Naxçıvan təbii tarixi turizm məkanıdır
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Qədim diyar Şərqlə Qərbin qovşağında dünyaya açıqdır
Turizm haqqında danışanda çox vaxt gözümüzün önünə yol, hotel, tarixi abidə, gözəl mənzərə və istirahət gəlir. Halbuki turizm bundan daha böyük anlayışdır. O bir bölgəyə gələn insanın özü ilə gətirdiyi iqtisadi hərəkətdir. Turizm bir kənd evinin qapısını açır, bir restoranın süfrəsini böyüdür, bir gəncə iş verir, bir fermerin məhsuluna bazar yaradır, bir sənətkarın əl işini yeni ünvana aparır. Bu mənada, turizm yalnız səyahət deyil, inkişafın hərəkətverici qüvvəsidir.
Naxçıvan isə turizmin çoxşaxəli imkanlarını özündə birləşdirən nadir coğrafi məkandır, tarixi yaddaşdır. Burada tarix daşlara həkk olunub, təbiət dağların sinəsində qorunub, sağlamlıq yerin dərinliklərində gizlənib, qonaqpərvərlik isə insanların gündəlik həyatına hopub.
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində bölgənin turizm imkanlarını yüksək qiymətləndirərək bildirib: “Naxçıvanın turizm potensialı çox zəngindir: həm tarixi abidələri, həm gözəl təbiəti, təmiz havası və mənzərəli yerləri var”.
Bu qiymətləndirmənin arxasında Naxçıvanın zəngin və çoxşaxəli turizm xəritəsi dayanır. Lakin bu xəritədəki imkanları real iqtisadi dəyərə çevirmək üçün tarixi irsi müasir infrastrukturla, təbii gözəllikləri keyfiyyətli xidmətlə, turist marağını isə sahibkarlıq imkanları ilə bir araya gətirmək vacibdir.
Dövlət başçısının mehmanxanaların sayının artırılması və xidmət səviyyəsinin yüksəldilməsinin vacibliyinə diqqət çəkməsi də xüsusi əhəmiyyət daşıyır. Artıq səfər zamanı bu istiqamətdə addım atılıb. Naxçıvan şəhərinin mərkəzində yeni 5 ulduzlu mehmanxananın təməli qoyulub.
Əslində, burada söhbət yalnız yeni bir hotel binasının inşasından getmir. Yeni mehmanxana ətrafında restoranların, müxtəlif xidmət sahələrinin, nəqliyyat və turizm şirkətlərinin fəaliyyətinin genişlənməsinə, yerli sahibkarlıq təşəbbüslərinin artmasına və yeni iş yerlərinin yaranmasına təkan verəcək. Başqa sözlə, bir hotelin təməli yalnız bir binanın deyil, yeni iqtisadi imkanların da təməlidir.
Daşların da danışdığı diyar
Naxçıvanın turizm xəritəsi, hər şeydən əvvəl, tarixdən başlayır. Bu qədim diyarın küçələrində, daşlarında, türbələrində və qalalarında əsrlərin izi yaşayır. Burada keçmiş sadəcə qorunan yaddaş deyil. O, bu günlə danışan, hər gələn qonağa öz hekayəsini pıçıldayan canlı bir tarixdir.
Möminə xatun türbəsi, Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksi, Xan Sarayı, Nuh peyğəmbərin məzarüstü türbəsi, Hüseyn Cavid məqbərəsi, Açıq səma altında muzey, Əshabi-Kəhf Dini-Mədəni Abidə Kompleksi və digər tarixi məkanlar Naxçıvanın çoxəsrlik yaddaşını yaşadan ünvanlardır.
Bu abidələrə baxan insan yalnız daş və kərpic görmür. Burada əsrlərin nəfəsi duyulur. Keçmişlə bu gün arasında görünməz bir bağ yaranır. Elə buna görə də Naxçıvanda tarixi irsin qorunması yalnız mədəni irs məsələsi deyil, həm də turizmin gələcəyinə qoyulan sərmayədir.
“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu da turistlərin ən çox ziyarət etdiyi tarixi məkanlardan biridir. Şəhərin Cümə məscidi bu mənzərənin mühüm hissəsidir. Uzun müddət XVII–XVIII əsrlərə aid edilən məscidin bəzi memarlıq elementlərinin bundan təxminən 500 il daha qədim olduğu müəyyənləşdirilib. Burada turist sadəcə bir şəhəri gəzmir. Sanki əsrlərin içindən keçir. Qədim küçələrdə addımladıqca keçmişin gündəlik həyatına, şəhər mədəniyyətinə, sənətkarlıq ənənələrinə toxunur.
Şəhərin ən böyük turizm üstünlüklərindən biri də məhz onun autentikliyidir. Burada turist üçün sonradan qurulmuş süni dekorasiya yoxdur. Əvəzində, əsrlər boyu formalaşmış və bu günə qədər qorunmuş canlı şəhər mühiti var.
Kəhrizlərin sərinliyi, bağların yaşıllığı, qədim evlərin memarlığı, yerli mətbəxin dadı və küçələrin sakitliyi bir araya gələrək sadəcə mənzərə yox, bütöv bir səyahət təcrübəsi yaradır. Müasir turistin axtardığı da məhz budur: tarixə uzaqdan baxmaq yox, onu hiss etmək.
Naxçıvanın tarix-memarlıq xəritəsində Möminə xatun türbəsinin isə xüsusi yeri var. Onun bərpası və konservasiyası bu irsin qorunmasına göstərilən dövlət diqqətinin mühüm nümunəsidir. Abidənin qorunması məqsədilə 2025-ci il mayın 22-də ilkin olaraq 1 milyon manat, işlərin davam etdirilməsi üçün isə 2026-cı il martın 16-da əlavə 9,6 milyon manat vəsait ayrılıb. Bu rəqəmlərin arxasında yalnız maliyyə vəsaiti dayanmır.
Burada tarixi yaddaşa münasibət, keçmişə ehtiram və gələcək nəsillər qarşısında məsuliyyət var. Çünki əsrlər əvvəl ucaldılmış abidəni qorumaq yalnız onun daşlarını bərpa etmək deyil. Bu, həm də həmin dövrün memarlıq düşüncəsini, sənət zövqünü, estetik dünyagörüşünü və mədəni yaddaşını yaşatmaqdır. Möminə xatun türbəsinin naxışlarına diqqətlə baxanda Naxçıvan memarlıq məktəbinin qüdrətini görmək mümkündür. Burada daş sanki naxışa, naxış isə sözə çevrilir.
Naxçıvanqalanın divarları isə başqa bir hekayə danışır. Bu, müdafiədən, mübarizədən və zamanın sınaqlarından keçmiş şəhərin hekayəsidir. Hüseyn Cavid məqbərəsi həmin mənzərəyə başqa bir rəng qatır. Burada daşın dili ilə yanaşı, sözün və düşüncənin dili də danışır. Böyük şair və dramaturqun adı ilə bağlı bu məkan Naxçıvanın yalnız memarlıq deyil, ədəbiyyat və fikir tarixində də mühüm yer tutduğunu göstərir.
Naxçıvanın tarixi isə şəhərlərlə bitmir. Bu tarix dağlara, qayalara, qədim yolların izlərinə qədər uzanır. Gəmiqaya (Ordubad) bunun ən qədim nümunələrindəndir. Zəngəzur silsiləsinin Qapıcıq dağının yamaclarında eramızdan əvvəl IV–I minilliklərə, Tunc və Erkən Dəmir dövrlərinə aid qayaüstü rəsmlər aşkar edilib. Qaya üzərindəki bu təsvirlər minilliklər əvvəl yaşamış insanların dünyagörüşündən xəbər verir. Daşın üzərindəki hər xətt, hər təsvir sanki zamanın bizə göndərdiyi məktubdur.
Gəmiqaya Azərbaycanda Qobustandan sonra qədim qayaüstü rəsmlərin əhəmiyyətinə görə ən mühüm komplekslərdən biri hesab olunur. 2025-ci ilin iyulunda onun UNESCO-nun Ümumdünya İrsinin ilkin siyahısına daxil edilməsi də bu irsin beynəlxalq miqyasda tanınması baxımından əhəmiyyətli hadisə oldu.
Gəmiqayanın ətrafında Nuh peyğəmbərlə bağlı qədim rəvayət də yaşayır. Əfsanəyə görə, Nuhun gəmisi məhz bu dağların yaxınlığında dayanıb. Tarixlə rəvayətin qovuşduğu belə məkanlar Naxçıvanın turizm hekayəsini daha da zənginləşdirir. Burada tarix yalnız arxeoloji faktlardan ibarət deyil. O, həm də əfsanələrdə, yaddaşda və nəsildən-nəslə ötürülən hekayələrdə yaşayır. Tarixi irsin qorunması ilə turizmin inkişafı arasında bağ da məhz burada yaranır.
Abidə qorunduqca ona maraq artır. Marağın artması yeni tədqiqatlara, tanıtım imkanlarına və turizm marşrutlarına yol açır. Beləliklə, mədəni irsin mühafizəsi həm də gələcək turizm imkanlarının qorunmasına çevrilir.
Bu mənada, Memar Əcəmi Naxçıvaninin irsi ayrıca diqqət çəkir. Əcəmi Naxçıvaninin adı çəkiləndə Naxçıvanın daş yaddaşı sanki yenidən danışmağa başlayır. Onun yaratdığı memarlıq məktəbi əsrlərin sərhədini aşaraq bu günə gəlib çatıb. Bu məktəbin izlərini yalnız tarix kitablarında deyil, Naxçıvanın memarlıq simasında da görmək mümkündür.
Əcəminin irsi həm də bir həqiqəti xatırladır: Naxçıvanın mədəni sərvəti yalnız keçmişin yadigarı deyil. O, bugünün və gələcəyin də mühüm turizm resursudur.
Ona görə də Naxçıvanın turizm potensialını yalnız “görməli yerlər” siyahısına sığışdırmaq çətindir. Bu diyarın əsas üstünlüyü abidələrin sayından daha çox, onların arxasında dayanan hekayələrdədir.
Hər abidənin öz tarixi var. Hər küçənin öz yaddaşı. Hər daşın öz dili. Turizmin qarşısında dayanan əsas məsələ isə həmin dili müasir ziyarətçiyə çatdırmaqdır.
Çünki müasir turist artıq yalnız bir məkana baxıb şəkil çəkdirmək istəmir. O, gördüyü abidənin tarixini bilmək, yerli insanlarla ünsiyyət qurmaq, milli mətbəxin dadına baxmaq, şəhərin gündəlik həyatını hiss etmək və yaddaşında qalacaq bir təəssüratla ayrılmaq istəyir.
Müasir turizm, əslində, məkan göstərməkdən daha çox təcrübə yaşatmaq sənətidir. Naxçıvan isə belə bir təcrübə üçün zəngin imkanlara malikdir. Turist bir səfər ərzində əsrlər arasında səyahət edə bilər. Səhər Möminə xatun türbəsinin qarşısında orta əsr memarlığı ilə tanış olar, Naxçıvanqalanın tarixini öyrənər, günün başqa saatlarında Ordubadın qədim küçələrində addımlayar, kəhrizlərin sərinliyini hiss edər, yerli mətbəxin dadına baxar.
Belə bir səfər artıq sadəcə gəzinti deyil. Bu, Naxçıvanın tarixini, mədəniyyətini və həyat tərzini hiss etməkdir.
Bu zənginlik müasir turizm infrastrukturu ilə tamamlandıqda isə tarix iqtisadi və sosial dəyərə çevrilir. Qorunan abidə turist cəlb edir, turist yerli xidmətlərə tələbat yaradır, artan tələbat isə sahibkarlıq və məşğulluq imkanlarını genişləndirir.
Beləliklə, keçmişi qorumaq gələcəyə yatırım etməkdir.
Naxçıvanda tarix daşlarda yaşayır, amma onun hekayəsi yalnız daşlarla bitmir. O, kəhriz suyunun sərinliyində, Ordubad bağlarının yaşıllığında, qədim küçələrin sakitliyində, Möminə xatunun naxışlarında, Gəmiqayanın qayalarında və Əcəmi Naxçıvaninin memarlıq irsində davam edir.
Bəlkə də Naxçıvanın turizm cazibəsinin ən böyük sirri elə budur: burada tarixə baxmırsan, tarixlə yol gedirsən.
Azərbaycanın yeniliklər poliqonu
Bəli, Naxçıvanın hekayəsi yalnız daşlarda yazılmayıb. Bu hekayənin başqa səhifələri dağların başında, yaylaqların sükutunda, bulaqların səsində yazılıb. Şahbuz, Batabat, Ağbulaq, Ordubad, Culfa və Əlincəqala ətrafı Naxçıvanın təbii turizm imkanlarının genişliyini göstərir. Burada təbiət yalnız seyr ediləcək mənzərə deyil. Burada təbiət yaşanır. Dağ havasını içinə çəkən turist şəhərin səs-küyündən uzaqlaşır. Yaylaqda səhərin açılışını izləyən insan başqa bir zamanın ritmini hiss edir. Kənd yollarında addımlayan səyyah təbiətlə insan həyatının necə bir-birinə qarışdığını görür.
Müasir turist də artıq yalnız böyük hotel və restoran axtarmır. O, bəzən kənd həyatının səmimiyyətini, yerli mətbəxin dadını, insanların qonaqpərvərliyini və təbiətin sakitliyini axtarır. Naxçıvan kəndləri məhz bu baxımdan böyük potensiala malikdir. Təsəvvür edək: turist səhər Ağbulaqda yerli məhsullardan hazırlanmış süfrə arxasında günə başlayır. Gün ərzində dağ yolları ilə yürüş edir. Axşam isə kənd evində milli mətbəxin nümunələrindən dadır, yerli sakinlərlə söhbət edir.
Turist üçün bu, xatirədir. Kənd sakini üçün isə qazancdır. Beləliklə, turizm bir kəndin iqtisadi həyatına yeni nəfəs gətirir. Naxçıvanın bu böyük turizm mənzərəsində Duzdağın da özünəməxsus yeri var. Duzdağ sanki təbiətin Naxçıvana yerin dərinliklərində yazdığı xüsusi bir məktubdur. Duz mağaraları və Duzdağ Fizioterapiya Mərkəzi sağlamlıq turizminin inkişafı üçün mühüm imkan yaradır.
Sağlamlıq turizmi digər istiqamətlərdən onunla fərqlənir ki, turist bölgədə daha uzun müddət qalır. Bu isə hotel, restoran, nəqliyyat və digər xidmət sahələrinə davamlı tələbat yaradır. Duzdağ buna görə yalnız müalicə məkanı deyil, Naxçıvanın turizm brendlərindən biridir.
Əlincəqala isə bu xəritənin zirvəsidir. Dağın başında yerləşən qala tarixlə macəranın qovuşduğu məkandır. Zirvəyə qalxan insan sanki yalnız yüksəkliyə deyil, əsrlərin dərinliyinə də yüksəlir. Əlincəqala tarix həvəskarları üçün keçmişin izlərini, dağ turizmi sevənlər üçün isə yeni bir səyahət təcrübəsini bir araya gətirir. Əslində, Naxçıvanın əsas üstünlüklərindən biri bütün bu imkanların bir-birindən uzaq və təcrid olunmuş şəkildə deyil, vahid turizm marşrutunda birləşdirilə bilməsidir. Naxçıvan şəhəri – Duzdağ – Culfa – Əlincəqala – Şahbuz – Batabat – Ağbulaq – Ordubad... Bu marşrut bir xəritə üzərində sadəcə nöqtələri birləşdirmir.
O, tarixi təbiətlə, təbiəti sağlamlıqla, sağlamlığı kənd həyatı ilə, kənd həyatını isə qədim şəhər mədəniyyəti ilə birləşdirir. Naxçıvanın turizm məhsulunun əsas gücü də məhz bu müxtəliflikdədir.
Tanıdarsan – tanınarsan...
Naxçıvan tarixlə təbiətin, qədimliklə müasirliyin bir arada yaşadığı nadir məkanlardan biridir. Əlincəqalanın zirvələrindən Batabatın yaylaqlarına, Möminə xatun türbəsindən Duzdağın dərinliklərinə, Ordubadın dar küçələrindən qədim kəhrizlərə qədər burada hər daşın, hər dağın, hər kəndin danışacaq bir hekayəsi var. İndi əsas məsələ həmin hekayələri daha geniş auditoriyaya çatdırmaq və Naxçıvanın turizm imkanlarını real iqtisadi dəyərə çevirməkdir.
Naxçıvanın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üzrə Dövlət Proqramında turizm infrastrukturunun yaxşılaşdırılması, kənd, qış və ekoturizmin inkişafı, turizm-rekreasiya zonalarının yaradılması və bölgənin daha geniş tanıdılması əsas istiqamətlər kimi müəyyənləşdirilib. Çünki turizmdə yalnız gözəl məkanın olması kifayət etmir. O məkan haqqında danışmaq, onun ruhunu göstərmək, insanlara oraya getmək arzusu yaratmaq lazımdır. Keyfiyyətli foto və videolar, sosial şəbəkələrdə tanıtım, mediatur və infoturlar, xarici turoperatorlarla əməkdaşlıq Naxçıvanın turizm xəritəsində daha parlaq görünməsinə imkan verə bilər.
Prezident İlham Əliyevin Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla əlaqələrinin inkişafına verdiyi önəm isə bu hekayənin coğrafiyasını daha da genişləndirir. Dövlət başçısının qeyd etdiyi kimi, Zəngilanla Ordubad arasındakı məsafə cəmi 42 kilometrdir. Bu yaxınlıq gələcəkdə Azərbaycanın müxtəlif bölgələrini birləşdirən yeni turizm marşrutlarının yaranmasına imkan verə bilər.
Təsəvvür etmək çətin deyil ki, səyahət Qarabağın tarixindən başlayır, Zəngəzurun yollarından keçərək Naxçıvanın qədim dünyasına uzanır. Bir səfərdə Azərbaycanın müxtəlif coğrafiyaları, tarixləri və mədəniyyətləri bir-birini tamamlayır. Beləliklə, Naxçıvan ayrıca bir turizm məkanı olmaqla yanaşı, böyük Azərbaycan turizm xəritəsinin mühüm halqasına çevrilə bilər. Amma bunun üçün gözəlliyin yanında əlçatanlıq və keyfiyyət də olmalıdır.
Müasir hotel və qonaq evləri, peşəkar bələdçilər, xarici dil bilən xidmət personalı, piyada və velosiped marşrutları, yerli məhsulların turizmə cəlb edilməsi bu potensialın gerçəyə çevrilməsi üçün vacibdir. Turizmin gətirdiyi fayda isə yalnız turist sayında ölçülmür. Bir turist gələndə hotel işləyir, restoran qazanır, taksi və bələdçi xidmət göstərir, fermer öz məhsulunu satır, sənətkarın əl işi yeni alıcı tapır. Beləliklə, bir səfərin yaratdığı iqtisadi hərəkət bir ailədən digərinə, bir biznesdən digərinə yayılır.
Naxçıvanın üstünlüyü də ondadır ki, burada tarix, mədəniyyət, təbiət, sağlamlıq, kənd, qış və qastronomik turizmi bir araya gətirmək mümkündür. Əlincəqala yalnız qala deyil, bir tarix hekayəsidir. Ordubad yalnız qədim şəhər deyil, özünəməxsus həyat tərzinin daşıyıcısıdır. Batabat sadəcə yaylaq deyil, Naxçıvanın təbiət yaddaşının bir parçasıdır.
Bu məkanları bir-birindən ayırmadan, vahid bir hekayənin səhifələri kimi təqdim etmək lazımdır. Çünki Naxçıvanın turizm potensialı əslində hazırdır. Dağları yerindədir, tarixi yerindədir, mətbəxi və sənətkarlığı yaşayır. İndi bu zənginliyin yolunu turistə göstərmək, həmin yolu rahat və yaddaqalan etmək lazımdır. Naxçıvanın turizmə açılan hər yeni qapısı yalnız turistə açılan qapı deyil. Bu, yeni iş yerinə, yeni sahibkarlıq imkanına, yerli məhsula yeni bazara, kəndin canlanmasına və tarixi irsin qorunmasına açılan qapıdır.
Naxçıvanın danışacaq çox hekayəsi var. İndi əsas məsələ həmin hekayəni eşidəcək dünyanı tapmaq və onu doğru dildə danışmaqdır.
Ə.PÜNHAN
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 02 Sentyabr 2026 01:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















