Nadir Qafarzadə bu şəxsləri əxlaqsızlıq yaymaqda suçladı: Müğənnidən ağır sözlər
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Müğənni Nadir Qafarzadənin sosial şəbəkələrdə paylaşdığı video maraq və müzakirə yaradıb. Belə ki, o, bəzi televiziya efirlərini, bloggerləri, aparıcıları, müğənniləri, psixoloqları, tiktokerləri və sosial şəbəkələrdə açıq-saçıq danışan həkimləri sərt tənqid edib. Müğənni cəmiyyətdə əxlaqsızlığın yayılmasında onları günahlandırıb. Qafarzadə bildirib ki, “müasirlik” və “azadlıq” adı altında aparılan bu cür təbliğat cəmiyyətdə, xüsusilə kişi kultuna böyük zərbə vurur və mənəvi dəyərlərin aşınmasına səbəb olur.
Onun sözlərinə görə, bəzi insanların daxilində gizli qalan əxlaqsızlıq məhz sosial şəbəkələr vasitəsilə üzə çıxıb. O vurğulayıb ki, müasirlik anlayışı sosial şəbəkələrdə əxlaqsızlığın təbliği ilə eyniləşdirilir, elə yanaşmalar cəmiyyət üçün ciddi təhlükə yaradır. Müğənni həmçinin qadınların pis yola düşməsində kişiləri günahlandırıb.
Globalinfo.az-a danışan sosioloq Mail Yaqub bildirib ki, sosial şəbəkələrin insan əxlaqına və ailə dəyərlərinə təsiri ilə bağlı müzakirələr uzun müddətdir davam edir.
Onun fikrincə, sosial şəbəkələr nisbətən yeni fenomendir və özünəməxsus xüsusiyyətlərə malikdir:
“Bu xüsusiyyətlərdən biri istifadəçilərə “sən azadsan, sərbəstsən, müstəqilsən, nə istəsən edə bilərsən” mesajının ötürülməsidir. Məhz bu yanaşma olduqca təhlükəli tendensiya yaradır. Sosial şəbəkələrin ən zərərli tərəflərindən biri də elə budur. Sosial şəbəkələr faydalıdırmı? Şübhəsiz ki, bəli. Minlərlə, hətta milyonlarla faydalı tərəfi var. Ziyanlıdırmı? Bu da danılmaz faktdır, ziyanları da kifayət qədərdir. Onun müsbət cəhətləri hər kəsə məlumdur. Mən özüm də sosial şəbəkələrin aktiv istifadəçisiyəm, müxtəlif platformalarda kanallarım var və aylıq baxış sayı iki milyona qədər çatır, bəzən isə beş milyonu keçir. Bu faktın özü göstərir ki, sosial şəbəkələrdə faydalı və müsbət işlər görmək mümkündür. Lakin eyni zamanda sosial şəbəkələrdə əxlaq və dəyərlərdən kənar insanlar da var”.
Mail Yaqub
Sosioloq deyib ki, ailəsində dəyər görməyən, sağlam mənəvi mühitdə formalaşmayan bu şəxslər təxribatla məşğul olur, açıq şəkildə ailə institutunu, insanları və ümumilikdə əxlaqı hədəfə alırlar:
“Bunun səbəbi də sadədir: özləri bu dəyərlərə sahib deyillər. Sosial şəbəkələrin ziyanlı tərəfi də məhz burada üzə çıxır. İnsan evində rahat oturaraq, guya hər şeyi demək haqqına sahib olduğunu düşünür və nəticədə ən bayağı, təhqiramiz, əxlaqsız ifadələrdən çəkinmir. Bəs çıxış yolu nədir? Hesab edirəm ki, bu sahədə mütləq hüquqi və inzibati addımlar atılmalıdır, başqa alternativ yol yoxdur. İfrat dərəcədə mənəvi tənəzzülə uğramış, insanlarla yalnız söyüş və təhqir dili ilə danışan bir şəxsi nə əxlaq dərsi, nə də nəsihət düzəldə bilər. Belə hallarda qanun və hüquq-mühafizə orqanlarının müdaxiləsi qaçılmazdır. Düzdür, bu istiqamətdə müəyyən addımlar atılır, amma məncə, bu, yetərli deyil və daha sistemli şəkildə gücləndirilməlidir”.
Mail Yaqub özünün də sosial şəbəkələrdə xoşagəlməz hallarla rastlaşdığını qeyd edib:
“Bu cür hallar mənim də qarşıma çıxır. Görürəm ki, bəzi insanlar Azərbaycanda açıq şəkildə pozğunluğu və əxlaqsızlığı təbliğ edirlər. Bunu anlamaq üçün nə böyük alim, nə də filosof olmağa ehtiyac var. Çox sadə üsulu var: həmin səhifələrə bir dəfə baxmaq kifayətdir. Və hər şey aydın olur”.
Zaira Akifqızı
Globalinfo.az
Baxış sayı:64
Bu xəbər 20 Dekabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















