Icma.az
close
up
RU
Mənəvi zənginliyin mötəbər saxlancı

Mənəvi zənginliyin mötəbər saxlancı

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Ədəbiyyat dili və milli yaddaşı qoruyur

Həyatın uzaq, qaranlıq yollarına işıq salan, insanı ucaldan, bilikli, söhbətcil, hazırcavab edən kitab yalnız məlumat mənbəyi deyil, həm də insanın mənəvi aləmini formalaşdıran, həyatın dərinliklərini anladan bilik ümmanıdır. Elm, təhsil, mədəniyyət, mənəviyyat, inkişaf, sivilizasiya kitabdan başlayıb və onunla zənginləşib. Rus yazıçısı Maksim Qorki yazırdı ki, kitab oxumaq özünüzə və başqalarına hörmət etməyi, insanları sevməyi öyrədəcək, fikirlərinizi aydınlaşdırmaqda köməkçi olacaq. Çox təəssüf ki, bu tükənməz xəzinədən istifadə edənlərin, kitab oxuyanların sayı getdikcə azalır.

Bu gün Azərbaycanda kitabların az satılmasının səbəblərindən biri onun ticarətinin lazımi səviyyədə təşkil olunmaması, nəşrlərin gərəkliyini anladan izahat və təbliğatın aparılmamasıdır. Əvvəllər cəmiyyətin nüfuzlu təbəqələrindən sayılan şair və yazıçıların əsərləri böyük tirajla çap olunur, kitab mağazalarında satışa çıxarılır, mədəniyyət evlərinə, kitabxanalara göndərilirdi. Tanınmış, xalq tərəfindən sevilən qələm sahibinin işıq üzü görən hər kitabı mədəni hadisə idi. Qonorar sistemi isə yazıçıya maddi rifahını təmin etmək imkanı verirdi.

Təəssüf ki, bu gün ədəbiyyat sahəsində ciddi boşluq yaranıb, sözün gücünü yaşadan, milli kimliyi qoruyub saxlayan yazıçı və şairlərimizin yaratdıqları mənəvi sərvətdən yararlananların azlığı, oxucu auditoriyasının kifayət qədər olmaması tirajları kəskin şəkildə aşağı düşüb. Əllərdə gəzən kitabların müəllifi isə aldığı cüzi qonorarla dolana bilmir.

“Ulduz” jurnalının baş redaktoru, Prezident təqaüdçüsü, Əməkdar jurnalist Qulu Ağsəsin məsələyə münasibətini öyrəndik:

– Başqa ölkələrdə də şair və yazıçılar kitablarından böyük qonorar almırlar. Dünyada detektiv janrda yazılan əsərləri çıxmaq şərtilə kitaba o qədər də böyük maraq yoxdur. Sovet dövründə isə vəziyyət tamam başqa idi. Bütün kitabxanalar sifarişlər götürür, Mədəniyyət Nazirliyi bu işə birbaşa nəzarət edirdi. İstənilən kənd kitabxanasından “Azərbaycan”, “Ulduz”, “Qobustan” jurnallarını, “Ədəbiyyat” qəzetini, sevdiyin, yaxud adını ilk dəfə eşitdiyin yazıçıların belə əsərlərini tapa bilərdin. O dövrdə ədəbiyyata marağı artırmaq üçün məktəblilər tamaşalara aparılır, tələbələr qəzet və jurnallara abunə olur, kitabxanalar sifarişlər götürürdülər. Çox istərdim ki, bu ənənələr davam etsin.

Qonorar sadəcə maddi gəlir deyil, həm də yazıçının əməyinə verilən qiymətdir. Bu qiymət nə qədər yüksək olarsa, ədəbiyyata maraq da bir o qədər artar. Çox acınacaqlı haldır ki, bu gün bir çox yazıçılarımız əsərlərini nəşr etdirmək üçün şəxsi vəsaitlərindən istifadə edir, hətta avtomobilini satanlar da olur. Yalnız Yazıçılar Birliyi tərəfindən yazıçılara az və ya çox qonarar yazılır. Heç bir ictimai qəzet, siyasi orqan bədii nümunəyə qonorar vermir. Saytlardan, televiziya və radiodan isə danışmağa dəyməz. Rəsmi orqanlar tərəfindən yazıçılara verilən qonorarlar çox aşağıdır və illərdir artırılmır.

Ədəbiyyat təkcə müəllifin “könül işi” kimi dəyərləndirilməməlidir. O, milli yaddaşın, dilin, mədəniyyətin daşıyıcısıdır. Televiziya və radioda ədəbiyyata kifayət qədər yer ayrılmaması, qəzet və saytların ədəbi mətnlərə qonorar ödəməməsi bu sahədəki durğunluğu daha da dərinləşdirir. İnkişaf etmiş ölkələrdə ədəbiyyatın dəstəklənməsi üçün müxtəlif mexanizmlər – qrantlar, mükafatlar, abunə sistemləri, məktəblərdə və kitabxanalarda dövlət sifarişləri və s. mövcuddur. Bu kimi təşəbbüslərin bizdə də genişləndirilməsi vacibdir. Gənc yazarların, eləcə də peşəkar ədiblərin fəaliyyətini stimullaşdırmaq üçün həm maddi, həm də mənəvi dəstəyə ehtiyac var.

Yazıçı-publisist Fəxri Uğurlu bildirdi ki, vaxtilə dövlət strukturları ədəbiyyatla, yazıçı ilə oxucu arasında vasitəçi idi:

– Kitablar dövlət tərəfindən satılır, satışdan əldə olunan gəlirin müəyyən hissəsindən isə müəlliflərə qonorar verilirdi. “Azərkitab”, “Kəndkitab” və digər yayım strukturları kitabxanalara kitab tədarük edirdilər. Ancaq indi ədəbiyyata maraq və diqqət azalıb. Dünya təcrübəsində nəşriyyatlar yazıçı ilə müqavilə bağlayır, əsərlərini yayımlayır, satışını təşkil edir və satışdan müəllifə müəyyən faiz verir. Bu faizlər müxtəlifdir; məşhur yazıçıların, daha az tanınan yazıçıların faizləri fərqli olur, amma hər halda müəllif müəyyən gəlirlə təmin edilir.

Beləliklə, yazıçı öz kitabının satılmasına görə narahat olmur, çünki bunu nəşriyyat idarə edir. Həmçinin nəşriyyatlar piratlarla mübarizə aparır və müəllif hüquqlarını qorumağa çalışırlar. Lakin bizdə bu mexanizm hələ tam formalaşmayıb. Bəzi insanlar deyirlər ki, biz müəyyən qazanclar əldə edirik, amma bu qazancların heç də ciddi ədəbiyyatla əlaqəsi yoxdur. Ola bilsin, onlar oxucuya müəyyən mexanizmlər vasitəsilə yol tapıblar. Bildiyimə görə, bəzi dövlət orqanları kitablar üçün subsidiyalar ayırır. Lakin bu subsidiyaların necə xərcləndiyi, kimlərə verildiyi haqqında konkret fikir deyə bilmərəm.

Milli dövlətçilik baxımından kitabın əhəmiyyəti son dərəcə böyükdür. Çünki millət, insan yalnız kitabla formalaşır, mədəniyyətlə, ədəbi ənənələrlə inkişaf edir. Əgər dövlətin təməlində, bazasında bu məsələlər möhkəm şəkildə qoyulmayıbsa, heç bir tikili uzun müddət möhkəm qala bilməz. Bizim çox böyük ədəbi irsimiz var, xüsusilə orta əsrlərdən bəri böyük yazıçılarımız, şairlərimiz və ozanlarımız olub. Azərbaycan xalqı hər zaman böyük bir ədəbi ənənəni yaşadıb. Bu ənənə yenə də davam edəcək. İndi bunun üçün müxtəlif qurumlar cəhd göstərirlər. Lakin bu cəhdlərin uğurlu olması üç günə, beş günə baş verməyəcək. Əgər bu işlər davamlı şəkildə həyata keçirilərsə, o zaman Azərbaycan ədəbiyyatının böyük gələcəyi olacaq.

Şair, publisist, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli deyir ki, bir çox xarici ölkədə də ən yaxşı sənətkarların kitablara görə “əli bala” batmır:

– Amma kitab ticarətinin inkişaf etdiyi ölkələrdə yazıçılar öz yaradıcılıqlarından barına bilirlər. Ən çox da oxucuların istirahəti və əyləncəsini təmin etmək məqsədilə yazılan kitablar gəlir gətirir. İnsanlar psixoloji gərginlik yaradan kitabları oxumağa o qədər də meyilli deyillər. Əlbəttə, burada hollivudsayağı filmlərin, dünya teleekranını zəbt etmiş bayağı verilişlərin də xidməti az deyil. Bayağı verilişlər isə Azərbaycan teleekranına çoxdan hakimdir. Təəssüf ki, “Azərkitab”ın yaxşı ənənələrini inkişaf etdirə bilmirik.

Mən 200-dən çox kitab yazmışam, 70-i çap olunub. 10-dan çox tanınmış və görkəmli alim yaradıcılığım haqqında monoqrafiyalar yazıb və nəşr etdirib. Şəxsi təşəbbüsümlə kitablarımın yayımı ilə məşğul olmuşam. Qazancım isə yeni kitablarımın nəşrinə yetərli olub. Əlbəttə, bu, çox azdır. Yaxşı olar ki, yazıçılar, söz-sənət adamları cəmiyyətin ictimai həyatı, sosial problemləri ilə bağlı verilişlərə tez-tez dəvət olunsunlar. “Kitab köşkü” rubrikasında cəlbedici verilişlər təşkil olunsun. Polemikalar, mübahisələr yazıçının cəmiyyət tərəfindən tanınmasına kömək edər. Yazıçı öz əsərləri ilə bağlı qaldırdığı polemik mübahisələrlə öz kitabını da reklam etmiş olar.

Vaxtilə proletkultçular özlərindən əvvəlki ən yaxşı ənənələrdən imtina etdilər. Bu da cəmiyyətdə qarşısıalınmaz faciələrə səbəb oldu. Varislik əlaqələri qırıldı, repressiyaların tüğyanı başladı. Zənnimcə, kitab ticarəti ilə bağlı ən yaxşı ənənələr bərpa edilməlidir. Vaxtilə “Kitabsevərlər cəmiyyəti” var idi. Cəmiyyətin əsas işi kitabın təbliği və reklamının mahiyyətini ifadə edirdi. Düşünürəm ki, kitabxanalara qarşı “repressiya” çox zərərli oldu. Ən kiçik, az sayda əhalisi olan kəndin də kitabxanası olmalıdır, bu, mənəvi mühitin formalaşmasında faydalı olar. Mən bir müəllif kimi kitablarımın müəyyən qisminin kitabxanalara verilməsində maraqlıyam. Təbii ki, bu, dəryada damla misalındadır. Təəssüf ki, Mədəniyyət Nazirliyinin müvafiq qurumlarındakı məmurların çox az qismi yazıçılarla ünsiyyət qurur. Bəlkə də elələri var ki, iki-üç yazardan qeyrisini tanımır.

Əlirza müəllim sonda dedi ki, xarici ölkələrdəki müvafiq, analoji qurumların təcrübəsi öyrənilməli və tətbiq olunmalıdır:

– Bir sözlə, kitabxana və kitabxanaçıların fəaliyyəti canlandırılmalıdır. Əlbəttə ki, dövlətin köməyinə ehtiyac var. Kitabxanalarda oxucu görüşləri, müəlliflərlə ünsiyyət mənəvi arxivdən canlı həyata gətirilməlidir. Nəşriyyatlara, mətbəələrə xüsusi diqqət yetirilməli, avadanlıq və təchizat üçün güzəştlər olmalıdır. Zənnimcə, kitab ticarəti və nəşri ilə bağlı vergi məsələlərində də əsaslı dəyişikliklər olmalıdır. Bütün hallarda yazarın kitabxanası, arxivi cəmiyyətin sərvətidir. Bunun qorunması müəyyən yardımlarsız mümkün deyil.

Biz istəsək də, istəməsək də yeni zamanın gətirdiyi problemlərlə üz-üzəyik. Düşünürəm ki, cəmiyyətin mənəvi inkişafında az-çox rolu olan yazarlara yubileylərində müəyyən maddi köməkliklər olmalıdır. Bu, kitablarının nəşrində istifadə edilə bilər.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Qurban Yaquboğlu sənət və ədəbiyyat adamlarına tətbiq olunan qonorar sisteminin tamamilə aradan qaldırılmaq ərəfəsində olduğunu, xüsusilə yazıçıya, jurnalistə, redaktora qonorar yox, sabit maaş məbləği təklif edildiyini deyir:

– Qonorar yaradıcı şəxsin mükafatlandırılmasıdır. Şübhəsiz ki, yazıçının yalnız qonorar hesabına yaşaması qeyri-mümkündür. Stifen Kinq “Yazmaq sənəti” kitabında qeyd edir ki, Amerikada 95 faiz yazıçı qonorar hesabına yaşaya bilmir. Yəni bunun üçün çox məşhur və kitabları yaxşı satılan müəllif olmalısan. Amma hər halda dünyada qonorar sistemi mövcuddur, müəllif əməyinə görə mükafatlandırılır. Azərbaycanda isə kitablar ya qonorarsız, ya da müəllifin öz hesabına nəşr olunur, bəzən piştaxta arxasında da dayanmalı olur. Bu, çox acınacaqlı haldır.

Kitabın xüsusi dəyər daşıyıcısından satılıq əmtəəyə çevrilməsi onu market və bazarlara yönəltdi. Kitabxana sisteminin sıradan çıxarılması kitabın mahiyyətinə daha bir zərbə oldu. Yeni texnologiyanın meydana çıxması, elektron mətnlərin kağız kitaba alternativ olması vəziyyəti bir az da gərginləşdirdi və “kitabın ölümü”nü arzulayanlara dəlil verdi. Mənim şəxsi fikrim belədir ki, kağız mətnlər, yəni kitablar əbədidir, metafizik mahiyyət daşıyır və gec-tez bunu hamı qəbul edəcək. Kitabın qorunması üçün xüsusi qərarların qəbuluna ehtiyac var. Biz kitabsız cəmiyyətdə yaşamamalıyıq. Bütün anologiyaları sovet dövrü ilə aparmağın tərəfdarı deyiləm. Sovet sistemində yazıçı-şair ideoloji prosesin tərkib hissəsiydi, bundan başqa, sovetlərin siyasi fəlsəfəsində yazıçıya daim ənam verilməliydi. Bu mənada sovet dönəmində çox yaxşı yaşayan yazıçıyla çox yaxşı yazan yazıçı arasında fərq yaranırdı. Günümüzdə sənət və ədəbiyyatın cəmiyyətimizə və dövlətimizə gərəkliyi mövzusuna aydınlıq gətirilməlidir. Yalnız bundan sonra bu sahədə pərakəndəliyi, xaosu, bəzi hallarda bazar özbaşınalığını aradan qaldırmaq olar.

Bəli, müasir dövrdə informasiya bolluğunda yaşayırıq. Lakin sosial şəbəkələrdə yayılan xəbərlər, məlumat seli çox zaman səthi olur. Kitab oxumaq isə insanın dünyagörüşünü genişləndirir, həyat dərsi verir, fərqli dünyaları, müxtəlif düşüncə tərzlərini tanımaq imkanı yaradır, düşünməyə, nəticə çıxarmağa sövq edir. Kitab oxumaq həm də milli-mənəvi dəyərlərin qorunması, dilimizin zənginliklərinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi üçün zəruridir. Dövrün sürətinə baxmayaraq, hər birimiz kitab oxumağa vaxt ayırmalı, onu vərdiş halına çevirməliyik. Çünki ədəbiyyat millətin ruhunun aynası, yaddaşının qoruyucusu, sabaha aparan güclü vasitədir.

Mehparə ƏLİYEVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Oktyabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see613

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see516

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see460

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see431

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see344

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see336

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see319

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see257

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see237

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see235

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see220

Bəniz ləqəbli tiktoker 10 il 3 ay müddətinə HƏBS EDİLDİ

06 Avqust 2026 18:43see219

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see204

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see204

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see201

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see200

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see187

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see183

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri