Naxçıvanın dövri mətbuat mənzərəsi haqqında dəyərli nəşr
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mehriban Sultan
Naxçıvan Muxtar Respublikasının Əməkdar Jurnalisti, filologiya üzrə fəlsəfə doktoru
Yenicə yola saldığımız il müqəddəs elm məbədgahımız olan Azərbaycan Milli Elmlər Akademiyasının 80, maarif və mənəviyyat məktəbi sayılan Azərbaycan milli mətbuatının 150 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsilə də əlamətdar oldu. Milli-mədəni tərəqqinin ayrılmaz qoşa qanadının, iki toxunulmaz qütbünün yaradılması tarixini milli qürürla yad etdik. Azərbaycan elminin ideya bayraqdarına, təkamül nüvəsinə çevrilən elm ocağının zəngin və şanlı tarixə malik milli mətbuatımızın tədqiqi və təbliğində də əvəzsiz xidmətləri vardır. Əlbəttə ki, anadilli mətbuatın milli-mənəvi dəyərlər sistemindəki özünəməxsus yerini, ictimai-siyasi proseslərdəki müstəsna rolunu müəyyənləşdirən gərgin və çoxşaxəli elmi tədqiqatlar mətbuatşünaslığın ən müxtəlif elmi istiqamətlər üzrə inkişafında mühüm əhəmiyyət kəsb edir. Əksəriyyəti kollektiv əməyin bəhrəsi olan bu çoxcəhətli tədqiqatlar müxtəlif elmi-kütləvi nəşrlər şəklində ərsəyə gəlmiş, Azərbaycan milli mətbuatının, publisistikanın ən dərin qatlarına işıq salmaqla maddi-mənəvi irsimizin öyrənilməsinə töhfə vermişdir. Böyük dövlət xadimi Heydər Əliyevin müstəqil və demokratik milli mətbuatımızın formalaşmasındakı əvəzsiz xidmətlərinin elmi-ideoloji məcmusu olan “Heydər Əliyev və milli mətbuat” adlı kitab, milli mətbuatımızı və ədəbiyyatımızı həmişəlik zinətləndirən tükənməz mənəvi xəzinədən bəhs edən “Molla Nəsrəddin” ensiklopediyası, “Ziyayi-Qafqaziyyə” (lüğət, izah və şərhlərlə), “Kəşkül”, “Bəhlul” kimi mətbu orqanların latın qrafikalı əlifbaya transfoneliterasiyası, “Mətbuat tarixi və publisistika məsələləri” adlı fundamental elmi məqalələrdən ibarət ikicildlik, çoxsaylı monoqrafiya dediklərimizə bariz nümünədir.
AMEA-nın bir əsrlik tarixə malik, elm ziyasına, elmi-ictimai mühitin əsas qərargahlarından birinə çevrilən Mərkəzi Elmi Kitabxanası (MİK) da elmi-biblioqrafik fəaliyyəti ilə, funksionallıqları ilə seçilən elektron kitabxananın imkanlarından, əyani təbliğat vasitələrindən istifadə etməklə milli mədəniyyətimizin məhək daşı olan mıtbuatımızn 150 illik yubileyini özünəməxsus şəkildə qeyd etmişdir. Elə kitabxananın kitabxana xidməti üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızının “Naxçıvan Muxtar Respublikasında dövri mətbuat” adlı məlumat kitabı da belə yubiley töhfələrindəndir.
Kitab AMEA-nın prezidenti, XIX-XX əsrlər milli jurnalistika tariximizin tədqiqində, müasir publisistikanın elmi-nəzəri dəyərləndirilməsində müstəsna rolu olan akademik İsa Həbibbəylinin elmi məsləhətçiliyi ilə nəşrə vəsiqə alıb. İnformasiya zənginliyi və əhatəliliyi ilə seçilən məlumat nəşrinin elmi redaktoru AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Nəşrin rəyçiləri Azərbaycan Mətbuat Şurasının sədri, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid, Bakı Dövlət Universitetinin müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Pərvanə xanım İbrahimovadır.
Nəşrin məqsədi XX əsrin 20-ci illərindən bu günə kimi Naxçıvanda dərc olunmuş qəzetlərin, elm-tədris xarakterli jurnalların, ictimai-siyasi, ədəbi dövri mətbuat nümunələrinin xronoloji xəritəsini, məlumat məcmusunu yaratmaqdır.
Kitabın girişində Ümummilli Liderimiz Heydər Əliyevin müstəqil Azərbaycanın media siyasətini xarakterizə edən fikirlərinin, Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışından mətbuatımızın fəaliyyətini yüksək qiymətləndirməsi ilə bağlı sitatın, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi və Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında tarixi sərəncamların yer alması ilk təqdimatda oxucuya çatdırır ki, yeni nəşr dövlətçilik tariximizin və maddi-mədəni irsimizin təbliği kimi ümdə mərama xidmət edir. Akademik, AMEA-nın prezidenti, mətbuatşunaslıqda öz elmi dəst-xətti ilə iz qoyan İsa Həbibbəylinin, Azərbaycanın Əməkdar jurnalisti, 2000-2007-ci illərdə “Şərq qapısı” qəzetinin baş redaktoru kimi mühüm məsul vəzifədə uğurla fəaliyyət göstərən mərhum Məmməd Məmmədovun yerli mətbuatın milli şüurun oyanmasında, siyasi-ideoloji proseslərdə əvəzsiz rolunu xarakterizə edən fikirləri də maraq doğurur.
Akademik İsa Həbibbəylinin “Naxçıvan Muxtar Respublikasın güzgüsü” adlı “Ön söz”ü bu qədim diyarımızın milli mətbuat tariximizdə çəki və dəyərini müəyyənləşdirən elmi möhürdür: “Naxçıvan Muxtar Respublikasının canlı sözü olan mətbu nəşrlərdə Naxçıvan diyarının ritmi döyünür. Bu mətbu nəşrlərdə işıq üzü görmüş ədəbi materiallar əsasında Azərbaycan ədəbiyyatının bir neçə cild antologiyasını hazırlamaq olar. Naxçıvan diyarının inkişafının bütün mərhələlərini öyrənmək baxımından bu nəşrlərdən mötəbər mənbə tapmaq mümkün deyildir. Muxtar respublika mətbuatının səhifələrində Naxçıvanın tarixi müqəddaratını, həyat ahəngini, çətinliklərini və uğurlarını nəsildən-nəslə çatdıran sanballı salnamələr yaşayır”.
Məlumat nəşrinin üstünlüyü ondadır ki, burada “Şərq qapısı”ndan tutmuş muxtar respublikada nəşr olunan bütün dövri mətbuatı – şəhər və rayon qəzetləri, sahəvi mətbuat, profili, siyasi-ideoloji əhəmiyyətliliyi ilə seçilən, hətta ən qısaömürlü mətbu nümunələri belə əhatə edir. Hər mətbu orqan haqqında onun nəşri tarixi, müxtəlif zaman kəsiyində hansı adlar altında nəşr olunması, redaktorları, redaksiya heyəti, formatı və tirajı, ünvanı haqqında verilən dəqiq faktlar muxtar respublika mətbuatının dinamikasını – müəyyən qabarma və çəkilmələri, inkişaf və ya tənəzzül amplitudalarını izləmək imkanı verir. Müəllif bu dövri mətbuatların proqram-manifestlərindən seçmələri də məqsədli şəkildə oxucuya təqdim edir. Məsələn: Naxçıvan Vilayət Həmkarlar İttifaqları Şurasının orqanı kimi nəşr olunan “Ağrıdağ” qəzetinin 1 yanvar 1991-ci il tarixli ilk nömrəsində dərc olunan “Oxucuya” adlı baş məqalədən gətirilən sitata diqqət yetirək: “...Sevimli oxucu! “Ağrıdağ”ın kiçik kollektivi öz qarşısında ali məqsəd qoyubdur: Həqiqəti açılı-şirinli, “düzü-düz, əyrini-əyri” xalqa çatdırsın. Başqa cür ola da bilməz. Yaxşı başa düşürük ki, boğazdan yuxarı danışan, əsl işdən çox hay-küyə meyilli mətbuat orqanı artıq yaşaya bilməz”... Nəşrdə yer alan bu sitatlar mətbu orqanların ideya və məramı, üslub və dəst-xətti, nəşr platforması, hədəflədiyi oxucu auditoriyası haqqında bitkin təsəvvür yarada bilir ki, bu da müəllif uğuru sayıla bilər. Bu faktlar eyni zamanda müxtəlif tarixi mərhələlərdə, istər totalitar sovet rejimi dövründə, istər müstəqillik uğrunda mübarizə mərhələsində, istərsə də müstəqilliyin ilk illərində, sonrakı dövrdə region mətbuatının ictimai-siyasi proseslərdəki rolunu öyrənmək üçün düzgün elmi istiqamət götürməyə xidmət edir.
Müəllif əksəriyyəti elmi ictimaiyyətə məlum faktların təkrar təqdimatı ilə kifayətlənməyib yeni elmi məlumatlara diqqəti cəlb edir, fakt dəqiqləşmələri ilə bir sıra məsələlərə elmi aydınlıq gətirir. Məsələn, “Ordubad işçisi” qəzetinin Milli Kitabxananın Arxiv şöbəsində qorunan 1939, 1946, 1947, 1948-ci il nüsxələrinə istinadən bildirir ki, yalnız 19 fevral 1946-ci il tarixli (N 5(691) sayında qəzetin 1932-ci ildə çıxması haqqında məlumat vardır. Və yaxud müəllif faktlara elmi həssaslıqla yanaşaraq belə bir təzadlı fakta da diqqət yetirir: müxtəlif mənbələrdə qeyd olunur ki, “Ordubad işçisi” qəzeti 1956-1959-cu illərdə “Ordubad fəhləsi” adı ilə nəşr olunmuş, 1959-cu ildə nəşrini dayandırmışdır. Naxçıvan Dövlət Arxivində qorunub saxlanılan nüsxələr isə təsdiq edir ki, qəzet 1957-1958-ci illərdə də “Ordubad işçisi” adı ilə nəşr olunmuşdur.
Kitabda muxtar respublikada nəşr olunan ictimai-siyasi, kütləvi mətbuat orqanları ilə yanaşı mətbuat tariximizdə özünəməxsus dəst-xətti olan elmi-pedaqoji nəşrlər haqqında da qruplaşdırılmış şəkildə yığcam informasiya təqdim edilir. Qeyd etmək yerinə düşər ki, Naxçıvan Dövlət Universitetinin 1991-ci il 15 oktyabr tarixdə “Fikir” adı ilə nəşrə başlayan qəzeti, qəzetin ilk sayında akademik Abbas Zamanovun da qeyd etdiyi kimi milli ali təhsil tariximizdə, universitet mühitində, bütövlükdə muxtar respublika həyatında əlamətdar tarixi hadisə idi. Kitabda dinamik inkişafa dünyaya inteqrasiya prosesi ilə nail olmağı bacaran NDU-nun dünya universitetlərinin dərgi, xəbərlər məcmuəsi, informasiya bülletenləri nəşri təcrübəsinə əsaslanaraq “Fikir” qəzetini eyniadlı informasiya bülleteni şəklində nəşr etdirməsi, 1 aprel 2011-ci ildən etibarən “Yeni fikir” qəzetinin nəşr olunması haqqında məlumatlar da yer alıb. “Yeni fikir” NDU-nun elmi-pedaqoji, ictimai, mədəni həyatının mətbu salnaməsi, milli ziyalılıq mövqeyinin, müasir elmi-pedaqoji təfəkkürün güzgüsü kimi bu gün də nəşrini uğurla davam etdirir. Bu ali təhsil ocağının 1997-ci ildən nəşr olunan, ildə 4 seriya üzrə işıq üzü görən “Elmi əsərlər” jurnalı haqqında məlumat universitetin zəngin elmi potensialının, beynəlxalq elmi sferada mövqeyinin və uğurlarının göstəricisi olduğunu bir daha təsdiq edir
Elmin inkişafında, yerli elmi fəaliyyətin mərkəzləşdirilmiş şəkildə və konkret hədəflər üzrə həyata keçirilməsində müstəsna rol oynayan AMEA Naxçıvan Bölməsinin 2005-ci ildən “Xəbərlər” adı ilə nəşrə başlayan, ictimai və Humanitar elmlər, Təbiət və texniki elmlər seriyalarında nəşr olunan “Elmi əsərlər” jurnalının funksiyası, geniş auditoriya qazanması, jurnalın 2010-cu ildə Fransada Elmi jurnalların Beynəlxalq Qeydiyyat Xidmətində qeydiyyatdan keçməsi kimi faktlar, bu elmi nəşrin regionda milli və dünyəvi dəyərlər daşıyıcısı olan zəngin elmi mühitin formalaşmasında və inkişafındakı xidmətlərini bir daha təsdiq edir. AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən 2011-ci ildən nəşr olunan “Axtarışlar” jurnalı haqlı olaraq folklor, dilçilik, ədəbiyyat, incəsənət və tarix sahəsi üzrə maraqlı elmi tədqiqatların məcmusu kimi dəyərləndirilir və həqiqətən də bütövlükdə azərbaycançılıq və türkçülük ideologiyasının elmi rəmzlərindən birinə çevrilməkdədir.
Müəllif Naxçıvan Müəllimlər İnstitutununn 2005-cü ildən nəşr olunan “Elmi əsərlər” jurnalı aktual elmi məqalələri ilə seçilən bir nəşr kimi səciyyələndirir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyyə edilən dövri elmi nəşrər siyahısına daxil olan, beynəlxalq standart seriya nömrəsi (ISSN) alan bu jurnallar regionda kifayət qədər dövri elmi jurnal nəşr etmə təcrübəsi yarandığını sübut edir. Kitabda 1998-ci ildə ilk sayı Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş, Naxçıvan MR Ali Məclisi tərəfindən təsis edilən, naxçıvanşünaslığın mətbu rəmzinə çevrilən “Naxçıvan” adlı ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnal ilə yanaşı XX əsrin 90-cı illərində Naxçıvanda fəaliyyət göstərən müxtəlif partiya və təşkilatlara məxsus, lakin nəşr taleyi uğursuz olan, milli-ideoloji dəyər, oxucu reytinqi qazanmaq baxımından özünü doğrultmayan bəzi mətbuat orqanları haqqında da yığcam məlumat verilir. Şəhla Tahirqızının tədqiqat məqsədilə Azərbaycan Milli Kitabxanasının “Arxiv” şöbəsində, AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda, Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində olması, müxtəlif mətbu orqanların komplektləşmiş arxiv nüsxələri ilə yanaşı elmi ədəbiyyatlardan da istifadə etməsi müəllifin məsələyə həssas elmi münasibətindən irəli gəlir.
AMEA MİK-in kitabxana xidməti üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızının qədim diyarımızın əsr yarımlıq milli mətbuat tariximizdəki müstəsna yerini, milli-maarifçilik, mütərəqqi ideyalar təbliği baxımından çəki və dəyərini müəyyənləşdirməyə xidmət edən “Naxçıvan Muxtar Respublikasında dövri mətbuat” adlı məlumat nəşri muxtar respublikanın 100 illik, milli mətbuatımızın 150 illik yubileylərinə dəyərli ərməğandır. Yeni nəşr AMEA-nın 80 illik, onun Mərkəzi Elmi Kitabxanasının 100 illik yubileyləri ilə bağlı çoxsaylı uğurlu hesabatlardan biri kimi də təqdirəlayiqdir.
Sonda qeyd edim ki, yeni məlumat nəşrinin müəllifi bəzi natamamlıqlara rəğmən regional mətbuat tariximizin zəngin bir mərhələsinə ənənə və varislik işığında nəzər salmaq məramına nail olub. Təvazökarlıqdan uzaq da olsa iyirmi ildən atıqdır ki, taleyini jurnalistikaya bağlayan, “Şərq qapısı” kimi zəngin və möhürlənmiş ənənələrə malik rəsmi dövlət qəzetinin baş redaktoru işləmiş, mətbuat tarixinin tədqiqi və tədrisi sahəsində çalışan biri kimi əminliklə deyə bilərəm ki, yeni məlumat nəşri qədim Naxçıvan diyarının mətbuat tarixinin gələcək tədqiqində yeni elmi hədəflərə çatmaq üçün düzgün elmi istiqmaət müəyyənləşdirəcək kompas rolunu oynayacaq.
Baxış sayı:80
Bu xəbər 08 Yanvar 2026 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















