Mirzə İbrahimov Azərbaycan qəzetində (1945 1946 cı illər)
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rəhim ƏLİYEV
(Əvvəli ötən sayımızda)
Mir Cəfər Bağırovun 1944-cü il Təbriz qrupunun da praktik kuratoru olduğunu nəzərə alsaq, Mirzə İbrahimovun arayışının da hətta İran məsələsi üzrə yeni rəhbər özək tərəfindən formalaşdırıldığını güman etmək olar. Bunun tarixini Həsən Həsənovun üçüncü katib vəzifəsindən endirildiyi vaxta, yəni 1945-ci ilin yanvarına aid etmək mümkündür. Bunu Azərbaycandakı Təbriz qrupunun üçüncü, bu dəfə Mirzə İbrahimov mərhələsi saymaq olar. 1945-ci il iyun ayının 10-da, dava bitəndən bir ay sonra SSRİ Komissarlar Sovetinin "İranın Şimalında sovet sənaye müəssisələrinin təşkil edilməsi haqqında" İ.Stalinin imzası ilə qərarı çıxdı. Bu qərar nəyə lazım idi? Axı SSRİ-nin yüzlərlə şəhəri müharibədə xarabalığa çevrilmişdi, onları təzədən tikmək lazım idi. Amma sözügedən məxfi qərar İranda zavodlar tikməyi nəzərdə tuturdu, bu, ağılsız bir addıma oxşayırdı, çünki ölkədə çörək belə kartoçka ilə verilirdi hələ. Amma bu qərar İ.Stalinin hikkəsi ilə bağlı deyildi. 1946-cı ilin yazında Moskvada Qəvvamla görüşdə o, məşhur ifadəsini demişdi: "Biz Bakısız yaşaya bilmərik". Yəni SSRİ-nin xaraba qalmış yüzlərlə şəhərini təzədən tikmək üçün intəhasız qədər müftə neft lazımdır. Bakı sözünün mənası budur. Birinci qərardan on gün sonra, iyunun 21-də SSRİ-nin İran siyasətinin məğzini əks edən ikinci məxfi qərar çıxdı: "İranın Şimalında neftlə bağlı geoloji kəşfiyyat işləri haqqında". Bunların mətnində sanki SSRİ-nin öz ərazisindən söhbət gedir. İki həftə sonra iyulun 6-da üçüncü məxfi Qərar çıxdı: amma bu, artıq SSRİ dövlətinin yox, bolşevik partiyası Moskva MK-sının məxfi siyasi qərarı idi: "Cənubi Azərbaycanda və İranın şimalının digər vilayətlərində separatçı hərəkatın təşkili üzrə tədbirlər haqqında". Bu üç qərar əslində bir qərarın hissələridir. Məxfilik mülahizələri ilə üç hissəyə ayrılıb ki, onların icraçıları ayrılıqda işləsinlər və konsepsiyanı bütövlükdə bilməsinlər.
Üçüncü qərarın mətnindən görünür ki, bu, təkcə azərbaycanlı və kürdlərin yox, digər vilayətlərin də (Gilan, Mazandaran, Gürgan, Xorasan) Muxtar qurumları, hökumətləri yaranmalı idi. Əməldə ancaq ikisi yarandı. Deməli, ilkin plan daha geniş olub və bəlkə də indiyəcən məxfi qalan Layihənin: - İranda Şahlığın devrilməsi - layihəsinin bir hissəsi olub. C.Həsənlinin son kitabında bu barədə ayrıca fəsil var: "8. "Tudə" partiyası ilə bağlı Əhməd Qəvvamın "At gedişi". Burada şahı devirmək planı daha çox Qəvvamla əlaqəli təqdim olunur. Biz isə güman edirik ki, bu, Moskvadan Tudəyə atılmış bir layihə olub, çünki ikincinin heç zaman müstəqil iradəsi olmayıb. İkincisi, İranın şimalında separatçı hərəkatların təşkili layihəsi ilk variantda Cənubi Azərbaycandan çox geniş idi və bu, təsadüfi ola bilməzdi. Yəqin ki, 1944-cü ilin payızında Moskvanın İranda siyasi çevriliş planı baş tutmayandan sonra İ.Stalin Tudənin bu hədəf üçün zəif olduğu barədə nəticəyə gəlmişdi. Ona görə də 1945-ci ilin iyul-avqustunda İ.Stalin separatçı hərəkatları Azərbaycan və Kürdüstanla məhdudlaşdırdı. Şahın devrilməsi və respublika elan edilməsi haqda hədəfdən tamam imtina etdi. Çünki ABŞ-İngiltərə cütlüyü öz uzunmüddətli İran planlarını məhz Şah sarayı ilə bağlamışdı, onu qorumaq üçün qabaqlayıcı tədbirlər görürdü.
İ.Stalinin 1946-cı ilin martında Qəvvamla görüşündə bu məsələ üstübağlı şəkildə xatırlanır. Bu, təsadüfi ola bilməzdi, Qəvvamın sovet nümayəndələri və tudəçilərlə bu mövzuda daha əvvəlki kontaktları barədə Stalinin yəqin ki, məlumatı vardı. Lakin Qəvvamın onunla bu barədə danışmağa qorxduğunu hiss edən İ. talin məsələni açmır. O, Qəvvamın əclaf və sifətsiz bir adam olduğunu bilirdi və ona heç bir etibarı yox idi.
Həm də tikiləcək sənaye müəssisələrinin fəhlələri, İ.Stalinin gümanına görə, onun İranda yaratmaq istədiyi marksist rejimin "sosial bazası" olmalı idi. Amma rəhbər bilirdi ki, marksist rejimləri fəhlələr yox, silahlı adamlar, nizami ordunun süngüləri yaradır. Ona görə İ.Stalinin İranda revanşını icra edəcək əsl qüvvəni yaratmağı nəzərdə tutan məxfi qərar Muxtar Milli Hökumətin yaradılması barədə idi. Bunun müəllifi isə İ.Stalin özü idi, lakin hər xırda şey üçün əvvəlcə Bakıdan M.C.Bağırovdan rəsmi təkliflər alırdı. Bu, adi siyasi prosedur idi, hərəkatın arxasında Moskvanın durduğunu pərdələmək üçün idi. Azərbaycanlılar hərəkatın rəhbəri kimi M.C.Bağırovu tanımalı idilər. Nə Mirzə İbrahimov, nə də Pişəvəri bu məsələ ilə bağlı İ.Stalin tərəfindən şəxsən qəbul edilib.
Bağırovun Moskvaya yazdığı çoxlu təkliflərindən bəzi jurnalistlər Milli Hökumətin Bakının təşəbbüsü ilə yaradılması haqda sadəlövh nəticə çıxarırlar. Bu, dərin bir səhvdir, Bağırovun rəhbər İ.Stalinə siyasi məsləhət vermək üçün nə hüququ, nə cəsarəti, nə ağlı vardı. Sistem özü bunu istisna edirdi. Bir də ciddi qərar qəbul etməzdən əvvəl aşağılardan təkliflər təşkil edilir və alınırdı. Bu, partiyada adi prosedur idi. Biz güman edirik ki, Mirzə İbrahimovun Moskvaya 1944-cü il məktubu da onun öz təşəbbüsü olmayıb. Bunu, ilk növbədə, məktubun bir surətinin M.C.Bağırova ünvanlanması təsdiq edir. Sonra da Azərbaycan problemi ilə bağlı bütün məxfi yazışmalar M.C.Bağırov vasitəsi ilə aparılıb. Məhz onun SSRİ dağılanda Bakıda qalmış məxfi arxivi Milli Hökumət dövrünü öyrənməkdə başlıca və qiymətsiz mənbədir. Mirzə İbrahimov isə artıq II Dünya Müharibəsi dövründən İran Kommunist partiyasının rəhbərlərindən biri olub, lakin Sovet vətəndaşı olduğuna görə bunu məxfi saxlamaq lazım gəlib. Partiya liderləri İran vətəndaşı olmalı idi.
1944-cü ildə Mirzə İbrahimovun Moskvaya, İ Stalinə yazılmış məktubu çox güman ki, 1944-cü ilin payızında, İranda Kommunist çevrilişinin məğlubiyyətindən sonra yazılıb. Mirzə İbrahimov da hansı şəkildə isə bu hadisələrdə iştirak edirmiş və Təbrizdə imiş. Çünki Y.Nəsirlinin qeydlərində onun Bakıya çağırılıb Moskvaya uçmasından söhbət gedir. Məktubun bir surətinin M.C.Bağırova yazılması onu da təsdiq edir ki, 1944-cü ilin yayından Mirzə İbrahimov İranda M.C.Bağırovun rəhbərliyi (kurasiyası) altında işləmiş və bütün xidməti yazışmalarını, o sıradan Moskva ilə rabitəni onun vasitəsi ilə həyata keçirmişdi. Yazıçının məktubda dəqiq nələr təklif etdiyini bilmirik. Amma şübhəsizdir ki, məktub 1944-cü ilin payızında uğursuz Kommunist qiyamının təhlili və onun nəticələri ilə bağlı olub. Ümumən, 1944-cü ilin Təbriz - Mirzə İbrahimov - M.C.Bağırov xəttini İ.Stalinin şəxsi və məxfi informasiya kanalı hesab etmək olar. Güman ki, bu xətlə gələn informasiyalar qiyamın gedişini və məğlubiyyət səbəblərini SSRİ Xarici İşlər Nazirliyinin kanallarından daha dəqiq və düzgün şərh etmiş və rəhbər bunları bəyənmişdi. Sonrakı 1945-1946-cı il hadisələrində Mirzə İbrahimovun fəal iştirakı təsadüfi ola bilməzdi. İ.Stalin İranda uğursuz çevrilişin intiqamını almaq niyyətinə düşəndə Mirzə İbrahimovun məktub və məlumatlarından formal əsas kimi istifadə edilib. Və bu məktub hansı şəkildəsə müharibə bitən ərəfədə ÜİK(b)P MK-nın İranda separatçı hərəkatların təşkili və İran neft yataqlarının ələ keçirilməsi barədə məxfi qərarlarının həyata keçirilməsinə təkan olmuşdu.
Mirzə İbrahimovun məktubu nəyə görə diqqəti cəlb etmişdi? Ona görə ki, sözü gedən məxfi təkliflər hələ İkinci Dünya müharibəsi ərəfəsində İ.Stalində yaranmış İran və Türkiyə barədəki ilhaq planları ilə üst-üstə düşüb. Finlandiya müharibəsi, Qərbi Ukrayna və Moldovanın SSRİ-yə birləşdirilməsi faktları təsdiqləyir ki, təkcə Hitler və ABŞ deyil, İ.Stalin də hələ 1938-1939-cu illərdən dünyanın yenidən bölüşdürülməsi planları ilə əməli surətdə məşğul idi. II Dünya müharibəsi nəticəsində dünya sosializm sisteminin yaranması bunu təkzibolunmaz şəkildə sübut edir. Elə bunlara görə 33 yaşlı sovet zabitinin davanın qızğın çağında İ.Stalinə yazdığı məktub Mirzə İbrahimovun Moskvaya dəvət olunması və SSRİ xarici işlər naziri V.Molotovla görüşməsi ilə nəticələndi. Çünki Mirzə İbrahimovun məktubundan əvvəl İ.Stalində və SSRİ Xarici İşlər Nazirliyinin dərinliklərində çox ciddi ilhaq planları var idi və Mirzə İbrahimovun məktubu düz hədəfə vurmuşdu. Lakin son nəticədə nə İran, nə də Türkiyə SSRİ-nin təsir dairəsinə keçdi, bu isə dərin tarixi səbəbləri olan ayrı bir mövzudur.
Məxfi qərarların Moskva bolşevik MK-sında varlığı və onların 1945-1946-cı illərdə Təbrizdə qurulan Muxtar Milli Hökumətlə əlaqəsi barədə bizim tarixşünaslıqda ilk dəfə professor Cəmil Həsənli bu mövzuda ilk kitabında yazmışdı və biz də 2013-cü ildə çıxan kitabımızda bunu Həsən Həsənovun "İran gündəliyi"inə əsaslanıb qeyd etmişdik. Lakin Mirzə İbrahimovun bu "Üçlük"dəki fəaliyyəti hələ də onun bioqrafiyasında az öyrənilmiş məsələ olaraq qalır.
Milli Hökumət layihəsi şübhəsiz ki, Moskva üçün alman faşizmi üzərində 9 may Qələbəsinin yaratdığı yeni vəziyyətlə bağlı idi. Müttəfiqlərlə razılığa görə, həm İngiltərə, həm də SSRİ qələbədən sonra İrandan çıxmalı idi. Amma İ.Stalin İrandan əliboş çıxa bilməzdi. Nəzərə almalıyıq ki, SSRİ qələbədən sonra öz işğal zonasındakı Çexoslovakiya, Şərqi Almaniya, Polşa, Macarıstan, Rumıniya və Yuqoslaviyadan da gec-tez çıxmalı idi. Üstəlik, müttəfiqlərlə birgə hələ Yaponiya ilə müharibə vardı irəlidə.
İ.Stalin bu ölkələri atıb çıxa bilməzdi, axı onlar Hitlerin müttəfiqi olmuşdular, qoşunları Qızıl Orduya qarşı vuruşmuşdu. Bizcə, Təbrizdə nisbətən asanlıqla qurulan Muxtar Milli Hökumət layihəsi İ.Stalin üçün bir nümunə oldu. Həmin nümunə üzrə Şərqi Avropa ölkələrində Milli Kommunist partiyaları və Moskvadan idarə olunan hökumətlər qurulmağa başladı. Təbrizdəki Milli Hökumətdən isə imtina etmək lazım gəldi. Birinci ona görə ki, bu layihə müttəfiqləri qəzəbləndirir, Tehran və Yaltada aparılmış dünya bölgüsü haqda razılaşmaları təhlükə altında qoyurdu. Bolşevik İ.Stalin buna razı ola bilməzdi, çünki Şərqi Avropada SSRİ işğal zonasındakı yuxarıda sadalanan ölkələr sosializmi bir ölkə çərçivəsindən çıxarıb dünya sisteminə çevirmək üçün hazır imkanlar yaratmışdı. Bu bolşevizmin Lenindən qalan idealı idi. İrəlidə Çin boyda ölkəni kommunistləşdirmək planı vardı.
(Ardı var)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 26 Noyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















