“Müasir metodist” layihəsinə 7 milyon yarım pul ayrılıb, onun 4 milyon yarımı mənimsənilir Elşən Qafarov
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən gün elm və təhsil nazirinin müşaviri Elnur Əliyev konfransda çıxışı zamanı bildirib ki, hazırda metodist axtarılır və metodist olmaq istəyən müəllimlər sertifikasiyadan çox bal toplamış müəllimlər arasından seçiləcək.
Qeyd edək ki, daha əvvəl rayon (şəhər) təhsil şöbələri ləğv edildikdən sonra metodistlərin fəaliyyəti tamamilə aradan qaldırılmışdı. İndi isə yenidən metodistlər axtarılır.
Məsələ ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elşən Qafarovun sözlərinə görə, ümumtəhsil məktəblərində metodiki işi təşkil edə bilməsək, ümumtəhsil sistemində hər hansı bir keyfiyyətdən danışmağın heç bir mənası yoxdur:
"Çox təəssüf olsun ki, metodiki işlə bağlı olaraq son 20 ildə dəfələrlə məsələ qaldırılsa da, nazirlik bu məsələnin öhdəsindən gələ bilmir. Əvvəllər rayon təhsil şöbələri nəzdində metodiki kabinetlər var idi. Burada qanunvericiliyə görə hər 300 müəllimə eyni ixtisas üzrə bir metodist müəllim ştatı var idi. Son vaxtlar guya islahat aparıldı, bütün metodkabinetlər ləğv edildi. Hətta ləğv edilənə qədər Bakı şəhərində Təlimə Dəstək Mərkəzi yaradıldı".
Ekspert vurğuladı ki, hal-hazırda 2025-ci ilin büdcəsindən “Müasir metodist” layihəsinə 7 milyon yarım pul ayrılıb:
"Nəzərə alsaq ki, ölkədə təqribən 470-480 nəfər metodist var və bunların da aylıq əməkhaqqı əvvəl 400 manat idi, indi qaldırılıb 700 manat edilib. Ortalama 3 milyonadək bunların əməkhaqqına pul ayrılır. Yerdə qalan 4 milyon yarım pul isə mənimsənilir. Hazırkı təhsil idarəetmə orqanlarında işləyən şəxslərin, o cümlədən təhsil naziri səviyyəsində şəxslərin metodiki işlə bağlı anlayışları yoxdur. Anlayışı olmadığı sahəni təbii ki, dağıdacaqlar, eynisini qura bilməyəcəklər. Təsəvvür edin, bir məktəbdə bir metodist var. Özü də cəmi 370 məktəbdir. Deyək ki, metodist müəllim ibtidai sinif müəllimidir və yaxud da fizika müəllimidir. İbtidai sinif müəllimi fizika, kimya, biologiya, tarix müəllimlərinə necə metodiki dəstək göstərəcək? Və yaxud da fizika müəllimi ibtidai sinif müəlliminə, Azərbaycan dili və ədəbiyyat müəlliminə, xarici dil müəlliminə necə metodiki dəstək göstərəcək? Bu baxış, bu yanaşma onu göstərir ki, elə başda Emin Əmrullayev və Elnur Əliyev olmaqla, bu insanların metodiki işdən anlayışı yoxdur. Metodiki iş nədir, metodistin işi nədən ibarətdir - bunlardan anlayış yoxdur".
Elşən Qafarov təəssüflə bildirdi ki, metodistlərin ləğvi məsələsi ümumtəhsil sisteminin dağıdılması üçün atılmış bir addım idi.
"Əslində metodkabinetlərin ləğv edilməsi yanlış addım idi. Metodistlər müasir təlim metodlarını, metodikanı daha yaxşı bilən şəxslərdən seçilməli idi. Əməkhaqları elə olmalı idi ki, orada işləmək üçün ən azı yararlı olmaq mümkün olsun. Düşünürəm, sistem dağılır.
Bu gün Azərbaycan təhsilinin içəridən dağıdan bir şəbəkə var. Ümumtəhsil sistemində və bu şəbəkənin başında Emin Əmrullayev və Elnur Əliyev durur. Yalançı, populist çıxışları və bəyanatları ilə diqqəti öz əməllərindən yayındırmaq məqsədi güdürlər. Amma reallıq budur ki, ümumtəhsil sistemi, o cümlədən də ümumtəhsilin əsas məzmunu olan metodiki iş dağıdılıb, bərbad vəziyyətdədir. Metodiki işi qurmadan ümumtəhsili qurmaq, idarə etmək və inkişaf etdirmək mümkün deyil. Bu o deməkdir ki, Azərbaycanın ümumtəhsil sistemi sürətlə dağılmaqda davam edir. Bariz nümunələrindən biri də metodiki işin tamamilə dağıdılmasıdır - əvvəlcə dağıdırlar, sonra bunun adına milyonlarla vəsait guya qurmaq üçün xərclənir, amma reallıqda heç qurulmur da. Dediyimiz kimi, ümumtəhsil sistemində metodiki iş bariz nümunədir", - deyə o yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 10 Dekabr 2025 20:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















