MİLLİ MƏTBUATIMIZIN İRADƏSİ Tərlanə Yaqubqızı yazır
Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.
İradə Tuncay...
"Əkinçi"dən üzü bu yana 150 illik çətin və şərəfli bir yolu qət edən milli mətbuatımızın İradəsi...Gözəl, ziyalı, yaradıcı, kübar xanım...Çox təəssüf ki, onu heç vaxt yaxından görməmişəm. Amma uzaqdan- uzağa sevdiyim, hörmət və pərəstiş etdiyim, yaradıcılığını yaxından izlədiyim qələm adamlarından biridir. Bəlkə də Allah qismət eləsə, gözəl günlərin birində onunla görüşmək şərəfinə də nail olaram.
Əslində mən illər öncə İradə xanımı o zamankı
"Sevil" kinoteatının düz yaxınlığında- uşaqlıq və gənclik illərimin keçdiyi babamgilin evi yerləşən ərazidə də görə bilərdim, çünki bildiyim qədər onlar da vaxtilə həmin yerdə yaşayıblar. Bəlkə də İradə xanıma rəğbətim özüm də bilmədən Vətən içərisində Vətən hesab etdiyim doğma Yasamala olan unudulmaz uşaqlıq sevgisindən qaynaqlanıb. Bəlkə də onun yazılarını oxuya- oxuya bu xanıma sözün əsl mənasında valeh olmuşam. "Yol" romanını oxuyanda sanmışam ki, mən də İradə xanımın keçdiyi yerləri gəzib dolaşıram.
Amma çox yaxşı yadımdadır ki, ilk dəfə onu ANS- in efirində görmüşdüm. Ömür- gün yoldaşı, hamımızın sevimlisi Aqil Abbasla bir yerdə o vaxt respublikanın əməkdar artisti Nisə Qasımovanın aparıcısı olduğu "Xoş vaxt" verilişinə dəvət olunmuşdu. Deyəsən, verilişin mövzusu elə yaradıcı cütlüklərə həsr edilmişdi. İradə xanımın Mirzə Cəlil və Həmidə xanım Cavanşir haqqında danışdığı söhbət çox maraqlı idi.
Bəlkə də mövzudan kənara çıxıram, amma hesab edirəm ki, efirə elə bu cür ziyalılarımız dəvət olunmalıdır, hər sözü- söhbəti tamaşaçıya yeni bir şey öyrədən, tariximizi, ədəbiyyatımızı, mətbuatımızı sevən və sevdirən, dəyərlərimizin keşiyində dayanan bu cür ziyalılar! Çünki bir tamaşaçı kimi artıq yavaş- yavaş televiziyada ziyalı sözünə, ziyalı işığına həsrət qaldığımızın fərqindəyəm.
Təqdirəlayiq haldır ki, əməkdaşı olduğum Milli Kitabxanada tez-tez ədəbi məclislər, maraqlı görüşlər təşkil olunur. Elmi-biblioqrafik və elektron informasiya xidməti şöbəsində işlədiyim üçün belə tədbirlərdə şəxsən məndən asılı olmayan səbəbdən təəssüf ki, çox vaxt iştirak edə bilmirəm. Amma etiraf edim ki, Aqil Abbasın tədbirə gələcəyini eşidəndə hər dəfə əlimdə nə iş olsa yarımçıq qoyub özümü qaça-qaça ora yetirmişəm. Çünki Aqil müəllimin auditoriyanı cəlb edən maraqlı, pafosdan uzaq, əsla yorucu olmayan nitqini dinləmək mənə həmişə xüsusi bir zövq verib. Onun çıxışlarından həmişə yeni bir məlumat əldə etmişəm, nəsə öyrənmişəm. İnanıram ki, İradə xanım da nə vaxtsa kitabxanamıza gəlsə, bu cür sevgi və ehtiramla qarşılanacaq və şəxsən mən həyəcanla bu görüşün intizarındayam.
İradə Tuncay həm də unudulmaz şairimiz Məmməd Arazın yadigarı kimi bizim qiymətlimiz, dəyərlimizdir. Onun müsahibələrinin birində oxumuşdum ki, uşaq vaxtı arıq qız olub, yeməklə heç arası olmayıb. Sonra lap təsadüfən bir materialı axtararkən əlimə " Göyərçin" jurnalının 1965-ci il yanvar tarixli nömrəsi keçdi və orada Məmməd Arazın qızı İradəyə yazdığı uşaq şeirlərini oxudum.
Təsadüfə bax, elə həmin ərəfədə mənim "Tərlan kimi" kitabım işıq üzü görmüşdü və mən kitaba nəvəmə həsr etdiyim " Alpayın arzusu" hekayəsini də daxil etmişdim. O hekayədə mən də Alpayın böyüməsi üçün yaxşı qidalanmasını vurğulamışdım. Demək ki, uşaqların yemək məsələsi həmişə valideynlər, nənə-babalar üçün həlli müşkül problem olaraq qalır. Səhv etmirəmsə, yazıçı Həbibə Zeynalovanın uşaq vaxtı oxuduğum "Sünbül kukla" povestində yeməyi sevməyən balaca qızın adı da elə İradə idi və qardaşı Qəhrəman ona bu məqsədlə Sünbül kuklanı hədiyyə gətirmişdi.
Amma bizim gözəl İradəmizin yeməklə arası olmasa da, xoşbəxtlikdən mənəvi qida sayılan kitablarla yaxın dostluğu olub. Kitabxanada onun kitabları belə sürətlə oxuyub qaytarmağına təəccübləniblər. Necə deyərlər, başına gələn başmaqçı olar. Sara adlı çox yaşlı bir kitabxanaçı vardı. Hər dəfə oxuduğum kitabı ona təhvil verəndə acıqlı tərzdə məndən əsərin məzmununu soruşurdu. Elə bil mənim kitabı oxuduğuma inanmırdı. Yaşım az idi və o qadının zəhmi məni çox qorxudurdu. Günlərin birində o kitabxanaya bir daha getməmək qərarına gəldim. Amma aylar sonra məktəbimizdə keçirilən tədbirlərin birində aparıcılıq edərkən o qadın məni gördü və niyə kitabxanaya gəlmədiyimi soruşdu. Yadıma düşəndə indi də öz cəsarətimə təəccüblənirəm. Birbaşa çəkinmədən " Sizə görə gəlmirəm" dedim. Sevimli ədəbiyyat müəllimimiz söhbətimizə müdaxilə edib bizi barışdırmağa nail oldu. Bəlkə də o qadının xarakterinə görə idi ki, kitabxanaçılıq peşəsinə yiyənmək ağlımın ucundan da keçməzdi. Ürəyim jurnalistikada olduğu halda sənədlərimi kitabxanaçılıq fakultəsinə verdim. Bu nə sirri- xuda idi? Niyə məni gələcəyin jurnalisti kimi görmək istəyən sevimli ədəbiyyat müəllimim Südabə Mahmudovanı və şeir dərnəyimizin rəhbəri Məmməd İsmayılı məyus etdim, niyə öz iradəmin əksinə getdim, bilmirəm, yəqin ki, bu addımım kitablara olan sevgidən irəli gəlmişdi. Ya da açıqca etiraf edim ki, o zamanlar jurnalistika fakültəsinə iyirmi beş, kitabxanaçılıq fakültəsinə isə yüz nəfər tələbə qəbulu olduğundan risk etməyə çəkinmişdim. Beləliklə, jurnalist olmaq arzusu qəlbimdə nakam ilk məhəbbət kimi iz qoyub qaldı.
Amma İradə Tuncay ədəbi mühitdə böyümüşdü və öz iradəsinin əskinə gedə bilməzdi. Heç də təəccüblü deyil, bircə misrası ilə Azərbaycanı ayağa qaldırmağa qadir olan böyük şairin övladı belə də olmalı idi! Şübhəsiz, bu yerdə genetika da öz sözünü deyir. Elə bu səbəbdəndir ki, İradə Tuncay Azərbaycan mətbuatının tanınmış simalarından biri oldu. İradə xanımın baş redaktoru olduğu " Ədalət" qəzeti düz 35 ildir ki, mətbuatımızın keşiyində ədalətlə dayanaraq öz missiyasını vicdanla həyata keçirir, "Əkinçi"nin ənənələrini layiqincə davam etdirir. Çünki onun İradəsi güclüdür, öz sözünü deməkdən heç vaxt çəkinmir. Ədalət naminə deməliyik ki, "Ədalət" həqiqətən, bir xalq qəzetidir və təmənnasız olaraq xalqa xidmət edir. Mənə doğma olan, mənə qucaq açan eyniadlı sayt da öz ədalətli mövqeyi ilə cəmiyyətdə sayılıb- seçilən informasiya ocağıdır.
Arzum budur ki, mətbuatımızın "Ədalət"i həmişə olduğu kimi bundan neçə illər sonra da öz ədalətinin ziyası ilə bütün cəmiyyəti işıqlandırsın.
Bugünkü mətbuat günü münasibətilə bütün qələm adamlarını, xüsusilə mənə doğma olan "Ədalət"in kollektivini ürəkdən təbrik edir, Aqil bəyə və İradə xanıma möhkəm can sağlığı, yeni- yeni yaradıcılıq uğurları arzulayıram.
Və bir də hər dəfə yazılarımı göndərəndə mənə ən səmimi sözlərlə cavab yazan, onları saytda yerləşdirən, ədəbiyyata, poeziyaya olan sevgimi həssas qəlbi ilə duyan və elə İradə xanımın sayəsində tanıdığım Sübhan Mahmudova təşəkkür edir, bayramını təbrik edirəm. Sübhan hər dəfə yazdığı bir kəlmə şirin sözlə mənə sanki dünyaları bəxş edir.
Üzünü görmədiyin bir insandan bu cür xoş münasibət görmək adamı həqiqətən xoşbəxt edir.
Amma dünyamızda baş verən bir çox siyasi çəkişmələr, torpaq davası, günahsız uşaqların ölümü insanları xoşbəxt olmağa qoymur. Bütün bunlar Yer üzündə ədalətsizlik toxumunun artıq cücərməsindən xəbər verir və bu, sivil bəşəriyyəti narahat etməyə bilməz. Elə bu məqamda dahi Hüseyn Cavidin "Ədalət istərəm, yalnız ədalət" çağırışı yada düşür.
Nə yaxşı ki 150 yaşlı mətbuatımızın 35 yaşlı "Ədalət"i var!
Kaş həmişə Ədalətli olaq! Onda qarşımıza da ədalətli insanlar çıxacaq.
Kaş həmişə İradəli olaq!
Arzularımızın, istəklərimizin ardınca gedək! Onda yaşamaq da, yaratmaq da gözəl olur!


