Minatəmizləmə əməliyyatları: Böyük Qayıdışa yol açan vacib proses
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 42, tankəleyhinə 18 mina və 683 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, həmçinin 838,2 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.
Agentlik işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Proqramı çərçivəsində illik plana əsasən humanitar minatəmizləmə əməliyyatlarını davam etdirir. İşğaldan azad edilmiş ərazilərdə əsasən yaşayış infrastrukturunun yaradılması, kənd təsərrüfatı sahələri, nəqliyyat, energetika, eləcə də digər prioritet istiqamətlərdə fəaliyyət icra edilir. Başlıca prioritet isə insanları mina və digər partlayıcı sursatların təhlükəsindən qorumaqdan, bərpa-quruculuq işləri üçün təhlükəsiz mühitin yaradılmasından ibarətdir.
Minatəmizləmə işlərində qarşıya çıxan əsas çətinliklər ərazilərin nizamsız şəkildə minalanması, minalanmış ərazilərin metallarla çirkləndirilməsi, eləcə də mina və partlamamış hərbi sursatlarla yanaşı, ərazilərdə quraşdırılan tələ minaları, əldədüzəltmə partlayıcı qurğulardır. Burada xüsusilə tələ minaları və əldə düzəltmə partlyıcı qurğuların təhlükəsini vurğulamaq istərdim. Çünki bu kimi tələlər adətən minalar kimi gizli yerləşdirilə və ya diqqəti cəlb edən əşyaya bənd edilə bilir.
Ölkəmizdə icra edilən humanitar minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə edilməklə Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun həyata keçirilir. Ərazinin çirklənmə səviyyəsi və relyefinə uyğun olaraq minatəmizləmə üsulları tətbiq edilir. Əməliyyatlar əsasən əl ilə minaaxtarma, mexaniki minatəmizləmə vasitələri və xüsusi təlim keçmiş minaaxtaran itlər vasitəsilə icra edilir.
Mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ANAMA partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə istiqamətində təlim proqramları həyata keçirir. Bu proqramların əsas məqsədi insanların mina və partlamamış hərbi sursatlar, onların törədə biləcəyi fəsadlarla bağlı məlumatlılığını artırmaq, onlara düzgün davranış qaydalarını öyrətmək və baş verə biləcək hadisələrin qarşısını almaqdır. ANAMA tərəfindən 4 istiqamətdə maarifləndirmə fəaliyyəti icra edilir - ümumi maarifləndirmə, təlimçilərin təlimi, icma əsaslı və məktəblərdə maarifləndirmə. Maarifləndirmə işlərinin əsas komponentlərindən biri də məktəblərdə bu istiqamətdə biliklərin artırılmasıdır.
Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Mənfur ermənilər 30 il ərzində işğalda saxladıqları əraziləri xarabalığa çevirməklə, infrastrukturu məhv etməklə yanaşı, şəhər, kənd və qəsəbələrə aparan yolları, tarixi abidələrin yerləşdiyi yerləri, qəbiristanlıqları, əkin sahələrini qarış-qarış minalayıblar. Qarabağ işğaldan azad olunduqdan sonra ilk iş bu ərazilərin minalardan təmizlənməsi olub. Qarabağa Böyük Qayıdışın yolu kommunikasiyaların bərpasından və işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq, təmir-bərpa işlərinin aparılmasından keçir. Bütün bu işlərin həyata keçirilməsi üçün də ilk öncə bu ərazilərdə mina və partlamamış döyüş sursatlarının aşkar olunaraq zərərsizləşdirilməsi işlərinə başlanılıb. Yaşayış məntəqələrinin salınacağı ərazilər, əkin sahələri, yollar və s. minalardan təmizlənib. Hazırda da təmizləmə işləri davam etdirilir. İlkin qiymətləndirmələrə görə, Ermənistan işğal dövründə torpaqlarımıza 1,5 milyon mina basdırıb. Ərazilərdə icra edilən qeyri-texniki tədqiqat və texniki tədqiqat əməliyyatları nəticəsində təkcə keçmiş təmas xətti boyu ərazilərin deyil, eləcə də mülki təyinatlı ərazilərin də mina və müharibənin digər partlayıcı qalıqları ilə ciddi şəkildə çirkləndiyi müəyyən olunub.
Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinin sədri Hafiz Səfixanovun sözlərinə görə, xətt boyunca ərazilər 4-7 km dərinlikdə minalanıb. Son dörd ildə mina qurbanlarının 70 faizi ölkənin dərinliklərində baş verən partlayışlar nəticəsində həlak olub: "ANAMA-nın məlumatına əsasən, 1991-ci ildən bəri 3460 nəfər mina partlayışlarının qurbanı olub. İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurda 1,5 milyona yaxın mina yerləşdirilib. 2021-2024-cü illərdə 179 min hektardan çox ərazi minalardan təmizlənib. Son dörd ildə 18 411 tank əleyhinə mina, 29 250 piyada əleyhinə mina və 119 104 partlamamış hərbi sursat zərərsizləşdirilib. 2026-cı ilin sonuna kimi 280 min hektar ərazinin tam təmizlənməsi planlaşdırılır. Təcrübəyə əsasən, döyüşlər bitdikdən sonra, minalarla bağlı iki mənbədən məlumat alınır: xəritələrdən və yerli əhalidən. Bu məlumatlar əsasında minalanmış ərazilərin konturları müəyyən olunur və təmizlənmə aparılır. Bizdə isə verilən xəritələr dəqiq deyil. Məlumat toplamaq üçün yerli əhali də yoxdur. Ona görə də biz qarış-qarış qabağa gedirik. Prosesdə beynəlxalq dəstək olsa da, onun həcmi bizim problemin miqyasına adekvat deyil. Minatəmizləmə çox vaxt və pul aparan işdir. Beynəlxalq birliklərdən cəmi beş faiz yardım ala bilirik. Əhalinin işğaldan azad edilmiş ərazilərə qayıdışı ilə mina qayğıları daha da çoxalır. Hər ay mina qurbanlarının sayı artır. Bizim qurbanların sayı Cənubi Qafqazın digər ərazilərindəki mina qurbanlarının sayından ən azı iki dəfə çoxdur. İnsanlarımız şüurlu şəkildə təlimatlara əməl etməlidirlər. Mina probleminin nə vaxt bitəcəyi ilə bağlı dəqiq proqnoz vermək çətindir. Görülən işlər ona hesablanır ki, minatəmizləmə ilə bağlı vaxt qısalsın. Konkret vaxt demək isə çox çətindir. Qarabağın içərilərinə getdikcə hansı ərazilərdə nə olduğunu bilmirik".
QHT sədri həmçinin bildirib ki, BƏƏ, Çin, Böyük Britaniya və bir sıra beynəlxalq təşkilatlar humanitar minatəmizləmə prosesinə maliyyə və texniki dəstək verirlər: "Kolumbiyadan xüsusi təlim keçmiş siçovul-saperlər, MLI vasitəsilə isə Malinois cinsindən minaaxtaran itlər gətirilib. Minaların tam təmizlənməsi və təhlükəsiz həyatın bərpası üçün genişmiqyaslı işlər davam etdirilir".
Millət vəkili Sevinc Fətəliyeva bildirir ki, Azərbaycan dünya miqyasında mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən biridir. Ermənistan 30 illik işğalçılıq siyasəti zamanı ərazilərimizə 1.5 milyondan çox mina yerləşdirib. Ölkəmizin ərazisinin 12 faizi minalarla və partlamamış sursatlarla çirklənib. Bu, kənd təsərrüfatı üçün yararlı torpaq fondunun 28 faizi deməkdir. Bu faktlar sübut edir ki, mina terroru Ermənistanın müharibə cinayətlərinin ayrılmaz tərkib hissəsidir. Müharibədən sonra xeyli ərazilər minalardan təmizlənib: "Lakin reallıq bundan ibarətdir ki, minatəmizləmə işi uzun müddət tələb edən prosesdir. Bunun nəticəsidir ki, müharibə artıq 4 ilə yaxındır bitsə də, mina qurbanlarının sayı getdikcə artır. Bunun əsas səbəbləri sırasında Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməməsi, keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı obyektlərə tələ xarakterli minalar yerləşdirməsidir".
Millət vəkili qeyd edib ki, Azərbaycan dövlətinin qarşısında dayanan əsas vəzifələrdən biri 30 illik erməni işğalı zamanı vəhşicəsinə dağıdılmış yurd yerlərimizi bərpa etmək, həmin şəhər və kəndlərə yenidən həyat verməkdir. Lakin Ermənistanın törətdiyi cinayətlər sırasında ərazilərimizin kütləvi minalanması hələ də ən böyük təhdidlərdən biri kimi qalması Böyük Qayıdış proqramına, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmasına əngəl törədir: "Dövlət tərəfindən minaların təmizlənməsi sahəsində böyük işlər görülür. Minatəmizləmə ən müasir və qabaqcıl texnologiyalardan istifadə edilməklə, əsasən də daxili resurslar hesabına həyata keçirilir. Bu gün işğaldan azad olunmuş əraziləri öz hesabına əsaslı bərpa edən və yenidən quran Azərbaycan mina probleminin həllinə də böyük vəsaitlər sərf etmək məcburiyyətindədir".
Sevinc QARAYEVA
Baxış sayı:38
Bu xəbər 22 Dekabr 2025 21:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















