Milli dəyərlərimizin unudulmaz araşdırıcısı
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Azərbaycan peşəkar jurnalistikasının tanınmış nümayəndəsi, istedadlı yazıçı-publisist, Prezidentin Fərdi təqaüdçüsü Şəmistan Nəzirlinin əbədiyyətə qovuşmasından 1 il keçir. Azərbaycan Xalq Cümhuriyyəti qurucularının, Xalq şairi Səməd Vurğunun nəsillərə örnək həyat və mübarizə yolunun, milli hərb tariximizin şanlı səhifələrinin fədakar araşdırıcısının çoxsaylı tədqiqatları və qiymətli kitabları ustad qələm sahibinə sağlığında geniş populyarlıq qazandırmışdı. Mərhum qələm dostumuzun 60 ildən artıq ömrünü həsr etdiyi bu qiymətli xəzinə onun adını və nəcib xatirəsini zaman-zaman yaşadacaq.
Şəmistan Nəzirli 1942-ci ildə anadan olmuşdu. Biz onunla Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində bir qrupda oxumuşuq. Bizdən yaşca böyük idi. Tələbəlikdən əvvəl 3 il əsgərlik həyatı görmüşdü. Biz ondan çox şey öyrənirdik. Ciddiliyi, yeri gələndə sərtliyi də vardı, deyib-gülməyindən, zarafatından da qalmırdı. Hamımızın arasında ünsiyyət yaradırdı.
Adama xoş gələn həm də o idi ki, yerindən-yurdundan çoxdan ayrılmasına baxmayaraq, doğulduğu kəndin, elinin-obasının ləhcəsində danışırdı: olduqca sadə və səmimi... Demək olar ki, kəlmə başı bu sözü işlədirdi: “Ayə, ay öyün tikilsin...”
Vaxt gəldi, tələbəlik illərini başa vurub hərəmiz bir tərəfə getdik. Şəmistanın sorağını çox yerlərdən alırdıq. Necə deyərlər, burdan vurub, ordan çıxırdı. Bakı muzeylərinin, kitabxanalarının hamısı demək olar ki, onun iş yeri idi. Keçmiş İttifaq muzeylərini qarış-qarış gəzmişdi. Səsi Moskvadan, Leninqraddan, Minskdən, Xarkovdan, Tiflisdən, Daşkənddən, Dərbənddən, Riqadan və neçə-neçə belə şəhərlərdən gəlirdi.
Məqsədi muzeylərdə olub, müxtəlif tədqiqat və araşdırma işləri aparmaq idi. İstədiyi mövzu ilə əlaqədar nəyisə arayıb-axtarmaqdan, araşdırmaqdan yorulmurdu, əksinə, bunlardan zövq alırdı. Tədqiqatçılıq işi onun vərdişinə və peşəsinə çevrilmişdi. Nəticədə onun qələmindən çıxan cild-cild kitablar ərsəyə gəlmişdi.
Aradan uzun illər ötüb keçdi. Şəmistanın tələbəlik illərində bizə dediyi “Mən uşaq vaxtımda Səməd Vurğunu görmüşdüm” sözü çox sonralar Şəmistan haqqında yazacağım bir məqalənin mövzusuna çevrildi.
Şəmistan artıq həyatda yoxdur. 2025-ci il sentyabrın 20-si hamımız üçün acı bir gün oldu. İstəkli tələbə yoldaşımızı, dostumuzu, mərd, vətənpərvər, təəssübkeş bir insanımızı itirdik. Aşağıdakı bu yazımı vəfatının ildönümünə həsr etməklə Şəmistanla bağlı həm ötən illərin bir xatirəsini yada salıram, həm də, az da olsa, təskinlik tapıram.
...İsti yay günlərindən biri idi. Quzular yavaş-yavaş kölgəyə çəkilirdi. Əlindəki bıçaqla söyüd çubuğunu yontalayan Şəmistan çevrilib səs gələn tərəfə baxdı. Yaşlı, ağsaçlı bir kişi “Pobeda”dan düşüb Sadaxlıya gedən yolu xəbər aldı. Sonra da gülümsəyib mehribanlıqla: “A balaca çoban, şeirdən-zaddan bir şey bilirsənmi?” – deyə soruşdu.
Şəmistan bu nurani kişinin gülümsər çöhrəsinə baxıb “Çox keçmişəm bu dağlardan...” deyərək “Azərbaycan” şeirini uşaqlara məxsus bir şövqlə söyləməyə başladı. Ağsaçlı kişi yanındakı yoldaşı ilə (sonradan bilindi ki, bu, Zeynal Xəlilmiş) birlikdə şeiri dinləyib, “çox yaxşı” dedi və həvəslə şeir söyləyən “ balaca çoban”ın başına sığal çəkdi. Sonra da maşına əyləşib üz tutdu Sadaxlıya tərəf.
“Pobeda” təzəcə yola düşmüşdü ki, Məmməd müəllim təngnəfəs özünü çatdırdı, dedi: “Tez–tələsik gəldim ki, şairlə görüşüm. Bəs nə tez getdi? Şəmistan təəccüblə dilləndi: “Nə şair, şair kimdir?”. Məmməd müəllim gözlərini uzaqda gedən “Pobeda”dan çəkməyib dedi: “Bəs bilmədin? İndicə səninlə danışan Səməd Vurğun idi. Hayıf ki, çatıb görüşə bilmədim”...
Şəmistan müəlliminin dilindən “Səməd Vurğun” adını eşidəndə bir anlıq yerində donub qaldı: Necə? İndi burdakı Səməd Vurğun idi?..
Şəmistan Sadaxlı yolu ilə şütüyən “Pobeda” gözdən itənə qədər onun arxasınca baxdı. Bu ani görüş və ayrılıq bu ayrılıqdan yaranan nigarançılıq hissi Şəmistanın balaca qəlbində iftixar hissi yaratdı. Daxilindən qopub gələn fərəhli bir pıçıltı ilə dilləndi: “Deməli, mən Səməd Vurğunu gördüm...”
Bu xoşbəxt anın, bu təsadüfü görüşün doğurduğu bu hiss və duyğular uzun müddət Şəmistannan getmədi, hətta qəlbində unudulmaz iz saldı. İllər ötdü. Tələbəlik dövründə Şəmistan onu bir vaxtlar doğma Körpülü kəndinin həndəvərində dahi Səməd Vurğunla görüşdürən həmin unudulmaz anları, bu unudulmaz əhvalatı qələmə alıb o vaxt “Ədəbiyyat və incəsənət” qəzetində dərc etdirdi.
Şəmistanın Səməd Vurğunla bağlı irili-xırdalı yazılarının sonunda görünən imzası çox keçmədi ki, Xalq yazıçısı İsmayıl Şıxlının da diqqətini cəlb elədi. O, bir gün Şəmistanı çağırıb bu maraqlı xatirə – hekayələrə görə ona öz razılığını bildirdi və tövsiyə olaraq dedi: “Bu gözəl, xeyirxah işi davam etdir”.
Böyük yazıçının bu sözü Şəmistanı daha da ruhlandırdı. O vaxtlardan “Şəmistan Nəzirli” imzası mətbuat səhifələrində tez-tez görünməyə və tanınmağa, həm də sevilməyə başladı.
Araşdırmaçı jurnalist kimi Şəmistanın ilk axtarışları Səməd Vurğun şəxsiyyəti ilə bağlı oldu. O, vaxtilə Səməd Vurğunla əlaqədar xatirələri, müvafiq materialları, fotoşəkilləri toplamaq üçün respublikamızın ayrı-ayrı guşələrini qarış-qarış gəzmiş, Zaqafqaziya respublikalarında, Dərbənddə, Moskvada, Leninqradda (Sankt-Peterburq), Kiyevdə, Daşkənddə, Xarkovda olmuş, şairin qələm, məslək və əqidə dostları Mixail Şoloxovla, Konstantin Simonovla, Pavel Antokolski ilə, Nikolay Tixonovla, Aleksandr Fadeyevin həyat yoldaşı, SSRİ Xalq artısti Angelina Stepanova ilə görüşüb çoxlu materiallar toplamış, fotoşəkillər əldə etmişdi. Şəmistanın bu tarixi görüş və tədqiqatları onun yazmış olduğu “Vurğun keçib bu yerlərdən”, “Vurğun ömrü”, “Yaddaşlarda yaşayan Vurğun”, “Vurğun ömrü məktublarda” adlı kitablarında öz əksini tapmışdır.
Şəmistan Nəzirli ilk qələm məhsullarını hələ son kursda oxuyarkən yazıb mətbutda dərc etdirdi. “Mən Səməd Vurğunu görmüşəm”, “Yazılmamış xatirə” və “Dağlar çobana qaldı” adlı sənədli hekayələri ilə oxucuların diqqətini cəlb etmişdi. Fədakar qələm sahibinin fəaliyyətində elm və mədəniyyətimizin, ədəbiyyat və incəsənətimizin öyrənilməsinə dair tədqiqatlar da xüsusi yer tutur. Bu tədqiqatlar nəticəsində onun XIX əsrin istedadlı şairi Abbas ağa Nazirin həyat və yaradıcılığına həsr olunmuş “Millətə xitab”, “El şairi Mirzə Səməd” kimi kitabları nəşr edilmişdir.
Görkəmli alim mərhum professor Əkrəm Cəfərin belə bir sözü var: “Keçmişə məhəbbət gələcəyə xidmətdir”. Bu sözlər eyni ilə tədqiqatçı jurnalist, hərb tarixçisi kimi tanınmış Şəmistan Nəzirlinin həyat devizinə çevrilmişdi. Doğrudan da Şəmistanın hərb tariximizlə, tarixi şəxsiyyətlərimizlə bağlı arayıb-axtarıb ərsəyə gətirdiyi əsərləri zəngin tarixi keçmişimizə olan diqqət və hörmətinin, gələcək naminə göstərdiyi xidmətin ən yaxşı nümunəsidir.
Şəmistanın çoxillik səmərəli tədqiqatçılıq fəaliyyəti onun oxucular tərəfindən maraqla qarşılanan və sevilən çoxsaylı kitablarında, o cümlədən “Qəribə talelər”, “Əfsanəvi Mixaylo”, “Azərbaycan generalları”, “Qoridən gələn qatar”, “Qacarlar”, “Cümhuriyyət generalları”, “General-qubernator Daş Salahlı Məmməd Koxa”, “Qarxunlu Əşrəf bəy”, “Arxivlərin sirri açılır”, “Topoqraf general İbrahim ağa Vəkilov”, “General Yadigar qardaşları”, “Krım dəftəri”, “General Əli ağa Şıxlınski ömrü”, “Güllələnmiş Azərbaycan generalları”, “Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbov”, “1920-ci ildə Qarabağ döyüşləri”, “General Əli ağa Şıxlınski və silahdaşları” və sair kitablarında çox parlaq şəkildə əks olunub. Bütövlükdə, bu kitabların sayı 30-dan artıqdır.
Heykəllər, abidələr təkcə daşdan, dəmirdən, qranitdən və s. olmur. Yazılan kitabların özü də bir abidədir. Şəmistan Nəzirli belə bir abidə qoyub getmiş ziyalılarımızdandır. Ruhu şad olsun.
Tofiq ABDULLAYEV,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 19 Sentyabr 2026 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















