Musiqinin dəyişən dili: yeni nəsil nə dinləyir?
Icma.az, 525.az saytına istinadən bildirir.
Şahanə MÜŞFİQ
Musiqi insanın özünü ifadə etmək üçün yaratdığı ən qədim və ən universal dillərdən biridir. O, bəzən bir xalqın tarixini özündə qoruyub saxlayır, bəzən bir nəslin duyğularına səs verir, bəzən də heç bir sözün ifadə edə bilmədiyi hissləri bir neçə notun içərisində yaşadır. Zaman dəyişdikcə musiqinin dili də dəyişir. Yeni ritmlər, fərqli səslənmələr, texnoloji imkanlar və dinləmə vərdişləri musiqi dünyasını daim yeniləyir. Lakin bu dəyişikliklərin fonunda insanı bir sual getdikcə daha çox düşündürür: Yeni nəsil musiqidə nə axtarır və bu axtarış zamanı hansı dəyərləri geridə qoyur?
Bu gün musiqiyə çatmaq üçün nə konsert salonuna getməyə, nə də sevdiyimiz ifanı radioda gözləməyə ehtiyac var. Bir neçə toxunuşla dünyanın müxtəlif guşələrində yaranan musiqi nümunələrini dinləmək mümkündür. Sosial şəbəkələr, rəqəmsal platformalar, qısa videolar musiqini gündəlik həyatımızın ayrılmaz hissəsinə çevirib. Hətta bəzən bir mahnının məşhurlaşması üçün onun bütöv şəkildə dinlənilməsinə də ehtiyac qalmır. Bir neçə saniyəlik melodik parça, yadda qalan ritm və ya sosial şəbəkələrdə yayılan bir trend həmin ifanı milyonlarla insana tanıda bilir.
Bu, musiqinin əlçatanlığı baxımından böyük üstünlükdür. Dünyanın müxtəlif musiqi mədəniyyətləri arasında sərhədlər xeyli zəifləyib. Gənclər fərqli ölkələrin ifaçılarını dinləyir, yeni janrlarla tanış olur, müxtəlif musiqi üslublarını mənimsəyirlər. Əvvəllər yalnız müəyyən çevrələrdə tanınan musiqi istiqamətləri indi geniş auditoriyaya çatır. Ancaq əlçatanlığın artması heç də hər zaman musiqi zövqünün zənginləşməsi, ya da yüksək səviyyəyə qalxması demək deyil.
Məsələnin başqa tərəfi də var. Musiqinin sürətlə istehlak edildiyi bir dövrdə onu dinləməkdən çox, tez dəyişmək vərdişi formalaşır. Bir mahnı başlayır, bir neçə saniyə sonra digəri ilə əvəzlənir. İfaçının səsi, mahnının məzmunu, musiqinin aranjimanı, sözlərin poetikası üzərində dayanmağa çox vaxt qalmır. Beləcə, musiqi bəzən dinlənilən sənət nümunəsindən gündəlik informasiya axınının fon səsinə çevrilir.
Əlbəttə, hər dövrün öz musiqisi, hər nəslin öz zövqü olub. Gənclərin müasir janrlara marağını, yeni musiqi formalarını seçməsini qınamaq doğru yanaşma deyil. Musiqi daim yenilənən sənətdir və bu yenilənmə onun təbii inkişafının göstəricisidir. Problem yeniliyin özündə deyil, yeniliyin arxasında məzmunun, estetik duyumun və sənətkarlıq meyarlarının arxa plana keçməsindədir.
Ritmin arxasında söz, sözün arxasında məna
Müasir musiqi mənzərəsində diqqətçəkən məqamlardan biri də sözə münasibətin dəyişməsidir. Mahnı yalnız melodiyadan ibarət deyil. Onun sözləri, ifadə tərzi, poetikası və yaratdığı emosional atmosfer dinləyicinin yaddaşında xüsusi yer tutur. Bəzən illər əvvəl eşitdiyimiz bir mahnının melodiyasını deyil, məhz bir misrasını xatırlayırıq. Çünki musiqi sözlə birləşəndə insanın yaddaşında daha dərin iz buraxa bilir. Hətta deyərdim ki, bəzən bir mahnını musiqisindən öncə sözləri sevdirib unudulmaz edə bilir.
Bu gün isə bəzi populyar mahnılarda mətnin məzmunundan çox ritmin cəlbediciliyinə, təkrarlanan ifadələrə və tez yadda qalan frazalara üstünlük verildiyini müşahidə edirik. Bu tendensiyanı bütün müasir musiqiyə şamil etmək olmaz, əlbəttə. Hazırda da maraqlı sözlərə, güclü musiqi həllinə və yüksək ifaçılıq səviyyəsinə malik əsərlər az da olsa, yaranır. Bununla belə, kommersiya uğurunun bəzən sənət keyfiyyətindən üstün tutulması musiqi mühitində ciddi müzakirə doğurur.
Bəzi ifaçılar öz mahnılarının yüksək səviyyəsini sübut etmək üçün onun sosial şəbəkələrdə, yaxud yutub platformasındakı izlənmə sayını arqument kimi göstərirlər. Amma unudurlar ki, musiqinin populyarlığı onun bədii dəyərinin yeganə göstəricisi ola bilməz. Çox dinlənilmək hər zaman çox dəyərli olmaq demək deyil. Eyni zamanda, geniş auditoriyaya çatmaq da sənət əsərinin keyfiyyətini azaltmır. Əsas məsələ kütləviliklə sənətkarlıq arasında tarazlığın qorunmasıdır. Musiqi həm dinləyicinin zövqünə xitab etməli, həm də onu daha zəngin duyğulara, fərqli düşüncələrə apara bilməlidir.
Muğamın yaddaşı, xalq mahnılarının ruhu
Müasir musiqi mühitində milli musiqi irsimizin yeri haqqında danışarkən muğamın, xalq mahnılarının və aşıq sənətinin xüsusi əhəmiyyətini qeyd etməmək mümkün deyil. Çünki bunlar sadəcə musiqi janrları deyil, qədim tarixə, zəngin mədəniyyətə malik xalqımızın dünyagörüşünü, həyat fəlsəfəsini, sevincini, kədərini, sevgisini və tarixini özündə yaşadan mənəvi sərvətlərdir.
Muğamın bir şöbəsində bəzən bütöv bir ömrün duyğuları gizlənir. Xalq mahnılarında nəsillərdən-nəsillərə ötürülən həyat təcrübəsi, el-obanın yaddaşı, insanın doğma torpağa və həyata bağlılığı yaşayır. Aşıq sənəti isə sözün, musiqinin və ifaçılığın vəhdətində milli düşüncənin bədii ifadəsinə çevrilir.
Düşünürəm ki, bu irsə - xalqımızın muğam, aşıq sənəti kimi milli-mənəvi dəyərlərinə münasibət yalnız keçmişə ehtiram göstərməklə məhdudlaşmamalıdır. Ənənəni qorumaq onu dəyişməz formada saxlamaqdan daha geniş məna daşıyır. Əsas məsələ onun mahiyyətini, estetik dəyərlərini və özünəməxsusluğunu itirmədən gələcək nəsillərə çatdırmağı bacarmaqdır. Milli musiqi nümunələri müasir aranjimanlarda təqdim oluna, yeni ifaçılıq üslubları ilə zənginləşdirilə bilər. Lakin bu zaman orijinal əsərin ruhuna, melodik xüsusiyyətlərinə və bədii məzmununa hörmət qorunmalıdır.
Dünya musiqi məkanına inteqrasiya etmək öz musiqi kimliyindən uzaqlaşmaq demək deyil. Əksinə, öz köklərini tanıyan sənətkar başqa mədəniyyətlərlə daha dolğun dialoq qura bilir. Milli musiqi irsini müasir auditoriyaya sevdirmək üçün onu yalnız yubiley tədbirlərində, konsert proqramlarında və xüsusi günlərdə - daha dəqiqi milli bayramlarda xatırlamaq kifayət etmir. Bu musiqi gündəlik dinləmə mədəniyyətimizin də bir hissəsinə çevrilməlidir.
Zövq formalaşır, yoxsa yönləndirilir?
Musiqi zövqünün formalaşmasında ailənin, təhsilin, mədəni mühitin və informasiya vasitələrinin rolu danılmazdır. Uşaqlıqda evdə eşitdiyimiz mahnılar, valideynlərimizin dinlədiyi ifalar, məktəbdə tanış olduğumuz musiqi nümunələri zamanla estetik duyumumuza təsir göstərir. İnsan bəzən illər sonra belə uşaqlığında eşitdiyi bir melodiyanı duyanda keçmişə qayıdır. Bu mənada musiqi həm də şəxsi yaddaşın bir parçasıdır.
Lakin bu gün zövqün formalaşmasında alqoritmlərin və sosial platformaların təsiri də getdikcə artır. Bəzən istəyərək, bəzən isə sadəcə marağa, elə-belə bir mahnını dinləyirsən, ya da hansısa mahnının üzərində 30 saniyədən çox dayanırsan. Bununla da bütün alqoritmi alt-üst edirsən. Alqoritm sənə həmin dinlədiyin musiqiyə bənzəyən mahnılar təqdim edir. Hətta o qədər ki, artıq o mahnını açmağına peşman olursan. Çünki beləcə, insan fərqli musiqi nümunələri ilə tanış olmaq əvəzinə, müəyyən janr və ifaçıların yaratdığı dairədə qala bilir. Populyar olanın davamlı şəkildə qarşıya çıxması isə bəzən həmin musiqinin daha keyfiyyətli olduğu təəssüratını yaradır.
Burada musiqi təhsilinin və maarifləndirmənin əhəmiyyəti ortaya çıxır. Gənclərə hansı musiqini dinləməli olduqlarını diktə etmək yox, onlarda fərqli musiqi nümunələrini dəyərləndirmək bacarığı formalaşdırmaq lazımdır. Klassik musiqi, caz, muğam, xalq musiqisi, müasir estrada və digər janrlarla tanışlıq dinləyicinin dünyagörüşünü genişləndirir. Çünki musiqi zövqü məhdudiyyətlə deyil, tanışlıq və kəşflə zənginləşir.
Bu baxımdan təhsil müəssisələrinin, musiqi məktəblərinin, mədəniyyət ocaqlarının üzərinə də mühüm vəzifə düşür. Musiqini yalnız nəzəri bilik və ya ifaçılıq bacarığı kimi deyil, estetik tərbiyənin vacib istiqaməti kimi təqdim etmək lazımdır. Gənc dinləyici musiqinin tarixini, janrların xüsusiyyətlərini, alətlərin səslənməsini, ifaçılıq ənənələrini öyrəndikcə eşitdiyi əsərlərə daha fərqli yanaşmağa başlayır.
Müasir musiqi dünyasını keçmişlə müqayisə edərkən bir məqamı da unutmamalıyıq: hər nəslin öz sənət dili var. Bir zamanlar yenilik sayılan musiqi üslubları sonradan klassikaya çevrilib. Bu gün gənclərin dinlədiyi bəzi janrlar da gələcəkdə öz dövrünün musiqi salnaməsi kimi xatırlanacaq. Deməli, məsələ köhnəni müdafiə edib yenini inkar etməkdə deyil. Məsələ dəyişən musiqi mühitində keyfiyyət, məzmun, yaradıcılıq və milli kimlik kimi dəyərlərin yaşadılmasındadır.
Musiqi insanın ruhuna toxunmaq gücünü itirməməlidir. O, yalnız əyləncə vasitəsi deyil, həm də düşüncə, yaddaş, duyğu və mənəvi ünsiyyət formasıdır. Bir mahnı insanı uşaqlığına qaytara, bir muğam parçası ona doğma torpağını xatırlada, bir xalq mahnısı bütöv bir nəslin xatirəsini canlandıra bilər. Bu təsir isə heç bir texnologiyanın, trendin və ya qısaömürlü populyarlığın əvəz edə bilməyəcəyi dəyərdir.
Hərdən düşünürəm ki, bu qaçaqovlu həyatımızda biz musiqini eşidirik, yoxsa onu həqiqətən dinləməyi də bacarırıq? Çünki musiqi zövqü yalnız qulağa xoş gələn səsləri seçməkdən ibarət deyil. O, dinləməyi, müqayisə etməyi, hiss etməyi və dəyərləndirməyi tələb edir.
Nəsillər dəyişəcək, ritmlər sürətlənəcək, musiqi texnologiyaları yenilənəcək. Ancaq insanın musiqidə məna, gözəllik və duyğu axtarışı dəyişməməlidir. Ən əsası, yeni səslərin cazibəsinə qapılarkən bizi biz edən melodiyaları unutmayaq. Çünki xalqın musiqisi yalnız keçmişini sərgiləmir, həm də onun gələcəyə hansı ruhla addımladığını göstərir.
Baxış sayı:137
Bu xəbər 06 Noyabr 2026 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















