Icma.az
close
up
RU
Milli tarixçiliyimizi zənginləşdirən alim

Milli tarixçiliyimizi zənginləşdirən alim

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Onunla tanışlığımız və əməkdaşlığımız Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasındakı birgə fəaliyyətimiz dövründən başlanıb. Tarix elminin müxtəlif istiqamətləri üzrə təqdim olunan dissertasiyaların müzakirəsi, onların təhlili, elmi yeniliklərinin qiymətləndirilməsi və ekspertizası zamanı onun nə dərəcədə obyektiv və prinsipial bir elm adamı olduğunun dəfələrlə şahidi olmuşam.

Təqdim olunan dissertasiya işlərinə dair rəyləri, müzakirələrin gedişindən irəli gələn mahiyyəti üzrə çıxış və replikaları onun təkcə öz ixtisas sahəsi deyil, ümumilikdə tarix elminin müxtəlif istiqamətləri üzrə geniş biliyə malik olduğundan xəbər verirdi. O, arxeoloji və etnoqrafik tədqiqatlardan tutmuş beynəlxalq münasibətlərə, regionşünaslıqdan mədəniyyət tarixinə qədər fərqli mövzular üzrə aparılan müzakirələrdə əsaslandırılmış mövqeyi, zəngin mənbəşünaslıq biliyi və analitik yanaşması ilə seçilirdi. Elmi məsələlərə münasibətdə onun tələbkarlığı və gənc tədqiqatçılara qayğıkeş münasibəti xüsusilə diqqəti çəkirdi. Söhbət bu günlərdə ömrünün 60-cı baharını yaşayan alim-ziyalı dostum, Bakı Slavyan Universitetinin professoru, Sosial elmlər və regionşünaslıq fakültəsinin dekanı Habil Məmmədovdan gedir.

Daha sonralarsa Azərbaycanda və xaricdə keçirilən müxtəlif elmi konfrans və simpoziumlarda,  akademik tədbirlərdə iştirakı, bu platformadakı məruzə və çıxışları onunla bağlı qənaətimi daha da möhkəmləndirmiş oldu.

2020-ci ilin yayı idi. Mən Neftçilər xəstəxanasında Kovid-19-la çarpışdığım o ağır dönəmdə dostlarım və həmkarlarım 70 illik yubileyimi beynəlxalq vebinar konfrans keçirməklə qeyd etdilər. Konfrans barədə məlumatım olsa da, kritik vəziyyətdə olduğumdan ona onlayn qaydada belə qoşula bilmədim. Yalnız Kovid-19 bəlasından qurtularaq tam sağlam həyata döndükdən sonra həmin konfrasın materialları ilə tanış ola bildim. Orada professor Habil Məmmədovun mənim rəhbərliyimlə aparılmış arxeoloji tədqiqatlara dair yazısı da yer almışdı. Yazıda “Şəhərgah” şəhər yerindəki tədqiqatlarımızın və 1132 ədəd gümüş sikkələrdən ibarət Muradxan dəfinəsi ilə bağlı araşdırmalarımızın dərin, hərtərəfli və mükəmməl təhlili verilmişdi. Doğrusu, onun arxeoloji irsi belə peşəkarcasına təhlil edərək ümumiləşdirmək bacarığı yaxşı mənada məni təəccübləndirdi. Bu əlbəttə ki, hər şeydən əvvəl professor Habil Məmmədovun maraq dairəsinin, mütaliəsinin və analitik düşüncə hüdudlarının nə dərəcədə geniş və əhatəli olduğundan xəbər verir.

Habil müəllim olduqca maraqlı həmsöhbətdir. Onunla səfərdə, səyahətdə olarkən vaxtın necə keçdiyini hiss etmirsən. Dialoqa, polemikaya açıq bir insandır. Gülərüz çöhrəsi və dəmir məntiqi qeyri – ixtiyari olaraq müsahibini sonadək onu dinləməyə fikir və tezisləri ilə həmrəy olmağa sövq edir.

Bu gün 60 illik yubileyini qeyd edən professor Habil Məmmədovun keçdiyi həyat və elm yolu Azərbaycan ziyalısının ən yaxşı keyfiyyətlərini özündə birləşdirir. O, uzun illər ərzində təkcə sanballı elmi əsərlər yaratmamış, həm də davamlı olaraq tarix, beynəlxalq münasibətlər, regionşünaslıq, politologiya və digər ixtisaslar üzrə kadr hazırlığı ilə məşğul olubdur.Bəli, o yüzlərlə tələbənin, gənc tədqiqatçının formalaşmasına öz töhfəsini vermiş, Azərbaycan tarixşünaslığının, etnoqrafiyasının və slavyanşünaslığının inkişafında mühüm xidmətlər göstərmişdir. Onun haqqında yazarkən ilk növbədə elmə sədaqəti, peşəsinə bağlılığı və vətəndaş mövqeyi göz önünə gəlir.

Muğanın maddi mədəniyyətinin ilk tədqiqatçısı

Ali məktəbi bitirərək gələcək taleyini elmə bağlamaq həvəsi onda hələ BDU-nun tarix fakültəsində oxuyarkən yaranmışdı. Tarix fakültəsində onunla birlikdə təhsil alan tələbə yoldaşlarının əksəriyyəti gələcəkdə raykom katibi və yüksək çinli partiya funksioneri olmaq barədə xülyalarla yaşayarkən Habil demək olar ki, hər gün kitabxanalara, arxiv və fondlara gedərək özünü daha çox məhz elm sahəsində sınamaq arzusunda idi. Bu seçim də hər şeydən öncə sevimli müəllimi, tanınmış tarixçi alim və son dərəcə qürurlu şəxsiyyət olan professor Tofiq Vəliyevə olan  hüsn-rəğbətindən qaynaqlanırdı. Görünür, Tofiq müəllim də bunu sezmişdi. Odur ki, ona diplom işi üçün kifayət qədər ciddi və aktual bir mövzu vermişdi: “Türkmənçay sülhü və çarizmin ermənilərin köçürülməsi  siyasəti”. Maraqlıdır ki, çox-çox sonralar Prezident yanında AAK-ın sədri akademik A.Mirzəcanzadə Habil Məmmədovun şəxsi işi ilə tanış olarkən demişdi ki, ay oğul, sənin diplom işin özü də elə namizədlik disserasiyasına barəbərdir.

Habil Məmmədov elmə ilkin olaraq etnoqraf kimi gəlib. 1991-1994-cü illərdə BDU-nun aspirantı olarkən elmi rəhbəri, Azərbaycanın görkəmli etnoqraf alimi, professor Arif Mustafayevin tövsiyyəsi əsasında Muğanın maddi mədəniyyətini araşdırıb. Etnoqraf kimi yaradıcılığının ilk böyük uğuru isə 1996-cı ildə müdafiə etdiyi “Muğanın maddi mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat)” mövzusunda namizədlik dissertasiyası olmuşdur. Hansı ki, o zaman bu tədqiqat əsəri Azərbaycan etnoqrafiya elmi üçün mühüm hadisə hesab edilirdi. 

Onun 2001-ci ildə namizədlik dissertasiyası əsasında nəşr olunan “Muğanın maddi mədəniyyəti” monoqrafiyası bölgənin təsərrüfat həyatı, yaşayış məskənləri, xalq memarlığı, sənətkarlıq ənənələri, məişət mədəniyyəti və etnik xüsusiyyətlərinin öyrənilməsinə həsr olunmuş ilk fundamental araşdırmalardan biri hesab olunur. Maraqlıdır ki, bu əsəri ilə müəllif bölgədə mövcud olan maddi mədəniyyət nümunələrini yalnız təsvir etməklə kifayətlənməmiş, onların formalaşma prossesini, tarixi inkişaf dinamikasını və Azərbaycan xalqının ümumi etnomədəni sistemdə tutduğu yeri də müəyyənləşdirmişdir. Bu baxımdan monoqrafiya bu gün də etnoqrafiya və xüsusilə, Muğan tarixi-etnoqrafik reionunun araşdırılması baxımından mühüm elmi mənbə hesab olunur.

Muğandan - Şərqi Avropaya

Professor Habil Məmmədovun elmi fəaliyyətinin ikinci mühüm istiqaməti Azərbaycanın Şərqi Avropa ölkələri ilə mədəni əlaqələrinin araşdırılmasıdır.

2013-cü ildə müdafiə etdiyi “Azərbaycan Respublikası ilə Şərqi Avropa ölkələri arasında mədəni əlaqələr (1991–2008-ci illər)” mövzusunda doktorluq dissertasiyası bu sahədə Azərbaycanda həyata keçirilmiş ilk sistemli və kompleks araşdırmalardan biridir. Müəllifin doktorluq dissertasiyası əsasında hazırlanmış olduğu“Azərbaycan–Şərqi Avropa: mədəniyyətlərarası əməkdaşlığın tarixi” monoqrafiyasında Azərbaycanın Polşa, Ukrayna, Bolqarıstan, Rumıniya, Macarıstan, Çexiya və digər Şərqi Avropa ölkələri ilə əlaqələrinin müxtəlif istiqamətləri geniş şəkildə təhlil edilmişdir. Professor H.Məmmədov bu əsəri ilə mədəni diplomatiyanın beynəlxalq münasibətlər sistemində rolunu araşdıraraq göstərmişdir ki, mədəniyyətlərarası dialoq müasir dövrdə dövlətlərin yumşaq güc siyasətinin mühüm elementlərindən biridir. Bu tədqiqat əsəri Azərbaycanın multikultural dəyərlərinin beynəlxalq miqyasda tanıdılması baxımından da mühüm elmi əhəmiyyət daşıyır.

Azərbaycanda slavyanşünaslıq məktəbinin formalaşmasında xidmətləri

Professor Habil Məmmədovun Azərbaycan elmində ən mühüm xidmətlərindən biri slavyanşünaslıq istiqamətində yaratdığı elmi irsdir. Onun müəllifi olduğu “Bolqarıstan tarixi” (2009),“Ukraynanın müasir tarixi” (2009), “Polşanın müasir tarixi” (2017),“Slavyan ölkələri tarixi” (2020) kimi dərslik və dərs vəsaitləri Azərbaycan dilində bu sahədə hazırlanmış ilk fundamental tədris ədəbiyyatları sırasında öncül yer alır. Xüsusilə 676 səhifəlik “Slavyan ölkələri tarixi” dərs vəsaiti Rusiya, Ukrayna, Belarus, Polşa, Çexiya, Slovakiya, Bolqarıstan, Serbiya və digər slavyan xalqlarının etnik, siyasi və mədəni inkişaf tarixini sistemli şəkildə təqdim edən ilk geniş həcmli nəşr kimi qiymətləndirilir.

Elmi-pedaqoji fəaliyyət və kadr hazırlığı

O uzun illərdir ki, Bakı Slavyan Universitetində çalışır. 30 ildən artıqdır ki, onun elmi - pedaqoji fəaliyyəti bu nüfuzlu tədris ocağı ilə bağlıdır.2017–2024-cü illərdə Beynəlxalq münasibətlər kafedrasına, 2024–2025-ci illərdə isə İctimai elmlər kafedrasına rəhbərlik etmişdir.Hal-hazırda isə fakültə dekanı vəzifəsində çalışmaqdadır.

Professor H.Məmmədov minlərlə gəncin kamil mütəxəssis kimi formalaşmasında iştirak etmiş, Slavyan ölkələri tarixi, beynəlxalq münasibətlər taixi, geosiyasət, etnologiya, Avropa və Şərq ölkələrinin tarixi kimi fənləri yüksək peşəkarlıqla tədris etmişdir.

Hazırda professor Habil Məmmədov 8 doktorant və dissertantın elmi rəhbəridir. Onlardan 1 nəfəri müdafiə etmiş, 5 nəfəri müdafiə mərhələsində, 2 nəfəri isə elmi işlərini tamamlayaraq müzakirə prosesindədir.

Beynəlxalq elmi əməkdaşlığın üfüqləri

Professor Habil Məmmədovun elmi məqalələri Azərbaycanla yanaşı Rusiya, Ukrayna, Polşa, Qazaxıstan, Bolqarıstan, Türkiyə və digər ölkələrin elmi nəşrlərində dərc olunmuşdur. Onun əsərləri beynəlxalq elmi ictimaiyyət tərəfindən maraqla qarşılanır. Xüsusilə Azərbaycan–Şərqi Avropa münasibətləri, slavyan xalqlarının etnogenezində türklərin rolu, milli diaspor fəaliyyəti, beynəlxalq mədəni əməkdaşlıq, regional təhlükəsizlik və geosiyasi proseslərə dair araşdırmaları müxtəlif ölkələrin elmi nəşrlərində çap edilmişdir. Alim beynəlxalq forumların, konfransların və simpoziumların daimi iştirakçılarındandır. O, Bakı Beynəlxalq Humanitar Forumları da daxil olmaqla çoxsaylı beynəlxalq tədbirlərdə Azərbaycan elmini uğurla təmsil etmişdir.

Bir sözlə, Habil Məmmədov müasir Azərbaycan elminin məhsuldar nümayəndələrindən biridir. Onun fəaliyyəti elmi araşdırma, pedaqoji xidmət, elmi təşkilatçılıq və beynəlxalq əməkdaşlıq kimi istiqamətləri özündə birləşdirir. Muğanın maddi mədəniyyətindən başlayaraq Şərqi Avropa ilə mədəni əlaqələrə, slavyan xalqlarının tarixindən geosiyasi proseslərə və slavyanların etnogenezində türklərin roluna qədər uzanan geniş tədqiqat spektri onun elmi-pedaqoji fəaliyyətinin miqyasını aydın şəkildə nümayiş etdirir.

Altmış illik yubileyini elmi yaradıcılığının ən məhsuldar dövründə qarşılayan professor Habil Məmmədovun Azərbaycan tarix elmi qarşısındakı xidmətləri gələcək nəsillər üçün də dəyərli nümunə olaraq qalacaqdır. Onun zəngin elmi irsi, yetişdirdiyi gənc tədqiqatçılar və formalaşdırdığı elmi ənənələr Azərbaycan humanitar elmlərinin inkişafında uzun illər öz təsirini göstərəcəkdir.

Anadan olmasının 60 illiyi münasibətilə həmkarım və dəyərli dostum professor Habil Məmmədovu ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və Azərbaycan elminin inkişafı naminə daha böyük yaradıcılıq uğurları  arzulayıram.

Qafar CƏBİYEV,
tarix elmləri doktoru, professor,
Əməkdar jurnalist

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyun 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri