətkar olaraq kimliyi və necəliyi o rəylərdən duyulur. Həm də bu yazılar aktyorun bütöv surətlər qalereyası haqda dolğun təsəvvür yaradır. Ancaq il-il irəlilədikcə bu qənaət də qətiləşir ki, Cahangir Zeynalov səhnə ömrü boyunca ifa etdiyi çoxsaylı rollardan ikisinə qəlbən vurğunmuş. Mirzə Fətəli Axundzadənin "Mərdi-xəsis"indəki Hacı Qara və "Yağışdan çıxdıq, yağmura düşdük"dəki Hacı Qəmbər. Aktyorlardasa sevimli rolları ilə bağlı qeyri-iradi qısqanclıq olur, onu başqasına güzəştə getməkdən həmişə qaçırlar. Cahangir Zeynalov isə hər iki əziz rolunu ifasını bəyəndiyi və gələcəyinə çox ümidlər bəslədiyi Mirzağa Əliyevə həvalə edəcək qədər könlüaçıq ola bilmişdi. Daha dəqiqi - bu rolları cavan həmkarına həvalə deyil, hədiyyə etmişdi.

Cahangir Zeynalov haqqında düşünürkən, onu "böyük" deyə qiymətləndirirkən bu böyüklüyü şərtləndirən digər amilləri də mütləq xırdalamaq lazımdır.

Azərbaycan teatrı hələ gənc idi. Onun öyrənməyə, püxtələşməyə, yetkinləşməyə ehtiyacı çox idi. Cahangir Zeynalov hansısa teatr məktəbi keçməmişdi, Allahın verdiyi fitri istedadın, bir də zəhmətkeşliyinin sayəsində belə ustalıqla yaratmağı bacarırdı.

Ən əvvəl özündə təhsilsizlik, məktəbsizlik boşluğunu hiss etdiyindən çalışırmış ki, səhnəyə yeni gələnlər, xüsusən də yeniyetmələr, gənclər biliklənsinlər, səhnənin sirlərinə peşəkarcasına yiyələnsinlər.

O, təvazö ilə özünü həvəskardan artıq hesab etmirmiş. Hərçənd oynadığı tamaşaları təhlil edənlər onu elə ən yüksək peşəkarlara bərabər tuturmuş.

"Kaspi" qəzeti 1903-cü il 12 fevral sayında Tağıyev teatrında 2 gün əvvəl göstərilmiş 2 tamaşadakı aktyor oyununa belə qiymət verirdi: "Aktyorların ifasına gəlincə, bizim yeni yaranmaqda olan müsəlman truppasının böyük müvəffəqiyyətlərinə yalnız sevinmək lazımdır. Səhnə, sözün birbaşa mənasında, sənətdə zəngin təcrübəsi olan peşəkar aktyorların ifası təəssüratını yaradır. Cahangir Zeynalov kimi bir həvəskar istənilən truppada layiqincə çıxış edə bilərdi".

1904-cü il noyabrın 28-də "Bakinskie izvestiya" qəzeti "Yağışdan çıxdıq, yağmura düşdük"dən sonra təsdiqləyirdi: "Cahangir Zeynalov havalanmış qoca Hacı Qəmbər rolundakı öz nümunəvi oyunu ilə kütləni digər aktyorları unutmağa vadar etdi".

1907-ci ilin dekabrında çıxan qoşa - 187-188-ci nömrəsində "Tazə həyat" "Ağa Məhəmməd şah Qacar" tamaşasından sonra yazırdı: "Ərəblinski, Zeynalov, Şərifov, Sarabski və Bədəlbəyov hamısı bir-birindən yaxşı öz rollarını ifa edirdilər".

1911-ci ilin 21 noyabrında "Yeni İrşad" "Sultan Əbdül Əzizin xəl`i" faciəsinin nümayişini təhlil edərək heyrətlənirdi: "Şeyxəlislam Həsən Xeyrulla əfəndi rolunu müqtədir məzhəkə aktyorlarımızdan Zeynalov cənabları ifa edirdi. Zeynalovun bu dərəcədə oynamasını heç kim gözləmədiyi halda mən də gözləmirdim. Çünki məzkur daima məzhəkə rollarını oynayıb, səsini çıxartdığı kimi gülmək səsi teatrı basardı. Bu rolda nəinki güldürmək, qoca bir şeyxin qəlbən söylədiyi nitqi nə qədər insanə təsir edirdisə də, Zeynalovun dəxi eyni halətində sözləri insana təsir edirdi".

Di gəl, nə qədər tərifli sözlər yazılsa, nə qədər alqışlar qopsa da, ağıllı, həyatı yaxşı bilən Cahangir Zeynalov dərk edirdi ki, fitri istedad lap aşıb-daşsa da, mütləq durmadan öyrənmək, savad artırmaq, bilik genişliyi vacibdir.

O dövrdə Tağıyev teatrını uzun müddət üçün Polonski soyadlı bir nəfər icarəyə götürübmüş və orda rusdilli tamaşalar gedərmiş. Həmin rusca tamaşalar verənlər arasındakı çox püxtə aktyor Pyotr Krayevskini Cahangir Zeynalov bəyənir, ən yaxşılardan biri sayırmış və haqqını ödəyərək onu ara-sıra dəvət edirmiş ki, türkdilli gənc həvəskar aktyorlara ustad dərsləri keçsin, təlimlər versin.

Hacıağa Abbasov Cahangir Zeynalovu xatırlayarkən bunu da yada salırdı ki, günlərin birində o, yenə özünün teatr salonuna çevirdiyi məşhur mənzilində aktyorları toplayıbmış, hansısa tamaşaya hazırlıq tədarükləri edilirmiş. Bu arada bir qonaq gəlir və həmin müsafir də kim ola - Şəkidən Rəşid bəy Əfəndiyev.

O, əliboş da deyilmiş, özüylə "Qan ocağı" adlı pyesini gətiribmiş. Hacıağa Abbasovun yadına düşürdü ki, həmin pyes oxundu, hamı bəyəndi, qərar oldu ki, gələcəkdə bunu oynayaq. Ancaq Rəşid bəy Əfəndiyev "Qan ocağı"ndan başqa özü ilə yenicə çap olunmuş "Bəsirət ül-ətfal" və "Uşaq bağçası" dərsliklərini də gətirmişdi.

İş ondadır ki, Rəşid bəy Əfəndiyev ədibliyi ilə yanaşı, kamil müəllim idi və onun adı Azərbaycan məktəbinin tarixində həmişə yaşayacaq. O, Azərbaycan balaları üçün ilk anadilli dərslikləri yazanlardan idi. Hacıağa Abbasovun təsvir etdiyi həmin gündə Rəşid bəy kitabları Cahangir bəygilə onunçün gətirmişdi ki, satışına kömək göstərilsin və söz yox ki, yığılan vəsaiti də sonra yenə maarif işinə sərf edəcəkdi.

Cahangir Zeynalov neyləyir? Çıxarıb 250 manat verir, kitablardan 250 nüsxə alır və cibindən pul verir. Həmin kitablardan 250 nüsxəni alır və aktyor yoldaşlarından da təvəqqe edir ki, bu kitabları aparıb Zabrat, Balaxanı və Ramanada gecə kurslarında oxuyan fəhlələrə havayı paylasınlar.

Yəni bu insanın teatr da qarışıq bütün digər fəaliyyətləri ilə amalı, məqsədi millətin gözünü açmaq, yurdun işığını artırmaq idi. Bu yolda olanını da, canını da əsirgəmirdi.

O, Bakının əsas maarifçilik ocaqlarından sayılan "Nicat" cəmiyyəti ilə bağlı idi. "Nicat"ın mülkü köhnə Bakının o vaxt Spasskivə Qubernski adlanan (indiki Zərgərpalan və Nizami) küçələrinin tinində, "Nicat" cəmiyyətinin bir qərargahı sayılacaq binada yerləşirmiş. Həmin mülkün təmirə ehtiyacı varmış. O cəmiyyətin hamıya aidliyini hər kəsə anlatmaqçün Cahangir Zeynalov bir başqa dərs də verir. Pulun çox hissəsini özü qoyur, amma camaatı da gücü çatan qədər ianələr ayırmağa cəlb edərək 2500 manat toplamağa müvəffəq olur, həmin mülkün təmirini başa çatdırır.

Başqalarını maarifləndirmək yolunda çalışan Cahangir Zeynalov özü də usanmadan yenini öyrənməyə can atırmış. Təbii ki, o dövrdə rus teatrının səviyyəsi daha yüksək idi. Həm onların Avropa teatrları və sənətkarları ilə əlaqələri vardı, həm də Rusiya teatrlarında yüksək peşəkarlıqlı, təhsilli rejissorlar, aktyorlar yetərincə idi. Oralardan vaxtaşırı Bakıya səfər edən truppalarla Cahangir Zeynalov əməkdaşlıq edirmiş. Elə Bakıda fəaliyyət göstərən rus teatrlarına da mütəmadi baş çəkirmiş. Ruscanı da yaxşı bilən Cahangir Zeynalov həmin tamaşaların bəzilərində rollar alırmış, cavan aktyor yoldaşlarını da rus aktyorlarla səhnə bölüşməyə cəlb edərmiş. Məqsəd daha təcrübəli aktyorlarla bir səhnədə oynayaraq daha da bişkinləşmək, səriştə artırmaqdı.

Cahangir Zeynalovun hər sifətinə bələd olan Hacıağa Abbasov onun bir ümdə məziyyətindən də xələfləri agah edir. Xəbər verir ki, Cahangir bəy çox cəsur, mərd, ötkəm, iradəli adammış, varlılardan, qoçulardan qorxub-çəkinməz, yeri gələndə onların üzünə sözü şax deyərmiş.

Hacıağa Abbasov bunu da əyan edir ki, Suraxanski (indiki "Bir may") və Bazar (indiki Azərbaycan) küçələrinin tinində bir mədrəsə varmış. Ora "Hacı Hacıbaba mədrəsəsi" deyərlərmiş. Həm ora, həm də həndəvərdəki məscidlər Cahangir Zeynalovun tez-tez baş çəkdiyi yerlərmiş. Getməyinin məqsədi ibadət deyildi. Əvvələn, oynadığı, səhnəyə hazırladığı tamaşalarda ruhani surətləri də vardı, istəyirmiş ki, bilavasitə müşahidə etsin, ayrı-ayrı cizgiləri müşahidə edib ifasına köçürsün. Amma məsələnin digər tərəfi də vardı. Gedirmiş və çox zaman mübahisələrə başlayırmış. Xüsusən həmin "Hacı Hacıbaba mədrəsəsi"ndə.

Cahangir bəy dinə biganə deyildi, Allahına, peyğəmbərinə də inanan adamdı. Ancaq mövhumatın, cəhalətin də qəti əleyhdarı idi. Elə mövhumatın, cəhalətin əksinə olduğundan da teatra belə möhkəm bağlanmışdı. Çünki teatra, səhnəyə cəhaləti qovmağın, insanların gözünü açmağın ən qısa körpülərindən biri kimi yanaşırdı. Həmin mədrəsəyə yollanırmış, höcətləşirmiş, istəyirmiş ki, orda tədris aparanlar özləri də mövhumata uymasınlar, uşaqların da beynini zədələməsinlər.

Hacıağa Abbasov Cahangir Zeynalov haqqındakı xatirələrini söyləyəndə, qələmə alanda (yazısı da qalıb, səsi də) artıq sinli insan idi, Cahangir Zeynalovun yaşamış olduğu ömürdən də uzun ömür sürmüşdü.

Ağsaqqal bir insan Cahangir Zeynalovu anırdı, dönüb olurdu yeniyetmə, onu elə ilk gəncliyindəki valehliyi, heyrəti ilə anırdı. Çünki onun və onun kimi neçə-neçə başqalarının bu mərtəbəyə gəlib çatmasının əsas səbəblərindən biri Cahangir Zeynalovun nümunəsi olmuşdur.

Bütün gərəkli və dəyərli əməllərinin yanında Cahangir Zeynalov ömrü boyu həm də beləcə, varlığıyla örnək, ibrət olmağı həmişə bacardı.

...Bir millət olaraq hər birimiz və ömrünü Azərbaycan teatrına həsr etmişlərinsə istisnasız olaraq hamısı Mirzə Fətəli Axundzadəyə borcludur.

 O vaxt da - XIX yüzilliyin sonlarında da, XX əsrin əvvəllərində də belə idi, bu gün də həmin təhərdir.

Çünki Mirzə Fətəli Axundzadə və onun "Təmsilat"ı bizim milli teatrı doğurmaqla bərabər İranın, Anadolunun, Orta Asiyanın da mədəni həyatındakı teatr dirçəlişlərinə təkan verdi. Şirin, duru və elin ağzından qopub gələn sadə ana dilindəki ilk Mirzə Fətəli pyesləri yalnız ifa edilmədi, həm də insanlarımıza teatr tərbiyəsi verdi, baxanlardan daha əvvəl ifa edənlərçün dərsliyə çevrildi.

Və dəfə-dəfə səhnəyə çıxaraq pyeslərində müvəffəqiyyətlə rollar oynamaqla yanaşı, Mirzə Fətəli Axundzadəyə Cahangir Zeynalovun bir ayrı borc qaytarması da oldu. Daha dəqiqi - iki borcqaytarması: biri 1903-cü ildə, digəri 1911-də. İkisində də Mirzə Fətəlinin yubileyi keçirilirdi.

1903-cü il oktyabr ayının 27-də Bakıda Mirzə Fətəli Axundzadənin 50 illiyi bayram edilirdi. Bu, qeyri-adi bir yubiley idi. Düz 50 il əvvəl, 1853-də Mirzə Fətəli Axundzadənin "Təmsilat"ı ilk dəfə bir kitab kimi nəşr edilmişdi.

Əlbəttə, bu, mədəniyyət və ədəbiyyat tariximizin müstəsna hadisəsi idi və 1903-cü il oktyabr ayının 27-dən bir neçə gün əvvəl Bakı qəzetləri bu tədbirin keçiriləcəyini, Mirzə Fətəli Axundzadənin ədəbi aləmdəki parlayışının 50 illiyinin qeyd olunacağını insanlara çatdırmışdı.

Zal ağzınacan doluymuş və səhnəyə birinci çıxan Əbdürrəhim bəy Haqverdiyev olur. Mirzə Fətəli Axundzadənin həyatı, yaradıcılığı haqqında məruzəsini başlayıbmış, ancaq tez-tez nitqini saxlamağa məcburmuş. İmkan vermirlərmiş ki, danışsın. Zalı ağzınacan doldurmuş insanlar Əbdürrəhim bəy Haqverdiyevin az qala hər növbəti cümləsindən sonra alqışlar qoparırmış.

 Bu, sadəcə, təsəvvürümüz deyil. 1903-cü il oktyabrın son günlərində çıxmış "Kaspi" qəzeti həmin gündə o zaldakı əhvali-ruhiyyəni bizə olduğu kimi çatdırır. "Kaspi" qəzeti yazırdı ki, Əbdürrəhim bəy Haqverdiyev danışdıqca camaatın kəsilməyən alqışları ona böyük xalq məhəbbətinin əsl göstəricisi idi.

"Ona" - yəni hər ikisinə! Həm Mirzə Fətəliyə, həm də Əbdürrəhim bəyə!

O axşam daha sonra "Hacı Qara" tamaşası göstərilibmiş. Bu "Hacı Qara" da əvvəllər səhnəyə gələn "Hacı Qara"lardan fərqli idi. Tamaşa oynanırdı, ancaq aktyorların arasında pyesdə olmayan, Mirzə Fətəlinin yazmadığı bir əlavə surət də vardı - Mirzə Fətəli Axundzadənin özü. Bu rolu ifa edəcək aktyoru elə məharətlə qrimləyiblərmiş ki, Mirzə Fətəli Axundzadənin bəlli fotosuna qoşa alma kimi bənzəyirmiş. Həmin saatlarda - 1903-cü il oktyabrın 27-də bu yubiley mərasimi keçirilərkən Mirzə Fətəli Axundzadənin vəfatından cəmi 25 il keçirdi.

Və "Kaspi" müxbirinin bu cümlələri çox təsirlidir. Yazır ki, zalda oturanların arasında Mirzə Fətəli Axundzadəni həyatda görmüş insanlar vardı. Onlar da heyrətə düşmüşdülər ki, Mirzə Fətəli Axundzadəyə bu səhnədəki aktyor Mirzə Fətəli nə qədər oxşayır!

Tamaşa uğurla tamamlanır, qəzet rəylərində ən çox təriflənən Mirzə Fətəli idi - həm Axundzadə, həm də Zeynalov!

"Kaspi" 1903-cü il 29 oktyabr sayında yazırdı: "Zeynalovun ünvanına yönələn təriflər və alqışlar hüdudsuz idi".

O gün o tamaşa salonuna toplaşanların əksəriyyəti sərraflar, sənəti dərindən duyan və bilən adamlardı. Orda təsadüfi tamaşaçılar yoxdu və bu alqışların qiyməti həmin səbəbdən də ikiqat artırdı.

Bir aktyor, həyatını səhnəyə fəda eləyən insandan ötrü o minnətdar alqışlardan qiymətli hansı hədiyyə ola bilərdi ki?!

Mirzə Fətəli Axundzadənin xatirəsinə həsr edilən ikinci və daha əks-sədalı obiri yubiley mərasimi 1911-ci il dekabr ayının 2-nə təsadüf edir.

Həmin məclisdə də Cahangir Zeynalov ən seçkinlərdən biri olmuşdu.

Yubiley mərasimi Mirzə Fətəli Axundzadənin anadan olmasının 100 illiyinə həsr edilmişdi. Mərasim üç hissədən ibarətdi. Birinci hissədə əvvəlcə Mirzə Fətəli Axundzadənin həyatı, yaradıcılığı haqqında geniş məruzə dinlənilir. Sonra "Hacı Qara"nın ikinci pərdəsi nümayiş etdirilir və əlbəttə ki, Hacı Qara rolunda Cahangir Zeynalov idi.

Sonra ikinci hissə başlanır və Cahangir Zeynalov səhnəyə artıq libasını dəyişərək elə özü kimi gəlmişdi. Çünki burda ədəbiyyatşünaslar, ictimai xadimlər, teatr adamları, aktyorlar, rejissorlar Mirzə Fətəli Axundzadə haqqında düşüncələrini bölüşür, ölməz ədibə məhəbbətlərini izhar edirdilər və danışanlardan biri də Cahangir Zeynalovdu.

Ardınca isə üçüncü hissə gəlir və ən maraqlısı da elə üçüncü hissə imiş. Əbdürrəhim bəy Haqverdiyev Mirzə Fətəli Axundzadəyə həsr edilən ayrıca pyes yazıbmış. Qısa pyesin içərisində Mirzə Fətəli özü də varmış, qəhrəmanları da, oğlu Rəşid də. Hamısı bir yerdə idilər və hadisələr Tiflisdə, Mirzə Fətəlinin indi də elə həminki yerində duran həyətində, mülkündə cərəyan edirdi. Həyətdə qələbəlik idi - bir kitabsatan Mirzə Fətəliyə müraciətlə gileylənirdi ki, "Sizin kitabları satmaqçün hara gedirəmsə, məni yaxın buraxmırlar, təhqir edib qovlayırlar". Mirzə Fətəlinin qəhrəmanları onun başına toplaşmışdılar. Əslində, onlar hamısı elə Tiflisdə, bu evdə doğulmuşdular. Onların hər biri Mirzə Fətəlinin masa arxasındakı yuxusuz gecələrinin bəhrəsi idi. O axşamkı ifaçıların - Mirzə Fətəlinin, Rəşid bəyin ətrafına toplaşanların hər biri ürəyində Mirzə Fətəlinin xatirəsinə sonsuz məhəbbət yaşadan insanlardı. O gün Hətəm bəy rolunda Nəcəf bəy Vəzirov idi, Hacı Qaranı Həbib bəy Mahmudbəyov oynayırdı. Mirzağa Əliyev Molla İbrahimxəlil kimyagər olmuşdu, Rəşid bəy surətini Abbas Mirzə Şərifzadə yaradırdı. Cahangir Zeynalovsa həmin axşamda Dərviş Məstəlişah rolunda idi.

Əlbəttə ki, Bakının teatr həyatında belə möhtəşəm bir hadisə baş verirdi. Mətbuat biganə qala bilməzdi. Ertəsi gün qəzetlərdə bir-birinin ardınca silsilə yazılar çıxır. Ogünkü ifaçıların hamısı çox təcrübəli insanlardı, hər birinin zəngin səhnə bioqrafiyası vardı. Ancaq onların hamısının arasında yenə Cahangir Zeynalov seçilir və ertəsi gün mətbuat tərəfindən də seçdirilir."Kaspi" də, "İqbal"da, "Nicat" da sözləşiblərmiş kimi bir ağızdan təsdiqləyirlər ki, o axşam Cahangir Zeynalov - Məstəlişah misilsiz idi.

...Qori seminariyasını bitirib Bakıya gəldiyi ilk vaxtlarda - 1913-cü ildə "Səfa" cəmiyyətində Cahangir Zeynalovu ilk gördüyündən onun heyranına çevrilmiş Əli Səbri Qasımov həmin görüşlərdən yarım əsr keçəndən sonra - 1965-ci ildə xatırlayırdı: "Səməd Mənsur həmişə deyərdi: Cahangir Zeynalov teatrımızın sönməz məşəlidir və onun bu sözləri tam həqiqətdir!"

Məşəllərin yanar qalması üçün onları alovlandırmaq azdır, yaşamalarından ötrü gərək onları həm də görələr. Cahangir Zeynalov və silahdaşları ömürlərini məşələ döndərib bu xalqın yolunu nurlandıranda XX əsr yenicə başlayırdı. Artıq XX əsr xeyli var ki, arxada qalıb, minillər dəyişib. Cahangir Zeynalov və amaldaşlarının məşəllərinin sönməməsindən, sozalmamasından ötrü onları daim görmək borcu bizim boynumuzdadır. O məşəlləri görməyə can atanlara ehtiyacımız var.

16 mart 2025

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Elməddin: Biznesim batdı, dirçəldə bilmədim

29 Mart 2025 21:14see211

Vətəninə və Musiqi Sənətinə Həsr Olunmuş Bir Həyat

29 Mart 2025 19:18see143

Fransanın dövlət borcu rekord səviyyədədir

29 Mart 2025 06:25see122

PSJ 3 xalı 6 qolla qazanaraq çempionluğa doğru gedir VİDEO

30 Mart 2025 01:19see120

Orban administrasiyası vətəndaşların poçtuna bülleten göndərir: səbəb…

29 Mart 2025 23:52see114

Qazaxda narkokuryerlər saxlanıldılar

30 Mart 2025 14:50see113

Mançester Siti də ciddi itki stadionu qoruyucu ayaqqabı ilə tərk etdi

31 Mart 2025 00:38see111

BVF Ukraynada münaqişənin 2025 ci ilin sonuna qədər bitəcəyini proqnozlaşdırır

30 Mart 2025 03:06see111

Ukrayna demək olar ki, ABŞ la yeni müqavilə şərtləri ilə razılaşmayacaq

30 Mart 2025 02:46see110

İd əl Fitr bayramına görə girovlar azad ediləcək

29 Mart 2025 10:27see110

Bölgədə güc balansı dəyişir Türkiyə bu ölkəyə xüsusi təyinatlılar GÖNDƏRİR

29 Mart 2025 20:04see109

Nasaz və idarə olunmayan avtomobilə cərimə gəldi DİN dən AÇIQLAMA VİDEO

30 Mart 2025 20:46see109

Xankəndinin mərkəzindəki edam otağı ndan TÜKÜRPƏDƏN GÖRÜNTÜLƏR

31 Mart 2025 00:49see109

III Çarlz xəstəxanaya yerləşdiridikdən sonra ilk bəyanatını verdi

30 Mart 2025 13:33see109

Pakistanın Baş naziri İlham Əliyevi təbrik etdi KONKRET

29 Mart 2025 17:32see108

Volkan Konak səhnədə huşunu itirdi, xəstəxanaya aparıldı VİDEO

31 Mart 2025 01:16see107

Dünya nizamının dəyişməsinə təsir edən gizli razılaşmalar

30 Mart 2025 22:14see106

Bu bürc çətinlikləri özünə maqnit kimi çəkir

30 Mart 2025 00:39see106

Tramp İranı heç vaxt görmədikləri partlayışlarla hədələyib

30 Mart 2025 18:55see106

Aleksandr Turçin Əli Əsədovu təbrik etdi

30 Mart 2025 13:46see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri