Icma.az
close
up
RU
Nazir: Moldova Azərbaycan qazının idxalına ciddi maraq göstərir MÜSAHİBƏ

Nazir: Moldova Azərbaycan qazının idxalına ciddi maraq göstərir MÜSAHİBƏ

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 18 aprel, Tamilla Məmmədova, AZƏRTAC

AZƏRTAC-ın Moldovanın energetika naziri Dorin Junqetu ilə müsahibəsini təqdim edirik.

- Cənab nazir, Moldovada energetika təhlükəsizliyi ilə bağlı vəziyyət necədir?

- Son bir neçə il ərzində Moldova enerji sahəsində görünməmiş çağırışlarla üzləşdi. 2021-ci ildən başlayaraq böhranlar enerji sistemimizin dayanıqlılığı üçün ciddi sınaq oldu. Lakin bu çətinliklər milli enerji strategiyasının yenidən dəyərləndirilməsi üçün mühüm stimula çevrildi. Biz bu böhran vəziyyətlərinə çevik şəkildə cavab verməklə yanaşı, onları əsaslı dəyişikliklər üçün fürsətə çevirməyi bacardıq. Hazırda ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üzərində fəal şəkildə çalışırıq. Əsas prioritetlərimizdən biri enerji resurslarının mənbələrinin və nəqliyyat marşrutlarının diversifikasiyasıdır. Bu yanaşma bizə tək bir təchizatçının təsirindən asılı olmadan, xarici təzyiqlərə qarşı daha davamlı olmağa imkan verir. Atılan addımlar nəticəsində ölkənin enerji sistemində dayanıqlılığın nəzərəçarpacaq dərəcədə artdığını müşahidə edirik. Bu, tam enerji müstəqilliyinə və vahid Avropa enerji məkanına inteqrasiyaya doğru atılmış mühüm addımdır.

- Siz Moldova ilə Azərbaycanın enerji sahəsindəki mövcud əməkdaşlığını necə qiymətləndirirsiniz?

- Azərbaycan özünü sabit və etibarlı tərəfdaş olaraq təsdiqləyib və biz əminik ki, enerji sahəsindəki əməkdaşlığımız yalnız güclənəcək. Hazırda iki ölkə arasında münasibətlər yüksək səviyyədədir və enerji bu dialoqda əsas yer tutur. Biz ikitərəfli enerji əməkdaşlığını genişləndirmək üçün fəal və məhsuldar fikir mübadiləsi aparırıq. Əməkdaşlığın perspektivləri həm ənənəvi sahələri, həm də bərpaolunan enerji mənbələrinin inkişafını əhatə edir. Azərbaycan yeni tərəfdaşlıq formalarına, çoxtərəfli təşəbbüslərdə iştirak etməyə və müttəfiqlərimizin enerji sistemlərinin dayanıqlığını gücləndirməyə açıqdır. Ən vacib olanı isə əməkdaşlığa olan marağın qarşılıqlı olmasıdır. Hər iki tərəf uzunmüddətli və faydalı tərəfdaşlıq qurmağa maraqlıdır ki, bu da hər iki ölkəyə nəzərəçarpan fayda gətirəcək.

- Moldova enerji təhlükəsizliyini artırmaq üçün konkret hansı addımlar atıb?

- Biz ardıcıl olaraq ölkənin enerji dayanıqlılığını gücləndirmək məqsədilə bir sıra əsas tədbirləri həyata keçirmişik. Ən vacib nailiyyətlərdən biri ondan ibarətdir ki, Moldova Yunanıstan-Bolqarıstan interkonnektorunu ticarət məqsədilə istifadə etməyə başlayıb. Bu, bizə alternativ qaz mənbələrinə birbaşa çıxış imkanı yaradıb və regionda enerji proseslərinə aktiv iştirakçı ola biləcəyimizi göstərdi. Biz həmçinin Aleksandrupolis terminalı vasitəsilə maye qazın tədarükündən faydalanan ilk ölkələrdən biri olduq. Bu, idxalın şaxələndirilməsi imkanlarımızı əhəmiyyətli dərəcədə genişləndirdi və enerji müstəqilliyi strategiyamızda mühüm elementə çevrildi.

Bundan əlavə, biz “Şaquli Dəhlizin”kommersiya dayanıqlığını təsdiq etdik və onun vasitəsilə Ukraynada yerləşən yeraltı anbarlara qaz daşınmasını təmin etdik. Bu qərar logistikanı optimallaşdırmağa və bazarda qeyri-sabitlik hallarında ehtiyatları artırmağa imkan verdi.

- Moldova gələcəkdə Azərbaycan qazını idxal etməyi planlaşdırırmı?

- Moldova Azərbaycan qazının idxalına ciddi maraq göstərir və bu istiqaməti enerji tədarüklərinin şaxələndirilməsi üzrə uzunmüddətli strategiyamızın əsas istiqamətlərindən biri kimi nəzərdən keçiririk. Azərbaycan enerji sahəsində etibarlı və məsuliyyətli tərəfdaş kimi özünü təsdiq edib və onunla əməkdaşlıq, enerji təhlükəsizliyimizi gücləndirmək üçün vacib imkanlar açır. Hal-hazırda bu məsələ texniki səviyyədə işlənir. Danışıq mövzusu yalnız qaz tədarükünün mümkünlüyü ilə bağlı deyil, həm də bütün marşrut boyunca sabit və proqnozlaşdırıla bilən tarif siyasətinin qurulmasına ehtiyac barədədir. Cənub Qaz Dəhlizində həyata keçirilən layihələrdə iştirak etmək Moldovaya yalnız alternativ mənbələrə çıxış əldə etməyə deyil, həm də ümumavropa enerji şəbəkəsinin inkişafına töhfə verməyə imkan verir. Bu, eyni zamanda, bizə Şərqi və Cənub-Şərqi Avropada dayanıqlı və təhlükəsiz enerji mühiti yaratmağa yönəlmiş daha geniş regional əməkdaşlığın bir hissəsi olmaq imkanı verir.

- Azərbaycanla yaşıl enerji sahəsində əməkdaşlığın perspektivlərini necə qiymətləndirirsiniz?

- Biz Azərbaycanın yaşıl enerji sahəsindəki təşəbbüs və addımlarını yaxından izləyirik, maraqla gözləyirik. Bu sahə ikitərəfli əlaqələr üçün böyük potensiala malikdir və biz davamlı enerji gələcəyi istiqamətində birgə layihələrdə fəal iştirak etməyə açığıq. Xüsusilə, Moldova Qara dəniz hövzəsindən elektrik enerjisinin ötürülməsi üçün sualtı kabelin inşası ilə bağlı böyük layihəyə maraq göstərir, hansı ki, fikrimizcə bölgənin enerji təhlükəsizliyinə mühüm töhfə verə bilər.

- Yaşıl Enerji Dəhlizinin perspektivləri nədən ibarətdir və hansı ölkələr bu layihədə iştirak edir?

- Azərbaycan tərəfindən irəli sürülən Yaşıl Enerji Dəhlizi təşəbbüsü, ambisiyalı və uzaqgörən bir layihədir. Artıq Gürcüstan, Rumıniya və Macarıstan bu layihəyə qoşulub. Əsas məqsəd Azərbaycanın bərpaolunan enerji mənbələrindən istehsal olunan yaşıl elektrik enerjisinin Avropa bazarına çatdırılması üçün Qara dənizin dibindən sualtı enerji kabelinin çəkilməsidir. Bu layihə Şərq və Qərb arasında enerji sistemlərini birləşdirmək üçün unikal imkanlar yaradır, vahid, davamlı və ekolojiyönümlü infrastruktur çərçivəsində mühüm rol oynayacaq. O yalnız yeni bir təchizat kanalı olmaqla kifayətlənməyəcək, həm də enerji keçidinin və regional tərəfdaşlığın vacib simvolu olacaq. Qeyd etmək lazımdır ki, Yaşıl Enerji Dəhlizi artıq iştirakçı ölkələrin hökumətləri və Avropa İttifaqı institutları tərəfindən geniş siyasi dəstək alıb, bu da onun strateji əhəmiyyətini təsdiqləyir. Uğurlu icra olunduğu təqdirdə, bu layihə Avropanın enerji təhlükəsizliyi və dayanıqlı inkişaf sistemində mühüm bir elementə çevrilə bilər, həmçinin bütün tərəflər üçün yeni investisiya və texnoloji imkanlar yarada bilər.

- 2024-cü ildə Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfdaşlar Konfransını (COP29) böyük uğurla keçirdi. Bu hadisə Azərbaycan və Avropa İttifaqı arasında enerji tərəfdaşlığının gücləndirilməsi baxımından nə dərəcədə əhəmiyyətli oldu?

- COP29-un Bakıda keçirilməsi yalnız Azərbaycan üçün deyil, bütün region üçün tarixi bir hadisə oldu. Bu, ölkənin qlobal davamlı inkişaf, yaşıl enerji və iqlim dəyişiklikləri üzrə transformasiyada artan rolunu nümayiş etdirdiyi bir platforma oldu. Azərbaycan təmiz enerji keçidinə sadiqliyini açıq şəkildə bəyan etdi və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, xüsusilə geosiyasi gərginlik şəraitində etibarlı tərəfdaş olmağa hazır olduğunu göstərdi. Bu, Azərbaycan ilə Avropa İttifaqının əsas ölkələri arasında inamı gücləndirdi və enerji tərəfdaşlığımızın strateji əhəmiyyətini təsdiqlədi.

- Hidrogen gələcəyin enerji mənbələrindən biri kimi qəbul edilir. Azərbaycan bu sahədə hansı imkanlara malikdir?

- Hidrogen, xüsusilə yaşıl hidrogen, Avropada enerji keçidinin mühüm bir elementi olur. Azərbaycan, həm günəş, həm də külək resursları vasitəsilə hidrogen istehsalı üçün zəruri potensiala malikdir, həmçinin müvafiq texnoloji həllərin inkişafına da diqqət yetirir. Biz artıq Avropadakı tərəfdaşlarımızla hidrogen istehsalı və ixracı üçün infrastruktur qurulması üzrə məsləhətləşmələr aparırıq. Əminəm ki, yaxın illərdə hidrogen sahəsi Azərbaycan və Avropa arasında enerji əməkdaşlığında ən mühüm inkişaf nöqtələrindən birinə çevriləcək.

- Geopolitik mənzərənin dəyişməsi fonunda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın perspektivlərini necə qiymətləndirirsiniz?

- Davam edən geopolitik çağırışlar enerji təhlükəsizliyini Avropa üçün prioritet edib. Bu şərtlərdə Azərbaycan özünü etibarlı, sabit və praqmatik tərəfdaş kimi göstərib, dəyişən şərtlərə operativ şəkildə reaksiya verərək enerjinin fasiləsiz təminatını təmin etmə bacarığını nümayiş etdirib. Onun Avropanın davamlı enerji arxitekturasının qurulmasında rolu getdikcə daha vacib olur. Xüsusilə vurğulamaq lazımdır ki, tərəfdaşlığımız artıq yalnız neft və təbii qaz təchizatından ibarət deyil. Bu gün əməkdaşlığımız qabaqcıl enerji texnologiyaları, zəruri infrastrukturun inkişafı, enerji səmərəliliyi sahəsində həllərin tətbiqi və bərpaolunan enerji mənbələrinin istifadəsi kimi sahələri əhatə edir. Bu, əməkdaşlığı daha davamlı və gələcəyə yönəldilmiş edir. Əminəm ki, yaxın illərdə Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı əlaqələrin daha da dərinləşdiyinin şahidi olacağıq. Əsas diqqət həm ənənəvi enerji məsələlərinə, həm də ortaq investisiyalara, hidrogen enerjisi inkişafına və logistika marşrutları ilə infrastruktur düyünlərinin genişlənməsinə yönələcək.

- Cənub Qaz Dəhlizinin Moldova üçün əhəmiyyəti nədir?

- Cənub Qaz Dəhlizi bizim üçün həm regionda, həm də daha geniş Avropa kontekstində strateji əhəmiyyətə malikdir. Biz bunu yalnız enerji arteriyası kimi deyil, həm də iqtisadi-ticarət və investisiya əməkdaşlığını dərinləşdirmək üçün mühüm bir platforma olaraq görürük. Bu baxımdan, marşrutun bütün şaquli xətt boyunca vahid tarif modeli yaradılması məsələsi xüsusilə aktuallaşır. Aydın və proqnozlaşdırıla bilən tarif siyasəti dəhlizi daha rəqabətqabiliyyətli və uzunmüddətli perspektivdə davamlı edəcək ki, bu da biznes üçün xüsusilə vacibdir. Biz Cənub Qaz Dəhlizinin daha da genişləndirilməsi ideyasını tam dəstəkləyirik və onun Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsindəki həlledici töhfəsinə inanırıq. Moldova üçün bu layihədə iştirak strateji xarakter daşıyır və biz bu prosesdə fəal iştirak etməyə niyyətliyik. Cənub-Şərqi Avropa (CESEC) təşəbbüsünə qoşulmağımız Mərkəzi və Cənubi-Şərqi Avropanın yeni enerji sisteminə inteqrasiya istiqamətində mühüm bir addım oldu. Bu gün Moldova həm Cənub Qaz, həm də Transbalkan qaz dəhlizləri çərçivəsində etibarlı tranzit tərəfdaş kimi özünü daha çox göstərir. Bizim enerji dayanıqlılığı, təhlükəsizliyi və tam bazar inteqrasiyasına sadiqliyimiz dəyişməz qalır. Birlikdə çalışaraq biz yalnız mövcud problemləri həll edə bilərik, həm də regionun təhlükəsiz və etibarlı enerji gələcəyinin əsasını qura bilərik.

- Təbii qazının ölkənizin enerji balansındakı rolu nə dərəcədə vacibdir?

- Təbii qaz hələ də milli enerji strukturumuzda əsas rol oynayır. O, dayanıqlı və uyğunlaşan enerji təminatı modelinin qurulması üçün zəruri əsasları təmin edir, bu isə bizə bərpaolunan enerji mənbələrinin payını yavaş-yavaş artırmaq imkanı verir. Bu kontekstdə “Şaquli Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi bizim üçün strateji əhəmiyyət kəsb edir. O Avropa enerji bazarlarına girişimizi əhəmiyyətli dərəcədə genişləndirir və bizim vahid regional sistemə inteqrasiya etməyimizi gücləndirir.

- Moldova yaşıl enerjinin inkişafı və Avropa bazarına inteqrasiya sahəsində hansı addımları atır?

- Moldova dekarbonizasiya istiqamətində əhəmiyyətli addım atıb. Biz bərpaolunan enerji mənbələrinin potensialını aktiv şəkildə artırırıq və bu proses ümumi enerji transformasiyası strategiyamızın vacib hissəsidir. Əsas məqsədimiz Moldova enerji sistemini rəsmi olaraq Avropa İttifaqına daxil olmadan əvvəl Avropa enerji məkanına tam inteqrasiya etməkdir. Biz bu məqsədə ardıcıl və əminliklə irəliləyirik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:21
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Aprel 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ədil Məhərrəmov QƏTLƏ YETİRİLDİ

22 Aprel 2025 13:47see145

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see144

Broyler toyuğu yeyən kişilərə BƏD XƏBƏR

22 Aprel 2025 13:24see135

Region Liqası: 1/8 finalın cütləri

22 Aprel 2025 17:21see133

Dünya Kitab və Müəlliflik Hüququ Günü

22 Aprel 2025 13:50see132

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see130

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see127

Şərurlu İsfəndiyarla bağlı daha bir QALMAQAL: Məhkəmə işi

22 Aprel 2025 13:34see120

Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

22 Aprel 2025 19:03see118

İlham Əliyev xanımı ilə birlikdə Çinə getdi

22 Aprel 2025 16:00see118

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see117

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see116

Aysel Vaynşteynin xanımı ilə Foto

22 Aprel 2025 11:05see114

Ərəb Dövlətləri Liqasının sammiti Moskvada keçiriləcək

22 Aprel 2025 19:23see113

Bu qurumların “başı dərddə” DTX ya ŞİKAYƏT EDİLDİ KONKRET

22 Aprel 2025 10:14see113

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir YENİLƏNİB

22 Aprel 2025 14:41see113

Zaur Kamal efirdə oğlunu belə PƏRT ETDİ

22 Aprel 2025 10:10see112

Ukrayna ilə sosial təminat və reabilitasiya sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

22 Aprel 2025 15:13see112

Orlando hava limanında təyyarə yanıb, 300 nəfər təxliyə edilib

22 Aprel 2025 07:59see112

Bu qidalar sizin üçün təhlükə ola bilər

22 Aprel 2025 09:55see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri