Molla Nəsrəddin jurnalının tədqiqi yolunda önəmli addım
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Milli dəyərlər sistemində özünəməxsus yer tutan, mədəni tərəqqi meyarlarından olan milli mətbuatımızın 150 illik yubileyi dövlət səviyyəsində qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bununla bağlı 25 aprel 2025-ci il tarixli Sərəncamında da qeyd olunduğu kimi, milli mətbuatımız ümummilli məqsədlərin gerçəkləşməsində mühüm rol oynayıb.
Belə mətbuat orqanlarından biri də Şərqin ilk satirik mətbuat orqanı, Azərbaycandan Şərq dünyasına doğan maarif, tərəqqi günəşi "Molla Nəsrəddin" jurnalıdır.
7 aprel 1906-cı ildə nəşrə başlayan "Molla Nəsrəddin" jurnalının milli mənəviyyatımız, mətbuatımız və ədəbiyyatımız qarşısındakı xidmətləri, gətirdiyi yeniliklər, klassik irsə münasibəti hər zaman ədəbiyyatşünaslıq, mətbuatşünaslıq üçün aktual mövzu olub. Bu jurnal ətrafında formalaşan mollanəsrəddinçi ədəbi məktəbin nümayəndələri qiymətli yaradıcılıq irsi ilə bədii-estetik fikrimizin zirvəsində dayanır. Bədii-estetik təfəkkürdə "Molla Nəsrəddin" jurnalına qayıdış, bu zinətli söz xəzinəmizdən bəhrələnmə tarixin bütün mərhələlərində - əsrdən çox zaman keçməsinə baxmayaraq, hətta müasir internet jurnalistikası, robotojurnalistika, süni intellekt çağında belə vacibdir. Təsadüfi deyil ki, 150 illik zəngin mətbuat tariximizin tədqiqinə nəzər saldıqda Azərbaycan mətbuatşünaslığının ən inkişaf etmiş sahəsinin məhz mollanəsrəddinşünaslıq olduğunu söyləmək mümkündür. Naxçıvan Dövlət Universitetinin dosenti, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi İman Cəfərovun "Molla Nəsrəddin" jurnalı və Şərq ədəbiyyatı" adlı monoqrafiyası bu istiqamətdə atılan mühüm addımdır.
Görkəmli mirzəcəlilşünas, Əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin elmi redaktoru, Naxçıvan Dövlət Universitetinin dosentləri, filologiya üzrə fəlsəfə doktorları Hikmət Mehdiyev və Şəhla Şirəliyevanın rəyçiliyi ilə nəşr olunmuş monoqrafiya "Molla Nəsrəddin"in bütövlükdə Şərq ədəbi-mədəni mühitindəki mühüm çəki və dəyərini yeni aspektdə müəyyənləşdirmək baxımından elmi dəyər və aktuallıq kəsb edir.
Müəllif mollanəsrəddinşünaslıq elmi-nəzəri konsepsiyasının dərinliklərinə nüfuz edərək "Molla Nəsrəddin" ədəbi məktəbi ilə Şərq ədəbiyyatının estetik bağlar sisteminin konkret elmi problem kimi tədqiq olunmadığını vurğulayır. İman Cəfərov nəinki mollanəsrəddinçilərin, ümumilikdə, azərbaycanlı müəlliflərin yaradıcılığının dünya ədəbiyyatı faktı kimi öyrənilməməsi səbəblərinə elmi işıq salır.
Fitrətən Şərq folklorundan, Şərq yumorundan yoğrulan "Molla Nəsrəddin"in həqiqi ideya qaynağından - Şərq ədəbiyyatdından zorla "qoparılıb" Qərbə, rus ədəbiyyatına ilhaq edilmə cəhdləri monoqrafiyada XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda həyata keçirilən qatı ruslaşdırma siyasəti, bolşevizmin rus ədəbiyyatını təbliğ etmək ideologiyası ilə əlaqələndirilir.
Monoqrafiyanın "Azərbaycan ədəbiyyatşünaslığında "Molla Nəsrəddin" jurnalı və Şərq ədəbiyyatı problemi" adlanan I fəslində Əziz Mirəhmədov, Əziz Şərif, Mirzə İbrahimov kimi mirzəcəlilşünasların, Cəfər Xəndan, Ənvər Əhməd kimi sabirşünasların elmi irsi dərindən araşdırılaraq təhlil edilir. Müəllif haqlı olaraq bu axtarışlarının məntiqi yekunu kimi son 30 ildə mollanəsrəddinşünaslığın uğurlarının əsas müəllifi, müasir mollanəsrəddinşünaslıq, mirzəcəlilşünaslıq elmi-nəzəri təliminin banisi akademik İsa Həbibbəylinin elmi qənaətləri üzərində dayanır. İman Cəfərov akademik İsa Həbibbəylinin mollanəsrəddinşünaslıq elmi fəaliyyəti ilə Azərbaycan mətbuatşünaslığı, mirzəcəlilşünaslığı qarşısındakı müstəsna xidmətlərini konkret elmi istiqamətlər üzrə təhlil edir. Naxçıvan ziyalı mühitinin, ədəbi mühitinin Cəlil Məmmədquluzadəninin dünya ədəbiyyatı ilə mənəvi bağlılığında mühüm rol oynaması, böyük ədibin klassik Şərq ədəbiyyatı ilə məhz Naxçıvan ziyalıları, Naxçıvan elmi-ədəbi mühiti vasitəsilə tanış olması konkret hadisə və faktlarla ortaya qoyulur.
Monoqrafiyanın II fəsli "Molla Nəsrəddin"də Firdovsi sənətinə münasibətin ədəbi estetik prinsipləri" adlanır. Müəllif bu fəsildə mollanəsrəddinçilərin klassik irsə münasibəti kontekstində vurğulayır ki, onlar hər sahədə müasirlik tərəfdarı olduqları kimi yeni nəsillərin çağdaş dünya elminə və ədəbiyyatına rəğbətini də təqdir edir. Tədqiqatda bu elmi qənaətə gəlinir ki, mollanəsrəddinçilik Şərq xalqlarının estetik təfəkküründə daşlaşmış, möhürlənmiş Firdovsi irsinə münasibətdə də böyük bir təkamül yolu keçib. Onun 50 min beytdən artıq "Şahnamə" epopeyası ilə Sabirin 43 beytdən ibarət həcmcə ən böyük satirası olan, parodiya janrına aid edilən "Şahnamə"si arasında aparılan elmi müqayisə həm də rəmzi xarakter daşıyır. Belə bir elmi nəticəyə gəlinir ki, Sabir satirasının poetik qüdrəti, ideya gücü məhz yüzillər ərzində bədii yaddaşımızda daşlaşan, bütləşən lirik, yaxud epik şeirin ənənələrindən bəhrələnməklə ərsəyə gəlmişdi. Tədqiqatdan aydın olur ki, mollanəsrəddinçilər ədalətsizlik, despotizm, saxta qəhrəmanlıq, nadanlıq kimi eybəcərlikləri ifşa etmək üçün Firdovsinin Rüstəm və Zohhak obrazlarına tez-tez müraciət etməli olmuş, xüsusilə də İranda şahlıq rejiminə qarşı mübarizədə bu, ən kara gələn ədəbi-bədii priyoma çevrilmişdi.
"Ömər Xəyyam optimizmi ilə "Molla Nəsrəddin" realizmi arasında ortaq məqamlar" adlı 3-cü fəsildə İman Cəfərov Sabirin 1910-cu ildə "Həqiqət" qəzetində böyük Şərq şairi Ömər Xəyyamdan etdiyi tərcüməni təhlil etməklə mollanəsrəddinçi satiriklərimizin bədii tərcümə sənətinin inkişafındakı xidmətlərini də ortaya qoymuş olur, mollanəsrəddinçi şairin bəzi əsərlərini Azərbaycan ədəbiyyatında satirik rübailərin ilk nümunələri kimi səciyyələndirməklə ədəbi janr dəqiqləşdirməsi də aparır. Bu qənaətə gəlinir ki, Cəlil Məmmədquluzadə öz ideyalarının təsdiqi üçün Şərq mütəfəkkirlərinin əsərlərinə üz tutaraq istinad nöqtəsi axtarmış və bu məqamda Ömər Xəyyam cəsarətini, onun ibrətamiz yaradıcılığını xüsusi heyranlıqla dəyərləndirmişdi. Ümumiyyətlə, mollanəsrəddinçilərin Xəyyam şəxsiyyətinə və yaradıcılığına ehtiramı onunla izah edilir ki, həqiqətpərəstlik, ədalət məqamı çərçivəsində mollanəsrəddinçilərlə Xəyyam taleyi, yaradıcılığı arasında bir doğmalıq, yaxınlıq müşahidə olunur. Monoqrafiya müəllifi "Mədfən" felyetonunu Ömər Xəyyam yaradıcılığını elmi ictimaiyyətə təqdim etmək baxımından qiymətli örnək kimi təqdim edir. Bu felyetonun Cəlil Məmmədquluzadəyə aid olduğunu tutarlı elmi dəlil və sübutlarla təsdiqi isə mirzəcəlilşünaslığa, mətbuatşünaslığa elmi töhfədir.
"Mollanəsrəddinçilərin sənət məktəbi və Sədi Şirazi yaradıcılığı" adlı 4-cü fəsildə bildirilir ki, Cəlil Məmmədquluzadə və mollanəsrəddinçilər məşhur fars-tacik şairi Sədi Şirazi yaradıcılığına da biganə qalmayıb, vaxtaşırı bu böyük şairin də poetik irsinə müraciət ediblər. Mirzə Cəlil mühafizəkar təfəkkürlərlə mübarizə yolu tutduğundan Sədinin müdrik kəlamlarını yada salmaqla bərabər, zülm və ədalətsizlik qarşısında ifrat müdrikliyin əhəmiyyətsiz olduğunu da xatırlatmağı lazım bilib. Mətbuatşünas alim dərin elmi müşahidələri, gərgin elmi axtarışları əsasında bu qənaətə gəlir ki, mollanəsrəddinçilər arasında Sədi yaradıcılığından ən çox qaynaqlanan müəlliflərdən biri Sabirdir. Təbii ki, Sədi yaradıcılığı da mollanəsrəddinçilərin tənqid hədəfindən kənarda qalmır. Lakin bəhs etdiyimiz monoqrafiyada qeyd olunur ki, "Molla Nəsrəddin"də Sədiyə ünvanlanan tənqid radikal inkarçılıq xarakteri daşımır. Cəlil Məmmədquluzadə yeni cəmiyyətdə Şərq klassik ədəbiyyatına münasibətin yeni prinsiplərini müəyyənləşdirmək mövqeyindən çıxış edir.
Monoqrafiyanın son fəsli "Məhkum Şərqə münasibətdə Hafiz Şirazi şeiri "Molla Nəsrəddin" tənqidi realizmi müstəvisində" adlanır. Müəllif mollanəsrəddinçilərin şərə qarşı mübarizədə qəzəl ədəbiyyatının ustad sənətkarı Hafiz Şirazi sənətindən novatorcasına bəhrələyindiyini təsdiqləyir, Hafiz sözü ilə "Molla Nəsrəddin" satirasının mənəvi bağlılığını araşdırır.
İman Cəfərov ilk dəfə əhatəli tədqiqat obyektinə çevirdiyi aktual bir elmi problemin həllində dərininə nüfuz edərək "Molla Nəsrəddin"in Şərq klaasik ədəbiyyatına müraciətinin trayektoriyasını, dinamikasını, məsələ ilə bağlı müəyyən tarixi mərhələlərdə ictimai-siyasi proseslərlə bağlı qabarma və çəkilmələri elmi əsaslandırılmış şəkildə verə bilib. Belə ki, jurnalın 1926-cı ildən sonrakı saylarında Firdovsi yaradıcılığına çox təsadüfi halda müraciət etməsi totalitar sovet rejiminin artıq Azərbaycanda Şərq xalqlarının milli dəyərlərindən, ədəbiyyatından təcridetmə siyasəti ilə əlaqələndirilib. 1920-ci illərin sonlarında Cəlil Məmmədquluzadənin Sədi Şirazi "Gülüstan"ına bir qədər sürətli müraciət etməsi mövhumat və xurafata qarşı fəal mübarizədə bu əsərdən istinad nöqtəsi kimi istifadə etmək niyyəti ilə əlaqələndirilir.
Milli mətbuat tariximiz ilə Şərq ədəbi irsinin, klassik bədii təfəkkürünün vəhdətdə öyrənilməsi məramına xidmət edən "Molla Nəsrəddin" jurnalı və Şərq ədəbiyyatı" monoqrafiyası bütövlükdə milli mətbuatımızın 150 illiyinə qiymətli elmi töhfədir. Yeni elmi faktlarla zəngin bu nəşr akademik İsa Həbibbəyli tərəfindən təməli qoyulan müasir mirzəcəlilşünaslıq elmi məktəbinin layiqli davamı kimi də dəyərlidir. Bu tədqiqat əsəri indiyədək ömrünün 40 ilini elmi-pedaqoji fəaliyyətə həsr etmiş, Naxçıvan Dövlət Universitetində illərdir ki, elmi-pedaqoji fəaliyyət və təşkilatçılıq sahəsində paralel şəkildə uğurla fəaliyyət göstərən dosent İman Cəfərovun uğurlu elmi yaradıcılıq hesabatı da sayıla bilər.
Mehriban SULTAN
Filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti


