NASCO29: Naxçıvan Dövlət Universitetində elmi fikir mübadiləsi
525.az saytına istinadən Icma.az xəbər verir.
Mehriban Əsədullasoy
Naxçıvan Dövlət Universiteti filologiya elmləri doktoru, dosent
Naxçıvan Dövlət Universitetində 2026-cı il ərzində keçirilən elmi konfranslar mövzu rəngarəngliyi və əhatə etdiyi tədqiqat sahələrinin genişliyi ilə seçilir. Azərbaycan dilinin müasir problemləri, süni intellektin tətbiq imkanları, mədəni irsin qorunması və dayanıqlı turizm kimi aktual məsələlər müxtəlif elmi toplantıların müzakirə mövzusuna çevrilib. “Çağdaş Azərbaycan dilinin aktual problemləri” mövzusunda IV Respublika Elmi Konfransı, “Süni intellekt: nəzəriyyədən praktikaya” III Beynəlxalq Elmi Konfransı və “I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransı” universitetdə il ərzində baş tutan elmi tədbirlərin yalnız bir neçəsidir. “Qərbi Azərbaycana Qayıdış” Festival-Konqresi isə tarixi yaddaş, milli kimlik və mədəni irs məsələlərinin elmi və ictimai müzakirəsi baxımından xüsusi məzmun daşıyır.
Bu zəngin elmi tədbirlər silsiləsinin növbəti mühüm mərhələsi isə doktorant və gənc tədqiqatçıların elmi axtarışlarını diqqət mərkəzinə gətirən NASCO29 Respublika Elmi Konfransı oldu. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Dövlət Universitetində keçirilən Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29) ölkənin müxtəlif ali təhsil və elmi-tədqiqat müəssisələrində aparılan araşdırmaların təqdimatı və müzakirəsi üçün geniş elmi platforma rolunu oynadı. İki gün davam edən konfransda müxtəlif elm sahələrini əhatə edən tədqiqatlar, aktual problemlərə fərqli yanaşmalar və müasir elmi axtarışların nəticələri diqqət mərkəzində oldu. Tədbirin səciyyəvi cəhəti elmi müzakirələrin yüksək səviyyəli təşkilati şərait, zəngin mədəni proqram və akademik mühitlə üzvi şəkildə tamamlanması idi.
Konfransın açılış mərasimi tədbirin miqyası və əhatə dairəsi haqqında dolğun təsəvvür yaratdı. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında iştirakçıların sayı, təmsil olunan ölkə və ali təhsil müəssisələri, təqdim edilmiş elmi işlər və bölmələrin fəaliyyəti ilə bağlı statistik göstəriciləri diqqətə çatdırdı. Təqdim olunan məlumatlara əsasən, konfransa 123 elm və təhsil müəssisəsindən 1627 elmi iş göndərilmiş, elmi və texniki komitələrin qiymətləndirməsindən sonra 1382 doktorant, dissertant və gənc tədqiqatçının müəllifi olduğu 1028 elmi iş qəbul edilmişdi. Dinləyicilərlə birlikdə ümumi iştirakçı sayının 5000 nəfəri ötəcəyi gözlənilirdi. Konfransın 21 zalda, 104 bölmə üzrə, hibrid formatda təşkili onun geniş elmi coğrafiyasını və təşkilati miqyasını əks etdirirdi. Bu göstəricilərin arxasında müxtəlif elm sahələrində çalışan tədqiqatçıların zəhməti, elmi axtarışları və biliklərini bölüşmək istəyi dayanırdı.
Konfransın “Şəhərsalma və Memarlıq İli”nə həsr olunması tədbirin mövzu çərçivəsinə xüsusi məzmun qazandırırdı. Şəhərlərin müasir tələblərə uyğun inkişafı, memarlıq irsinin qorunması, dayanıqlı yaşayış mühitinin formalaşdırılması, iqtisadi və sosial amillərin uzlaşdırılması müasir cəmiyyətin qarşısında duran aktual məsələlərdəndir. Şəhərsalma anlayışı yalnız tikinti və infrastrukturla məhdudlaşmır; bu sahədə insan amili, sosial münasibətlər, mədəni yaddaş, ekoloji tarazlıq və gələcək nəsillərin yaşayış şəraiti də nəzərə alınmalıdır. Konfransın məhz belə bir ilə həsr olunması şəhərsalma və memarlıq məsələlərinin elmi müzakirələrdə daha geniş kontekstdə nəzərdən keçirilməsinə və onların müasir cəmiyyətin çağırışları ilə əlaqələndirilməsinə imkan yaratdı.
Konfransın bölmə iclasları gənc doktorant və dissertantların elmi fəallığı ilə yadda qaldı. Təqdim olunan məruzələrdə aktual problemlərə müraciət olunur, araşdırmaların nəticələri auditoriyaya aydın və ardıcıl şəkildə çatdırılırdı. Gənclərin təqdimat materiallarından məqsədyönlü istifadə etməsi, fikirlərini səlis ifadə etməsi, elmi mövqelərini əsaslandırmağa çalışması onların tədqiqat bacarıqları ilə yanaşı, təqdimat mədəniyyətinin də inkişaf etdiyini göstərirdi. Müxtəlif bölmələrdə təqdim olunan araşdırmaların mövzu rəngarəngliyi müasir elmin geniş istiqamətlərini əhatə edirdi. İqtisadiyyat, hüquq, pedaqogika, psixologiya, dilçilik və tərcüməşünaslıq sahələrindəki tədqiqatlar bir-birindən fərqli olsa da, onları birləşdirən ortaq cəhət müasir dünyanın dəyişən reallıqlarına elmi cavab axtarışı idi. Yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf, rəqəmsal texnologiyaların idarəetməyə və təhsilə təsiri, süni intellektin müxtəlif sahələrdə yaratdığı imkanlar, insanın sosial və psixoloji mühitdəki mövqeyi, dil və kommunikasiya məsələləri bu axtarışların genişliyini göstərirdi. Ayrı-ayrı məruzələrin təfərrüatına varmadan belə bir ümumi mənzərəni qeyd etmək mümkündür: elmi tədqiqatlar getdikcə daha çox fənlərarası xarakter alır, bir sahədə meydana çıxan məsələlərin araşdırılması digər sahələrin bilik və təcrübəsindən istifadəni zəruri edir. Xüsusilə süni intellekt və rəqəmsallaşma ilə bağlı məsələlər müasir elmi müzakirələrin mühüm istiqamətlərindən birinə çevrilib. Süni intellekt artıq yalnız texniki sahənin mövzusu deyil; onun təsiri təhsildə, hüquqda, iqtisadi münasibətlərdə, dildə, tərcümədə və gündəlik kommunikasiya mühitində hiss olunur. Bu imkanların genişlənməsi ilə yanaşı, insan amilinin, yaradıcı təfəkkürün, elmi məsuliyyətin və müstəqil mühakimənin qorunması da xüsusi əhəmiyyət qazanır.
Konfransda təqdim olunan tədqiqatlar müasir elmin müxtəlif sahələrdə üzləşdiyi problemləri, yeni axtarış istiqamətlərini və innovativ həll yollarını əhatə edirdi. Məruzələrdə rəqəmsal texnologiyaların tətbiqi, süni intellektin yaratdığı imkanlar, təhsil sistemində yenilənmə, iqtisadi və hüquqi münasibətlərin müasir çağırışları, eləcə də sosial-mədəni məsələlər ön plana çıxırdı. Xüsusilə diqqət çəkən cəhət texnoloji yeniliklərin insan amili ilə əlaqəli şəkildə araşdırılması, əldə olunan imkanların elmi, pedaqoji və ictimai müstəvidə doğurduğu nəticələrin təhlilinə yer verilməsi idi. Müxtəlif elm sahələrini təmsil edən tədqiqatların eyni elmi platformada müzakirəsi problemlərə fərqli baxışların üzə çıxmasına, yeni ideyaların formalaşmasına və fənlərarası əlaqələrin genişlənməsinə əlverişli şərait yaradırdı.
Konfransda məruzələrin dinlənilməsi ilə yanaşı, auditoriyada aparılan müzakirələr, fərqli fikirlərin qarşılaşdırılması və iştirakçıların bir-birinin tədqiqatlarına maraq göstərməsi elmi ünsiyyətə xüsusi canlılıq gətirirdi. Doktorantlar, dissertantlar və digər tədqiqatçılar yalnız öz araşdırmalarını təqdim etməklə kifayətlənmir, müxtəlif elm sahələrində aparılan işlərlə tanış olur, yeni biliklər əldə edir, fikir və təcrübə mübadiləsində iştirak edirdilər. Belə bir mühit onların gələcək elmi axtarışlarına yeni istiqamətlər verə, fərqli yanaşmaların formalaşmasına və əməkdaşlıq əlaqələrinin yaranmasına zəmin hazırlaya bilər. Doktorant və dissertantların konfranslarda yalnız dinləyici kimi deyil, elmi müzakirələrin fəal iştirakçısı, fikir mübadiləsinin bərabərhüquqlu tərəfi kimi çıxış etməsi xüsusi əhəmiyyət daşıyır. Bu gün elmi platformalarda öz tədqiqatlarını təqdim edən həmin şəxslərin gələcəkdə müstəqil araşdırmalar aparan, yeni ideyalar irəli sürən və elmin inkişafına töhfə verən mütəxəssislər kimi formalaşması elmi nəsillər arasında varisliyin və davamlı inkişafın mühüm şərtlərindəndir.
Naxçıvan Dövlət Universitetinin belə genişmiqyaslı elmi tədbirə ev sahibliyi etməsi universitetin akademik potensialının, eləcə də Naxçıvanın elmi-intellektual imkanlarının daha geniş miqyasda tanıdılması baxımından əlamətdar hadisə idi. Zəngin tarixi və mədəni irsi, qədim təhsil və maarifçilik ənənələri ilə seçilən Naxçıvanın bu irsi müasir elmi nailiyyətlər, texnoloji yeniliklər və beynəlxalq akademik əməkdaşlıqla daha da zənginləşir. Bu missiyanın həyata keçirilməsində universitetlərin rolu xüsusilə böyükdür. Ali təhsil müəssisəsi yalnız ixtisaslı mütəxəssislərin hazırlandığı təhsil ocağı deyil, həm də elmi ideyaların formalaşdığı, fərqli baxışların müzakirəyə çıxarıldığı, tədqiqatçıların təcrübə və bilik mübadiləsi apardığı intellektual məkandır. NASCO29 kimi mötəbər elmi platformanın Naxçıvanda təşkili universitetin bu missiyasını daha geniş miqyasda nümayiş etdirməklə yanaşı, bölgənin elmi həyatına yeni dinamika qazandırdı.
Konfransın açılış mərasimi yalnız rəsmi çıxışlarla deyil, universitetin mədəni-yaradıcı imkanlarını əks etdirən bədii proqramla da yadda qaldı. Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin ifasında dünya musiqisinin seçilmiş nümunələri və Azərbaycan klassik musiqisinin inciləri səsləndirildi. Universitetin öz musiqi kollektivinin, ifaçılarının, xorunun və dirijor heyətinin belə mötəbər tədbirdə çıxış etməsi ali təhsil müəssisəsinin elmi fəaliyyətlə yanaşı, mədəniyyət və incəsənət sahəsində də formalaşdırdığı yaradıcı potensialın göstəricisi idi. Konsert iştirakçılara universitetin zəngin mədəni mühiti ilə tanış olmaq, Azərbaycan musiqi sənətinin seçkin nümunələrini dinləmək imkanı yaratdı.
Tədbirin təşkilində könüllü tələbələrin fəallığı da xüsusi qeyd olunmalıdır. Qonaqların qarşılanması və istiqamətləndirilməsi, bölmə iclaslarının, eləcə də proqramın ayrı-ayrı mərhələlərinin əlaqələndirilməsi zamanı onların diqqəti, çevikliyi və məsuliyyət hissi aydın nəzərə çarpırdı. Könüllülük fəaliyyəti tələbələrə təşkilati təcrübə qazandırmaqla yanaşı, müxtəlif universitetləri təmsil edən alim və tədqiqatçılarla birbaşa ünsiyyət qurmaq, akademik mühitin iş prinsiplərini yaxından müşahidə etmək imkanı verirdi. Məruzələri dinləyən, elmi müzakirələri izləyən tələbələr üçün bu təmaslar yeni bilik və təəssüratlarla yanaşı, gələcək tədqiqat fəaliyyətinə maraq yarada biləcək bir təcrübə idi. Bəlkə də həmin gün onların bir qismində elmə doğru ilk addımların təməli qoyuldu, yeni axtarışlara maraq və tədqiqat həvəsi yarandı. Çünki elmi mühitlə erkən tanışlıq gəncin gələcək peşə və fəaliyyət seçimində mühüm rol oynayır.
NASCO29 müxtəlif universitet və ölkələrdən gələn iştirakçılar arasında akademik əlaqələrin genişlənməsi ilə yanaşı, səmimi insani münasibətlərin qurulmasına da imkan yaratdı. Konfrans günlərində elmi məsələlərlə bərabər, şəxsi təcrübələr, universitetlərin akademik ənənələri və gələcək birgə fəaliyyət perspektivləri də müzakirə olunurdu. Qarşılıqlı maraq və hörmət əsasında qurulan yeni tanışlıqlar tədbirin mənəvi dəyərini artırırdı. Elmi əməkdaşlığın başlanğıcı heç də həmişə böyük layihələr olmur; bəzən bir konfransda səslənən fikir, verilən sual və ya qurulan əlaqə sonradan birgə tədqiqatın əsasına çevrilir. İştirakçıların tədbirdən xoş təəssüratlarla ayrılması və əlaqələri davam etdirmək niyyəti NASCO29-un yalnız elmi nəticələrlə deyil, yaratdığı ünsiyyət və əməkdaşlıq imkanları ilə də əhəmiyyət qazandığını göstərirdi.
Naxçıvan Dövlət Universitetində keçirilən NASCO29 müxtəlif ali təhsil müəssisələrini və elmi qurumları təmsil edən tədqiqatçıları vahid akademik platformada bir araya gətirərək fikir və təcrübə mübadiləsi üçün geniş imkanlar açdı. Ayrı-ayrı elm sahələrini əhatə edən araşdırmaların müzakirəsi, fərqli elmi mövqelərin qarşılaşdırılması və yeni ideyaların bölüşülməsi konfransın əsas məzmununu təşkil edirdi. Belə elmi görüşlər tədqiqat istiqamətlərinin zənginləşməsinə, ayrı-ayrı araşdırmaların daha geniş elmi kontekstdə dəyərləndirilməsinə və birgə layihələr üçün zəmin yaranmasına kömək edir. Elmin inkişafı fərdi axtarışlarla yanaşı, biliklərin paylaşılması, qarşılıqlı öyrənmə və elmi məktəblər arasında təcrübə mübadiləsi ilə də şərtlənir. NASCO29-un yaratdığı müzakirə mühiti bu prinsiplərin praktik müstəvidə reallaşmasına imkan verdi.
Konfransın əhatə dairəsi yalnız elmi auditoriyalarla məhdudlaşmırdı. Müxtəlif universitetlərin rektorlarının, elm və təhsil sahəsində məsul vəzifə tutan şəxslərin, o cümlədən elm və təhsil nazirinin müavininin, Naxçıvanda dövlət idarəçiliyini təmsil edən rəsmi şəxslərin iştirakı tədbirə geniş ictimai və akademik miqyas qazandırırdı. İki gün ərzində elmi məruzələrlə yanaşı, aparılan müzakirələr, tələbələrin fəallığı, universitetin yaradıcı kollektivlərinin çıxışları və mədəni proqram da ümumi tədbir mənzərəsini tamamlayırdı. Konfransın əhəmiyyəti onun keçirildiyi iki günlə məhdudlaşmırdı. Burada səslənən ideyaların, irəli sürülən təkliflərin və müzakirə olunan tədqiqat istiqamətlərinin gələcək elmi təşəbbüslərə yol açmaq potensialı da diqqətəlayiq idi.
Naxçıvan Dövlət Universitetində keçirilən NASCO29 doktorant və dissertantların elmi axtarışlarını geniş auditoriyaya təqdim etməsinə, tədqiqat təcrübəsini zənginləşdirməsinə, müxtəlif elmi qurumlar arasında qarşılıqlı fəaliyyətin genişlənməsinə imkan yaratmaqla ölkənin elmi mühitinə dəyərli töhfə verdi. Konfrans bir daha təsdiqlədi ki, elmi tərəqqi yalnız yeni nəticələrin əldə olunması ilə deyil, onların müzakirəyə çıxarılması, tənqidi təhlili və fərqli baxışlarla zənginləşdirilməsi ilə də bağlıdır. Naxçıvandan ayrılan iştirakçılar konfransdan aldıqları təəssüratlarla yanaşı, yeni ideyalar, elmi müzakirələr zamanı yaranan suallar və gələcək tədqiqatlarına istiqamət verə biləcək düşüncələrlə də geri dönürdülər. Bu mənada NASCO29 həm elmi düşüncənin inkişafına, həm də ölkənin akademik mühitinin canlanmasına töhfə verən əhəmiyyətli bir tədbir oldu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 05 Noyabr 2026 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















