Icma.az
close
up
RU
Muğamat var olan yerdə...

Muğamat var olan yerdə...

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Ağaxan Abdullayev – 75

Azərbaycanın milli muğam sənətinin görkəmli nümayəndələrindən biri də Xalq artisti Ağaxan Abdullayev olub. O, güclü, məlahətli və geniş diapazonlu səsi ilə hər kəsi heyran qoyub, sələflərinin yaradıcılıq ənənələrini layiqincə yaşadıb. Dövlət televiziya və radiosunun qızıl fondunda bənzərsiz ifaları qorunub saxlanır.

Ağaxan Meyxan oğlu Abdullayev 6 fevral 1950-ci ildə Bakı şəhərinin Türkan kəndində anadan olub. 84 saylı orta məkəbi və musiqi məktəbinin tar sinfini bitirib. Sonra A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində Seyid Şuşinskinin davamçısı Nəriman Əliyevin sinifində təhsil alıb, bir müddət Əbilov adına Mədəniyyət evində muğam müəllimliyi edib. Müsahibələrinin birində əsl xanəndə kimi yetişməsində aldığı müvafiq təhsillə bərabər, Bakı toylarının böyük rolu olduğunu bildirib. Ardınca isə məzunu olduğu A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışıb. Orada dünya şöhrətli muğam ustası Alim Qasımova dərs deyib.

O özü gənc ikən muğamın hansısa bir guşəsini necə ifa etmək barədə Seyid Şuşinskidən, Əlibaba Məmmədovdan, Hacıbaba Hüseynovdan, Şövkət xanım Ələkbərovadan məsləhətlər almaqdan çəkinməyib. Düz 50 il əvvəl – 1975-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində fəaliyyətə başlayan sənətkar Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib.

...Ağaxan Abdullayevin 20 il əvvəl Təbrizdə verdiyi konsertin videokadrlarına baxıram. Səsinin “rəngləri” salonda əlvan bir aura yaradır. Musiqisevərlər Təbrizin “dolanbadolan” küçələrindən axışıblar ora, tez-tez sənətkarın ifalarını alqışlayırlar. Ağaxanın ağayana tövrləri də bəyənilir, qavalını sevə-sevə “şapalaqlayır”. Arada “Nərgizim”i oxuyur. Elə bilirəm ki, “Təbrizim” deyir. Oxuya-oxuya, sanki, özünü dinləyir, öz varlığını hiss edir. Üşşaqları, əraqları, mayələri, zəngulələri, təsnifləri sehirli təsir bağışlayır. Elə bil ki, hələ 100 il əvvəl təşkil edilən “Şərq konsertləri”ndən biridir. Burada hasarları aşan azanabənzər çağırışlar da var, uca səs “minarə”ləri də könül oxşayır:

Quru yer üstə qədəm qoyma, minnətin çəkirəm,
Göz üstə qoy qədəmin, yari mahiparə, yeri...

Onu dinlədikcə düşünürəm ki, bu möcüzəni yalnız uşaqlığından Bakı kəndlərində muğamlarımızı, necə deyərlər, hərf-hərf, səs-səs öyrənən bir sənətkar yarada bilər. Bakı kəndləri də, bəllidir ki, muğam hadisələrinin episentridir. Səs və ifa möcüzələri burdan dalğa-dalğa yayılaraq ta Təbrizə, Daşkəndə, Dehliyə, Bağdada, Parisəcən gedib çıxır...

Məşhur xanəndələrin Azərbaycan Milli Konservatoriyasının fəxri professoru, Xalq artisti Ağaxan Abdullayev haqqında söylədikləri onun sənətkarlığına yüksək həmkar dəyərləri kimi maraqlıdır. Bəzi sitatları yada salaq.

Xalq artisti Arif Babayev: “Ağaxan Abdullayev haqqında danışmağa çox sözüm var. O, gözəl sənətkar, ailə başçısı idi. Yəni hərtərəfli adam idi. Ağaxan əsl xanəndə idi, mən deyən xanəndələrdən. Onda kişi hökmü var idi. Uzun müddətdir dostluq edirdik. Təəssüflər olsun ki, çox tez dünyasını dəyişdi. Axır günlərində Ağaxan oğluna toy edəndə onu görüb çox pis oldum. O, bizim sıramızdan gedəndə – dünyasını dəyişəndə bir neçə gün özümə gələ bilmədim. Ağaxan haqqında nə qədər desən, danışmaq olar. Onun səsi hər zaman xalqımıza lazım olacaq və onu qoruyub saxlamaq lazımdır”.

Xalq artisti Mənsum İbrahimov: “Ağaxan Abdullayev Azərbaycan klassik muğam sənətinin görkəmli nümayəndələrindən biri idi. Mən hələ Ağaxan müəllimi Asəf Zeynallıda oxuyan vaxtımdan tanıyırdım. Yəni hardasa 30 ildən çoxdur ki, tanışlığımız var idi. Elə oldu ki, biz onunla dəfələrlə xarici ölkələrdə, Azərbaycanın müxtəlif bölgələrində səfərlərdə olduq. Televiziya Muğam Müsabiqələri başlayandan – 2005-ci ildən münsif yoldaşı idik. Müsabiqələr zamanı bölgələrdən uşaqların seçilməsində, məclislərdə, dövlət tədbirlərində, demək olar ki, hər yerdə birlikdə olmuşuq.

Ağaxan müəllim həm də gözəl insan idi. Bu insanda paxıllıq hissi yox idi və hər zaman yaxşılıqla məşğul olur, insanlar üçün əlindən gələni edirdi. Mən ancaq onda gözəl keyfiyyətlər görmüşəm. Xalqımızın, dövlətimizin sevimli sənətkarı idi. Dəfələrlə şahidi olmuşam ki, Azərbaycanın istənilən bölgəsinə gedəndə onu necə hörmətlə qarşılayırdılar. Təbii ki, özü fiziki cəhətdən aramızda olmasa da, ruhən həmişə bizimlədir. Çünki onun qoyub getdiyi sənət, səs, ifalar hər zaman xalqımızın qəlbində yaşayacaq”.

Xalq artisti Nəzakət Teymurova: “Onun yeri hər zaman görünəcək. Böyük ustadlarımızdan biri idi. Mən Ağaxan müəllimlə Fransada, Macarıstanda, Rusiyada, Almaniyada və bir çox ölkələrdə səfərdə olmuşam. İfalarından sonra bütün salon onu ayaqüstə alqışlayırdı. Hər zaman Azərbaycan musiqisini yüksək səviyyədə təbliğ eləyib. Ağaxan müəllim bu dünyada dürüst yaşayıb. İstər gənclərə, istər həmyaşıdlarına qarşı hər zaman hörmətlə yanaşan, əlindən gələn köməyi edən bir adam idi. Çalışıb ki, muğamlarımız qorunub saxlanılsın. Allah Ağaxan müəllimə rəhmət eləsin”.

Bu yazını hazırlayanda unudulmaz sənətkarın tələbəsi olmuş Xalq artisti Alim Qasımova zəng edib müəllimi haqqında sual verdik.

– Mənim ustadım olub Ağaxan müəllim, – dedi. – Bizə muğamı bütün incəliklərinə qədər öyrədirdi. Uğurlarımıza ürəkdən sevinirdi. Təvazökarlıqdan uzaq olsa da, xatırladım ki, müsahibələrinin birində deyib: “25–30 tələbənin içindən bir Alim Qasımov çıxırsa, mənə bəs edir”. Yumor hissi, baməzəliyi də güclü idi (Amma biz tələbələri ilə həmişə ciddi davranırdı). Bir dəfə çıxışı zamanı zilə qalxanda operator onu lap yaxından çəkirmiş. Kameranın işığı gözünü qamaşdırdığına görə operatora zarafatla deyib ki, işığı “dalni” yandırma, “blijni” elə, “blijni”...

Onun oğlu Xoşbəxtin toyunda Elnarə Abdullayeva, Simarə İmanova və mən də çıxış edərək təzəbəyə xoşbəxtlik arzulamışıq. Xatirələr çoxdur. Heyf ki, aramızdan çox tez getdi. Yadıma düşür ki, Suraxanı rayonundakı Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında Xalq artisti Ağaxan Abdullayevlə vida mərasimi keçirilirdi. Mənə də söz verdilər. Görkəmli sənətkarla bağlı xatirələrimi bölüşdüm və avazla muğam parçası oxuyub onun ruhuna həsr elədim...

Böyük sənətkar muğama bağlılığını sadə dillə belə izah edirdi: “Muğam mənim həyatımdır. Həyatımı ailəm, övladlarım olmadan təsəvvür etmədiyim kimi, muğamsız da təsəvvür etmirəm. Daha geniş mənada əhəmiyyətinə gəlincə, muğam xalqımız üçün təməl daşı, mənəviyyatımızın əzəli mənbəyi, qan yaddaşımız, genimizin kodudur. Şübhə etmirəm ki, bütün dünyada muğamı sevməyən, muğamla mübhəm tellərlə bağlı olmayan əsl azərbaycanlı yoxdur. Bu qədim xalq yaradıcılığı növü hamımızın içindədir, milli mənliyimizə, şüurumuza həkk olunub”.

Ağaxan Abdullayev “Şöhrət” ordeni, “Qızıl çinar” beynəlxalq, “Humay” və “Simurq” milli mükafatlarına layiq görülüb. Prezident təqaüdçüsü olub. Bakının Sabunçu rayonunda, söz-sənət məkanı olan Nardaran qəsəbəsində adına küçə var. Xəzər rayonundakı Türkan qəsəbə Mədəniyyət Evinə də görkəmli muğam ustasının adı verilib.

Uzun illər xərçəng xəstəliyindən əziyyət çəkən Ağaxan Abdullayev 25 dekabr 2016-cı ildə, 66 yaşında vəfat edib. Vəsiyyətinə əsasən, Türkan kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb. Bakının Sabunçu rayonunda, sözün, sənətin daim uca tutulduğu Nardaran kəndində adına küçə var. Bir də onun adını musiqiyə bağlı olan övladları Meyxan, Xoşbəxt, Hikmət və Orxan layiqincə yaşadırlar.

Mərhumun adını daşıyan nəvəsi Ağaxan Abdullayev isə babasının ona vəsiyyətini açıqlayıb: “Babam həmişə məni gəzdirib, getdiyi yerə aparıb. Onlara getməyən kimi, zəng edirdi gəl. Deyirdi ki, istəyirsən xanəndə olmaya bilərsən, amma adımı şərəflə daşı”.

Əli NƏCƏFXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Fevral 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niyə uşaqlar ataya daha çox BƏNZƏYİR

31 Avqust 2025 02:36see204

Formula 1 : Niderland Qran prisində gözlənilməz qonaq

31 Avqust 2025 03:02see138

İlham Əliyev və xanımı Çində səfərdədir

30 Avqust 2025 16:21see134

Dünyanın ən bahalı və ucuz məhsullarının adı açıqlandı

30 Avqust 2025 15:26see132

Polis Parubinin qatilinin izinə düşüb Media

30 Avqust 2025 17:30see131

“Nə arzular yarımçıq qaldı” Fotolar

30 Avqust 2025 15:24see128

7 aylıq qeyri neft ixracı 2 milyard dollar

30 Avqust 2025 11:43see128

Dadaşovun komandası uğursuz seriyaya son qoyub

31 Avqust 2025 01:07see127

Pezeşkian ən çox nədən qorxur?

30 Avqust 2025 09:24see127

Daha bir türkiyəli müğənni Bakıya gəlir

31 Avqust 2025 00:02see126

Gəncədə qəza olub, xəsarət alanlar var

30 Avqust 2025 22:30see125

Ağcaqanadların yaydığı xəstəliklə bağlı xəbərdarlıq

30 Avqust 2025 16:45see125

Vüsal İsgəndərli üçün 70 dəqiqə

31 Avqust 2025 01:25see125

Trampın bu dediyi Modini əsəbiləşdirib

30 Avqust 2025 19:45see125

32 ildən sonra Bakı Ağdam qatarı yola düşdü Cədvəl, qiymətlər və xidmətlər

30 Avqust 2025 08:42see122

Onlayn tanışlıq ətrafında dolaşan bir sıra miflər

31 Avqust 2025 06:32see121

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see121

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see120

Ürəyi qorumaq üçün 7 11 4 qaydası Sınayın

30 Avqust 2025 12:13see119

Bu ölkələr Ukraynaya əlavə HHM sistemləri verəcəklər

31 Avqust 2025 00:44see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri