Naftalanda Vətən müharibəsinin ilk mülki şəhidlərinin ailəsi ziyarət olunub
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Naftalan, 22 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
27 sentyabr - Anım Günü ərəfəsində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop, Avropa Azərbaycan Məktəbinin direktoru Francesco Banchini və digər məsul şəxslər Vətən müharibəsinin ilk mülki şəhidləri olan Qurbanovlar ailəsini ziyarət ediblər.
Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ziyarət zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan Ordusunun əldə etdiyi şanlı və tarixi Qələbədən söz açılıb, şəhidlərin xatirəsinin hər zaman dərin ehtiramla yad ediləcəyi vurğulanıb.
Xalqımızın sarsılmaz birliyi və qətiyyətli mübarizəsi sayəsində qazanılmış dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün tarixi əhəmiyyəti xüsusi qeyd olunub.
Şəhidlərin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Vətən müharibəsinin ilk günü düşmənin atdığı top mərmisinin Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə düşməsi nəticəsində ikisi uşaq olmaqla ailənin beş üzvü faciəvi şəkildə şəhid olub.


