Icma.az
close
up
RU
Müəllimlərlə bağlı qərar verilə bilər: Say azalır, bal artır, maaş isə...

Müəllimlərlə bağlı qərar verilə bilər: Say azalır, bal artır, maaş isə...

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son illər ölkədə müəllimlərin, daha doğrusu, bu ixtisasa yiyələnənlərin sayının çox olması müzakirə mövzularından birinə çevrilib.  

Qeyd edək ki, 2024-2025-ci tədris ili üzrə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirak üçün 70 minə yaxın şəxs müraciət edib, 50 mindən çox namizəd isə test imtahanı mərhələsində iştirakçı olub.  Müsabiqənin nəticələrinə əsasən, 6 300-ə yaxın müəllim işlə təmin olunub və elan edilmiş vakant yerlərin 90%-i tutulub. Bu, onu göstərir ki, MİQ imtahanına müraciət edənlərin sayı kifayət qədərdir.   

Bu gün Milli Məclisdə elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: 

Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışı zamanı bildirib ki, Azərbaycan dili və ədəbiyyat ixtisasına gələn müəllimlərin sayında artım müşahidə olunur: 

“Son illər 411-dən çox abituriyent 500-dən yuxarı bal toplayaraq müəllimlik ixtisasını seçib. Bizim də prioritetimiz müəllimlik ixtisasının balını qaldırıb savadlı kadrların yetişməsinə imkan yaratmaqdır”. 

Bu gün müəllimlik ixtisasından məzun olanların sayı kifayət qədər olsa da, həm sertifikasiyadan, həm MİQ imtahanından keçə bilməyən müəllimlər var. Eyni zamanda, məktəblərin birləşdirilməsi də müəllimlərin işlə təminatına çətinlik yaradır. 

Bu baxımdan, ən uğurlu variant müəllim ixtisasına qəbul sayını azaltmaqdırmı və bu proses gənclərin texniki sahələrə daha çox yönəlməsinə imkan yaradarmı?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov “Cebheinfo.az”-a bildirib ki, elm və təhsil naziri Emin Əmrullayevin Milli Məclisdə səsləndirdiyi “500-dən çox bal toplayan abituriyentlərin müəllimliyi seçməsi” faktı Azərbaycan təhsil sistemində uzun illər mövcud olmayan keyfiyyət dönüşünün ilk real indikatorudur: 

“Bu göstərici müəllimlik ixtisasının tədricən zəiflərin sığındığı sahədən güclülərin şüurlu seçiminə çevrildiyini göstərir. Bu, Elm və Təhsil Nazirliyinin son illər apardığı ardıcıl siyasətin nəticəsi kimi dəyərləndirilməlidir. Lakin eyni zamanda, məzun bolluğu, sertifikatlaşdırma və MİQ-də uğursuzluqlar, məktəblərin birləşdirilməsi fonunda iş yerlərinin azalması problemi bu uğuru struktur baxımdan kölgədə qoyur və “Jarada problem var?” sualını gündəmə gətirir.

Statistika vəziyyətin mahiyyətini açıq göstərir. Son illərdə pedaqoji ixtisaslardan hər il minlərlə məzun universitetləri bitirir. Eyni dövrdə Elm və Təhsil Nazirliyinin rəsmi açıqlamalarına görə, sertifikatlaşdırma prosesində təxminən 8 min müəllim peşə tələblərinə cavab vermədiyi üçün sistemdən kənarlaşdırılıb. 

MİQ imtahanlarında iştirak edənlərin isə əhəmiyyətli hissəsi keçid balını toplaya bilmir. Digər tərəfdən, ümumi təhsil məktəblərində şagird sayının azalması və optimallaşdırma siyasəti nəticəsində məktəblərin birləşdirilməsi müəllim tələbatını faktiki olaraq azaldır. 

Nəticədə ali məktəbdə müəllim hazırlığı ilə real əmək bazarı arasında ciddi uyğunsuzluq yaranır. Bir tərəfdə yüksək balla qəbul olunmuş gənclər, digər tərəfdə isə həmin gəncləri "udmaq" gücündə olmayan sistem mövcuddur.

Qanunvericilik müstəvisində problem açıq şəkildə görünür. “Təhsil haqqında” Qanunda müəllim hazırlığının keyfiyyət əsaslı təşkili, müəllim peşəsinin xüsusi məsuliyyət tələb edən fəaliyyət sahəsi olduğu qeyd edilir. Həmin qanuna görə, dövlət yalnız diplom verən deyil, həm də təhsilalanı əmək bazarına hazır formada çıxarmalıdır. 

Sertifikatlaşdırma və MİQ mexanizmləri məhz bu qanuni tələbin icrasıdır və onların mövcudluğu problemin süni deyil, real olduğunu sübut edir. Əgər ali məktəbi bitirənlərin böyük hissəsi bu mexanizmlərdən keçə bilmirsə, bu, qəbulun çoxluğundan daha çox hazırlığın keyfiyyəti ilə bağlı problemdir”.

Ekspertin sözlərinə görə, qəbul sayının azaldılması bu şəraitdə intuitiv olaraq məntiqli görünür və qısamüddətli dövrdə müəyyən müsbət təsir göstərə bilər: 

“Aşağı balla və zəif motivasiyalı abituriyentlərin pedaqoji ixtisaslara daxil olmasının qarşısı alına bilər, məzun bolluğu müəyyən qədər azalar, müəllim işsizliyi ilə bağlı sosial gərginlik zəifləyə bilər. Paralel olaraq, bir qrup gəncin texniki və peşə yönümlü sahələrə üz tutması ehtimalı da yüksələr. Bu, xüsusilə sənaye, texnologiya və tətbiqi bacarıqlar sahəsində kadr çatışmazlığı fonunda iqtisadi baxımdan müsbət effektdir.

Lakin qəbulun mexaniki şəkildə azaldılması strateji həll deyil və dünya təcrübəsi bunu açıq şəkildə sübut edir. Finlandiyada müəllimliyə qəbul çox selektivdir, lakin əsas süzgəc universitet daxilində və praktik mərhələdə tətbiq olunur. Estoniyada pedaqoji ixtisaslara qəbul nisbətən açıqdır, amma müəllim kimi sistemdə qalmaq son dərəcə çətindir. 

Sinqapurda isə müəllim hazırlığı birbaşa əmək bazarı proqnozları ilə tənzimlənir və artıq kadr hazırlığına sistemli şəkildə yol verilmir. Bu ölkələrdə ortaq yanaşma ondan ibarətdir ki, qəbul tək həlledici mexanizm deyil, əsas məsələ planlama, tələbkarlıq və mərhələli filtrasiya mexanizmləridir.

Azərbaycan reallığında dəyişməli olan əsas məsələ qəbulun sayından çox, qəbulun planlanmasıdır. Hansı fənn üzrə neçə müəllimə ehtiyac olduğu, hansı regionlarda real kadr çatışmazlığının davam etdiyi, hansı sahələrdə artıq doymuşluq yarandığı dəqiq hesablanmadan qəbulun azaldılması problemi sadəcə ötürə bilər. 

Bu zaman müəllimlikdən imtina edən gənc avtomatik olaraq texniki sahəyə yönəlməyəcək, əgər dövlət tərəfindən stimullaşdırma mexanizmi qurulmayıbsa, o, yenə də asan diplom verən başqa bir sahəni seçəcək”.

Ekspertin fikrincə, müsbət məqam ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi artıq bu məsələyə yalnız kəmiyyət prizmasından yanaşmır: “Müəllimlik ixtisaslarında keçid ballarının yüksəldilməsi, sertifikatlaşdırma, MİQ, diferensial əməkhaqqı sistemi, tamştat modelinə keçid müəllim peşəsini ciddi filtrasiyadan keçirən kompleks mexanizm formalaşdırıb. Nazirlik faktiki olaraq müəllimliyi “bitirən işləyəcək” modelindən “layiq olan qalacaq” modelinə keçirir. Bu yanaşma strateji baxımdan doğru və cəsarətlidir. 

Müqayisəli təhlil göstərir ki, ən effektiv yol qəbulun kəskin azaldılması deyil, qəbulun əmək bazarı ilə sinxronlaşdırılması, universitetdaxili tələblərin sərtləşdirilməsi və diplomdan sonrakı mərhələdə real süzgəcin qorunmasıdır. Bu yanaşma bir tərəfdən müəllimlikdə süni yığılmanın qarşısını alır, digər tərəfdən gənclərin texniki və praktiki sahələrə yönəlməsini təsadüfi yox, şüurlu seçimə çevirir.

Hesab edirəm ki, qəbul sayının azaldılması alət ola bilər, amma əsas strategiya olmamalıdır. Əsas strategiya müəllimlik ixtisaslarına yalnız güclülərin qəbul olması, zəiflərin isə sistemdə qalmasına imkan verilməməsidir. 

Bu istiqamətdə Elm və Təhsil Nazirliyinin apardığı siyasət müsbət, ardıcıl və uzunmüddətli perspektivdə öz nəticəsini verəcək yanaşmadır. Müəllim bolluğundan müəllim keyfiyyətinə keçid mərhələsi ağrılıdır, amma bu mərhələni keçmədən güclü məktəb, güclü təhsil və güclü dövlət qurmaq mümkün deyil”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Müəllimlər qərar Kamran Əsədov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Dekabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri