Icma.az
close
up
RU
Milli maraqlarımızın keşiyində: Azərbaycan informasiya savaşında da ayıqdır

Milli maraqlarımızın keşiyində: Azərbaycan informasiya savaşında da ayıqdır

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

Müasir dünyada dövlətlərin milli təhlükəsizliyinə yönələn təhdidlərin xarakteri əhəmiyyətli dərəcədə dəyişib.  Əgər əvvəl təhlükə əsasən hərbi müdaxilə, siyasi təzyiq və ya iqtisadi sanksiyalar formasında özünü göstərirdisə, bu gün informasiya məkanı da dövlətlərarası rəqabətin və təsir mübarizəsinin əsas platformalarından birinə çevrilib.

Rəqəmsal texnologiyaların, sosial şəbəkələrin və sərhədsiz media imkanlarının inkişafı ayrı-ayrı dövlətlərə və müxtəlif siyasi aktorlara başqa ölkələrin ictimai rəyinə təsir göstərmək, müəyyən mövzuları gündəmə gətirmək və cəmiyyət daxilində fikir ayrılıqlarını dərinləşdirmək üçün geniş imkanlar yaradır. Belə təsirlər hər zaman açıq şəkildə həyata keçirilmir; bəzən obyektiv informasiya görüntüsü altında manipulyativ yanaşmalar, məqsədli dezinformasiya, emosional ritorika və cəmiyyətdə inamsızlıq yaradan mesajlar sistemli şəkildə dövriyyəyə buraxılır. Bu isə informasiya təhlükəsizliyini artıq yalnız media məsələsi deyil, dövlətin siyasi sabitliyi və milli maraqları ilə bağlı strateji istiqamətə çevirir.

Azərbaycanın yerləşdiyi geosiyasi məkan, regionda baş verən proseslər və son illərdə həyata keçirdiyi müstəqil siyasət fonunda bu məsələ xüsusilə diqqət çəkir.

Dövlətin milli maraqlarını, ərazi bütövlüyünü, suverenliyini və siyasi müstəqilliyini qoruması fonunda informasiya müstəvisində baş verən proseslərin də obyektiv və soyuqqanlı şəkildə qiymətləndirilməsi zəruridir. Bununla belə, xaricdən gələn hər bir tənqidi fikir və ya hakimiyyət siyasətinə yönələn neqativ münasibəti avtomatik şəkildə təhlükə kimi təqdim etmək düzgün yanaşma olmazdı. Demokratik cəmiyyətlərdə siyasi tənqid, fərqli mövqelər və ictimai müzakirələr legitim proseslərdir. Əsas məsələ məhz legitim fikir ifadəsi ilə xarici dövlətlərin məqsədli təsir, manipulyasiya və sabitliyi pozmağa yönəlmiş fəaliyyətlərini bir-birindən hüquqi və faktiki əsaslarla ayırmaqdır.

Dövlətin gücü də məhz bu sərhədi düzgün müəyyənləşdirmək, milli təhlükəsizliyi qorumaqla yanaşı, cəmiyyətin sağlam informasiya mühitini təmin etmək bacarığında özünü göstərir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev bildirib ki, Azərbaycanın həyata keçirdiyi daxili və xarici siyasətin əsasını milli maraqlar, ərazi bütövlüyü, suverenlik və vətəndaşların rifahının təmin olunması təşkil edir.

Deputatın sözlərinə görə, Azərbaycanın müstəqil siyasət yürütməsi bəzi xarici dairələr tərəfindən qəbul olunmur və bu, zaman-zaman informasiya müstəvisində də özünü göstərir:

“Biz müstəqil siyasət aparırıq və bununla əlaqədar dəfələrlə bəyanatlar vermişik. Təbii ki, özlərini dost adlandıran bir sıra qüvvələr bizim siyasətimizə qarşı müxtəlif mövqelərdən çıxış edirlər. Hətta deyərdim ki, Azərbaycanın apardığı müstəqil siyasəti həzm etmirlər. Bu proseslərdə müxtəlif dövlətlərin nümayəndələri ilə yanaşı, ölkə daxilində fəaliyyət göstərən müxtəlif trollardan və ayrı-ayrı qruplardan da istifadə edildiyini görürük”.

Arzu Nağıyev Azərbaycan-Rusiya münasibətlərində son illərdə yaşanan gərginliyin informasiya məkanına da təsir etdiyini qeyd edib. O bildirib ki, AZAL təyyarəsinin qəzası, 2025-ci ildə Yekaterinburqda baş verən hadisələr və Rusiya mediasında Azərbaycana qarşı sərtləşən ritorika münasibətlərdə ciddi böhran yaradıb:

“2026-cı ildə müəyyən normallaşma baş versə də, informasiya qarşıdurmasının tam aradan qalxdığını söyləmək çətindir. Son günlər Rusiya Xarici İşlər Nazirliyinin bəzi rus jurnalistlərinin Azərbaycan hakimiyyətinin yerində olmaması ilə bağlı çağırışlarının Moskvanın rəsmi mövqeyini əks etdirmədiyini açıqlaması da göstərir ki, informasiya müstəvisində müəyyən problemlər qalmaqdadır”.

Deputat vurğulayıb ki, Azərbaycanda xarici informasiya təsirlərinə qarşı dövlət qurumlarının diqqətinin artırılması zəruridir:

“Azərbaycanın hüquq-mühafizə orqanları, Xarici İşlər Nazirliyi və təhlükəsizlik orqanları informasiya təsirlərinə qarşı daha diqqətli işləyirlər və bu, tamamilə əsaslıdır. Çünki söhbət yalnız Azərbaycan hakimiyyətinin tənqid edilməsindən getmir. Xarici dövlətin media resursları sistemli şəkildə Azərbaycana qarşı inamsızlıq yaratmağa, milli və sosial qarşıdurmanı qızışdırmağa, müəyyən siyasi proseslərə müdaxilə etməyə çalışırsa, bu artıq milli təhlükəsizlik məsələsinə çevrilir”.

Arzu Nağıyev burada mühüm bir məqama da diqqət çəkib. Onun fikrincə, xarici təsir ilə siyasi tənqid eyniləşdirilməməlidir:

“Rusiyanın Azərbaycana qarşı informasiya kampaniyası aparması o demək deyil ki, Rusiyanı tənqid edən və ya Azərbaycan hakimiyyətinin siyasətini müdafiə etməyən hər bir şəxs xarici təsir agentidir. Bunlar eyni məsələ deyil. Təhlükəsizlik orqanları üçün əsas məsələ konkret koordinasiyanın, maliyyələşmənin və təşkilati əlaqələrin olub-olmamasını müəyyənləşdirməkdir”.

Müsahibimiz qeyd edib ki, zorakılığa, dövlət çevrilişinə və ya etnik qarşıdurmaya açıq çağırışlar artıq adi siyasi fikir çərçivəsindən kənara çıxır:

“Dezinformasiya qəsdən verilir, sistemli şəkildə yayılır və konkret zərər yaratmağa yönəlibsə, bu, təhlükəsizlik məsələsi kimi qiymətləndirilə bilər. Amma ‘Rusiya ilə münasibətlər düzgün aparılmır’, ‘hakimiyyət siyasətini düzgün qurmur’ və ya ‘təhlükəsizlik orqanlarının hərəkətləri qanunsuzdur’ kimi fikirlər, nə qədər sərt səslənsə də, öz-özlüyündə dövlətə qarşı fəaliyyət hesab edilməməlidir”.

Arzu Nağıyev, Milli Məclisin komitə sədri

Nağıyev Azərbaycan-Rusiya münasibətlərinə yalnız qarşıdurma prizmasından yanaşmağın da düzgün olmadığını bildirib:

“Azərbaycan-Rusiya münasibətlərinin hazırkı vəziyyətini yalnız ‘Rusiya Azərbaycana qarşıdır’ formuluna salmaq düzgün olmazdı. Prezident İlham Əliyev 2026-cı ilin iyulunda münasibətlərin normallaşdığını və müsbət dinamikanın hansı istiqamətdə inkişaf etdiyini açıq şəkildə bildirdi. Apreldə isə Bakı və Moskva AZAL qəzasının nəticələrinin həlli ilə bağlı birgə bəyanatlar qəbul etdilər”.

Komitə sədri sonda bildirib ki, Azərbaycan xaricdən mümkün siyasi və informasiya təsirlərinə qarşı ayıq olmalı, lakin bu mübarizə hüquqi və faktiki əsaslara söykənməlidir:

“Ən güclü dövlət təhlükəsizlik sistemi tənqidi susdurmaqla deyil, xarici manipulyasiyanı legitim daxili siyasi müzakirədən dəqiq ayırmaqla özünü göstərir. Mübarizənin legitimliyi onun Rusiya əleyhinə və ya Azərbaycan tərəfdarı olmasından deyil, konkret sübutlardan və hüquqi əsaslardan irəli gəlməlidir. Azərbaycan bu istiqamətdə öz milli maraqlarını və təhlükəsizliyini qorumaq üçün adekvat addımlar atır”.

Azərbaycanın informasiya təhlükəsizliyinin qorunması bu gün milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Xaricdən yönələn, cəmiyyətdə qarşıdurma və inamsızlıq yaratmağa, dövlət institutlarına etimadı sarsıtmağa hesablanan kampaniyalara qarşı dövlətin prinsipial mövqe nümayiş etdirməsi tamamilə əsaslıdır. Eyni zamanda, təhlükə ilə legitim tənqid arasındakı sərhədin qorunması da mühüm məsələdir. Bu baxımdan Azərbaycan hakimiyyətinin siyasətinə və dövlət qurumlarının fəaliyyətinə yönələn hər bir tənqidin avtomatik olaraq dövlətə qarşı fəaliyyət kimi qiymətləndirilməməsi vacibdir.

Hazırda Azərbaycan təhlükəsizlik orqanlarının bu istiqamətdə həyata keçirdiyi tədbirlər də məhz real təhdidlərlə legitim fikir və tənqidi bir-birindən ayırmağa, xarici təsir və manipulyasiya cəhdlərini müəyyənləşdirərək qarşısını almağa yönəlib. Hesab edirəm ki, dövlətin təhlükəsizlik sisteminin gücü həm milli maraqları qorumaq, həm də bu məsələlərə hüquqi və ölçülü yanaşmaq bacarığında özünü göstərir. Azərbaycanın aidiyyəti qurumları da son dövrdə informasiya təhlükəsizliyi məsələsinə daha ciddi yanaşır və xaricdən yönələn mümkün təsirlərin qarşısının alınması istiqamətində mühüm addımlar atırlar.

Əli Hüseynov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Avqust 2026 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri