Icma.az
close
up
RU
Milli Məclisin iclası

Milli Məclisin iclası

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

22 məsələ müzakirə edildi

İyulun 10-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirildi. İclasda gündəlikdə dayanan 22 məsələyə baxıldı.

İlk olaraq, "Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair" Beynəlxalq Konvensiyaya qoşulmağı təsdiq edildi. Konvensiya 2004-cü il fevralın 13-də London şəhərində imzalanıb. Daha sonra Azərbaycanla Ukrayna arasında hüquqi yardımla bağlı imzalanmış müqavilə ratifikasiya edildi. Müqavilə 2026-cı il aprelin 25-də Qəbələ şəhərində imzalanıb.

Ticarət Gəmiçiliyi Məcəlləsində, "Yol hərəkəti haqqında", "Nəqliyyat haqqında", "Dövlət rüsumu haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Avtomobil nəqliyyatı haqqında" və "Aviasiya haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarıldı. Üçüncü oxunuşda təsdiqlənən layihəyə əsasən, avtonom (sürücüsüz) nəqliyyat vasitələrinin hərəkətinə yalnız müəyyən edilmiş marşrutlarda icazə veriləcək və onlara xüsusi tanınma nişanı tətbiq olunacaq. Bu nəqliyyat vasitələri sertifikatlı operatorların məsafədən nəzarəti altında fəaliyyət göstərəcək, sistemləri dövlət platformalarına inteqrasiya edilərək məlumatlar real vaxt rejimində ötürüləcək və ən azı 6 ay saxlanılacaq. Hadisə zamanı dəymiş zərərə görə ilkin məsuliyyət sahibinin üzərinə düşsə də, təqsiri sübut olunarsa istehsalçı, operator və ya texniki xidmət göstərən tərəfə qarşı reqres tələbi irəli sürülə biləcək.

Yol hərəkəti təhlükəsizliyinin artırılması və qəzaların qarşısının alınması məqsədilə mopedlərlə bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər də üçüncü oxunuşda təsdiqləndi. Yeni qaydalara əsasən, mühərrikinin iş həcmi 50 kub santimetrədək və sürəti saatda 50 kilometrdən çox olmayan iki və ya üçtəkərli bu nəqliyyat vasitələrini idarə etmək üçün "A1" kateqoriyalı sürücülük vəsiqəsi, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı tələb olunacaq.

Həmçinin Azərbaycanda onlayn qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilməsi, gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilməsi, Hesablama Palatasına yeni səlahiyyətlərin verilməsi və iqtisadi sahədəki bəzi cinayətlərə görə məsuliyyətin ləğv edilməsi barədə müvafiq qanunlara edilən əlavə və dəyişikliklər də səsverməyə çıxarılaraq son oxunuşda təsdiqləndi.

***

Növbədənkənar sessiyanın iclasında kənd təsərrüfatında toxumçuluğun idarə edilməsini və keyfiyyətinə nəzarəti təkmilləşdirmək məqsədilə bir sıra qanunların "Toxumçuluq haqqında" qanun layihəsinə uyğunlaşdırılması barədə qanun layihəsi müzakirəyə çıxarıldı. Layihəyə əsasən, seleksiya nailiyyətləri, toxumluq əkinlər və qeydiyyata alınmış subyektlər barədə məlumatları əks etdirən vahid informasiya sisteminin (Reyestrin) yaradılması, həmçinin toxum əməliyyatçılarının qeydiyyatı və müvafiq sertifikatların verilməsi üçün dövlət rüsumunun tətbiqi nəzərdə tutulur.

Qanun layihəsi ilə bağlı çıxış edən deputat Vüqar Bayramov qeyd etdi ki, Azərbaycanda toxum ehtiyatları üzrə istehsalın payının artırılmasına ehtiyac var. Onun sözlərinə görə, beynəlxalq praktika göstərir ki, tərəvəz məhsullarının maya dəyərində toxum xərcləri 10 faizə yaxın paya malikdir: "Daha orqanik məhsullarda bu pay nisbətən çoxdur. Bu baxımdan, toxumçuluğun inkişaf etdirilməsi bir tərəfdən kənd təsərrüfatı məhsulları üzrə xərcin azalmasına, digər tərəfdən isə məhsuldarlığın yüksəlməsinə səbəb olar. Qlobal olaraq istehsal edilən buğdanın 15 faizə qədəri toxum üçün saxlanılır. Kənd təsərrüfatı üzrə ixtisaslaşmış dövlətlərdə toxumluq buğdanın 85 faizə qədəri yerli istehsal hesabına ödənilir".

Deputat Siyavuş Novruzov isə vurğuladı ki, Azərbaycan kənd təsərrüfatı sahəsində ixtisaslı kadrların hazırlanmasına daha çox diqqət yetirilməlidir. Deputatın fikrincə, dünyada baş verən münaqişələr kənd təsərrüfatı məhsullarının istehsalına və tədarükünə mənfi təsir göstərir: "Bu gün dünyada kənd təsərrüfatı məhsulları ixrac edən ölkələrdə müharibələr gedir. Ona görə də Azərbaycan həm ərzaq təhlükəsizliyinin təmin olunması, həm də ixrac imkanlarının artırılması üçün kənd təsərrüfatının inkişafına ciddi nəzarət etməlidir".

Deputat Zahid Oruc kənd təsərrüfatında milli sortların genofondunun və daddan irəli gələn keyfiyyətin qorunmasının strateji əhəmiyyətini vurğulaydı. O, yüksək məhsuldarlıq və daşınma rahatlığı naminə xaricdən gətirilən hibrid sortların yerli növləri sıxışdırdığını, ötən il qarğıdalı və kartof toxumu idxalına milyonlarla dollar xərcləndiyini diqqətə çatdırdı: “Nə üçün uşaqlığımızın alması, pomidoru, qarpızı, yemişi, kartofu, soğanı əvvəlki dadını vermir? Yüksək məhsuldarlıq naminə keyfiyyəti və milli sortların genefondunu itiririk". Ölkənin 1,8 milyon hektarlıq məhdud əkin sahəsində səmərəliliyin əsas mənbəyinin yerli şəraitə uyğun keyfiyyətli toxum, elm və aqrotexnologiyalar olmalı olduğunu bildirən deputat qədim milli sortların ölkəyə qaytarılmasının vacibliyini qeyd etdi.

Aparılan müzakirələrdən sonra sözügedən qanun layihəsi I oxunuşda təsdiq edildi.

***

"Balıqçılıq haqqında" yeni qanun layihəsi də ötən gün keçirilən plenar iclasda ilk dəfə müzakirələrə çıxarılmışdı. Sənəd ölkədə balıqçılığın, o cümlədən su bioresurslarının ovunun, akvakulturanın təşkilinin, idarə edilməsinin, artırılmasının və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir. Yeni qanun mövcud ekoloji, su, qida təhlükəsizliyi və baytarlıq qanunvericiliyi ilə yanaşı, Xəzər dənizinin Azərbaycan bölməsində, sərhəd su obyektlərində və Ələt azad iqtisadi zonasında balıqçılıq münasibətlərinin tənzimlənmə çərçivəsini əhatə edir. Qanunvericiliyin tələblərini pozan şəxslər üçün məsuliyyət mexanizmini nəzərdə tutan bu sənəd qüvvəyə mindiyi gündən balıqçılıq sahəsinə dair 1998-ci il tarixli köhnə qanun ləğv ediləcək.

Milli Məclisin deputatı Sadiq Qurbanov Azərbaycanda son 15 ildə göl və nohur balıqçılığı ilə məşğul olan təsərrüfatların sayının 43 faiz artaraq 133-ə çatdığını, lakin qlobal tendensiyaların əksinə olaraq ölkədə akvakulturanın payının olduqca aşağı (0,5 faiz) olduğunu bildirdi. O qeyd etdi ki, müzakirə olunan yeni qanun layihəsi bu sahəyə investisiya cəlbini və istehsalı genişləndirməklə yanaşı, iqtisadi maraqlarla ekoloji məsuliyyət arasında balans yaradacaq.

Daha bir neçə deputatın çıxışından sonra qanun layihəsi səsverməyə çıxarıldı və birinci oxunuşda qəbul edildi.

***

Kənd təsərrüfatı təyinatlı torpaqların parçalanmasının qarşısını almaq və onların konsolidasiyasını (birləşdirilməsini) təmin etmək məqsədilə bir sıra məcəllə və qanunlara təklif edilən dəyişikliklər birinci oxunuşda təsdiqləndi. Yeni layihəyə əsasən, konsolidasiya prosesi mülkiyyətçilərin razılığı və ekvivalent bazar dəyəri əsasında xüsusi komissiyanın qərarı ilə həyata keçiriləcək və bu zaman zəruri infrastruktur dəyişiklikləri də nəzərdə tutulacaq. Torpaqların səmərəli istifadəsini qorumaq üçün həm alqı-satqı, həm də vərəsəlik zamanı kənd təsərrüfatı torpaqlarının bölünməsinə yalnız yaranan hər bir yeni sahənin ölçüsü 5 hektardan az olmadığı hallarda icazə veriləcək; bölgü mümkün olmadıqda isə torpaq satılaraq dəyəri vərəsələr arasında paylanacaq. Beynəlxalq, xüsusilə Türkiyə təcrübəsinə uyğunlaşdırılan bu dəyişikliklərlə yerquruluşu xidmətinin funksiyaları genişləndirilir və komissiyanın təsdiqlədiyi bölgü sənədi daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatı üçün birbaşa əsas hesab olunur.

Gündəlikdəki digər qanun layihələrinin müzakirəsindən sonra parlamentin plenar iclası başa çatdı.

Tacir SADIQOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyul 2026 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see346

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see263

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see251

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see239

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see233

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see219

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see217

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see196

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see185

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see181

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see178

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see169

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see168

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see158

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see157

Neft 1 dollardan çox ucuzlaşıb

24 Avqust 2026 08:09see151

Polşa ordusu üçün minlərlə “Piorun” zenit raket kompleksi alacaq

24 Avqust 2026 07:23see151

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see147

Azərbaycanın SOCAR şirkəti Özbəkistanda yanacaqdoldurma məntəqələri şəbəkəsi açmağı planlaşdırır

24 Avqust 2026 13:22see143

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri