Icma.az
close
up
RU
Mötəbər tarixi həqiqətlər məbədi

Mötəbər tarixi həqiqətlər məbədi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mərkəzi Dövlət Arxivi – 105

“Arxiv işlərinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu ,xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir”.

Heydər ƏLİYEV,
Ümummilli lider

Ulu öndərin müdrik fikri arxiv xidmətinin mahiyyətini, arxiv sənədinin dəyərini, arxiv işinin ictimai-siyasi və elmi-tarixi əhəmiyyətini dəqiq və sərrast ifadə edir. Dövlət idarəçiliyində zəngin təcrübəsi və siyasi uzaqgörənliyi ilə müstəqil Azərbaycan dövlətinin uğurlu inkişaf strategiyasını müəyyən edən Ulu öndər xalqımızın milli-mənəvi sərvəti olan mədəni irsin, tarixi yaddaşın qorunmasında arxivlərin rolunu və əhəmiyyətini yüksək qiymətləndirmiş, onu dövlət idaretmə sisteminin mühüm elementi hesab etmişdir.

Sosial idarəetmədə fəal iştirak edən dövlət strukturu olaraq arxiv sisteminin cəmiyyətdəki rolu və əhəmiyyəti məsələsi həmişə diqqət mərkəzində olmuş və obyektiv dəyərləndirilmişdir. Ölkə başçısı cənab İlham Əliyevin çıxışlarında, elm adamları ilə görüşlərində tariximizin taleyüklü problemləri ilə bağlı irəli sürdüyü fikir və təşəbbüslərində, çağırışlarında xalqımızın tarixi irsinin qorunmasının vacibliyi önə çəkilir. Görkəmli dövlət və ictimai xadimlərin, sahə üzrə ekspertlərin ictimai elmlərin inkişaf istiqamətlərini müəyyən edən nəzəri tezislərində humanitar və ictimai elmlər sahələrində çalışan alimlərin və tədqiqatçıların, xüsusilə tarixçilərin öz elmi araşdırmalarında obyektiv təhlil və tənqid metoduna əsaslanaraq ən azı yüzillik tarixə malik mənbələrdən, qədim məxəzlərdən, arxiv sənədlərindən istifadə olunmasının aktuallığı qeyd olunur.

Həqiqətən də, arxiv tarixi keçmişimizlə bağlı həqiqətlərin öyrənilməsi və düzgün elmi nəticələrin əldə edilməsi üçün vacib olan qiymətli sənədlərin saxlandığı xəzinə, elmi-tarixi tədqiqatlar üçün mənbəşünaslıq bazası təşkil edən qiymətli mənbə rolunu oynamışdır. Arxiv həm də hakimiyyətin dayağını ehtiva edən bir təşkilat olmaqla, dövlətin və fərdlərin qanuni haqlarının, millətlərarası münasibətlərin qorunmasına və inkişafına xidmət edən orqan olaraq fəaliyyət göstərməkdədir. Başqa sözlə, arxivlər sosial, individual, kollektiv fəaliyyət sahələrində yaddaş üçün vacib əhəmiyyət daşıyan tarixi məlumatların qorunduğu dövlət qurumudur.

2025-ci ildə Azərbaycanda Mərkəzi Dövlət Arxivinin (MDA) və vahid dövlət arxiv fondunun təşkilinin 105 ili tamam olur. Lakin geosiyasi baxımdan əlverişli zonada yerləşən Azərbaycanda arxiv işinin tarixi təcrübəsi daha qədim dövrlərə təsadüf edir. İşğalçı dövlətlərin mübarizə meydanına çevrilmiş Azərbaycanın keçmişi ilə bağlı yaranan qiymətli arxiv sənədlərinin bir hissəsi məhv edilmiş, yaxud talanıb aparılmışdır. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın başına gətirilən müsibətlərin tarixi yaddaşı olan arxiv sənədlərinin toplanılması məqsədi ilə Xarici İşlər Nazirliyinin 1919-cu il 13 oktyabr tarixli 59 nömrəli əmri ilə Nazirliyin tərkibində “Zaqafqaziyanın müsəlman əhalisinə qarşı rus siyasətinə dair” arxiv sənədlərinin toplanması məqsədilə xüsusi komissiya yaratmışdır. Komissiyanın sədri Aslan bəy Kriçinski, üzvləri Əli Yusif, Məhəmməd bəy Ağayev və Kərim Sulkeviç təyin edilir. Komissiyanın fəaliyyətinin təşkili üçün xərclərin nazirliyin xərclər smetası hesabına aparılması müəyyən olunur. Xüsusi Komissiyanın ilk iclası Aslan bəy Kriçinskinin sədrliyi və üzvlər Əli Yusif, Məhəmməd bəy Ağayev və Kərim Sulkeviçin iştirakı ilə 14 oktyabr 1919-cu ildə keçirilir və komissiyanın sədri Aslan bəy komissiya üzvlərini Xarici İşlər Nazirliyinin qeyd olunan əmri ilə tanış edərək müzakirə olunacaq məsələlər barədə məlumatlandırır. Qısa bir tarixi dövrdə fəaliyyət göstərən həmin komissiyanın fədakar üzvləri imperiya əsarəti dövründə ölkəmizin quberniya və qəza idarələrində, canişinliklərində, xüsusi firma və ictimai təşkilatlarda yaranan sənədlərin toplanılması, sistemləşdirilməsi və arxeoqrafik cəhətdən işlənilərək çap edilməsinə böyük əmək sərf edərək respublikamızda arxiv işinin və arxeoqrafiya elminin ilkin təməlini qoyurlar.

Ölkəmizdə dövlət arxiv xidmətinin əsası Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 6 dekabr tarixli “Vahid dövlət arxiv fondunun təşkil edilməsi və Xalq Maarif Komissarlğı yanında Mərkəzi Dövlət Arxivinin yaradılması haqqında” Dekretlə qoyulmuşdur. Hələ may ayında Xalq Maarif komissarlığında ölkədə arxiv işi sahəsində fəaliyyəti tənzimləyən dövlət orqanının yaradılması məsələsinin müzakirəsinə başlanılır və ali hakimiyyət orqanı olan Azərbaycan İnqilab Komitəsinə təqdim etmək üçün təkliflər hazırlanır. Xalq Maarif Komissarlığı tərəfindən hazırlanmış “Vahid dövlət arxiv fondunun təşkil edilməsi və Xalq Maarif Komissarlğı yanında Mərkəzi Dövlət Arxivinin yaradılması haqqında” Dekretin layihəsi görkəmli dövlət və ictimai xadim Nəriman Nərimanovun sədrliyi ilə Azərbaycan İnqilab Komitəsinin 6 dekabr 1920-ci il tarixli iclasında müzakirə olunaraq qəbul edilir və dekabrın 15-də “Kommunist” qəzetində dərc edilərək qüvvəyə minir.

Səkkiz maddədən ibarət bu Dekret Azərbaycanda əvvəllər mövcud olmuş və fəaliyyətdə olan idarə, müəssisə və təşkilatların arxiv fondu sənədlərinin vahid dövlət arxiv fondunun tərkibinə daxil edilməsinin və daimi mühafizə üçün Mərkəzi Dövlət Arxivinə təhvil verilməsinin hüquqi mexanizmlərini müəyyən edən ilk qanunvericilik aktıdır. Dekretdə arxiv işinin təşkilatı-hüquqi əsasları, dövlət arxiv fondunun idarə edilməsinin Xalq Maarif Komissarlığı yanında Mərkəzi Dövlət Arxivinə həvalə edilməsi və hökumət idarələrinin 1920-ci il aprelin 28-nə qədər başa çatmış bütün işlərin və yazışmaların Mərkəzi Dövlət Arxivinin sərəncamına keçməsi barədə son dərəcə mühüm maddələr daxil edildi. Tarixi əhəmiyyətə malik bu qanunvericilik aktında fəaliyyət göstərən idarələrə Mərkəzi Dövlət Arxivi ilə razılaşdırılmış qarşılıqlı sazişə əsasən öz sənədlərini müəyyən müddətdə idarə arxivlərində saxlamaq və Mərkəzi Dövlət Arxivinin həmin sənədlərə nəzarət və istifadə etmək qaydası, Dövlət Arxivinin icazəsi və yazılı razılığı olmadan heç bir işi, yazışmanı və ya ayrı-ayrı kağızları belə məhv etməyə ixtiyarı olmadığı barədə müddəalar öz əksini tapdı. Dekretlə Azərbaycan Dövlət Nəşriyyatına bütün yerli çap məhsullarının, eləcə də Sovet Rusiyasından alınan bütün nəşrlərin (kitabların, kitabçaların, jurnalların, qəzetlərin, vərəqələrin, plakatların, əmrlərin və s.) istisnasız olaraq hamısından üç nüsxənin Mərkəzi Dövlət Arxivinə göndərilməsi tapşırıldı.

Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə yaradılan Mərkəzi Dövlət Arxivi 1921-ci ilin yanvarından Xalq Maarif Komissarlığı yanında fəaliyyətə başladı. Fəaliyyətə 3 ştat vahidi ilə başlayan Mərkəzi Dövlət Arxivinin işçilərinin sayı 1922-ci ildə bir ştat vahidi (arxivçi-elmi işçi) artırıldı. Azərbaycanın xalq maarif naziri D.Bünyadzadənin əmri ilə Azərbaycan Mərkəzi Dövlət Arxivinin ilk direktoru vəzifəsinə adıçəkilən Dekretin layihəsinin hazırlanmasında fəal iştirak etmiş görkəmli tarixçi-arxivçi A.L.Popov təyin edildı. Şübhəsiz, fəaliyyətə kiçik işçi sayı ilə başlayan Mərkəzi Dövlət Arxivi ilk dövrlərdə qarşya qoyulmuş vəzifələrin həllində, xüsusilə sənədlərin mühafizəsinin təmin edilməsi, qeydiyyatı, arxiv materiallarının qaydaya salınması və digər işlərdə ciddi çətinliklərlə üzləşdi və vəziyyətdən çıxmaq üçün Xalq Maarif Komissarlığının digər strukturlarının əməkdaşlarını bu sahəyə cəlb etməli oldu. Arxivçilər xüsusilə qiymətli arxiv sənədlərinin məhv edilməsi, möhtəkirlər tərəfindən bazarlarda satışının qarşısının alınması məqsədilə yerlərdə reydlər keçirir, aşkar edilmiş faktların qarşısını alır (məsələn, Xalq Cümhuriyyəti hökumətinə məxsus sənədlərin düyü ilə dəyişmək üçün İrana göndərilməsi faktı) və bununla bağlı aidiyyəti hökumət qurumlarını məlumatlandırırdılar.

Yaranmış vəziyyət, xüsusilə ölkədə qiymətli arxiv sənədlərinin məhv edilməsi və dağıdılması hallarının mövcudluğu, hökumət tərəfindən daha ciddi tədbirlərin görülməsini zəruri edirdi. Azərbaycan SSR Xalq Komissarları Soveti bunu nəzərə alaraq və AzMİK-nin 6 dekabr 1920-ci il tarixli Dekretin tələblərini daha da inkişaf etdirməklə arxiv sənədlərinin mühafizəsi, istifadəsi və məhv edilməsi qaydalarının pozulmasına görə cəza tədbirlərinin sərtləşdirilməsi məqsədi ilə 18 may 1922-ci ildə “Keçmişdə və indi mövcud olan hökumət idarələrinin, ictimai təşkilatların və ticarət-sənaye müəssisələrinin arxivlərinin qorunması haqqında” Dekret qəbul edir. Hökumət tərəfindən görülən tədbirlərə baxmayaraq, ölkədə arxiv sənədlərinin vahid dövlət arxiv fonduna toplanılmasında ciddi çətinliklər qalmaqda davam edir və bir çox hallarda hətta hökumət idarələri tərəfindən Azərbaycanın ictimai həyatının bu və ya digər tərəfdən öyrənilməsi üçün özündə nadir və qiymətli məlumatlar əks etdirən arxiv sənədlərinin bilərəkdən məhv edilməsi, satılmasına, ölkədən çıxarılmasına şərait yaradılır və yaxud qarşısının alınmasına mane olduqları müşahidə edilirdi. Arxiv sənədlərinin toplanması və mühafizəsi sahəsində yaranan neqativ hallar, yol verilən nöqsanlar Azərbaycanda arxiv qurumunun təşkilati formasının dəyişdirilməsinə zərurət yaradırdı.

Mərkəzi Dövlət Arxivinin materiallarının toplanılması və mühafizəsi sahəsində fəaliyyət dairəsinin genişləndirilməsi, dövlət və ictimai təşkilatların bu sahədəki işlərinə nəzərət imkanlarının artırılması məqsədilə AzMİK-nin Rəyasət Heyəti 12 avqust 1922-ci ildə Mərkəzi Dövlət Arxivinin metodiki münasibətdə Xalq Maarif Komissarlığının nəzarətində qalmaqla, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin tabeliyinə verilməsi barədə qərar qəbul edir. Mərkəzi Dövlət Arxivinin ali dövlət hakimiyyəti orqanına tabe edilməsi onun nüfuzunun əhəmiyyətli dərəcədə artması və hüquqi statusunun möhkəmlənməsi ilə bərabər, həm də ştat vahidinin artmasına, texniki və maliyyə təminatının yaxşılaşmasına səbəb oldu. Eyni zamanda, MDA-nin fəaliyyətinin təkmilləşdirilməsi və qanunçuluğun möhkəmləndirilməsi istiqamətində görülən tədbirlərin əhatə dairəsini genişləndirdi.

Mərkəzi İcraiyyə Komitəsi respublikamızın vahid arxiv fondu sənədlərindən daha məqsədyönlü istifadəsinin təşkili məqsədilə 27 fevral 1923-cü ildə daha bir qərar qəbul etdi. Qərarla AzSSR-inin bütün dövlət idarələrinə və şəxsi təşkilatlarına Mərkəzi Dövlət Arxivinin icazəsi və razılığı olmadan hər hansı bir arxiv işini (sənədini) almaq, satmaq, məhv etmək, başqa müəssisəyə və yaxud şəxsə təhvil vermək qadağan olunurdu. Bütün müəssisə, təşkilat və idarələrə 10 gün ərzində (qəzalardakı idarələrə 15 gün ərzində) öz arxivlərini yaratmaqla Mərkəzi Dövlət Arxivində qeydiyyatdan keçirilməsi, cari fəaliyyətdə istifadəyə tələb olunmayan bütün arxiv işlərinin (sənədlərin) Dövlət Arxivinin tələbi əsasında dövlət mühafizəsinə təhvil verilməsi, eyni zamanda məşhur ictimai xadimlərin məktubları, mükafatlandırılma barədə fəxri fərmanları, aktlar, tarixi dəyəri olan digər arxiv işlərinin (sənədlərinin) sahibi olan fiziki şəxslərin isə Bakıda bir ay (qəzalarda 2 ay) müddətində Dövlət Arxivində qeydiyyatdan keçməsi tələb olunurdu. Eyni zamanda, qəbul edilən qərarlarda ölkədə arxiv işinin təşkilində qarşılaşılan məsələlərin hüquqi müstəvidə tənzimləməsini və onun sonrakı mərhələdə daha təkmil inkişafını təmin edən hüquqi normalar müəyyənləşdirilirdi. AzMİK-in 23 avqust 1923-cü ildə qəbul etdiyi “Təşkilatlarda arxiv materiallarının mühafizəsi və onların Mərkəzi Dövlət Arxivinə təhvil verilməsi haqqında” qərarı bunu bir daha təsdiq edir.

Adıçəkilən qərar ölkə hüdudlarında fəaliyyət göstərən təşkilatlarda arxiv işinin təşkilinin əsas istiqamətlərini, təşkilatlarda kargüzarlıq və sənədlərlə işin aparılması qaydalarını müəyyən edir, sənədlərin tamlığının qorunması üçün məsul şəxslərin müəyyən edilməsi kimi mühüm məsələlərin tənzimləməsində böyük əhəmiyyət daşıyır. Qərarda təşkilatların fəaliyyətində yaranan cari sənədlərin təsnifat nömrələrinə uyğun qovluqlarda qruplaşdırılması, qovluqların tikilməsi və işlərin siyahısının hazırlanması, Dövlət Arxivinə işlərin siyahılar əsasında bağlamalarda təhvil verilməsinin zəruriliyi kimi arxiv quruculuğunun ilkin dövrü üçün vacib olan məsələlər əhatə olunurdu. Təşkilatlara Mərkəzi Dövlət Arxivinin razılığı olmadan qaydalardan kənar fəaliyyətə icazə verilmirdi. Qərar ölkəmizdə karğüzarlıq və sənədlərlə işin təşkili prinsiplərini və qaydalarını müəyyən edən ilk normativ-hüquqi sənəd olmaqla, Dövlət Arxivinin sənədlərin idarə edilməsi sahəsində rolunu və səlahiyyətlərini müəyyən etdi. Möhkəmlənməkdə olan ölkənin ali hökumət orqanları tərəfindən arxiv sahəsi ilə bağlı bir-birinin ardınca qəbul edilən qərarlar, görülmüş tədbirlər, habelə Mərkəzi Dövlət Arxivinin əməkdaşlarının fədakar əməyi nəticəsində 1922-ci ilin ortaları üçün Azərbaycanda arxiv sənədlərinin məhv edilməsi və dağıdılması halları əhəmiyyətli dərəcədə azaldı, həmçinin arxiv sənədlərinin qeydiyyatı və mühafizəsi işinin təşkilində müsbət irəliləyiş əldə edildi. Bir ildən artıq bir dövrdə Mərkəzi Dövlət Arxivində 26, “Əmək muzeyi”ndə 5, yerlərdəki təşkilatlarda 16 arxiv fondu olmaqla, bütövlükdə 47 arxiv fondu formalaşdırılaraq qeydiyyata alındı, respublikamızın qəzalarındakı (Şəki, Ağdaş və s.) yerli təşkilatlarda arxiv fondlarının yaradılması işinə start verildi.

Azərbaycanda sovet hakimiyyətinin ilk illərində arxiv sənədlərinin toplanması və komplektləşdirilməsi ilə Mərkəzi Dövlət Arxivi (MDA) ilə yanaşı, digər təşkilatlar, Əmək Muzeyi, Oktyabr İnqilabının və Kommunist partiyası tarixinin öyrənilməsi üzrə Komissiyanın Azərbaycan Bürosu və digər ictimai təşkilatlar məşğul olurdu. Mərkəzi Dövlət Arxivi eyni zamanda “Əmək Muzeyi”nin inqilab tarixi şöbəsinə daxil olan sənədlərin uçotunu aparır və onların məhv edilməsi yalnız Mərkəzi Arxivin razılığı ilə həyata keçirilirdi. Muzeyin İnqilab tarixi şöbəsi yalnız MDA təlimat və qaydalarından istifadə etməklə arxiv sənədlərindən Azərbaycandakı inqilabi hərəkatın tarixinin öyrənilməsi üçün elmi məqsədlərdə istifadə etmək səlahiyyətinə malik idi. Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin 1921-ci il dekabr tarixli qərarı ilə yaradılan “Azərbaycan Partiya Tarixi Bürosu (Azistpart) isə respublikamızda inqilabi hərəkatın tarixinin öyrənilməsi üçün arxiv sənədlərindən geniş istifadə etməklə yanaşı, həm də onların toplanılması, sistemləşdirilməsi və qaydaya salınmasını həyata keçirirdi. Lakin sonradan MDA ilə Partiya tarixi bürosunun fəaliyyət istiqamətləri dəqiqləşdirilmiş, Mərkəzi Dövlət Arxivinə arxiv sənədlərinin toplanması və mühafizəsinin təmin edilməsi, AK(b)P MK yanında yaradılan Partiya Tarixi Bürosuna isə Mərkəzi Dövlət Arxivlərinin topladığı materiallardan elmi məqsədlər üçün istifadənin həyata keçirilməsi vəzifəsi verilmişdi.

Xatırladaq ki, (AK(b)P MK yanında Partiya Tarixi Bürosunun adı 1929-cu ildən dəyişdirilərək Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Marksizm-Leninizm İnstitutu, daha sonra 1956-cı ildən Partiya Tarixi İnstitutu, SSRİ dağıldıqdan sonra 1991-ci ildən Baş Arxiv İdarəsinin tərkibində Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivi adlandırılmış, 21 iyun 2007-ci ildən sözügedən arxiv Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyinə (hazırkı-İctimai-Siyasi Sənədlər Arxivi) verilmişdir.

Mərkəzi Dövlət Arxivi 1923-cü ildə AK(b)P MK müraciət edərək Azərbaycanın inqilabi hərəkatı tarixinə dair bütün sənədləri bir yerə toplamaqla Mərkəzi Dövlət Arxivinin tərkibində inqilab-tarixi şöbəsinin yaradılması məsələsini qaldırır. AK(b)P MK Mərkəzi Dövlət Arxivinin təklifinə baxaraq MDA-nın tərkibində belə bir şöbənin yaradılmasını məqsədəuyğun hesab edir və “Əmək muzeyi”nin İnqilab tarixi şöbəsində saxlanılan sənədlərin MDA-a təhvil verilməsi barədə qərar qəbul edir. 15 fevral 1925-ci ildə həmin sənədlərin bazasında Mərkəzi Dövlət Arxivində inqilab tarixi şöbəsi yaradılır və “Əmək muzeyi”ndə saxlanılan inqilab tarixinə dair bütün sənədlərin Mərkəzi Dövlət Arxivinin inqilab-tarixi şöbəsinə təhvil verilməsi təmin olunur.

Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Azərbaycan SSR Xalq Komissarları Sovetinin “Azərbaycanda arxiv işi haqqında” 1925-ci il 6 iyun tarixli Dekreti ölkəmizin arxiv quruculuğu tarixində xüsusi əhəmiyyətə malik hüquqi sənəd kimi qiymətləndirilir. Azərbaycan SSR-də arxiv işi ilə bağlı əvvəllər verilmiş qərarları təsdiq edərək onları daha da inkişaf etdirmək məqsədilə qəbul edilən bu Dekret ölkəmizin arxiv quruculuğu tarixində öz əhəmiyyəti ilə seçilir. Dekretə əsasən bütün idarələr öz arxiv materiallarını qaydaya salmaqla arxiv siyahıları əsasında MDA-ya təhvil verməyə məcbur edilir, iri idarələrdən (2000-dən artıq işi olan) texniki və metodiki cəhətdən MDA-ya tabe olan arxivçi ştatının yardılması tələb olunur, arxiv materialları saxlanılan bütün idarələrə onları məhv etmək və satmaq qadağan edilir, saxlanılmalı olmayan işləri məhv etmək və satmaq ixtiyarı yalnız Mərkəzi Dövlət Arxivinə verilir və həmin sənədlərin satışından əldə edilən vəsaitin Mərkəzi Dövlət Arxivinin xüsusi fonduna daxil edilməsi nəzərdə tutulur. Arxivlərə diqqətsiz yanaşmanın qarşısının alınması və Dekretin dürüst yerinə yetirilməsinə nəzarət edilməsi prokurorluq orqanlarına tapşırılır. Eyni zamanda arxiv işi üzrə əvvəllər mövcud olmuş və bu Dekretlə ziddiyyət təşkil edən bütün qanunvericilik aktları qüvvədən düşmüş hesab edilir. 6 iyun 1925-ci il tarixli Dekret ölkədə arxiv işinə və arxiv sənədlərinə olan münasibətin dəyişməsinə təsir göstərməklə, idarələrin öz arxiv materiallarının vəziyyəti və qorunması ilə bağlı məsuliyyətlərini artırır, eyni zamanda MDA ilə idarələr arasındakı işgüzar münasibətlərin hüquqi normalarını müəyyən edən mükəmməl qanunvericilik aktı kimi tarixə düşür. Dekret arxiv işçilərini öz işlərinə daha məsuliyyətlə yanaşmağa sövq etməklə, bu sahədəki çətinliklərin aradan qaldırılmasına yeni imkanlar yaradır.

(ardı var)

Əsgər RƏSULOV,
Milli Arxiv İdarəsinin rəisi,
Həsən HƏSƏNOV,
Milli Arxiv İdarəsi rəisinin müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:26
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 İyun 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see136

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see124

Gəncədə qohumlar arasında dava Yaralılar var

03 İyun 2025 08:02see121

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see121

Ölkəmizin heç vaxt görmədiyi sürətlə silah yığırıq

03 İyun 2025 08:17see120

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see117

Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar

03 İyun 2025 10:19see116

Marmarisdəki 5.8 bal gücündə zəlzələnin görüntüləri İnsanlar küçələrə axın etdi

03 İyun 2025 10:17see116

Ağır yanıq xəsarətləri olan Çinarənin anası: Nə dərman, nə yemək ala bilirik

03 İyun 2025 12:20see116

Bakıda bu yollarda sıxlıq var SİYAHI

03 İyun 2025 08:26see115

Pərviz Şahbazov: 2030 cu ilin sonunadək Azərbaycanda 1,5 milyard kubmetr təbii qaza qənaət ediləcək

03 İyun 2025 10:00see115

Şaqqıldyan avtomatlar, Əlikramın "strateji məhsul"u və “Lənkəranın İsveçrəsi”...

03 İyun 2025 10:30see114

Stress zamanı insanlar emosional yeməyə meyilli olurlar DİETOLOQ AÇIQLADI

03 İyun 2025 10:41see113

Son illər Azərbaycan musiqisində ciddi geriləmələr müşahidə olunur KULTROLOQ ŞƏRH ETDİ

03 İyun 2025 12:05see113

Paşinyanla kilsə arasında evlilik davası böyüyür

03 İyun 2025 09:34see113

Milli Məclisdə müzakirə: bu zonada işıq və qaz pulu 3 dəfə azaldılmalı, Bakıda isə... Kommunal xidmətlərlə bağlı dəyişiklik olacaq

03 İyun 2025 13:18see112

Bir gündə 784 reys

03 İyun 2025 08:42see112

Bakıda McDonald s un yanında yanğın VİDEO

03 İyun 2025 11:24see112

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri