MİXAYLONUN AXIRINCI YAXŞILIĞI Rafael Hüseynov yazır
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rafael HÜSEYNOV
Akademik
Uşaqlıq illərində biz "dava-dava" oynayardıq. Azərbaycanda az qala hər ailəyə, hər nəslə zərbəsini vurub keçmiş İkinci Dünya müharibəsi artıq xeyli arxada qalmışdı, köhnə acılar soyumuşdu. Davalı kinolar çox idi və sarsıdıcı, qəmli səhnələri nə qədər çox olsa da, böyük müharibədən qələbə ilə çıxmış ölkədə yarandığından, o filmlərin hamısında gülüş, fərəh, inam kədərdən qat-qat çox idi.
Kimin ağlına gələrdi ki, uşaqların sevimli "dava-dava" oyununu tərgidəcəyi çağlar da gələcək. Azərbaycan uzun sürən savaşa da mübtəla olacaq, müharibəyə oyun kimi baxmaq vərdişini uşaqlara asta-asta həyat özü tərgidəcək. Amma çox keçməyəcək, zəfərimizlə bitmiş Qarabağ müharibəsi vaxtca uzaqlaşmağa başlayacaq, olsun ki, yenə "küçələrimizə, məhəllələrimizə balacaların "dava-dava" oyunları da qayıdacaq.
1960-70-ci illərdə "dava-dava" oynayan balacaların ən çox xoşladığı filmlərdən biri "Uzaq sahillərdə", sevimli qəhrəmanlarından biri Mixaylo - Mehdi Hüseynzadə idi.
...Hər xalqın ruhi ehtiyacları var. Böyüyün də, kiçiyin də daimi daxili tələbatı var ki, onun nağılı, dastanı olsun, hamılıqla oxunan nəğmələri, şərqiləri olsun, örnək götürüləsi şairləri, musiqiçiləri, üz tutacaqları ibadətgahları, ziyarətgahları olsun. İnsan yaxın-uzaq zamanlarda şücaət göstərmiş, tarixdə qəhrəman kimi qalmış babalara da, iftixar etməli əcdada da həmişə ehtiyac hiss edir. Əgər belələri yoxdursa, olmayıbsa belə, xalq onları həmin daxili ehtiyacın hökmü ilə özü yaradır. Bunlar xalq olmanın, millətə dönmənin elə pozulmaz qaydalarıdır ki, dünyanın hər yerində, tarix boyu həmişə var olub. Azərbaycan nə xoşbəxtdir ki, zamanın bütün dövrlərində onun yurdu yurd edən, həmvətənlərə ömürləri ilə dərslər, ibrətlər yadigar qoyub gedən balaları olub. Ancaq gerçək həyatda nə qədər əzəmətli olublarsa da, onları el gözü və düşüncəsində örnəkləşdirmək, ülviləşdirmək ədəbiyyatın, sənətin payına düşüb. Bu millətin Babəki də, Bəndəri də olub, Koroğlusu, Qaçaq Nəbisi də. Hansısa dövrlərdə bu qəbil seçkinlərimizin hansınasa kimsə dodaq büzürsə, onların böyüklüyünü kiçiltməyə, millət hafizəsindəki parlaq yerinə kölgə salmağa cəhd edirsə, bilin ki, bunun arxasında hökmən gizli düşmən əli var, xalqın əlindən bənzəmək istədiyi qəhrəmanları almaq, ürəklərə şübhə güvəsi yeritməkdə hökmən qıraqdan gələn yağı fitnəsi gizlənir.
Qəhrəmanlarımız cərgəsində vur-tut 26 illik qısa ömür yaşayaraq əfsanələşmiş, dəyişən zəmanənin, başqalaşan siyasətlərin ürəklərdəki və yaddaşlardakı yerinə təsir edə bilmədiyi Mehdi Hüseynzadənin də adı var. 20-30, 40 il qabaq Azərbaycanda onu hər kəs tanıyırdı, o, gündəlik həyata öz cəsur surəti ilə daha yaxın idi, onu həyatda görmüşlərin də bir çoxu həyatda idi. Ancaq həyat nə qədər dəyişsə də, baxışlar başqalaşsa, dəyərlər ayrıcürləşsə də, indi də məşhur film macal vermir ki, Mehdi - Mixaylo unudulsun, yaddaşın alt qatına çöksün.
Süd verib qoynunda bəslədin məni,
Mən sənin gözünə qurbanam, Vətən.
Qoymaram incidə yağılar səni,
Sənin etibarlı oğlunam, Vətən.
Bu misralar onunkudur. Mehdi Hüseynzadə 26 illik qısa bir ömür yaşadı, şimşək kimi yandı və keçdi. Olsun ki, həqiqətən, "yandı və keçdi" deyimi elə ildırıma yaraşan sözdür. Ancaq imkan vermək olmaz ki, şimşək kimi parlamışlarımız haçansa sönsün. Gərək elə edəsən ki, bir dəfə çaxmış belə millət şimşəklərinin gur işığı həmişə elə olduğu kimi qalsın, millət ruhunu səfərbər etməyi qırılmasın, bitməsin. Bunun tək yolu durmadan yaddaşı təzələməkdir.
...1930-cu illərin sonları idi, hələ müdhiş müharibə qarşıda idi. Bakıdakı Rəssamlıq Məktəbini bitirdikdən sonra iki bacının tək qardaşı gənc Mehdi Hüseynzadə İncəsənət Muzeyində işləyirdi və arzusu idi ki, Leninqrada (indi Sankt-Peterburq) getsin, Repin adına Rəssamlıq Akademiyasına qəbul olunsun. Getməyinə gedir də, lakin bəxti gətirmir, qəbul oluna bilmir, ancaq Bakıya da "məğlub" kimi qayıtmaq istəmir. Xarici Dillər İnstitutuna imtahan verir, bəxti gətirir, fransız dili fakültəsinə qəbul edilir. Mehdinin uşaqlıq yoldaşı olmuş, elə onun kimi rəssamlığa kiçik yaşlarından meyil etmiş məşhur sənətşünas Mürsəl Nəcəfov (1918-1997) 1960-70-ci illərdə Azərbaycan televiziyasında vaxtaşırı görünərdi, hərdən-hərdən Mehdi ilə bağlı xatirələrini də bölüşərdi. Onda Mehdinin Leninqraddan göndərdiyi məktublar da qalmışdı. Mürsələ yazırmış ki, bizə yalnız tək fransız dilindən 14 professor dərs deyir, yaxın günlərdə ispan və italyan dillərini də öyrənməyə başlayacağıq və belə düşünürəm ki, buranı bitirəndə artıq 4 dildə sərbəst danışacağam.
Təsəvvür edin ki, çoxlu əcnəbi dil bilən, üstəlik rəssam olan, istedadla aşıb-daşan bu gənc gələcəkdə nə qədər faydalar verə bilərdi. Ancaq müharibə düşür və dil bilikləri ona kəşfiyyat işlərində, faşistlərə qarşı mübarizə apararkən gərək olur.
Görkəmli bəstəkar Aqşin Əlizadə (1937- 2014) ilə biz yaxın idik. O, Mehdi Hüseynzadənin dosdoğma bacısı oğlu idi. Mənə əziz yadigarlar kimi saxladığı əl boyda, bəziləri ovuca sığan, cibdə gəzdirlə bilən lüğətləri göstərmişdi. Hamısı Mehdidən qalma idi - fransızca-rusca, rusca-fransızca, almanca-rusca, rusca-almanca, italyanca-rusca lüğətlər. Kitablar qalır, onların sahibi isə artıq lap çoxdandır ki, xatirəyə çevrilib. Mehdi Hüseynzadənin necə rəssam olması, yaşayarsa gələcəkdə necə parlaq bir sənətkara çevriləcəyi ondan qalan lövhələrdən duyulmaqdadır. Amma şahidlərin söylədikləri də vardı axı! Unudulmaz Xalq rəssamımız Oqtay Sadıqzadə (1921-2014) Mehdi haqqındakı məhrəm xatirələri ilə adamı bir andaca 1930-cu illərin əvvəllərinə aparırdı. O, Mehdidən 1-2 bayram kiçik idi, amma Bakı Rəssamlıq Məktəbində onunla eyni illərdə oxumuşdu. Danışırdı ki, Mehdi rəssamlığın aludəsi idi, heç bekar dayanmazdı, elə bir gün yox idi ki, təzə nəsə yaratmasın. Amma Oqtay müəllimin xatirələrinin içərisində məni daha çox cəlb edən ayrı bir məqam da vardı. Yada salırdı ki, Mehdi əsl aktyor idi - lətifə danışırdı, özü qətiyyən gülmürdü, sifətinin bir cizgisi də tərpənmirdi, amma elə danışırdı ki, hamı uğunub gedirdi. Ya ciddi bir əhvalat danışırdı, istər-istəməz hamı ona diqqət kəsilməyə məcbur olurdu. Və Oqtay müəllim nağıl edirdi ki, günlərin birində Mehdi həyəcanla içəri girib dedi ki, xəbəriniz var, Qız qalasını köçürürlər. Təəccüblə soruşduq ki, necə yəni, Qız qalasını köçürmək olar? Dedi ki, hə, belə qərara gəliblər ki, Qız qalası indi nisbətən gözdən uzaq yerdədir, onu sürüşdürüb aparmaq istəyirlər Azneft meydanı olan yerə ki, orada daha açıqlıq məkanda bir az da qabarıq nəzərə çarpsın. Əlavə də elədi ki, inanmırsınızsa, gedib baxa bilərsiniz.
Deyir, o qədər inandırıcı bir tərzdə deyirdi ki, hamımız inandıq, cəld qalxdıq ki, bulvara sarı yüyürək. Mehdi şaqqanaq çəkərək güldü ki, əşi, zarafat edirəm, hara gedirsiniz, o boyda Qız qalasını köçürmək olar? Amma bunu o qədər inamlı bir tərzdə demişdi ki, belə ola biləcəyinə hamımız inanmışdıq.
Xalq rəssamı, unudulmaz Oqtay Sadıqzadənin danışdığı o əhvalatı xatırlayaraq hər dəfə düşünürdüm ki, sanki Allah yazdığı ömür ssenarisində hər şeyi öncədən nəzərə alıbmış.
Vaxt Mehdini qürbət ellərdə, tarixin müqəddərat həll edən qəliz dönəmində, çətin şəraitdə kəşfiyyatçıya döndərdi, almanların arasında işlədi. Bu vəziyyətdə dil bilgisi məsələnin yalnız bir tərəfi idi. Düşmənlər arasında elə onlardan biri təsirini oyadaraq iş aparmaqçün müəyyən peşəkar kəşfiyyatçı vərdişlərinə sahib olmaq da hələ hamısı deyildi. Mehdi həm sovetlərdə - cəbhəyə göndərilməzdən əvvəl, həm almanlarda - legionda olarkən kəşfiyyat kurslarında təlim keçmişdi. Amma fitrətindən aktyorluq qabiliyyətinə, rola girmək, başqalaşmaq keyfiyyətlərinə də malik olması mürəkkəb gedişatda Mehdinin karına gəlmiş, öhdəsinə düşən riskli vəzifəni layiqincə yerinə yetirməsində çox kömək göstərmişdi.
Zahirən sanki Mehdi Hüseynzadəni bütün Azərbaycan tanıyır, o, hamımıza qəlbən yaxındır. Ancaq məşhur kəşfiyyatçının həyatının çox səhifələri indiyədək mübhəm, qaranlıq, suallarla dolu olaraq qalır. İkinci Dünya savaşının bitməsindən artıq 80 il ötür. O müharibədə iştirak etmişlərin ən cavanlarının da təqribən hamısı həyatdan gedib, uzaqbaşı yaşı 100-ü haqlamış, ya 100-ü aşan təklər qalmış ola. Hər ömürsə, illah da, savaşın ən düyünlü və ən qaynar nöqtələrində olmuş Mehdi Hüseynzadə kimi igidlərin yaşadıqları, taleyindən keçənlər milyonların aqibətində iz buraxmış o müharibə haqqında bir çox örtülü mətləblərin də üzə çıxmasına meydan aça bilir.
...Mehdi əsgərliyə yola düşəndə digər tay-tuşlarından fərqlənirdi. Əvvəla ona görə ki, o, bir neçə xarici dil bilirdi. Sovet dövründəsə xarici dil bilənlər xüsusi xidmət orqanlarının diqqətində saxlanılırdı. Yeri düşdükcə onların bu qabiliyyətindən də istifadə edilirdi. Digər tərəfdən, Mehdinin böyüdüyü ev də sıradan olan ailələrdən deyildi. Atası Hənifə milis işçisi idi, Bakı Milis İdarəsində inzibati şöbənin rəisi vəzifəsində çalışmışdı, banditizmə qarşı ən fəal mübarizlərdən olmuşdu. Ailə xatirələrində bu da söylənir ki, 1922-ci ildə Mehdi də, ailənin digər üzvləri də həlak ola bilərmiş. Mehdi də, bacıları da hələ kiçikmiş. Banditlər onların Novxanıdakı evlərinə hücum ediblərmiş, məqsədləri Hənifə Hüseynovdan (1881-1922) qisas almaq, rəisi ailəsi ilə birlikdə məhv etməkmiş.
Hənifənin banditlərlə atışması xeyli çəkir və görünür, belə təhlükələrin baş verə biləcəyindən agahmış ki, işini bərk tuturmuş, silah-sursatı əlinin altındaymış. Xeyli atışmadan sonra banditlər ərazini tərk etməyə vadar qalırlar.
Hənifə o bəladan ailəsini də xilas etsə, özü də salamat qurtarsa da, belə ardı-arası kəsilməyən sarsıntılar, streslər onun səhhətini laxladır, həyatdan cavan gedir.
1941-ci ildə Mehdi Hüseynzadə əsgər aparılanda onun banditizmə qarşı barışmaz mübarizlərdən sayılan milis işçisinin övladı olması da, ruscanı və bir neçə Avropa dilini bilməsi də, digər qabiliyyətləri də yalnız dost-tanışa, qohum-əqrəbaya deyil, dövlətə də yaxşı bəlli idi. Odur ki, başqa yaşıdlarından fərqli olaraq, Mehdi Hüseynzadəni birbaşa cəbhəyə deyil, Tiflisə, hərbi məktəbdə dərs alıb təlim keçməyə yollayırlar və 1 il orada yetişdirilir. Sonrakı illərin hadisələrini araşdırıb dərinə enəndə görünür ki, Mehdi elə əvvəldən kəşfiyyat işi üçün hazırlanırmış. 1942-ci ildə Stalinqrad (indi Volqoqrad) döyüşləri zamanı Mehdi Hüseynzadə minaatan vzvodun başçısı - taqım komandiri idi və haqqındakı məqalələrdə, kitablarda həmişə yazılıb ki, guya orada ağır yaralanır, əsir düşür və faşistlərin həbs düşərgələrinə aparılır.
Ancaq bu məsələlərə də artıq bir az başqa gözlə baxmağın zamanıdır. Əlbəttə, 1941-1942-ci illərdə hələ sovetlərlə almanların qüvvələr nisbəti çox fərqli idi, itkilər də, düşmənin əsir götürdükləri də çox olurdu. Bir çoxları yaralanaraq, mühasirəyə düşərək, köməksiz qalaraq məcburiyyət üzündən əsirə çevrilsələr də, qorxaqlıqdan, xəyanətkarlıqlarından almanlar tərəfə könüllü keçənlərə də rast gəlinirdi. Ancaq sonradan kəşfiyyat işi aparmaqçün Mehdi kimi elə məqsədli şəkildə əsirlər sırasına qatılanlar da vardı.
1942-ci ildə Mehdi Hüseynzadə bacılarına cəbhədən axırıncı məktubunu göndərib. Yazırdı ki, bu, son məktubumdur. Belə yazırdısa, demək, daha yazışmaq imkanının olmayacağından irəlicədən xəbərdar imiş.

Niyə bunun son məktubu olduğunu açıb-ağartmırdı. Özü isə yaxşı bilirdi ki, lap az sonra əsir düşəcək, həbs düşərgəsinə aparılacaq, orada da faşistlərlə işləməyə "razılıq" verəcək.
1942-ci ilin avqustundan sonra Mehdi artıq əks cəbhədə - almanların içərisində idi və düşmən cəbhəsinə "keçmişdi".
Sovet ordusunun rəsmi sənədlərində isə o, həlak olmuş hesab edilirdi.
1942-ci il yanvar ayının 18-də SSRİ Xalq Daxili İşlər Komissarlığının işğal altındakı ərazilərdə kəşfiyyat və təxribat üzrə Dördüncü İdarəsi yaradılanda rəsmi siyahılarda 7 mindən artıq kəşfiyyatçı və təxribat ustası vardı. Dördüncü İdarə yaradılandan sonra isə müharibənin sonunadək bu iş ardıcıl və sistemli biçimdə aparıldı, kəşfiyyatçıların sıralarına minlərlə yeniləri əlavə olundu.
1943-cü ilin aprelində Vermaxtın 162-ci Türküstan Diviziyası formalaşdırılanda bu prosesdə iştirak edənlərdən biri Mehdi Hüseynzadə idi və bu məqsədlə onu Ştrans şəhərinə ezam etmişdilər.
O, artıq alman zabiti geyimində idi.
Mehdi Hüseynzadə həmin diviziyanın 314-cü polkunun - alayının qərargahındakı təbliğat və əks-kəşfiyyat vəzifəsi daşıyan 1-TS şöbəsində alman zabiti kimi xidmətdəydi.
Yaxşı, bəs bu, irəlicədən planlaşdırılmış layihə idisə, Mehdi faşistlərin içərisinə atılmış adamımızdısa, bəs necə olmuşdu ki, sonra Dövlət Təhlükəsizlik Komitəsi onun adına ayrıca bir cinayət işi açmışdı?
Sovet dövləti 1941-1945 müharibəsi zamanı sədaqətsizlik göstərmiş, əsir düşmüş, düşmənə satılmış, xüsusən də faşistlərin yaratdığı legionlarda olmuş, sovet ordusuna qarşı vuruşmuşların hər birini "qara siyahı"sına salmışdı. Xaricdə qalan da o siyahıda idi, ayağını haçan bu tərəflərə bassa, tutularaq cəzası veriləcəkdi, müharibədən qayıdıb gələnləri də bir-bir həbs, ya sürgünə göndərirdi.
Hətta elələri olmuşdu ki, onları tanıyıb-bilməyib həmin "qara siyahı"lara salmamışdılar, müharibədən sonra o cür "unudulmuşlar" rahat həyatını sürmüşdü, fəqət günlərin birində keçmiş legionçulardan hansı birisə ifadə verəndə adlar çəkmişdi, ya müəyyən təsadüflər büsbütün yaddan çıxmış bir adamın, sən demə, vaxtilə faşistlərə qulluq etdiyini faş etmişdi, belələrini də dərhal həbsə alaraq göndərilməli olduqları yerə göndərmişdilər.
1990-cı illərin əvvəllərində belə cinayət işlərindən biri Dövlət Təhlükəsizlik Komitəsinin arxivində işləyərkən qarşıma çıxmışdı.
Müharibə dövründə faşistlərin yaratdığı Azərbaycan legionunda olmuş, faşistlərə xidmət etmiş bir nəfər hadisələrdən 20 ildən də çox sovuşarkən gözlənilməz bir şəkildə aşkarlanmışdı. Bu şəxs üstündə svastika işarəsi olan, qola bağlanan əsgini davadan bir xatirə kimi gətiribmiş. İllərcə o faşist qolbağısı kimsəyə görsənmədən evdə qalırmış. Evlənir, uşaqları dünyaya gəlir, balacalar böyüyür və bir dəfə balacalardan hansınınsa əlinə evdəki bir albomun vərəqləri arasında saxlanan, müharibə haqqında filmlərdə gördüyü, faşistlərin qoluna bağladıqlarından olan həmin svastikalı əsgi düşür. Götürüb bağlayır qoluna, düşür həyətdə tay-tuşları ilə oynamağa. Kim görüb kimə deyirsə, bədbəxt atanı elə həmin axşam KQB-yə aparırlar və dindirincə də, həqiqəti etiraf etməsinə nail olurlar.
Mehdi Hüseynzadəyə gəlincə, mümkündür ki, hətta Dövlət Təhlükəsizlik Komitəsi belə onun əsl simasından xəbərsizmiş.
O, Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi tərəfindən yönəldilən kəşfiyyatçı idi və bu iki qurumun da hərəsinin özünəməxsus sirləri vardı. Hər iki şəbəkə mahiyyətcə eyni məqsədə qulluq etsə də, söz yox, hərəsinin öz sirləri vardı, həmişə də bu iki qurum arasında bir-biri ilə sonacan yola getməmək, qısqanclıq var olub.
Mehdi Hüseynzadə isə sovet Baş Kəşfiyyat İdarəsinin ən dərin və gizli qatlarında bəlli olan, yalnız birbaşa kuratorlarının tanıdığı nadir kəşfiyyatçılardanmış ki, bunun mötəbər və açıq təsdiqinin əks olunduğu məxəz ortadadır.
1970-ci illərdə bütün Sovet İttifaqında bir əsər əl-əl gəzirdi: İkinci Dünya müharibəsinin ötkəm sərkərdəsi, "Zəfər marşalı" Georgi Konstantinoviç Jukovun (1896-1974) ilk dəfə 1969-cu ildə buraxılmış, sonralar dəfələrlə təkrar nəşr edilmiş "Xatirələr və düşüncələr" kitabı.
O kitabda Jukov müharibə illərində almanlar içərisində işləmiş və Mərkəzə son dərəcə qiymətli məlumatlar göndərmiş 19 kəşfiyyatçının adını çəkirdi.
Bir neçəsinin adını xatırladaraq "və sairə" yazmırdı - bircə-bircə hamısının adını sadalayırdı.
Demək, bu 19 nəfərin hər biri elə mühümmüş ki, hərəsinin adını mütləq ayrıca göstərmək lazımmış. Həmin o 19 nəfərdən biri Mehdi Hüseynzadə idi.
Konstantin Jukovun "Böyük Vətən müharibəsi"nin başa çatmasından 24 il sonra ictimailəşdirməyi mümkün saydığı bu həqiqəti, təbii ki, müharibə dövründə barmaqla sayılacaq qədər az adamın bildiyi şəksizdir.
Bu bixəbərlik hətta Dövlət Təhlükəsizlik Komitəsi səviyyəsində imiş ki, Mehdi Hüseynzadəyə KQB-də açılan qovluqda o, düşmən kimi təqdim olunurdu - haqqında toplanmış sənədlər hamısı mənfi səciyyəli idi, ehtimal ki, özü düşmən sayıldığından yaxın qohum-əqrəbası da nəzarətdəymiş.
Doğrudur, vaxt gələcək, Mehdi Hüseynzadə ilə bağlı Dövlət Təhlükəsizlik Komitəsində ikinci bir qovluq da açılacaq - Kreml səviyyəsində qəhrəmanın bəraət məsələsi qaldırılanda köhnə qovluqda yığılmış bir çox guya "ifşaedici" arayışların əksi olan sənədləri yığmaqdan ötrü.
...Bunlar unudulmamalı qəhrəmanlıq səhifələridir. 1944-cü il başlayır, artıq Mehdi Hüseynzadə legiondan aralanıb, partizanlarla birgədir, yanvar ayında partizan dostları ilə birgə almanların topoqrafik xəritələrini ələ keçirir.
Həmin ilin fevralı - alman zabiti geyimində kazarmaya daxil olur. Faşistlərin yanğınsöndürən qurğularının yanında partlayıcılar yerləşdirir.
Çıxırlar, az sonra partlayış əsas binanı lərzəyə gətirir.
1944-cü il aprel ayının 2-si - Mixaylo Triyest yaxınlığındakı Villa Obçinadakı kinoteatra daxil olur, partlayıcı qurğunu yerləşdirir.
Həmin səhnəni "Uzaq sahillərdə" filmində də görmüsünüz, amma təfərrüatları da bilin. Olmuşları dəqiq təqdim edən bu xırdalıqlar 1950-ci illərin əvvəllərində Mehdi Hüseynzadə ilə bağlı bəraət sənədləri, onun şücaətlərini isbatlayan məlumat və sənədlər toplanarkən əldə edilmişdi. O illərdə DTK-da işləmiş, Mehdi Hüseynzadənin bəraət məsələləri ilə birbaşa məşğul olmuş unudulmaz Heydər Əliyev xatırlayırdı ki, "Uzaq sahillərdə" povesti üzərində iş gedərkən biz həmin materialları yazıçılar Həsən Seyidbəyli və İmran Qasımova da təqdim etmişdik.
Film filmliyində, amma hadisə birəbir belə cərəyan etmişdi: Mehdi kinoteatra daxil olur, partlayıcı qurğunu yerləşdirir, saat mexanizmi işə düşür. Mixaylo hadisə yerindən aralanandan dəqiqələr sonra dəhşətli partlayış qopur, kinoteatr göyə sovrulur, 80 nəfər alman zabiti yerindəcə həlak olur, 110 nəfər yaralanır, bunlardan da 40-ının sonu elə çox keçmədən xəstəxanada çatır.
Şok şok ardınca gəlirdi. Bundan bir neçə gün sonra isə Mixaylo Triyestdəki Via Qeqa küçəsində yerləşən "Əsgərlər Evi"ni - "Soldatenxeym"i partladır. Dalbadal baş verən və faşistləri girinc edən bu partlayışların ardınca İtaliya faşistlərinin "İl Pikkolo" qəzetində "Alman "Əsgərlər Evi"nə terrorist həmlə" adlı isterikalı məqalə çap edilir. "Dünən, şənbə günü kommunist elementlər Triyestdə alman əsgər kazarmalarına terrorçu qəsd etmiş, bu, bir sıra alman əsgərlərinin və bir neçə italyan vətəndaşının ölümünə səbəb olmuşdur".
Günlər ötür və Mixaylonun yeni hünərləri faşistlər arasında partizan vahiməsini daha da çoxaldır, o biri yandan isə bütövlükdə sayı yüzlər, minlərlə ölçülən partizanların birliyini, son qələbəyə ümidini qüvvətləndirir, xalqın ruh yüksəkliyini qat-qat artırır.
Mixaylonun növbəti qoçaqlığı - vur-tut ikicə silahdaşı ilə İtaliyanın Odina şəhəri yaxınlığındakı həbs düşərgəsinə girməyə müvəffəq olur, alman zabiti geyimindədirlər, üçü də almanca danışır. Oradakı gözətçiləri bir-bir tərksilah edib 700 əsiri azad buraxırlar. Onlardan 147 nəfəri Sovet İttifaqından olan əsirlərmiş, aralarında azərbaycanlılar da varmış.
Amma igidliklər bununla bitmir.
Çox keçmir Mixaylo 25 vaqonlu bir yük qatarını partladır.
Az sonra Mixaylo faşistlərin təyyarə limanında peyda olur, 25 avtomobili və 2 təyyarəni partladır.
Almanlar Odina şəhərindəki həbs düşərgəsindən 700 əsirin azad edilməsindən sonra radioda xəbər yayırlar ki, guya hücum etmiş partizanlar 3000 nəfərmiş.
Günü-gündən artan vahimənin şiddətindən üçcə nəfər partizan faşistlərin gözünə min dəfə çox görünürmüş.
Bir canı ilə düşmən gözündə min nəfər kimi möhtəşəm görünmüş Mixaylodan qorxularını elə həmin müharibə dövründəcə faşistlər qəzetlərdə dərc edilmiş xəbərlərdə əks etdirmişdilər. Amma tarix bu cür deyil, bir başqa cür cərəyan etsə idi, xoşbəxt təsadüflər olmasaydı, Azərbaycan bunca qadir bir oğlundan bixəbər də qala bilərdi.
Və yaxınları, doğmaları da onunla iftixar duymaq əvəzinə adı KQB-nin xain saydıqları siyahısına düşmüş bir şəxsin qohumu olduqlarından daimi təşviş keçirərdilər.
Mehdi Hüseynzadənin insanlara açılmasının və qəhrəman kimi hər kəsə tanınmasının müjdəsi heç gözlənilmədən SSRİ-yə xaricdən gəldi.
1952-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyasının XIX Qurultayı keçirilirdi. Adətən olduğu kimi, qurultaya müxtəlif xarici ölkələrdəki, o dövrün dili ilə desək, "qardaş kommunist partiyalar"ın təmsilçiləri də dəvətliydilər. Onların sırasında İtaliya Kommunist Partiyasının rəhbəri Palmiro Tolyatti (1893-1964) də vardı. 1944-cü ildə İtaliyada partizan hərəkatının rəhbərlərindən biri də elə Palmiro Tolyatti olmuşdu və Mehdi Hüseynzadəni də yaxşı tanıyırmış. İosif Stalinlə (1879-1943) görüşündə o, müharibə dövründə partizan hərəkatında ən fəal iştirak edənlərdən, ən heyrətamiz qoçaqlıqlar göstərənlərdən olmuş "Mixaylo" adlı bir qafqazlı gəncdən söhbət açır. Stalin dərhal göstəriş verir ki, araşdırsınlar, həmin naməlum qəhrəmanı tapsınlar. "Mixaylo" deyilənin kim olduğunu müəyyənləşdirmək uzun çəkmir. KQB-də artıq onun adına açılmış cinayət işi vardı. Lakin Stalin qəhrəmanı axtarmaq tapşırığını vermişdi və çekistlər, hərbi kəşfiyyat məhz axtarışları bu istiqamətdə davam etdirəndə dərinə getdikcə qürur oyadan faktlarla, heyranedici igidlik nümunəsi ilə qarşılaşırlar. Üstəlik, çox keçməmiş Yuqoslaviya prezidenti İosip Broz Tito (1892-1980) da Kremlə Mehdi Hüseynzadəyə aid bir qovluq göndərir.
Həmin qovluqda partizan Mixaylonun müharibə dövründəki şücaətlərindən bəhs edən sənədlər toplanmışdı. İosip Broz Tito da 1944-cü ildə, Mixaylonun partizanlıq tarixinə hər yeni bir əsrarəngiz səhifə yazdığı çağlarda antifaşist hərəkatına rəhbərlik edənlərdən idi və Mixaylonu da şəxsən tanımışdı.
Beləliklə, Mehdi Hüseynzadənin bəraəti istiqamətində ciddi iş başlanır və məsələ ilə məşğul olan bilavasitə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi idi. Bakıya da müvafiq göstəriş verilmişdi, burada da qəhrəmanın əslini-kökünü, müharibəyəqədərki fəaliyyətini, almanların arasına gedib çatanacan keçdiyi döyüş yolunu öyrənir, ailə üzvləri ilə söhbətlər aparırdılar.
Yazıçı və kinorejissor Həsən Seyidbəyli (1920-1980) xatırlayırdı ki, günlərin birində məni Bakıda Komsomolun Mərkəzi Komitəsinə dəvət etdilər. Elə binaya yaxınlaşanda İmran Qasımovla (1918-1981) rastlaşdım. Soruşdum ki, xeyir ola, burda nə edirsən? Məlum oldu ki, onu da mənim kimi niyəsini bildirmədən çağırıblar. Həsən Seyidbəyli yada salırdı ki, ehtimal etdik, yəqin, bizə nəsə müştərək oçerk-filan yazmağı tapşırmaq istəyirlər, ilin-günün də elə vaxtı idi, mənim də, İmranın da işimiz başdan aşırdı. İmran Rus Dram Teatrı üçün pyes yazırdı, mənə də kinostudiyadan vacib bir ssenarini tezliklə bitirmək tapşırılmışdı. Pilləkənləri qalxa-qalxa məsləhətləşirdik ki, sözümüz bir olsun, bir bəhanə gətirib bu sifarişdən canımızı qurtaraq, əlimizdəki qaçan işlər yarımçıq qalmasın. Ancaq sözə başlayan kimi elə mətləblərdən danışdılar ki, bəhanə axtarmaq fikrindən dərhal vaz keçdik. Əvvəlcə o günəcən tanımadığımız, müharibə illərində qəhrəmanlıqlar göstərmiş azərbaycanlı Mehdi Hüseynzadənin haqqında bir arayışı oxudular. Dedilər ki, hələlik məlumatımız bu qədərdir. Ancaq sizə imkan yaradılacaq, araşdırma aparacaqsınız, lazım olan materiallar da veriləcək. Bu şəxsiyyət haqqında yaxşı bir bədii əsər yazmaq lazımdır.
Unudulmaz Heydər Əliyevsə söyləyirdi ki, açığı, biz əvvəlcə toplanmış materialları babat qələmi olan bir əməkdaşımıza verdik ki, nəsə yazmağa çalışsın və o, yazdı da. Ancaq oxuduq, bizi qane etmədi, ona görə qərara aldıq ki, bunu peşəkar yazıçılara etibar etsək, daha münasibdir. Həsən Seyidbəyliylə İmran Qasımovu da əslində özümüz seçdik, onlar ədəbi aləmdə o dövrdə xeyli fəal idilər, Komsomolun Mərkəzi Komitəsinə də müraciət etdik ki, yazıçıların razılıqlarını alsınlar. Az sonra özümüz də onlarla görüşdük, Mixaylo ilə əlaqədar nəyimiz varsa, hamısını verdik ki, işləsinlər. Onlar da gözəl bir əsər yarada bildilər.
...Mehdi Hüseynzadənin böyük qayıdışının ilk parlaq hadisəsi olan "Uzaq sahillərdə" povesti 1954-cü ildə işıq üzü görür. Nəşr edilincə də oxucuların ürəyini fəth edir. Dövlət Təhlükəsizlik Komitəsində də, Mərkəzi Komitədə də əsər çox bəyənilir, ilk növbədə bunun səhnədə də göstərilməsi tapşırığı verilir və ayrıca film çəkməyə də hazırlıqlar başlanır.
Dram Teatrının səhnəsində Mehdi Məmmədovun (1918-1985) rejissorluğu ilə nümayiş etdirilən tamaşada Mehdi surətini Möhsün Sənani (1900-1981) ifa etmişdi.
Bu pyes də elə povest kimi böyük əks-səda doğurur.
Filmin çəkilişlərinə də artıq ciddi hazırlıqlar gedirdi.
Mehdi Hüseynzadəni hər kəsə doğmalaşdıracaq "Uzaq sahillərdə" filmini Tofiq Tağızadə (1919-1998) 1958-ci ildə tamamlayacaq. Ancaq bundan əvvəl daha əlamətdar bir tarixi ədalət yerini tapır. 1957-ci il aprelin 11-də SSRİ Ali Sovetinin sədri Kliment Yefremoviç Voroşilovun (1881-1969) sərəncamı ilə Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilir. 1941-1945-ci illər müharibəsində iştirak edənlərdən 11.657 nəfər Sovet İttifaqı Qəhrəmanının qızıl ulduzuna layiq görülüb. Sovetlər dönəmində bu, təltiflərin zirvəsi, fəxri adların ən yüksəyi idi. Bircə bunu düşünmək yetər ki, müharibədə həlak olanların sayı 20 milyondan çoxsa da, yalnız hər 2.000 nəfərdən birinə belə şərəfli təltif nəsib olub.
Mehdi Hüseynzadəyə qədər ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilmiş 3.050 nəfər olmuşdu. Mehdi Hüseynzadənin qismətindəki bir müstəsnalıq da budir ki, İkinci Dünya müharibəsində, 1941-1945-ci illər savaşında rəşadətinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən sonuncu - 3.051-ci igid oldu.
...O həm də şair idi. Şeirlər yazmağa da erkən başlamışdı. Əlimizə gəlib çatan ən köhnə şeirləri 1935-ci ilə aiddir. 17 yaşlı gəncin yazdığı bir poema. Oxuduqca bu sətirlərin artıq bərkiməyə başlayan qələmdən çıxdığını hiss edirsən. İstər-istəməz bu da fikrindən keçir ki, yəqin, bunlara qədər də xeyli şeiri varmış.
Vətəndən uzaqlarda olanda da qələm əlindən düşmürmüş. Bir tərəfdə dünya qopur, atəş səsləri, ölüm-itimlər, qan-qada, o biri yandan da sabahlara ən böyük ümidlər və diləklərlə çırpınan coşqun şair ürəyi.
Legiondakı dövründə də yazırmış, partizanlara qoşulduğu, İtaliyada olduğu zamanlarda da qələm əlindəymiş.
Mehdinin "Qürbətzadə" təxəllüsü ilə imzaladığı o kövrək şeirlərdə Müşfiq ovqatı, Müşfiq ahəngi sezilməkdədir:
Kaş mən bir sarı yarpaq olaydım,
Sabahın yelləri alaydı məni,
Aşıb başı qarlı, uca dağlardan
Vətən torpağına salaydı məni.
Və ardınca bir bayatı da əlavə edib:
Əzizim ellər ayrısı,
Bülbüləm, güllər ayrısı.
Bir gününə dözməz idim,
Olmuşam illər ayrısı.
Nə biləydi ki, qarşıda əbədi ayrılıqlar var...
...Görkəmli ədəbiyyatşünas alim, unudulmaz Əziz Mirəhmədov (1920-2002) Mehdi Hüseynzadəni uşaqlıq çağlarında görənlərdən və ömrü boyu unutmayanlardan idi. Onun bibisi oğlu, sonraların məşhur teatr rəssamı Əsgər Abbasov (1916-1970) Rəssamlıq Məktəbində Mehdi Hüseynzadə ilə birgə oxumuşdu. Ona görə də Əziz hələ uşaq ikən o məktəbə tez-tez gedərmiş və Mehdi Hüseynzadə ilə də orada tanış olubmuş. Əziz müəllim xatırlayırdı ki, Şah döngəsinə, Mehdi Hüseynzadənin yanına o çağın cavan rəssamları Səttar Bəhlulzadə (1909-1974), Qafar Seyfullayev (1915-1998), Kamil Xanlarov (1915-1996) və digərləri tez-tez gələrdilər və saatlarla oturardılar, mübahisə edərdilər, təzə çəkdikləri əsərləri göstərərdilər.
Mehdi Hüseynzadə dünyaya bunlardan ötrü gəlmişdi. Gəlmişdi ki, rəssamlarla birgə olsun, musiqiçilərlə oturub-dursun, şairlərin məclislərinə qatılsın, mübahisələr etsin, duyğu bölüşsün, fikir söyləsin.
Gözəl tar çalırdı, mahir rəssam idi, incə şairliyi vardı.
Mehdi dünyaya gözəllik artırmaqçün gələnlərdən idi və qısa ömrü ərzində bu yolda nəyə gücü və macalı çatdısa etdi. Ancaq araya ilk qurbanı həqiqət olan dağıdıcı, məhvedici müharibə girdi və Mehdi dünyanın gözəlliyini xilas etmək üçün edə biləcəyi son yaxşılığını etdi - canını, həyatını qurban verdi.
26 mart 2025


